Heç vaxt uduzmadım: öyrəndim, ya da qazandım Amerikanın azərbaycanlı iş adamı
“Həyatımda atdığım hər bir addım və başladığım hər iş mənim üçün ya bir təcrübə, ya da müvəffəqiyyət deməkdir. Heç vaxt uduzmadım: ya öyrəndim, ya da qazandım. Bu hər hansı bir müvəffəqiyyət forması ola bilər. Həyat təcrübələrlə doludur və bu təcrübələrdən nə qədər çox istifadə etsəniz, bir o qədər böyük uğurlar qazana bilərsiniz. Əsas olan qazandıqlarınızı kənara qoymaq deyil, onları gələcəkdə daha böyük addımlar atmaq üçün aktiv şəkildə istifadə etməkdir”.
Bu fikirləri Metbuat.az-a müsahibəsində 15 ildən çoxdur Amerikada yaşayan azərbaycanlı iş adamı Pənah İbrahimov deyib.
Həmin müsahibəni təqdim edirik:
Salam, Pənah bəy. Xoş gördük sizi. Necəsiniz? İşləriniz necə gedir?
Salam. Çox sağ olun, xoş gördük. Çox şükür, işlər qaydasındadır, həyatın özü kimi dinamik və maraqlıdır. Hər gün bir yenilik, bir həyəcan gətirir.
Oxucularımıza bir az özünüz haqqında məlumat verərdiniz?
Mən Pənah İbrahimov, Şuşada, Qarabağın incisi olan torpaqlarda dünyaya göz açmışam. Uşaqlığım Şuşanın təbiəti və mehriban insanları ilə keçib. Təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində aldım, daha sonra isə magistratura üçün Amerikaya üz tutdum. Bu gün həm Azərbaycanda, həm də Amerikada fəaliyyət göstərirəm. Lakin mənim ürəyim həmişə vətənimlə döyünür.
Elə bu məqamda bu sualı verməyim yerində olardı. Şuşanın azadlığı xəbərini eşidəndə hansı hisslər keçirdiniz?
Şuşanın azadlığı təkcə torpağın deyil, ruhumuzun, millətimizin və ləyaqətimizin qələbəsi idi. Bu hissləri sözlə ifadə etmək çətindir – sadəcə inanılmazdır. Hər il Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif yerlərində, o cümlədən Ermənistan səfirliklərinin qarşısında, Ağ Evin və Pentaqonun önündə etiraz aksiyaları təşkil edirdik.
Bu tədbirlər bizdə həmişə ümid yaradıb ki, bir gün haqq-ədalət yerini tapacaq. Bu gün isə, Allaha şükürlər olsun, həmin ümidlər gerçəkləşib. Əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin mübarizəsi sayəsində ölkəmiz böyük bir zəfər qazanıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək olsun.
Bu nailiyyət, şübhəsiz ki, Ali Baş Komandanımızın həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Dünyanın diqqətini çəkən bu hadisələr yalnız hərbi sahədə deyil, həm də siyasi arenada Azərbaycanın gücünü nümayiş etdirdi. Ölkəmizin dünya miqyasında belə bir təsir gücünə sahib olması hər birimiz üçün böyük qürur mənbəyidir.
ABŞ-də, xüsusilə də Azərbaycanı əvvəllər çox tanımayan insanlar arasında belə bir qalibiyyətə şahid olmaq inanılmaz bir hissdir. Azərbaycan kiçik bir dövlət olsa da, bu qələbə onun böyüklüyünü və əzmkarlığını dünyaya nümayiş etdirdi. İnsanlar, o cümlədən amerikalılar, bizim Prezidentimizin uzaqgörən siyasətini və ölkəmizin uğurlarını yüksək qiymətləndirdilər.
