Icma.az
close
up
RU
HƏR YENİ GÜNDƏ TƏKRARLANMALI DƏRS Rafael Hüseynov yazır

HƏR YENİ GÜNDƏ TƏKRARLANMALI DƏRS Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rafael HÜSEYNOV
Akademik

Nə qədər şəkk edilsə belə, hər halda qədər, qismət deyilən aqibət var. Elə bir yazı ki, ondan qaçıb qurtarmaq, çərçivəsindən kənara çıxmaq mümkünsüzdür. Alına nə yazılıbsa, bir az gec, bir az tez (kim bilir, bəlkə də məhz elə öncədən nəzərdə tutulduğu məqamdaca) mütləq olacaq.

Mirzə Şəfi Vazeh Azərbaycanın ən xoşbəxt və ən kəc taleli şairlərindəndir. Xoşbəxtdir ona görə ki, lap çoxdan həyatda yoxsa da, yaşamaqda davam edir, adı dillərdədir. Onun taleyində Azərbaycanın az söz ustasının bəxtinə düşmüş bir uğur var - XIX yüzildən etibarən Qərbdə də, Şərqdə də onillər boyu tanınıb və sevilib. Yeni minillikdə də Mirzə Şəfi diridir. Ancaq həm də taleyi qırıqdır ona görə ki, Vazeh, onun həyat yolu və irsi ilə bağlı cavabsız suallar keçən əsrlərdə olduğu kimi, bu əsrdə də ortadadır. Lap başdan bir laübalılıq, məchulluq onun ömür yolunu da, yaradıcılığını da bürüyüb. Mirzə Şəfi Vazehlə bağlı çox suallar var ki, 100-150 il öncə olduğu kimi, yenə açıq qalmaqdadır.

Qoy sən həqiqəti söyləyən zaman

Qopsun min təhlükə, qopsun min tufan.

Gəl baxma bunlara, ey Mirzə Şəfi,

Uca tut daima arı, şərəfi!

Özü həqiqət aşiqi idi, haqqı da həmişə uca tutdu, başına bəlalar gələ biləcəyindən də çəkinməyərək daim sözün düzünü deməyə çalışdı. Gərəkdir ki, arı, şərəfi yüksək tutmağa səsləyən, həqiqəti söyləyərkən qorxu-hürkü eyninə olmayan bu mərd insan haqqında doğrular da əvvəl-axır ortaya qoyula, onun adı və mirasını əhatələmiş qatı duman pərən-pərən salına.

Mirzə Şəfi bənna oğlu idi, həm də sıravi yox, adıbəlli ustanın övladı idi. Elə atası kimi, o da həmin yolu tutub gedərdi, dolanışığını bənnalıqdan çıxarardı, olardı babat dolanışıqlı yüzlərlə, minlərlə başqa azərbaycanlıdan biri.

 Ancaq bənnalıq qismətində deyilmiş. Mirzə Şəfinin atası sadəcə bənna yox, həm də memar idi. Bənnanın da, memarın da sıravisindən olmamasının sübutu bu idi ki, Cavad xan (1748-1804) onu Gəncədə sarayına gətirmiş, xanlığın əsas bənnası və memarı etmişdi. Gəncəbasarda isə o çağlarda işinin sahibi olan, peşəsinə məharətlə yiyələnmiş xeyli bənna çalışmaqdaydı. Cavad xan məhz onu seçmişdisə, demək ki, digərlərindən üstünmüş. Ancaq nədirsə, o, Şəfinin bənna, memar yox, ruhani olmasını istəyirmiş. Odur ki, gətirib qoyubmuş Gəncə mədrəsəsində dərs almağa. Ancaq Şəfi din adamı da olmadı. Nə ailəsi, nə yaxınları onu gələcəyin şairi kimi görürdü. Di gəl, taleyin yazısı beləymiş ki, gərək o, Azərbaycanın böyük müəllimlərindən və üstün söz ustalarından biri ola.

Şəfinin adının əvvəlində və ardındakı hər iki sözü ona keçdiyi yol nəsib etdi. Mirzəlik əski əyyamlarda xəttatlığın, katibliyin məxsusi bir çeşidi idi. Hamının yazı-pozudan baş çıxarmadığı çağlarda, bir yerdən başqa yerə məktub göndərənlər mirzələrin yanına gələrdi. Onların şifahi dediklərini mirzələr kağıza köçürər və məktub ünvanına yollanardı. Hərdən yazısı, savadı olanlar belə məktubu daha təmtəraqlı, daha gözəl xətlə yazdırmaqçün mirzələrin xidmətindən istifadə edərdi. Bəlli mirzələrin çörəyi beləcə, başqalarına məktublar yazmaqdan çıxardı, ancaq bir də vardı onun-bunun yazısını yazan, hansısa yazılmışların üzünü köçürüb abıra salan mirzələrdən çox fərqli olan Millət Mirzələri.

Peşəsi mirzəlik olanların sayını-hesabını müəyyən etmək mümkünsüzdür, amma Millətimizin Mirzəsi adlanmaq şərəfini qazanmışların miqdarı barmaqla hesablanacaq qədər azdır. Vazehin doğuluşundan qazandığı Şəfi adının əvvəlində sabit yerini tapmış iftixarlı "Mirzə" sözü millətin ölməz balaları Mirzə Fətəli Axundzadənin (1812-1878), Mirzə Ələkbər Sabirin (1862-1911), Mirzə Cəlilin (1866-1932), Mirzə Əbdürrəhim Talıbovun (1834-1911), Mirzə Nəsrullah Didənin (1797-1870), Mirzə Qədim İrəvaninin (1825-1875), Mirzə Baxış Nadimin (1785-1880)... adlarını nurlandıran kəlmədəndir.

Adının əvvəlindəki "Mirzə"ni Şəfiyə el, ənənə yaraşdırdısa, ikinci adına çevriləcək "Vazeh" təxəllüsünü özü götürdü. "Vazeh" sözünün mənası aydın deməkdir. Bu aydınlıq, saflıq Mirzə Şəfidən yadigar qalan misraların hər birinə hakimdir. Eyni duruluq, pərdəsizlik onun dünyagörüşünün, duyğu aləminin mahiyyətində və nüvəsindədir. Ancaq Vazehi qarabaqara izləyən ziddiyyət budur ki, qələmindən çıxanlar, yaxud onun qələminə aid edilənlər nə qədər aydın, nə qədər sadə dərk ediləndirsə də, onun həyat yolu, şəxsiyyəti, irsi ilə bağlı bildiklərimiz vazehlikdən çox aralıdır. Bir mübhəmlik və məchulluq Mirzə Şəfi Vazehi həmişə müşayiət edir və XIX yüzilliyin 70-ci illərindən başlanan həmin qatmaqarışıqlıq, cavabı sona qədər tapılmayan suallar qatarı bu günə qədər də davam etməkdədir. Ancaq bir sənətkarı düşünürkən bəlkə bunun özü də müəyyən mənada elə bir ayrı bəxtiyarlıq sayılmalıdır. Məhz o sualların çox olması, məchulluğun daimi varlığı həmişə elə edib ki, diqqətlər müdam Mirzə Şəfi Vazehin ardınca olub. Bu macəralılıq və sərgüzəştlilik alimləri və sadə oxucuları daim Mirzə Şəfi barədə daha maraq və sual ediciliklə düşünməyə səfərbər edib.

Əsr yarımdan artıqdır ki, Vazehlə bağlı suallar ortadadır, həmin köhnə sualların bir çoxunun hələ də qaneedici cavabı verilməyib, yəqin ki, bu gedişlə hansılarınınsa bizim dövrdə cavabları aşkarlansa da, sabah üçün yenə açıq qalanları olacaq. Ancaq Mirzə Şəfi Vazehlə bağlı qurtarmaz qədər görünən açılabilən və açılmaz sualların fövqündə cavabı dəqiq məlum olan bir böyük həqiqət var.

Bu vazehlik və aydınlıq da ondan ibarətdir ki, Mirzə Şəfi Vazeh Azərbaycan ziyalılığının, Azərbaycan maarifçiliyinin, Azərbaycan şeirinin XIX yüzildəki ən parlaq simalarından biridir və o parlaqlıq o əsrdən bu əsrə keçdiyi kimi, gələcək zamanlar içərisində də həmişə davam edəcək.

Mirzə Şəfi Vazehlə aramızdakı vaxt məsafəsi, sən deyən, çox deyil. Bununla belə, onun ömür yolu haqqında əldə-ovucdakılar seyrəkdir. Ancaq az olanları da bir daha süzgəcdən keçirərək və təsdiqlənmişlərini dönə-dönə yazmaq və söyləmək lazımdır ki, bu bilgilər yaddaşlarda yerini möhkəmcə tutsun.

Məlum "Şairin yazdıqları onun tərcümeyi-halıdır" zərbülməsəlində həqiqət yalnız dolayısı ilə, fəlsəfi mənada yer almaqdadır. Əslində hər qələm sahibinin ömrü onun yazdıqları tamamlayan, o həyatın şərhi sayıla biləcək cizgilərdir. Çünki ömür o təhər yaşanmasaydı, bu yaradıcılıq da belə alınmazdı.

Gəncəli Kərbəlayı Sadığıın iki oğlu vardı - Əbdüləli və Şəfi. Cavad xanın dərbarında çalışanlar çox idisə də, onun Kəblə Sadığa rəğbəti məxsusi idi. Qızıl əlli və sərrast gözlü bir sənətkar olduğundan onu el arasında sadəcə "Memar Sadıq", "Bənna Sadıq", "Usta Sadıq" deyil, "Ustabaşı Sadıq" çağırırlarmış.

Zahirən, guya bu işin qulpundan yapışan hər kəs elə bənna olur. Amma belə deyil axı. Dərzidən dərziyə, zərgərdən zərgərə, çalğıçıdan çalğıçıya, aşpazdan aşpaza, bağbandan bağbana fərq olduğunu kim danar? Bütün bacarıqlardan əlavə, hər sənətdə və peşədə o işlə məşğul olana Pərvərdigarın əta etdiyi şövq, fəhm də vacibdir. Payına bu qabiliyyət düşübsə, o usta hökmən seçiləcək.

Kəblə Sadığın əlləri qabil olduğu qədər gözləri də tərəzi imiş. Daşı daş üstünə dəqiq qoymaqda, divarı yüksəltməkdə, bina ucaltmaqda onun bənzəri yoxmuş. Odur ki, Gəncə tərəflərdə böyük tikintiyə başlayanlar məşvərət üçün usta Sadığı dəvət etməyi borc sayar, onun xeyir-duasını almağı işin avand başlanğıcı hesab edərlərmiş.

