Icma.az
close
up
RU
Hər şey yaxşıdır Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır Alov İnannanın yeni hekayəsi

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Alov İnannanın "Hər şey yaxşıdır" yazısını təqdim edir.

Təhsilimi bitirib kəndimizə dönmüşəm.

Ev qohum-əqrəba, qonum-qonşu, səslərini başlarına atmış uşaqlarla doludur.

Düzü, evə gələndə bu mənzərəni heç gözləmirdim, ancaq sağ olsunlar anam və bacılarım, kənddə məni o ki var reklam eləyiblər.

Söhbət mənim uzaq diyarda aldığım təhsildən, daha doğrusu, bitkilərlə, heyvanlarla, hətta həşəratlarla qura bildiyim ünsiyyətdən, onların dilini bilməyimdən gedir. Şübhələnən, maraqlanan, inanan, istehza edən, hətta mənə övliya kimi baxan adamların sualları, replikaları, məsləhətləri bitmək bilmir.

Axırda özümdə cəsarət tapıb yuxusuzluğumu və yorğunluğumu, üstəlik, yatmaq üçün gec olduğunu dilə gətirib anamın məzəmmətli baxışları altında qonaq-qara ilə xudahafizləşib onlardan aralanıram.

Anam ardımca gəlir, qonaqlara ayıb olduğunu deyir, illah da elədiyim bu hərəkətə görə məndə vicdan ağrısı və günahkarlıq duyğusu oyatmaq üçün dəridən qabıqdan çıxır.
“İki gündür yatmıram” – şişirtmək məcburiyyətində qalıram – “camaatın yanında yuxulayıb xoruldasam yaxşı olar?!”
Anamın zəif yerindən vururam – “camaatın yanında yatıb xoruldamaq” cümləm onu tutur.

Görünür, anam bir anlığa dediklərimi xəyalında canlandırır, hətta yəqin ki, bu mənzərənin arxasına əlavələr də eliyir – pıqhapıq gülən qonaqların məzələnə-məzələnə sağollaşıb getdiklərini də görür. Ona görə də ədəb-ərkanla onlardan ayrılmağımı daha münasib bilib məzəmmət etməyi buraxır.
Səhər – əslində günorta – ayılanda həyətdən gələn gülüş və danışıq səslərini ayırd eləməyə çalışıram. Qulaqlarımı daha da şəkləyirəm. Arada adım çəkilir. Yenə xeyli qonaq-qara var. Deyəsən, hamı məndən “hokus-pokus” gözləyir.

Hər cür sual var, xüsusilə uşaqların maraqları daha çox xoşuma gəlir: “O arı nə vızıldadı? Bu qızılgül nə fikirləşir? O it hürüb nə deyir? Bu tut ağacının beyni hardadı? Ağcaqanadlar güləşə bilir? Almanı yeyəndə onun canı ağrıyır?”
Belə çətin olacağını bilmirdim. Suallar bildiyim və bilmədiyim yerlərdən gəlir. Nə isə. Bir təhər yola verirəm gedir.
Ara sakitləşir. Anamın bağçadan məni çağırdığını eşidirəm:
– A bala, kartofu bu merətlər basıb yeyir. Gör, nağayrırsan.
Bağçaya girər-girməz xoş qoxulu tanış havanı ciyərlərimə çəkirəm. Kartof sahəsinə yaxınlaşıram.
Hər şey ilk baxışda normal görünür. Ancaq yarpaqların arxasında çoxlu kolorado süfrələri var. Arada üstü bəzəkli koloradolar da gözə dəyir.