Bu qələbə təkcə bir günün və ya ilin nəticəsi deyil, on illərlə planlaşdırılmış bir siyasətin, əzmkar mübarizənin təcəssümüdür. ABŞ-də erməni lobbiçiliyinin güclü olduğu bir mühitdə belə bu uğuru qazanmaq, həqiqətən, qeyri-adi və inanılmazdır. Həm burada, həm də xaricdə bu cür qürurverici anları yaşamaq, Azərbaycan xalqı üçün böyük bir nailiyyətdir. Çox şükür ki, bu tarixi zəfər bizim nəsibimiz oldu.
İlk dəfə Şuşaya qayıdanda hansı xatirələr gözünüzün önündə canlandı?
Şuşaya ilk dəfə qayıdanda özümü yenidən uşaqlıq illərimdəki kimi hiss etdim. Hər küçə, hər bina mənim üçün bir xatirə idi. Məktəbimiz, dostlarla oynadığımız yerlər, ailəmin yaşadığı ev – hamısı gözlərimin önündə canlandı. O torpaqlara ayaq basmaq mənim üçün sanki zaman maşını ilə keçmişə qayıtmaq kimi idi.
Şuşa ilə bağlı gələcək planlarınız varmı?
Şuşa mənim üçün təkcə doğulduğum yer deyil, həm də ruhumun bir hissəsidir. Mən istəyirəm ki, Şuşada iqtisadi və mədəni layihələr həyata keçirərək onun inkişafına töhfə verim. Bu mənim üçün böyük bir sevgi və borc məsələsidir.
Amerikadakı Azərbaycan diasporası ölkəmizin tarixi və mədəniyyəti, həqiqətlərini dünyaya çatdırmaqda hansı işlər görür?
Amerikadakı Azərbaycan diasporası Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və mədəni irsimizi tanıtmaq istiqamətində çox mühüm işlər görür. Hər il Xocalı soyqırımı ilə əlaqədar Vaşinqton, Nyu-York və digər şəhərlərdə etiraz aksiyaları təşkil olunur. Ermənistan səfirliyi və Ağ Evin qarşısında keçirilən bu tədbirlər diasporanın həmrəyliyini və Azərbaycanın milli maraqlarını qorumaq istiqamətindəki əzmini nümayiş etdirir.
Bütün bu səylərə baxmayaraq, ABŞ-dəki lobbiçilik mühitinin çətin olduğunu da qeyd etmək lazımdır. Burada, Ermənistan lobbiçiliyinin təsirinə baxmayaraq, azərbaycanlılar böyük əzmlə öz həqiqətlərimizi yaymağa və Azərbaycanı daha yaxşı tanıtmağa çalışırlar. Bu işlərdə diaspora üzvləri ilə birgə iştirak etmək, həmrəylik nümayiş etdirmək mənim üçün hər zaman prioritet olub. Diasporamızın fəaliyyəti Azərbaycan mədəniyyəti və həqiqətlərinin dünyada tanıdılması baxımından əvəzolunmazdır.
Müsahibələrinizin birində demisiniz ki, Amerikaya 400 dollarlıq “qara gün” pulu ilə getdiniz. İlk vaxtlar hansı çətinliklərlə qarşılaşdınız? İndi o illəri xatırlayanda hansı addımları təkrar atmazdınız?
Bilirsiniz, hər şey yad idi – dil, mədəniyyət, mühit. İlk vaxtlar çox çətin idi. Amma içimdə bir güclü inam vardı ki, mən bacaracağam.
Azərbaycan və Amerika arasındakı biznes mühitlərini müqayisə etdikdə hər iki ölkənin özünəməxsus üstünlükləri və çətinlikləri olduğu aydın olur. Azərbaycan daha kiçik bir bazara və nisbətən mədəniyyətə bağlı bir iş mühitinə sahibdir, bu da müəyyən sabitlik və ənənəvi yanaşmaları təmin edir. Digər tərəfdən, Amerika böyük miqyaslı bazar, inkişaf etmiş infrastrukturlar, güclü maliyyə dəstəyi və miqrantlara geniş imkanlar yaratmaqla tanınır. Bu amillər Amerikada biznesə başlamaq və genişlənmək üçün daha əlverişli şərait yaradır.
Lakin Amerikada iş qurmaq asan deyil. Çünki burada hər bir uğur əzm, səbir və davamlı çalışmanı tələb edir. İlkin dövrlərdə miqrantlar üçün həyat və iş mühiti xüsusilə çətin olur. Lakin məqsədli yanaşma, yorulmadan çalışmaq və müvəffəqiyyətə inam, bu çətinliklərin öhdəsindən gəlmək üçün əsas şərtlərdir. Amerikada yaşayan bəzi insanlar illərlə bir yerdə qalsalar da, heç bir irəliləyiş əldə edə bilmirlər. Bu, əsasən öz üzərlərində işləmədikləri və müvəffəqiyyət üçün əzmkarlıq göstərmədikləri ilə bağlıdır.
Amerikanın bazar iqtisadiyyatı, dolların beynəlxalq gücü və innovasiya yönümlü siyasəti, bu ölkəni startaplar və yeni iş qurmaq üçün cəlbedici edir. Eyni zamanda, bazarın genişliyi və rəqabətlilik miqyası böyük üstünlük yaradır. Azərbaycanda isə daha kiçik bazar və məhdud imkanlar bəzi hallarda inkişafı yavaşlatsa da, bir çox hallarda sadə prosedurlar və yerli mədəniyyətə uyğunlaşmış yanaşmalar müsbət təsir göstərir.
Hər iki ölkədə biznes qurmaq üçün əsas məqam, məqsədyönlü şəkildə işləmək, addım-addım irəliləmək və heç vaxt təslim olmamaqdır. Təcrübə göstərir ki, atılan hər bir addım ya dərs, ya da uğur gətirir. Əsas olan, bu təcrübələrdən düzgün istifadə etmək və gələcək uğurlar üçün bir təkan olaraq görməkdir. Həyatda hər hansısa bir uğursuzluq mütləq şəkildə öyrədici məqamdır. Əgər heç bir uğursuzluq yaşamamısınızsa, demək ki, heç cəhd göstərməmisiniz. Uğura gedən yol, məhz bu cəhdlərdən keçir.
Pənah bəy, oxucularımıza da yəqinki bu sualın cavabı maraqlı olardı, bu illər ərzində ABŞ-də yaşamaq sizə nə öyrətdi?
Amerika mənə öyrətdi ki, heç nə təsadüfi deyil. Burada hər şey zəhmət və əzm tələb edir. İnsan çalışdıqca uğur qazanır. Amma Amerika həm də mənə dünyagörüşümü genişləndirmək, fərqli mədəniyyətləri anlamaq və hər gün özümü yenidən kəşf etmək fürsəti verdi.
Bəs Azərbaycan və Amerika biznes mühitində əsas fərqlər nədir?
Amerika rəqabət mühiti və geniş bazar imkanları ilə seçilir. Burada hər bir ideya üçün geniş meydan var, amma bu, böyük risklər də gətirir. Azərbaycanda isə bazar daha kiçikdir, lakin insanlar çox təşəbbüskardır. Hər iki mühitdə uğur qazanmaq üçün planlama və zəhmət əsasdır.
Amerikada istehlakçı maraqları, əsasən, güclü tənzimləmə və bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə qorunur. İstehlakçı hüquqlarını təmin etmək və onların maraqlarını qorumaq üçün həm dövlət, həm də özəl sektor ciddi şəkildə çalışır.
Reklamın çoxluğu məhsulun keyfiyyəti ilə bağlı siqnal verə bilər, lakin bu, həmişə istehlakçının seçimlərinə tam təsir etməyə bilər. İnsanlar daha çox məlumat əldə etdikcə, şüurlu qərarlar verməyə meylli olurlar. Araşdırma, inkişaf və innovasiya Amerikada müvəffəqiyyətin əsas tərkib hissələrindən biridir. Şirkətlər istehlakçı maraqlarını müəyyən etmək və onlara uyğun məhsullar təqdim etmək üçün mütəmadi olaraq bazar araşdırmaları aparırlar. Məsələn, ağıllı texnologiyalar, elektrikli süpürgələr və gündəlik həyatı asanlaşdıran digər cihazlar məhz istehlakçının ehtiyaclarını əsas götürərək inkişaf etdirilir. Amerikada istehlakçı maraqları bazarın dinamikası, sosial medianın gücü və məlumatın istifadəsi ilə müəyyən edilir. Şirkətlər istehlakçı davranışlarını araşdırmaqla onların ehtiyaclarına uyğun məhsullar təqdim etməyə çalışır. Bu prosesdə reklam və marketinq böyük rol oynasa da, istehlakçının məlumatlı və şüurlu olması qərarların keyfiyyətini artırır. Azərbaycana nəzərən, Amerikada bu sahədə bazar daha genişdir və inkişaf etmiş texnologiyalardan daha çox istifadə olunur. Bu isə istehlakçının maraqlarının təmin olunmasında daha yüksək standartları mümkün edir.
Gəlin, bir az siyasətdən danışaq. Necə düşünürsünüz, hazırkı prezident Donald Trampın hakimiyyəti dövründə ABŞ iqtisadiyyatı necə dəyişə bilər?
Amerikanın istər iqtisadiyyatda, istər siyasətdə uğurlarının davam etməsi çoxlarının, o cümlədən mənim şəxsi fikrimcə, ölkənin gələcək inkişafı üçün vacibdir. Amerika kapitalist bir ölkə olduğu üçün iqtisadiyyat burada ən əsas sahələrdən biridir. ABŞ-ni güclü edən amillərin başında məhz güclü bazar iqtisadiyyatı gəlir. Bu çərçivədə prezident Donald Trampın iqtisadi siyasətləri və yanaşmaları diqqətəlayiqdir.
Tramp biznes yanaşması ilə iqtisadiyyata çox fərqli baxış gətirdi. Onun vergi islahatları xüsusilə kiçik və orta biznes üçün əlverişli şərait yaratdı. Trampın "Amerikanı yenidən böyük etmək" siyasəti yerli istehsalı stimullaşdırdı və iş yerlərinin artmasına səbəb oldu. Lakin onun sərt ticarət siyasəti qlobal ticarətdə müəyyən gərginliklər yaratdı. Donald Trampın iş adamı kimi uzun illər bazar iqtisadiyyatında təcrübəsi olduğu üçün prezidentlik dövründə də iqtisadiyyata xüsusi diqqət yetirdi. Onun qərarları, istər ölkə daxilində, istərsə də beynəlxalq münasibətlərdə iqtisadi maraqların qorunmasına yönəlmişdi.
Son illərdə ABŞ ciddi inflyasiya dalğasından keçib. Əmlak bazarı və tikinti sektoru kimi əsas iqtisadi sahələr yüksək faiz dərəcələrinin təsiri altında zəifləyib. 15 ildən çoxdur Amerikada yaşayan biri kimi ilk dəfədir bu cür yüksək faiz dərəcələrinə şahid oluram. Bunun nəticəsində daşınmaz əmlak bazarında və iqtisadi aktivlikdə durğunluq müşahidə olundu.
Ümumiyyətlə, Tramp Amerika tarixində unikal liderlərdən biri hesab olunur. Onun prezidentliyi dövründə heç bir müharibə baş vermədi və bu, həm ABŞ daxilində, həm də beynəlxalq səviyyədə sabitliyə töhfə verdi. Amerikalılar üçün iqtisadi inkişaf qədər dünyada sakitlik və stabillik də önəmlidir.
Tramp qanunsuz miqrasiyaya qarşı sərt mövqe tutdu. Bu siyasət milli təhlükəsizlik və iqtisadiyyat baxımından bəzi müsbət təsirlər gətirdi, amma bəzən humanitar baxımdan problemlər yarandı. Onun sərhəddə divar inşa etmək planı geniş müzakirələrə səbəb oldu və müxtəlif reaksiyalar doğurdu.
Trampın əsas diqqəti yenə də ABŞ-nin iqtisadi gücünün artırılmasına yönələcək. Amma qlobal siyasətdə sərt yanaşması müttəfiqlərlə münasibətlərdə müəyyən problemlər yarada bilər.
Pənah bəy, Amerikada indiyə qədər hansı dəyişikliklərin şahidi olmusunuz?
Amerika mənim üçün daim inkişaf edən və yeniliklərə açıq bir ölkədir. Mən ABŞ-yə gəldiyim vaxtlarda bəzi şəhərlərdə tikinti sahəsi belə bugünkü səviyyədə deyildi. Son 15 il ərzində tikilən yeni binalar, metrolar və texnologiyaların həyatımıza inteqrasiyası bunun bariz nümunəsidir. Bugün “Microsoft”, “Uber”, “SpaceX” kimi şirkətlər yalnız Amerika deyil, bütün dünyaya inanılmaz töhfələr verirlər. Bu inkişafın şahidi olmaq həm ruhlandırıcıdır, həm də insana yeni məqsədlər aşılayır.
Texnologiya hər şeyi dəyişib. İlk dəfə Amerikaya gəldiyim vaxtlarda xəritələrlə yola çıxır, hər şeyi əl ilə axtarırdıq. Bu gün isə yalnız bir telefon vasitəsilə istənilən məlumatı əldə etmək mümkündür. “Uber”, “WhatsApp” və müxtəlif təlim platformaları – bunlar həyatımızı asanlaşdıran vasitələrdir. İndi Amerikaya gedən gənclər çox daha asan bir şəkildə uyğunlaşa və uğur qazana bilərlər.
İlk günlər çox çətin idi. Fərqli mədəniyyət, dil baryeri, fərqli həyat tərzi – bunların hamısı öyrəşmək üçün zaman tələb edirdi. Lakin bu çətinliklərdən çox şey öyrəndim. Məncə, insanın xarakteri məhz belə anlarda formalaşır.
Hazırda sizin kimi gənc yaşlarda xaricə köçmək, Amerikada yaşamaq istəyən gənclərimiz çoxdur. Bu gün qazandıqlarınız və keçmişdə keçdiyiniz o yolu nəzərə alaraq həmin gənclərə nə tövsiyə edərdiniz?
Xaricdə uğur qazanmaq istəyən hər kəs bilməlidir ki, uğur bir anda gəlib qapınızı döymür. Uğur qazanmaq təkcə arzu və ambisiyadan deyil, həm də güclü planlama, ardıcıl çalışma və texnologiyadan düzgün istifadədən asılıdır. Həyat, xüsusilə də ilk illər, çətin olacaq, Xaricdə uğur qazanmaq üçün yerli dili bilmədən, hətta minimum səviyyədə də olsa, irəliləmək çətindir.
Gedəcəyiniz ölkənin mədəniyyəti, adət-ənənələri və iqlimi barədə əvvəlcədən məlumatlı olun. Bu, adaptasiya prosesini asanlaşdıracaq.
Əgər məqsədiniz var və ona çatmaq üçün kifayət qədər əzmkarlıq göstərirsinizsə, gec-tez uğur sizin olacaq. Qarşıya çıxan çətinlikləri öyrənmə fürsəti kimi qəbul edin və heç vaxt geri çəkilməyin.
Gənclərə tövsiyəm odur ki, məqsədinizdən heç vaxt dönməyin. Texnologiyanın imkanlarından istifadə edin, araşdırma aparın və hər bir addımınızı planlayın. Çətinliklərdən qorxmayın, çünki hər bir çətinlik sizin üçün yeni bir fürsətdir.
Müsahibə üçün təşəkkür edirik.
Uğurlar arzulayıram.
Gülbəniz Hüseynli / Metbuat.az