El sözünün yorulmaz və fədakar yığıcılarından olmuş ədəbiyyatşünas Sədnik Paşa Pirsultanlı (1929-2013) zamanında Gəncəbasarı qarış-qarış gəzmişdi, sinəsi sözlə dolu çox ağsaqqalları, ağbirçəkləri dindirmişdi, eşitdiklərinin də hamısını həm lentə, həm qələmə almışdı. 1990-cı illərin əvvəllərində Azərbaycan radiosunda hazırladığım "Bulaq" verilişinin bir hissəsini gəncəli şairlər haqdakı el rəvayətlərinə həsr etmişdim və həmin söyləmələrin arasında Sədnik Paşanın vaxtilə topladığı əhvalatlar da vardı. Folklorçu alim Mirzə Şəfinin atası Ustabaşı Kəblə Sadıq haqqında el arasında dolaşan bir silsilə hekayəti yığmışdı. O rəvayətlərdən biri Kəblə Sadığın camaat arasında nə qədər böyük nüfuzu, hörməti olmasının təsdiqi sayıla bilər. Deyir, Gəncə zənginlərindən biri özünə mülk tikmək istəyinə düşür. İmkanları geniş, özü də bir qədər təkəbbürlü olduğundan tikdirəcəyi binanın ustalarını da kənardan gətizdiribmiş ki, buralarda onun imarətinə bənzəyən başqası gözə dəyməsin. Baş memarı da, bənnaları da Təbrizdən imiş. Artıq tikintinin bütün tədarükləri görülübmüş, "bismillah" deyilməli, özül qoyulmalıymış, amma hərəkət yoxmuş. Sifarişçi hövsələdən çıxır, ustaları danlayır ki, axı neçə günlərdir burdasınız, niyə günü-günə satır, işə başlamırsınız? Təbrizdən gətirdiyi baş memarı çağırtdırır ki, axı neçə gündür gözləyirik, niyə əlinizi-qolunuzu yanınıza sallayıb durmusunuz? O da qayıdır ki, qurban, bir-iki gün də möhlət verin, Kəblə Sadığı gözləyirəm, o, Gəncədə yoxdu, gəlsin, başlayacağıq. İşin sahibi lap qeyzlənir ki, a kişi, Kəblə Sadığın bu məsələyə nə aidiyyəti, Gəncədə yoxdur yoxdur da, heç dəxli var?

Təbrizli memar dillənir ki, ağa, Ustabaşı Kəblə Sadığın adı yalnız burda - Gəncəbasarda yox, Təbrizdə də bəllidir. Mən ondan xeyir-dua, halallıq almasam, işimə başlaya bilmərəm. Gərək gəlib mənim etdiyim hazırlıqlara baxsın, düzlüyünü təsdiq eləsin, halallığını versin, ondan sonra başlayım.

Belə bir hadisə həqiqətən olmuşdumu? Doğrusunu Allah bilir. Ancaq el dilində Kəblə Sadığa sonsuz ehtiramın varlığından deyən belə bir söhbətin dolaşması artıq elə onun sənətkar şöhrətinin, yalnız camaat arasında deyil, elə sənətkarlar içində də necə böyük hörmət sahibi, nüfuz yiyəsi olmasının danılmaz göstəricisidir.

Kəblə Sadıq oğlu Əbdüləliyə bənnalığın sirlərini səbirlə öyrədir, onu öz peşəsinin davamçısı kimi görmək istəyirmiş. Ancaq Şəfi barədə fikri bu imiş ki, Gəncə mədrəsəsində müəyyən təməl biliklər alandan sonra onu Azərbaycandan kənara, ərəb ölkələrinə mükəmməl dini təhsil almağa göndərsin. Ancaq qəza vü qədərin yazdığı hekayədəki sərt dönüş də elə burdan başlanır.

Kəblə Sadıq Cavad xanın yanında idi, onun istəklilərindəndi, həyat da rəvan axarındaydı. Fəqət tale qəfilcə səmtini tam tərsinə dəyişir. 1804-cü ildə çar qoşunu gəlib Gəncənin ağzını kəsdirir. Sisianov qoşunu ilə Gəncənin həndəvərində idi və hökmlü xəbərini göndərmiş, ötkəm Cavad xandan təslim olmasını tələb etmişdi. Cavad xansa o yekəxana ismarışa qəzəbli cavab göndərmişdi ki, siz Gəncəyə yalnız mənim cəsədimin üstündən keçib girə bilərsiniz.

Cavad xan son anınacan mərdanəliklə döyüşmüşdü, sağkən işğalçının Gəncəyə girməsinə macal verməmişdi və düşmən yalnız onun meyitinin üzərindən adlayaraq xanlığın baş şəhərinə girə bilmişdi. Həlak olmuşdu, ancaq qurban gedən canıyla da sonrakı nəsillərə dərsini vermişdi. Vətən uğrunda, torpaq naminə, namus adına sona qədər çarpışmağın, dəyanətin, ləyaqətin dərsini!

Cavad xan yenilincə Gəncə xanlığı süqut etmişdi və Sisianov gəlib oturmuşdu burda. Təbii ki, həmin andan Cavad xana, onun sarayına bağlı olanların hamısının, o sıradan, Kəblə Sadığın həyatı məhvərindən çıxmışdı. Ürcah olduğu sarsıntılar onun da axırına çıxmışdı və Ustabaşı da çox keçmədən vəfat etmişdi.

Yəqin ki, oğlu Əbdüləli atası səviyyəli bir memara, bənnaya çevrilsəydi, bunun da izi yaddaşlarda, ən azı, el söyləmələrində qalardı. Tarix bu barədə susur. Amma Ustabaşının digər övladı, Kəblə Sadığın bənna kimi görmədiyi oğlu Şəfi əslində ən adlı-sanlı bənnaya dönür. Ancaq kərpici kərpic üstünə düzərək mülklər tikən bənnaya deyil, sözü sözə bənd edərək şeir qəsri ucaldan bənnaya!

İllər ötəcək, Şəfi böyüyəcək, sabahın məşhur Mirzə Şəfi Vazehinə çevriləcək və atasının o məhrəm arzusu da gerçəkləşəcək. Ustabaşı Kəblə Sadıq diləyirdi ki, onun oğullarından biri memar, bənna olsun. Mirzə Şəfiyə bənnalığı, memarlığı millətinin mənəviyyat aləmində, zövq dünyasında gerçəkləşdirmək nəsib oldu.

Və bu istiqamətdə də onun yolaçıcısı göylərin öncədən cızdığı naxış idi.

Hər insanın həyatında, illah da ki, Tanrının yaradıcı istedad bağışladığı seçilmişlərin ömründə mütləq bir ustada, öndəgedənə, əldənyapışana ehtiyac var. İllər ötəcək, Şəfi özü çoxları üçün məhz belə bir dayağa çevriləcək. Ancaq onun Vazehə dönməsi üçün daha əvvəl qoldan yapışacaq xeyirxah bir insan gərək idi.

Həmin insanı da İlahi Özü müəyyən edir. O insan da tapılır. Qədər onun Şəfinin ömrünə də gəlişini öncədən həll etmişdi.

Təbrizdə və Bağdadda yaxşı təhsil almış Hacı Abdulla adlı ruhani günlərin birində gəlib yetişir Gəncə mədrəsəsinə, orada axundluğa başlayır. Bura gəlib çatanacan Hacı Abdulla dünya görmüşdü və geniş biliklər qazanmışdı. Gəncə mədrəsəsində təzə-təzə dərs dediyi çağlardaca uşaqlardan birində - balaca Şəfidə gördüyü işıq Hacı Abdullanın ürəyinə elə mehr salır ki, bu şagirdinə doğma övladı kimi məhəbbət bəsləməyə başlayır, tədricən ona yalnız müəllim yox, elə ikinci ata olur.

Tarixin çərxi elə dövran etmişdi ki, Gəncədə xanlıq yenə bərpa olunmuşdu. 1804-cü il hadisələrindən 22 il keçəndən sonra İranla Rusiya arasında növbəti dava qızışmışdı, həmin toqquşmanın bəla çanağı yenə Azərbaycanın başında çatlamışdı.

Az keçəcək, Azərbaycanı ikiyə böləcəklər, yarısı Arazın o tayında qalacaq, yarısı hicranlar çayının bu tərəfinə düşəcək. Amma 1828-ci ilin o faciəli parçalanmasından əvvəldə də, elə həmin 1826-cı ildə də müəyyən bölümləmələr olmuşdu. Çarlıq-Şahlıq savaşı əsnasında Gəncə bir neçə aylığa Rusiya hökumətinin nəzarətindən çıxmışdı və Cavad xanın oğlu Uğurlu xanı gətirib oturtmuşdular taxtda, onu rəsmən Gəncə xanı etmişdilər. Lakin bu da uzun sürmür. Özünü toparlayıb qayıdan çar qoşununun növbəti həmləsindən sonra Uğurlu xan Gəncəni tərk etməyə məcbur qalır. Gəncədən ayrılanda bacısı Püstə xanımı da özüylə götürərək İrana pənah aparır. Püstə xanımın gedişi isə Şəfinin həyatındakı daha bir uğurlu səhifənin qapanması deməkdi.

Uğurlu xan hakimiyyətə gələndən sonra Şəfinin də həyatında təzə bir mərhələ başlanmışdı. Ailəlikcə Cavad xan ocağı ilə çoxdan bağlı olduqlarından Püstə xanım Şəfini öz dəftərxana işlərini aparmağa dəvət etmişdi. İş ondadır ki, Uğurlu xanın təzədən gətirilib taxta oturdulmasından əvvəl də Şəfi eyni işi görmüşdü, Püstə xanımın yanında olmuş, onun yazı-pozu işlərini aparmışdı.

Ancaq təzədən şölələnmiş ümid çırağı tezcə də sönür, Püstə xanımgil rusların qayıdışı ilə Gəncədən ayrılınca Şəfinin həyatında yeni bir namüəyyənlik zolağı başlanır.

Nə arxa-dayaq var, nə hayan duracaq simsar bir adam. Yolu necə davam etdirməli, hara üz tutmalı, nə işlə məşğul olmalı?

Fərasətli Şəfi mədrəsədə oxuduğu dövrdə kifayət qədər biliklərə yiyələnmişdi, qəşəng xətti də vardı, demək, çörəksiz qalmayacaqdı.

Özünün də təlim aldığı Gəncə mədrəsəsində dərs deməyə başlayır.

1820-ci illərin sonları, 1830-cu illərin əvvəllərində Mirzə Şəfinin əsas işi xəttatlıq idi. Gəncə mədrəsəsində dərs deməyinə deyirdi. Bu, onun gündəlik işi idi, amma çörəkpulusu ən əvvəl xəttatlıqdan çıxırdı. Onun nə qədər mahir, həm də yalnız mahir deyil, nə təhər həssas bir xəttat olduğunun təsdiqini canlı şahid bəyan edir.

Uzun hekayətinə az sonra keçəcəyimiz Bodenştedt Almaniyadan gəlib Mirzə Şəfini axtaranda onun əsas niyyətlərindən biri bu ustaddan hüsnxət öyrənmək olmuşdu. Mirzə Şəfinin xəttatlığı haqqında isə o, artıq vətəninə qayıdandan sonra təəssüratlarını yazacaq. Canlı şahid kimi təsdiq edəcək ki, Mirzə Şəfi hansı xətlə necə yazmaq, xəttə necə süs verməyi şeirin məzmunundan çıxış edərək müəyyənləşdirirmiş. Yəni ona köçürülməkdən ötrü gətirilən "Divan"ları, ayrı-ayrı nüsxələri ucdantutma elə eyni rəvan xətlə yazmağı bəs hesab etməzmiş. Yazının içərisindəki məna onu yönəldər, mətləblərə uyğun da xətt seçərmiş. Mirzə Şəfi Zatında, varlığında qanlaötürülmə memarlıq, bənnalıq, fitrətdən gələn şairlik olduğundan üzdən dinməz-söyləməz icraçılıq təsiri buraxan xəttatlıq işinə də Mirzə Şəfi şairanə, xüsusi yaradıcılıq ehtirası ilə yanaşırmış.

Artıq Mirzə Şəfi ayaq üstə durmuşdusa da, onunçün ata əvəzi Hacı Abdullanın bir əli üstündə idi. Odur ki, 1831-ci ildə Hacı Abdullanın canını tapşırması Mirzə Şəfinin ömrünün bu mərhələsindəki ən ağır tale zərbəsinə çevrilir. O ağsaqqalını, yolgöstərənini, həm də vasitəçisini itirmişdi. O mənada vasitəçisini ki, Gəncə mədrəsəsində dərsini deyə-deyə köçürülməli əlyazmalar ona elə öz-özünə gəlib çatmırdı. Geniş əlaqələri olan Hacı Abdulla tanış-biliş öz yerində, ayrı-ayrı "Divan"ları, müəyyən nüsxələri nəfis xətlə, savadlı köçürtmək istəyən bir çox başqa müştəriləri də tapır, Şəfiyə sarı yönəldirmiş.

 Bu yandan Hacı Abdullanın həyatdan getməsiylə sifarişlər tükənir, o biri tərəfdən də litoqrafiya işinin, kitab çapının yeni növünün bərqərar olması dolanışığını daha çox xəttatlıqla yola verən Mirzə Şəfinin çörəyini bir az da azaldır. Odur ki, ömrünün bu mərhələsində gücünü daha çox dərs verməyə ayırır və günlərin birində onun qarşısında bir yeniyetmə dayanır.

Dünya cavaba cavab dünyasıdır. Sənə kimsə yaxşılıq edibsə, o yaxşılığı həmin adamın özünə olmasa da, bir başqasına hökmən qaytarmalısan və qaytaracaqsan. Mirzə Şəfi Vazeh artıq özünü dolandıra bilirdisə, asta-asta cəmiyyət içərisində tanınırdısa, bunun əsas səbəblərindən biri xeyirxah insanlar olmuşdu, ən başda da müəllimi Hacı Abdulla.

Və Gəncə məscidindəki bir hücrədə oturub dərsini verdiyi günlərdə, artıq Hacı Abdullasız qaldığı əyyamlarda bir gün Mirzə Şəfiyə ondan nəstəliq xətti ilə göyçək yazmağı öyrənmək istəyən yeniyetməni təqdim edirlər. Mirzə Şəfi bəsirətli adamdı, bir neçə dərsdən sonra şagirdindəki gizli qalması müşkül olan işığı sezir və vaxtilə ona atalıq, ağsaqqallıq şəfqəti ilə yanaşaraq yaxşılıq etmişlər kimi, o da nəciblik və xeyirxahlıq əlini bu gəncə uzatmağı qət edir.

Mirzə Şəfinin qarşısında dayanan sabah onun özündən də qüdrətli MİRZƏyə çevriləcək bir insandı - gələcəyin Mirzə Fətəli Axundzadəsi.

Hələ təkcə Yaradanın Özünə bəllidir ki, bu yeniyetmə böyüyəcək və bütün milləti oyadan ən qüdrətli şəxsiyyətlərdən biri olacaq. Hələlik isə onu Mirzə Şəfi Vazeh oyadırdı. Oyadırdı ki, sabah bu gənc milləti qəflət yuxusundan səksəndirsin.

Əhvalatın necə baş verdiyini Mirzə Fətəli özü təsvir edir ki, günlərin birində növbəti dəfə Gəncə məscidindəki hücrədə Mirzə Şəfinin qarşısında oturmuşduq, nəstəliqdən dərs keçirdik. Mirzə Şəfi bir çox elmlərə dərindən vaqif olan və nəstəliq xəttində də çox usta bir insandı. İkinci atam istəmişdi ki, bu bilikli insandan həm dərs alım, həm də ondan nəstəliq xəttini mükəmməl şəkildə mənimsəyim. Günlərin birində dərs əsnasında Mirzə Şəfi - müəllimim məndən soruşdu ki, Fətəli, bu elmləri öyrənməkdə sənin məqsədin nədən ibarətdir? Mən də cavab verdim ki, ustad, ruhani olmaq istəyirəm.

Bunun müqabilində Mirzə Şəfinin dediyi sözlər yeniyetməni şaşırdır. Mirzə Şəfi kinayə ilə gülümsünür ki, demək, sən bu qədər elmləri öyrənəndən sonra gəlib bunlar kimi şarlatan, fırıldaqçı olmaq istəyirsən?

Özü üçün çox gözlənilməz və təəccübgətirici olan həmin söhbəti illər sonra minnətdarlıqla xatırlayan Mirzə Fətəli belə yazırdı: "Mirzə Şəfi söylədi ki, bu qədər elmlər, biliklər öyrənib özünü bu qaragüruhun içərisində məhv eləmə, onlardan biri olma".

Bu, sadəcə müəllim məsləhəti deyildi, Fətəlinin bütün varlığını səksəndirib silkələyən zəng idi.

Həmin dəqiqələr sabahın böyük Mirzə Fətəlisinin təməlinin qoyulduğu anlar idi. Bu, oyanış məqamı idi.

Gələcəyin böyük Mirzə Fətəlisinin yaranışının səbəbkarı Mirzə Şəfi Vazeh idi.

Arxada qalan min ildən artıq bir müddətdə Yaxın-Orta Şərqin dörd bucağında şeiri, musiqini daim seviblər və Yaxın-Orta Şərqin, o sıradan Azərbaycanın ən müxtəlif guşələrində bu uzun müddət boyunca çağın ziyalı klubları sayıla biləcək şeir məclisləri bir-birini əvəz edib. Zəmanənin təfəkkür və ilham sahibləri, maarifpərvər şəxsiyyətləri belə məclislərdə toplaşaraq fikir bölüşmüş, gələcək haqqında düşüncələrə dalmış, yazıb-yaratdıqları, apardıqları fikir mübadilələri ilə yurdun və xalqın gələcək yüksəlişlərini hazırlamağa can atmışlar.

XIX yüzildə o qəbil məclislər Azərbaycanın cənubunda da çoxdu, şimalında da, qərbində də, şərqində də az deyildi.

Və həmin məclislərin hamısı da bir-biri ilə rabitədə idi - vaxtaşırı olaraq o məclisdəkilər bu məclisə, bu yığnaqdakılar digər yığnağa təşrif aparırdılar. İncə söylənmiş bir şeirə cavabın əks-sədası günlər ötüncə xeyli aralıdakı məclislərdən gəlirdi. Yəni həm qaibanə təmaslar daimi idi, həm də bilavasitə ünsiyyətlər vardı. Lənkəranda "Fövc ül-füsəha" məclisi yaranmışdı və ora Mirzə İsmayıl Qasir (1805-1900) rəhbərlik edirdi. Həmin məclisə cənub bölgəsinin qələm adamları, ziyalıları, müəllimləri, üstün düşüncə sahibləri toplaşardı. Şamaxıda "Beyt üs-səfa" vardı ki, ora Seyid Əzim Şirvani (1835-1888) rəhbərlik edirdi. Qubada Abbasqulu ağa Bakıxanov Qüdsi (1794-1847) "Gülüstan" məclisini yaratmışdı. Bakıda Məhəmməd ağa Cürminin (XIX əsr) "Məcmə üş-şüəra" məclisi fəaliyyətdə idi. Naxçıvandakı "Əncümən üş-şüəra"nın önündə gedən Fəqir Ordubadi (1836-1886) idi. Qarabağda isə iki şeir məclisi sözlə, musiqi ilə qaynayırdı: Xurşudbanu Natəvanın (1832-1897) rəhbərlik etdiyi "Məclis-i üns", Mir Möhsün Nəvvabın (1833-1918) yaratdığı "Məclis-i fəramuşan".

1820-1830-cu illərdə Azərbaycanın şeir məclisləri içərisində ən seçkinlərdən olan "Divani-hikmət"i də Mirzə Şəfi Vazeh yaratdı. Mirzə Şəfi ki gah Gəncədə, gah Tiflisdə olurdu, məclisin orda da, burda da özəyi vardı. Mirzə Şəfi Vazehin "Divan-i hikmət"ində kimlər görüşürdülər? Şeyx İbrahim Naseh (1816-1869), Ağa İsmayıl Zəbih (1781-1868), Fazil xan Şeyda (1784-1852), həmin Abbasqulu ağa Bakıxanov Qüdsinin özü...

Ancaq bu məclisin bir özəlliyi də vardı ki, oçağkı bütün başqa Azərbaycan şeir-musiqi məclislərindən fərqli olaraq, həmin yığnağa yalnız özümüzünkülər toplaşmırdılar, Avropadan, Rusiyadan gələn qonaqlar da oralarda mütəmadi gözə dəyirdi.

Adının da anlatdığı kimi, bu ədəbi yığnaq məhz hikmət, düşüncə məclisi idi. Həmin məclislərin bir özəlliyi də səsləşmələrdi. Hər axşam cazibədar bir şeir yarışması baş verirdi. Hansısa bir beyt söylənirdi, bircə beytin ətrafında bir neçə saat söhbət gedirdi, misraların içinə girirdilər, məna qatlarını söz-söz açırdılar, təhlil edirdilər, o beytə cavablar qoşur, ardınca cavabları tutuşduraraq onlardan hansının ədəbi dövriyyədə daha üstün yer tutacağı haqqında mülahizə bölüşürdülər. Təbii ki, o zaman hələ nə səs, nə təsvir yazısı vardı. İstedadla çağlayan insanların həmin məclislərdə söylədikləri, hər dəqiqəsi qızıla bərabər söhbətlər uçub gedirdi. Amma nə yaxşı ki, həmin məclislərdən birində cərəyan etmiş şeirləşmənin izi bir əlyazmada qalmaqdadır. Əvvəlcə Abbasqulu ağa Bakıxanov başlayır, bir beyt deyib dayanır. Yəni növbə sizindir, buyurun. Həmin beytə Abbasqulu ağa sonralar yeni beytlər artıraraq bütöv qəzələ çevirəcək, o qoşqu dillərdə əzbər olacaq.

Qüdsinin səsinə Naseh səs vermişdi, bədahətən həmin beytə elə o ölçüdə, o vəzndə, o qafiyədə cavabını yazmışdı. Bu tərəfdən Vazeh dillənmişdi, o biri yandan Şeyda, digər tərəfdən bir ayrısı.

Həm də qaydaya görə, sinədən, anındaca yaranan misralar elə olmalıydı ki, bir-birini davam etdirsin, sonda hamısı birləşərək bütöv bir şeir əmələ gətirsin. Yəni o şairlərin hər biri öz beytini götürərək sonra öz ayrıca qəzəlini yazmağına yazacaq. Ancaq bu qəbil yarışmalarda bir başqa hünər də ondan ibarətdi ki, əvvəli başlanmış bir şeiri məntiqi şəkildə həmin o ilk beytdən gələn ahəngi, ruhu, ritmi tutaraq sonacan çatdıra biləsən. Həmin axşam da o minvalla bir müştərək qəzəl doğulmuşdu.

Abbasqulu ağa Bakıxanov deyən ilk beyt belə idi:

Gözlərin kim aşiqə məxmur şəklin göstərir,

Əhl-i fəqrə mərdüm-i məğrur şəklin göstərir.

Bu, Mirzə Mehdi Nacinin (1805-1882) cavabı idi:

Xətt-i rüxsarın edib tarac hüsnün mülkünü,

Bir xərabə şəhr içində mur şəklin göstərir.

O beyti eşidincə Şeyx İbrahim Naseh dilə gəlmişdi:

Göz sirişki mərdüminin nüqtəsin bərbad edib,

Aqibət bir gün olur kim gur şəklin göstərir.

Əlbəttə ki, o biri şairlər misralarını dilə gətirirdisə, məclisin rəhbəri Mirzə Şəfi Vazeh susa bilməzdi. O da yarışmaya qoşulmuşdu:

Səbzipuş olmuş rüxün rüxsari atəşgun ilə

Muse-yi İmrana guya tur şəklin göstərir.

Bircə beyt deyib. Ancaq o beyti anlamaq üçün çox mətləblərdən agah olmalısan. Bu ikicə sətirdə "Tövrat" da var, "Quran" da. Bu bir təlmihdir ki, Allah Kitablarında təsvirolunmuşlara işarə edir.

Tur-i Sina (Sina dağı) Misirdədir. Əsatirə görə, Musa peyğəmbər məhz o səhrada Allahla həmsöhbət olub.

Səhra, bomboş qum düzənliyi, intəhasız ərazi. Ancaq o boşluğun içərisində Pərvərdigarın hökmü ilə yaşıl budaqlı, yaşıl yarpaqlı ağac peyda olub.

Və Mirzə Şəfi Vazeh sevdiyini həmin qumlu, intəhasız səhra qoynunda qəfildən gözə görünən həmin yaşıl ağaca bənzədir.

...Mirzə Şəfinin mahiyyətcə müəllimliyi, mədəniyyət və düşüncə quruculuğu öz yerində, bununla yanaşı, o, həyatı boyu bilavasitə də müəllimlik etdi - sinif otağına girdi, qarşısında şagirdlər oturtdu, dərs verdi, bundan da daim xüsusi ləzzət aldı. O şagirdlərdən neçəsi sonradan məşhur olduqlarından, xatirələrini də qələmə aldıqlarından bu əhvalatlardan xəbərimiz var. Ancaq başqa, sonradan məşhurlaşmış elələri də az deyil ki, bir vaxtlar Vazehin qarşısında əyləşən tələbələrdən, şagirdlərdən olublar. O vaxt Mirzə Fətəlini sancaraq gözünü açdığı kimi, bunları da səksəndirib oyadıbmış. Ümid edək ki, haçansa belə təfərrüatlar da ortaya çıxacaq. Mirzə Fətəliyə gəlincə, Vazeh onu görüncə anlamışdı ki, belə istedad hücrələrə sığınıb qala bilməz. Ona görə də sözünü kəskin demişdi.

Əlbəttə, Mirzə Şəfi yaxşı anlayırdı ki, sitayişçilərin, ruhanilərin arasında da dürüstləri, aqilləri, mərifətliləri az deyil. Ancaq bunu da dərk edirdi ki, Mirzə Fətəlinin yolu bu yol deyil. O, daha başqa bir yolun yolçusu olmalıdır. Ona görə sözünü sərt deyirdi. Sözü elə demişdi ki, bu yeniyetməyə təsir etmişdi və Fətəli Gəncədəki mədrəsədən ayrılıb gəlmişdi Nuxaya, oradakı qəza məktəbinə daxil olmuşdu. Qəza məktəbinə daxil olması da onun dünyəvi biliklərə yiyələnməsinə, rus dilini mənimsəməsinə bir qapı açmışdı.

Sonra vaxt elə gətirdi ki, Mirzə Fətəli özü müəllimlik etməyə başladı. Tiflisdə qəza məktəbində dərs dedi, 1840-cı ildə başqa bir qulluğa getməsi ilə əlaqədar həmin məktəbdən, müəllimlikdən ayrılası idi. Mirzə Fətəli özü yolunun başlanğıcında görmüşdü ki, iş tapmaq nə qədər çətindir. Həm bunu nəzərə alaraq, həm də bu boşalan yerdə məhz layiqli bir müəllimin olmasını umaraq Mirzə Fətəli müəllimi Mirzə Şəfini aramışdı, istəmişdi ki, burada onun əvəzində ustadı dərs desin.

Mirzə Şəfi yetirməsinin bu iltifatını məmnunluqla qarşılamışdı və Gəncədən köçüb gəlmişdi Tiflisə.

Ta səkkiz il sərasər həmin Tiflis qəza məktəbində dərs dedi.