Qısa müddətli meditasiya və söhbətə hazıram. Ancaq böcəklərə deyəcək sözüm yoxdur. “Nə deyim onlara?” – anama baxıram.
Anamın üzündə maraq və acıq var:
– Nə deyəcəksən, de ki, cəhənnəm olub getsinlər kartofluğumdan.
Ünsiyyət başlayır. Anamın tələbini onlara çatdırıram. Koloradolar cavabı gecikdirmirlər:
– Getsək, badımcanlara gedəcəyik. Anan bunu istəyərdimi?
Anam az qalır dəli olsun. Onun söyüşlü cavabını əlbəttə ki, koloradolara olduğu kimi tərcümə eləmirəm.
Koloradolar bu dəfə pomidorlara gedəcəklərini bəyan edirlər.
Anam təzə-təzə çiçəkləyən pomidorlara baxıb səsini bir az da qaldırır.
Koloradolar başqa şeyləri yeyə bilmədiklərini deyirlər.
Mən tərcüməçiliyi dayandırıb birbaşa onlarla söhbətə başlayram.
Koloradolara ədalətsizlik haqda göndərdiyim dalğalara onlar məntiqli cavab verirlər: “İnsanların yeyə biləcəyi yüzlərlə qida məhsulu var. Onlar isə cəmi cümlətanı 3 bitki ilə qidalanırlar. Onlar da yaşamaq və törəmək istəyirlər. İnsanların özlərini dünyanın mərkəzinə qoymağı ədalətdirmi?”
Sözüm bitib. Söhbətimizi anama çatdırmağın heç bir mənası yoxdur.
Əlacsız halda anama baxıb bağçanı tərk eləyirəm. Anamın üzündəki acıq, məyusluq hamısı bir-birinə qarışıb. İlk təcrübəmin uğursuz nəticəsi məni də kədərləndirir.
Hələ də transdan çıxmamışam deyə, xiyar ləklərinin altından iki danadişinin yaydığı xoşbəxtlik dalğalarını tuturam.
Danadişilər bizim gülərkən buraxdığımız dalğalardadırlar. Onların ünsiyyətindən anladıqlarım məni xeyli güldürür və kefimi açır.

Sən demə, dünən qonşunun balaca oğlu bunlardan birini tutub cəzalandırmaq üçün diri-diri torpağa basdırıb. Və beləcə hamı xoşbəxt olub; uşaq danadişini cəzalandırdığını düşündüyü üçün, danadişi də öz sevimli məkanına dönüb ucuz qurtulduğu üçün.
İndi durub uşağa desəm ki, danadişilər elə torpağın altında yaşayırlar, nə olar. Beynimdən keçən ani fikrin dərhal üstündən keçirəm.
Heyvanların, həşaratların və bitkilərin dilini biləndən sonra insanların tərəfini tutmaq çox çətindir.
Kədərli halda yuxudan doymadığımı deyib yenidən yatmağa gedirəm.
Yenə çox yatmışam. Yaxşı ki, mənə dəyib dolaşan yoxdur. Həyətdə sakitçilikdir, deyəsən. Məndən çıxmayan iş. Nə əcəb pəncərəyə düzülmüş dibçəkləri indi görürəm. Aha. Ağlıma bir fikir gəlir. Anamın çiçəkləri ilə söhbət eləmək.
Dərhal onlarla eyni dalğaya keçirəm. Ən gözəgəlimli çiçəkdən soruşuram: Çiçəklərdən ən canlısı sən görünürsən. Yəqin heç problemin zadın yoxdur, eləmi?
– Daim yamyaşıl və diri görünməliyəm. Keçən aylarda eyni kökdən olan bacımı bir az solğun göründüyünə görə anan qazların qabağına tulladı. Elə qorxmuşam ki, indi bütün su ehtiyatımı çiçəklərimə vermək əvəzinə yarpaqlarıma verirəm.
– Hmm. Kədərlidir. Dilin olsaydı, anama nə deyərdin?
– Deyərdim ki, verdiyin qədər ala bilərsən. Bizi susuz qoyub, ya da suda boğub yaşıllıq istəyə bilməzsən.
Çiçəyin çatdırdıqları məni silkələyir. Haqlısan, – deyib onun yarpaqlarını sığallayıram.
Otağımdan zala keçirəm. Divanda sərələnmiş pişiyimiz tənbəl-tənbəl gözlərini açır, sonra məni görmürmüş kimi saymazyana mürgüləməyə davam edir.
Onun laqeydliyi bir anlığa eqoma toxunur, qucağımda böyümüş bu pişiklə neçə illər evdaşlıq eləmişik axı. Pişiyə göndərdiyim siqnallara acıq dalğasında cavab gəlir: “Sən niyə mənim adımı “Bülbül” qoymusan?”

Özümü gülməkdən zorla saxlayıram: “Sən balaca olan vaxtlar qardaş-bacılarının içində ən qorxunc ciy-ciy səs sənin idi. Mən də səni daha da sevimli eləmək üçün bu adı qoydum. Yəni, sənin ciyiltili miyoldamalarını bülbül səsi kimi eşitmək üçün”.
Pişik düz gözlərimin içinə baxır. Hələ də acıqlıdır:
– Mənim bülbüllərdən xoşum gəlmir. Onları harda görsəm tutub boğmaq istəyirəm. Həmin anda da ağlıma gəlir ki, mən də bülbüləm. Ancaq sonra baxıb görürəm ki, həm də bülbül deyiləm. Mən uça bilmirəm və miyoldayıram!
Pişiyin dərdini anlayıram: “Vay-vay. Anladım sən niyə acıqlısan və özünü sevmirsən”.
– Məni kim sevir ki... Anan neçə dəfə məni evdən azdırıb, özüm qayıdıb gəlmişəm.
– Məni bağışla. İnan, sənin adını qoyanda, tam bunların əksinə, sən daha çox seviləsən deyə, bu adı seçdim.
– Adımdan da zəhləm gedir, özümdən də, sizdən də! – Pişiyin gərginliyi aqressiyaya çevrilir. Dəqiq bilirəm, bu an ona yaxınlaşsam, məni çırmaqlayar.
– Yaxşı. Gəl, sənə təzə ad qoyaq.
Pişik mənə şübhə və acıqla baxmaqda davam edir.
– Tamamilə sənin sevdiyin ad olsun. Bu dəfə sən həm adını, həm də özünü sevəcəksən. Sonra da hamı səni sevəcək.
Tərəddüdlü baxışlar və dalğa axınlarıyla qarşı-qarşıyam. “İcazə ver səni sığallayım”.
Pişik “sığal” sözünü hiss edən kimi duruxur. Dalğalar dəyişir. Deyəsən, onda mənə qarşı mənə güvən duyğusu oyanır. Cəsarətlə və şəfqətlə pişiyi sığallamağa başlayıram. “Sən yupyumşaqsan. Gəl, sənin adını Yumuş qoyaq.”
– Doğrudan yumşağam? – Pişiyim artıq xoşbəxtlik dalğaları saçır.
– Hə, özü də yumşaqsan yoxe, yupyumşaqsan, Yumuşum.
Aha. Təzə ad pişiyimi məst eləyib. Nazlana-nazlana guya tərəddüdlüymüş kimi quyruğunu oynadır.“Olsun. Mən bu gündən Yumuşam.”
Yumuşla eyni dalğadayam. İkimiz də xoşbəxtik. Bəlkə də illərdir, sığal və qucaq görməyən Yumuş insan kimi mənə sarılıb.
Xəyalımda Yumuşun adqoydusunu ev əhli ilə necə keçirəcəyimlə bağlı planlar qururam.
Əhvalıma “nəhayət, bir işə yarayıram” sevinci də əlavə olunub. Hər şey yaxşıdır. Hətta çox yaxşıdır.

Məşhur aktrisa vəfat etdi İtaliyada ilk monumental teatrın memarı Azərbaycan və Özbəkistanın birgə mədəniyyət turu təşkil olunacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:344
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri