Heydər Əliyev və Qərbi Azərbaycan İrəvan tarixi mədəniyyət mərkəzi kimi
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Fatimat Məmmədova
Kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Dünya şöhrətli siyasi xadim, Ulu öndərimiz Heydər Əliyev müxtəlif çıxışlarında, bəyanatlarında dönə-dönə Qərbi Azərbaycan məsələsinə toxunmuş, hələ 1998-ci ildə Azərbaycan Respublikası Konstitutsiyası Komissiyasının iclasında İrəvanın, Dərələyəzin, Göyçənin və digər ərazilərin Azərbaycana mənsub olduğunu diqqətə çatdırmışdır. Elə həmin ilin dekabrında “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçıları ilə görüşdə o, belə demişdir: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır”.
Həmin görüşdə H.Əliyev fikrini bu gün aktual olan repatriasiya – vətənə qayıdış məsələsinə inamla belə tamamlamışdı: “Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar”.
Ümummilli lider H.Əliyev Zəngəzurun tarixini, mədəniyyətini gözəl bilirdi. O, bu bölgədə yaşamış azərbaycanlılara qarşı törədilmiş soyqırım, İrəvan şəhəri, ətraf bölgələrin etnodemoqrafik tərkibi, mədəniyyəti, folkloru, ziyalıları barədə zəngin biliklərə sahib idi. Qərbi Azərbaycan torpaqları ilə bağlı, həmin torpaqlardan azərbaycanlıların deportasiyası və bu prosesin ağrılı-dəhşətli nəticələri ilə əlaqədar “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı 18 dekabr 1997-ci ildə məhz Heydər Əliyev imzalamışdır. 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu qanlı hadisə bütün dünyaya bəyan edildi.
İrəvan xanlığı Azərbaycan xalqının minillər boyu yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz bir qoludur. İndiki Ermənistanın yerləşdiyi ərazi ən yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. İrəvan xanlığının yarandığı torpaqlar ən qədim türk torpaqları, əhalisi – aborigen sahibləri isə Azərbaycan türkləri olub. Tarixi sənədlərdən göründüyü kimi, bugünkü Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, iskitlər, saklar, hunlar, çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusən Göyçə mahalı ətrafında yaşamış, özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar. Türk xalqlarının qəhrəmanlıq eposu kimi dünyaca məşhur “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox tarixi hadisələr məhz İrəvan xanlığının ərazisində baş vermişdir. Türkoloji fikir tarixindən məlumdur ki, Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) hakimiyyəti dövründə onun tapşırığı ilə yazılmış “Oğuznamə”də - Əbu Bəkr Tehraninin “Kitabi-Diyarbəkiriyyə” əsərində oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz Göyçə gölü ətrafında yaşadığı və burada dəfn olduğu barədə məlumat var. Xanlar xanı Bayandur xaqan və bir çox oğuz-türk sərkərdələrinin də ata-baba yurdunun bu torpaqlar olduğu qeyd edilmişdir.
Milli mədəniyyətin inkişafını tarixi mənbələr sübut etməkdədir. Oğuz-türk qəbiristanları, burada Azərbaycan xalqına məxsus qoç heykəllər müxtəlif qəbirüstü abidələr məhz Azərbaycan xalqına məxsus maddi-mənəvi möhürlərdir.
Tarixi saxtalaşdırmaq olmaz: bunun bariz nümunələrinin acısını biz bu gün yaşayırıq. Hərdən öz-özümə deyirəm: kaş, rus çarı I Nikolay olmayaydı və onun 1828-ci il martın 21-də məhz Novruz bayramı günlərində verdiyi fərman işıq üzü görməyəydi. Onda bu mənfur fərmana görə Azərbaycanın İrəvan xanlığı ləğv edilərək, əvəzində rus imperatorluğu tərəfindən idarə olunan “Erməni mahalı” adlanan itaətkar ermənilərin məskunlaşdırılması nəticəsində yaradılmış Ermənistan olmazdı.
Tarixdə Qafqaz Albaniyası kimi tanınan, minillik tarixi olan bir dövlətin mədəniyyətinin və tarixinin, memarlıq abidələrinin inkar edilməsi erməni saxtakarlığıdır.
İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paşkeviç etiraf edirdi ki, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsi Azərbaycan türkləridir. Tanınmış rus tədqiqatçısı N.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan bir milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürmüşük”.
Böyük dövlətlər də Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan, müdafiə olunan ermənilərdən bir alət kimi istifadə etdilər və təəssüflə qeyd olunmalıdır ki, 29 may 1918-ci ildə yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti böyük dövlətlərin təzyiqi ilə İrəvanı ermənilərə güzəştə getməli oldu. Nəticədə, Şimali Azərbaycan ərazisində 29 may 1918-ci ildə ilk dəfə erməni dövləti yaradıldı.
Azərbaycan xalqının yaddaşına yazılmış, milli heysiyyətinə toxunan bu tarix, əlbəttə, heç zaman unudulmayacaq.
Bütün deportasiyalar, qırğınlar məhv edilmiş milli-mədəni abidələr, tarixi saxtakarlıqlar bu bölgənin adamlarını mənəvi cəhətdən qıra bilmədi.
İrəvan dedikdə, XIX əsr və XX əsrin əvvəllərində maarif və mədəniyyətin yayılmasında və inkişafında xüsusi rolu olan Fazil İrəvani, Məmmədəli Qəmərlinski, Həsənzadə Hüseyn İrəvani, Mirzə Cabbar Məmmədzadə və bir çox ziyalıların adları böyük hörmətlə yad olunur. Çox çətin şəraitdə bu maarifpərvər insanlar İrəvanda milli maarifçilik mühiti yaratmış, ictimai-pedaqoji fəaliyyət göstərmişlər. Dövrün qabaqcıl ziyalısı Axund Məhəmmədbağır Qənizadə yeni tipli məktəblərin yaradılmasında, pedaqoji kadrların yetişdirilməsində böyük rol oynayıb. İrəvan Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müdiri olmuş bu görkəmli axund İrəvanda ilk qız məktəbinin açılmasının təşkilatçısı kimi İrəvanda milli maarifçilik tarixində xüsusi hörmətlə yad edilir.
İrəvanda milli intibahın, mədəniyyətin tərəqqisi naminə çalışan Mirzə Əli Məhəmməd Xəlilovun, Məşədi İsmayıl Kazımzadənin xidmətləri diqqətəlayiqdir.
1901-ci ildə şəxsi vəsaiti hesabına böyük çətinliklərə baxmayaraq, qızlar üçün dünyəvi “Leyli” qız məktəbini açmış qabaqcıl ziyalı Məmmədqulu bəy Kəngərlinskinin maarifçilik sahəsindəki xidmətləri çox böyükdür.
Qızlar bu məktəbdə pulsuz təhsil almaqla yanaşı, rus, alman, fransız dillərini də öyrənirdilər. Məmmədqulu bəy bu məqsədlə müxtəlif ölkələrdən müəllimlər dəvət edirdi.
Əslən Şuşadan olan görkəmli ədəbiyyat xadimi Firudin bəy Köçərli də 1885-1890 və 1893-1894-cü illərdə İrəvan gimnaziyasında müəllimlik etmişdir. O, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşasını təşkil etmiş və bu, İrəvanda böyük mədəni hadisəyə çevrilmişdir.
Qərbi Azərbaycan coğrafi baxımdan təbiətin ən gözəl guşələrindən biridir. Bu məkan Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə, hərb sahəsinə yüzlərlə alim, incəsənət xadimi, qəhrəmanlar bəxş etmişdir. Onların adları, əlbəttə, bu yazımıza sığmaz. Bu böyük ziyalı ordusunun yetirmələri bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edirlər.
Tanınmış alimlərdən Əli Zeynalovun 2011-ci ildə çap olunmuş “İrəvan ziyalıları” kitabında Azərbaycanın bu bölgəsindən olan onlarla ziyalı haqqında geniş məlumat verilir. Əslən Zəngibasardan olan Ə.Zeynalov Ağdərədə, Zəngibasarda fransız dili müəllimi işləmişdir. O, “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda namizədlik dissertasiyası üzərində çalışarkən İrəvan Qədim Əlyazmalar İnstitutunda, İrəvan arxivlərində tədqiqatlar aparmış, ermənilərə məxsus olduğu iddia edilən 550 bayatının məhz azərbaycanlılara məxsus olduğunu sübut etmişdir.
Ölkəmizin bu bölgəsində dünyaya göz açmış yüzlərlə alimin adını çəkmək olar. Bu möhtəşəm diyarı vəsf edən aşıq və şairləri, yazıçı və rəssamları yada salmaq olar. Vətən uğrunda canlarından keçən qəhrəmanların qarşısında, qazilərimizin qarşısında baş əymək borcumuzdur.
Bu gün zəfərin təsdiqini, qürurunu və fərəhini yaşayırıq. Əminəm ki, hamımızın içində bunun daimi, əbədi olacağına sonsuz inam duyğusu yaşayır.
Ulu öndər H.Əliyevin yolu ilə davam etmək niyyətimiz, şəhidlərimizin ruhuna sonsuz minnətdarlıq hissimiz, İlham Əliyevlə bir amal uğrunda yaratmaq, yüksəlmək əzmimiz bizi İrəvana, Zəngəzura, Dərələyəzə, Göyçəyə aparacaq.
Müsahibələrinin birində Heydər Əliyev öz tarixi missiyası barədə demişdir: “Anam məni bir gözəl yaz günü, bütövlükdə, Azərbaycan üçün dünyaya gətirib. Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun tərəqqisinə həsr etmişəm”.
Ulu öndər, biz Sizə borcluyuq!..