Və müəllimliyinin şöhrəti bir az da artdı. Tiflis, əlbəttə ki, o çağda Qafqazda əsas mərkəz idi - Qafqaz canişinliyi burada yerləşirdi.

Tiflisdə ad-san qazanmaq, irəliləmək imkanı da çox idi. Ancaq Mirzə Şəfi elə yaxşı müəllim idi ki, hətta Gəncədə olduğu vaxtlarda da ad-san qazana bilmişdi. Şöhrəti Gəncədən qıraqlara yayılmışdı. Səbəbsiz deyildi ki, Almaniyadan gəlib müəllim axtarana Tiflisdə ayrı bir müəllimi yox, birbaşa Mirzə Şəfini nişan vermişdilər.

1848-ci ildə Mirzə Şəfi Tiflisdən ayrılaraq yenidən Gəncəyə qayıtsa da, orada çox qalmır. İki il sonra onu yenidən geri çağırırlar. Gəlir Tiflisə və Tiflisdə gimnaziyada müəllimliyini davam etdirir, fars və Azərbaycan dillərindən dərs deyir.

Mirzə Şəfiyə ehtiyac ona görə böyükdü, onu bu səbəbdən daha çox axtarırdılar ki, o, Azərbaycan dili dərsi deyirdisə, hec vəchlə sadəcə "Azərbaycan dili" fənni müəllimi deyildi. Fars dili dərsi deyirdisə, sadəcə "fars dili" müəllimi deyildi.

Mirzə Şəfi Azərbaycan dili dərsi deyəndə də, farscanı öyrədəndə də, nəstəliq məşqləri keçəndə də şagirdlərinə, yetirmələrinə yalnız bu sahələrlə deyil, daha geniş əhatədə olan bilikləri ötürməyi bacarırdı. Onun müəllimliyi istedadlı varlığının ayrı bir parlaq tərəfi idi. Ancaq Mirzə Şəfinin müəllimlik illərinin millətimizin tarixində qalan daha vacib bir bəhrəsi də oldu. XIX yüzil idi. Artıq yeni tipli məktəblər Azərbaycanın müxtəlif yerlərində yaranmağa, inkişaf etməyə başlayırdı. Tədrisimiz inkişaf edirdi, ancaq dərsliklər yox idi. O boşluğu da doldurmaq gərək idi. Dərsliklərə, öyrədici vəsaitlərə ehtiyac o qədər çox idi ki, azərbaycanlı olmaya-olmaya, ancaq bütün varlığı və fəaliyyətləri ilə çoxdan azərbaycanlılaşmış Aleksey Çernyayevski (1840-1894) dərs dediyi məktəbdə tədris vəsaiti olsun deyə ilk önə düşənlərdən oldu, "Vətən dili" kitabını yazdı. O böyük şəxsiyyətlərimizin adı XIX yüzildə, XX yüzilin əvvəllərində millət tarixində, millət quruculuğunda həmişəlik qalır, onların hamısının yolu bu və ya digər dərəcədə mütləq məktəbdən, tədrisdən, dərslikdən keçib. Mirzə Şəfi Vazeh də dərs deməyinə deyirdi, ancaq bir dərsliyi də o yaratdı. "Kitab-i türkü" adlanan həmin qalın dərsliyi Mirzə Şəfi Vazeh öz yetirməsi və işlədiyi gimnaziyada müəllim yoldaşı olan İvan Qriqoryevlə birgə yazdı. Vərəqləyirsən, kitabın ilk 16 səhifəsində İvan Qriqoryevin əli rus mətnlərindən edilən müxtəlif tərcümələrdə hiss edilir. Lakin qalan 250 səhifənin hamısı bilavasitə Mirzə Şəfinin bəhrəsi kimi görünür. Ehtimalən, aralarında danışıq da belə olubmuş ki, İvan Qriqoryev bu kitabın nəşri məsələsini öhdəsinə götürəcək, əvəzində müəlliflərdən biri olacaq.

Və boynuna götürdüyü həmin işi də kişi kimi sədaqətlə başa çatdırır. Kitab Təbrizdə nəşr edilir. Təəssüf ki, Mirzə Şəfi Vazehə adının kitabların üstündə müəllif kimi yazıldığını görməyə, Azərbaycanda və Avropada irili-xırdalı kitabların səhifələrində şeirlərinin əks olunduğu günlərə şahid olmağa ömrü çatmadı. O cür kitabların hamısı böyük şairin ömür möhləti bitəndən sonra ortaya çıxdı. Amma kitablar qalır və xatirəni yaşadır.

Mirzə Şəfi Vazeh şeirləri sağlığında da oxunub, bu gün də oxunur, gələcəkdə də oxunacaq. Ancaq onun "Kitab-i türki"sini bu gün yalnız təhsil tariximizlə, tədris keçmişimizlə tədqiqat aparanlar vərəqləyər. Həmin kitabsa bir abidədir, köhnəlməz dərslikdir. Həm tarixdir, həm ibrətdir və həm də varlığıyla yalnız hər təzə dərs ilindən istifadəyə başlanmalı deyil, hər gün təzədən açmağa layiq dərslik, hər gün yenidən təkrarlanmalı dərsdir. Bu gün də milləti sevmə, millət yolunda çalışma öyüdlərini verən dərslik və DƏRS!

27 iyun 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see161

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see149

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see144

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see138

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see132

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see127

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see127

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see126

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see123

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see123

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see123

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see119

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see118

Hüseyn onlara səsləndi: Bir də borc istəməyin!

01 İyul 2025 06:09see117

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see117

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see116

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see113

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see112

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri