Icma.az
close
up
RU
“Hər ömrün sonu var...”

“Hər ömrün sonu var...”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Musa Ələkbərli həyatın gözünə dik baxan şair idi

Qələm dostumuz, gözəl şeirləri ilə uzun illər geniş oxucu dairəsinin rəğbətini qazanmış Musa Ələkbərlinin qəfil ölüm xəbəri hər birimizi sarsıtdı. Belə hüznlü ovqatla özü bir vaxt ölümün gözünə dik və nikbinliklə baxmışdı:

Axı nə fərqi var, kimdir, nəçidir,
İnsan bu dünyada kirayəçidir.
Hər ömrün sonu var, ölüm də haqdı,
Can ilə ödənir kirayə haqqı...

Gədəbəy rayonunun Ataxal kəndində dünyaya göz açan Musa şair kimi mayasını bulaqların gümültüsündən, sazın-sözün hənirindən götürmüşdü deyə, ömrünün müdrik çağında belə ilhamı sovulmadı, sənət eşqi soyumadı. Onun istedadı, poetik ruhu, çalışqanlığı gənclik illərindən dəyərləndirilib. Ötən əsrin 60-cı illərində Bakı Dövlət Universiteti filologiya fakültəsinin 2-ci kursunda oxuduğu vaxt ustadı saydığı Hüseyn Arifin “Uğurlu yol”u ilə ilk şeirləri işıq üzü görüb. Sevimli müəllimi Bəxtiyar Vahabzadənin xahişi ilə “azad təyinat” alıb və İlyas Tapdığın köməkliyi ilə “Gənclik” nəşriyyatında işə düzəlib.

1977-ci ildə çıxan ilk kitabını “Məndən şeir istə” adlandırıb. Görkəmli yazıçı-ədəbiyyatşünas Qulu Xəlilov isə “Ədəbiyyat və incəsənət” qəzetində ona açıq məktub yazaraq, xeyir-duasını əsirgəməyib. Həyatını poetik sözün sirrinə-sehrinə bağlamış şair yarım əsrdən çox şəhərdə yaşasa da, köksündə kənd uşağının saf ürəyini gəzdirib, dünyaya nəcib qəlbinin gözü ilə baxıb təqlid etmədən, öz cığırını tutub gedən şair idi. Saf vətənpərvərlik duyğuları şairin yaradıcılığının ana xəttini təşkil edib. Şeirləri pafosdan uzaq, təbii sevgi duyğularının çələngi olub:

Sevginə köklənib ürəyim, canım,
Nə qədər ömrüm var, eşqinlə yanım.
Sənə qurban olum, Azərbaycanım,
Məni gözlərindən uzağa qoyma!

Onun “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Sevgi bulağı”, “Aydanım Ay işığı”, “Dünya sevgidən doğulub”, “Tanrı mənə söyləməsə, yazmaram”, “Gəlir türkün səadəti”, “Ürəyimin qapısından keçənlər”, “Gözümdə ağlayan bulud” və s. kitabları təpədən-dırnağa şair olan qələm sahibinin poetik tərcümeyi-halı kimi diqqət çəkib. Zaman-zaman Rəsul Rza, Bəxtiyar Vahabzadə, Elçin, Məmməd Araz, Xəlil Rza Ulutürk, İlyas Tapdıq, Nizami Cəfərov, Vaqif Yusifli onun poeziyasını yüksək qiymətləndiriblər.

Musa Ələkbərli nəşriyyat redaktorluğunda illərcə çalışıb. İstedad və qabiliyyətini şəxsi yaradıcılığı ilə bərabər, gənc müəlliflərin əsərlərini seçib-sonlayıb kitab halına salmağa, danışan dili olduğu xalqı üçün ictimai xarakterli publisistik yazılar qələmə almağa sərf edib. Son dövrlərdə “şövq”, “coşğu” anlamına gələn “Şur” adlı nəşriyyatın direktoru kimi yorulmaz fəaliyyət göstərib.

Şairin sevgi şeirləri dillər əzbəri idi. Bu mövzuda çox və gözü-könlü tox” yazırdı. Həmin şeirləri oxuyan bütün sevənlər özlərini onun “qəhrəman”ı sanırdılar:

Ürəyimdə bir həsrətin göynəyi,
Gecə-gündüz göyüm-göyüm göynəyir.
Biləmmədim heç yer nədir, göy nədir,
Həyat bildim mən bu dərdi, ələmi,
Məhəbbətdən çox yazıram, eləmi?!

İnişil XQ-nin səhifələrində Musa Ələkbərlinin publisist Rauf Vəliyevin birlikdə ərsəyə gətirdiyi “Arazı adlayan məktublar” adlı kitab barədə yazmışdıq. Görkəmli ədibimiz Mir Cəlal Paşayevin böyük qardaşı, Cənubi Azərbaycanda S.C.Pişəvəri hərəkatının öncüllərindən biri olan Mir Xəlil Mirəliəşrəf oğlu Xəliliyə həsr edilmiş o kitab əsasən xatirə üslubunda yazılsa da, əhatə dairəsi və fakt zənginliyi ilə diqqət çəkir. Şairin kitabda yer alan “Ayrılığın sonu yoxmuş” lirik poeması “Arazı adlayan məktublar”a poetik ovqat gətirir.

Musa Ələkbərlinin “Sözün qiyaməti qopan yerdəyəm” adlı və sayca 16-cı kitabında son 20 ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi, eləcə də Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poeması çap olunub. Sanballı kitab 776 səhifədən ibarətdir. Bütün səhifələrindən vətəndaşlıq yanğısı, yurd sevgisi, insan mənəviyyatı “aşıb-daşır”.

Həmin toplunun bir nüsxəsini gətirib redaksiyamızın qarşısında mənə hədiyyə etdiyi gün son görüşümüz oldu. O, mən, bir də şeir-sənət xiridarı olan həmkarım İlqar Həsənov çay süfrəsi arxasında xeyli söhbət etdik. Musa müəllim gələcək arzularından da danışdı, amma onun istəklərinin yarıda qalacağı, tezliklə bizləri tərk edəcəyi ağlımıza da gəlmədi.

Son illərdə tələbə yoldaşımız – yazıçı-publisist Nurəddin Ədiloğlu şairlə daha çox təmasda olurdu. Adətən, Musa müəllimlə paytaxtın “Gənclik” adlanan parkında elə gənclik həvəsi ilə “səhər yürüşü” edirdilər. Nurəddin indi acı-acı xatırlayır ki, şairin azca əyilmiş qamətini dikəldərək yol gedə-gedə etdiyi söhbətlərdən doymurdum. Gənclik xatirələri, şeir-sənətlə bağlı fikirləri dəyərli idi. Musa Ələkbərli, necə deyərlər, elin kisəsindən gedənlərdən oldu…

İnnən belə günlərini say, Musa,
Sirlərini şeirə çevir, yay, Musa.
İndi sənnən gözəllər yox, ay Musa,
Mələklərin maraqlanan vaxtıdır.

Sanki, mələklərin onu qanadlarına alıb aparacağını gözləyirdi. Amma burası da var ki, şair əsərlərinin birində Əzrayıla da “xəbərdarlıq” edib:

Açılsın gözümdə göylərin qatı,
Uçmaq eşqim varsa, ölməyəcəyəm.
Əzrayıl da bilsin: mən bu həyatı
Şeirsiz bitirə bilməyəcəyəm!

Ömrünü elə gözəl şeir kimi bitirən Musa Ələkbərli Gədəbəydəki Ataxal bulağının mirvari sularındakı gülümsər əksi ilə, ona aid həzin xatirələrlə yadda qalacaq.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see188

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see188

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see187

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see186

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see185

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see182

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri