Icma.az
close
up
RU
Heydər Əliyevin elm və təhsil strategiyası

Heydər Əliyevin elm və təhsil strategiyası

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Milli intellektual potensialın gücləndirilməsi

Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı proqram xarakterli, dərin məzmunlu çıxışında ölkəmizdə ötən dövrdə formalaşmış elmi mühitə və yaradılmış intellektual potensiala yüksək qiymət verdi. Dövlət başçısı gələcək dayanıqlı milli inkişafa yönəlmiş fəaliyyətin müasir çağırışlarla uzlaşdırılması baxımından alimlərimizin qarşısında duran mühüm vəzifələrə də aydınlıq və konkretlik gətirdi.

Ölkə rəhbəri elmin cəmiyyətin strateji inkişafında oynadığı rolu, milli-mənəvi dəyərlərin qorunması və intellektual potensialın gücləndirilməsi zəruriliyini vurğulamaqla yeni bir elmi proqram müəyyənləşdirdi. Prezident İlham Əliyevin elmi ictimaiyyətə ünvanladığı mülahizələr Azərbaycan elminə daim böyük diqqət və qayğı ilə yanaşmış ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və ideoloji xəttin yeni mərhələdə davamı kimi səsləndi.

Dövlət başçısı siyasi rəhbərlikdəki bu varisliyi belə ifadə etdi: “Sirr deyil ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi”. Məhz bu yanaşma elmə dövlət səviyyəsində göstərilən qayğının konseptual əsaslarını formalaşdırmış, elmi düşüncənin inkişafı üçün əlverişli institusional mühitin yaranmasına imkan yaratmışdır.

Prezident İlham Əliyevin çıxışında toxunulan mühüm məsələlərdən biri də milli dilin elmi və ictimai həyatda rolu ilə bağlı oldu. Dövlət başçısı bu mövzuda əvvəlki çıxışlarına istinad edərək qeyd etdi: “10 il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”.

Bu fikirlər ümummilli lider Heydər Əliyevin dilə, elmə və milli kimliyə dair strateji baxışları ilə səsləşir. Heydər Əliyev elmi inkişafı yalnız texnoloji və intellektual tərəqqi kimi deyil, eyni zamanda, milli dövlətçiliyin, mədəni özünüdərkin və mənəvi bütövlüyün əsas dayaqlarından biri kimi qiymətləndirirdi. Məhz bu ardıcıllıq Azərbaycan elminin bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi inkişaf etməsini təmin edən fundamental ideya xəttini təşkil edir.

Dövlət başçısı İlham Əliyevin sözügedən çıxışında səsləndirdiyi konseptual müddəalardan irəli gələn bu məqalənin yazılması mövzunun elmi və ictimai baxımdan aktuallığı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin çoxşaxəli və titanik fəaliyyətində elm siyasəti istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə milli dövlət quruculuğu strategiyasının əsas və prioritet istiqamətlərindən birini təşkil etmişdir.

Bu yanaşma təsadüfi deyildi. Ulu öndər Heydər Əliyev dahi siyasi xadim kimi elmin cəmiyyətin sosial-iqtisadi, mədəni və mənəvi inkişafında oynadığı həlledici rolunu dərindən dərk edir, onu xalqın gələcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirirdi. Bununla yanaşı, onun elmə olan xüsusi münasibətinin formalaşmasında “ailə məktəbi”nin də mühüm rolu olmuşdur.

Ümummilli liderin qardaşları – akademiklər Həsən Əliyev və Cəlal Əliyev, AMEA müxbir üzvü Aqil Əliyev və bacısı akademik Rəfiqə Əliyeva Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlər kimi tanınmışlar. Onların elmi dünyagörüşü, tədqiqat mədəniyyəti və elmə sədaqəti, şübhəsiz, Heydər Əliyevin intellektual formalaşmasına və elmə strateji yanaşmasının dərinləşməsinə güclü təsir göstərmişdir. Ailə ənənəsindən bəhs edərkən Ümummilli liderin həyat yoldaşı, akademik Zərifə Əliyevanın da xüsusi yerini qeyd etmək zəruridir. Zərifə xanım XX əsr Azərbaycan elm tarixinin ən görkəmli, yaradıcı və fədakar simalarından biri kimi milli elmi fikrin inkişafına əvəzsiz töhfələr vermişdir. Onun elmi irsi bu gün də aktualdır və böyük hörmətlə xatırlanır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına dair strategiyasının əsasında məsələyə kompleks və fəlsəfi yanaşma dayanırdı. O, dərindən anlayırdı ki, sovet dövründə ayrı-ayrı elm sahələrinin inkişafına nail olmaqla kifayətlənmək mümkün deyil. Qarşıda duran əsas vəzifə Azərbaycanın milli elm sisteminin formalaşdırılması, bu sistemin dünya elmi ilə inteqrasiyasının təmin edilməsi idi. Əslində, Heydər Əliyevin elm sahəsində həyata keçirdiyi bütün məqsədyönlü tədbirlərin məğzində məhz bu strateji hədəf dayanırdı.

Bu baxımdan milli kadr potensialının formalaşdırılması Heydər Əliyevin elm siyasətində bir nömrəli vəzifə kimi müəyyən edilmişdi. Sovet hakimiyyəti illərində onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmləndirilmiş, elmi-tədqiqat institutlarının fəaliyyəti genişləndirilmiş, alim və tədqiqatçıların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Heydər Əliyevin düşünülmüş kadr siyasəti elmi mühitdə sağlam rəqabət mühitinin yaranmasına, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına və elmi potensialın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır.

Ümummilli lider milli kadr hazırlığının təməlinin orta məktəbdən qoyulduğunu, ali təhsil mərhələsində isə daha da inkişaf etdiyini öz fəaliyyəti ilə ardıcıl şəkildə nümayiş etdirmişdir. Onun orta məktəblərdə və ali təhsil müəssisələrində müəllim və tələbələrlə keçirdiyi çoxsaylı görüşlər, ali məktəblərə yeni qəbul olunmuş gənclərlə apardığı səmimi söhbətlər və dərin məzmunlu çıxışlar bu gün də təhsil və elm sahəsində aparılan islahatlar üçün mühüm ideya mənbəyi və yol xəritəsi kimi dəyərləndirilir.

Bu məqalədə AMEA-nın ölkədə elm və təhsilin inkişafına verdiyi töhfələri, eləcə də akademiya əməkdaşlarına göstərilən diqqət və qayğını əks etdirən bir sıra materialların yer almasını məqsədəuyğun hesab etdik. Burada ulu öndər Heydər Əliyevin akademiyanın ayrı-ayrı üzvlərinə ünvanladığı təbriklər, görkəmli alimlərin vida mərasimlərində söylədiyi çıxışlardan seçilmiş fikirlər, elm və təhsilin vəhdətini əks etdirən konseptual tezislər təqdim olunur. Eyni zamanda, Azərbaycan xalqının elm tarixinin qədim qaynaqlara söykənən kökləri, milli elmi düşüncənin formalaşması və inkişafı barədə Heydər Əliyevin dərin fəlsəfi mülahizələri də bu materiallarda əksini tapıb.

Bu baxımdan təqdim olunan mətn yalnız tarixi faktların toplusu deyil, həm də Ümummilli liderin elmə, təhsilə və milli intellektual potensiala verdiyi yüksək dəyərin parlaq ifadəsidir.

25 yanvar 1999-cu il: Ankara, Gülhanə Tibb Akademiyası

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 25 yanvar 1999-cu il tarixində Ankarada, Gülhanə Tibb Akademiyasında Azərbaycanın nümayəndələri ilə görüşündə Elçin Əfəndiyev, Arif Rəhimzadə, Bəxtiyar Vahabzadə, Əli Nağıyev və Zeynəb Xanlarova iştirak etmişlər. Akademik Bəxtiyar Vahabzadə söhbət zamanı demişdir: “Bizdə, Azərbaycanda da təbabət aşağı səviyyədə olmayıb, bu barədə söhbət eləmişik. İstər təbabət, istərsə də başqa elm sahələri üzrə ən gözəl professorlarımız Moskva məktəbini keçiblər və onların biliyi də aşağı olmayıbdır. Ancaq axır vaxtlar müasir avadanlıq, aparatlar bizdə yoxdur. Mən deyərdim ki, bizim həkimlərimizdə fəhm heç də bunlardan əskik deyildir”.

Deyilən fikri müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyev belə əsaslandırmışdır: “Bu fikrə tamamilə şərikəm. Keçmiş zamanlarda bizim həkimlərimiz aparatsız-filansız müalicə edirdilər, buradakılar bu xüsusiyyətlərə malikdirlər. Amma, həqiqətən, bizim müxtəlif sahələrdə olan həkimlərimiz, alimlərimiz çox savadlı, bilikli, təcrübəlidirlər”.

26 noyabr 1994-cü il: BDU-nun 75 illik yubiley mərasimi

Həmin təntənəli mərasimdə Prezident Heydər Əliyev bildirmişdi: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür.

Təsadüfi deyil ki, 1945-ci ildə Azərbaycanda ilk Dövlət Milli Akademiyasının yaranması da Bakı Dövlət Universitetinin və onun əsasında, onun şaxələri olaraq yaranmış başqa ali məktəblərin yetişdirdiyi alimlərin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ona görə də biz Bakı Dövlət Universiteti haqqında danışanda Azərbaycanın həm elmini, həm təhsilini, həm mədəniyyətini, həm də bütün xalqımızın savadlanmasını düşünürük”.

Bu qiymətli fikirlər Azərbaycan elminin formalaşmasında və inkişafında Bakı Dövlət Universitetinin tarixi və strateji rolunu dolğun və əsaslandırılmış şəkildə əks etdirir. Burada Bakı Dövlət Universitetinin təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda, milli elmi fikrin beşiyi, elmi məktəblərin və institutların əsas mənbəyi olduğu aydın şəkildə vurğulanır. Xüsusilə qeyd edilməlidir ki, mətn universitetin ölkədə elmi infrastrukturların yaradılmasında oynadığı aparıcı rolu tarixi faktlarla əsaslandıraraq oxucuda dərin təəssürat yaradır.

1945-ci ildə Dövlət Milli Akademiyasının yaranmasının Bakı Dövlət Universitetinin yetirdiyi alimlərin fəaliyyəti ilə əlaqələndirilməsi universitetin elmi potensialının miqyasını və təsir gücünü açıq şəkildə nümayiş etdirir. Bu yanaşma Bakı Dövlət Universitetinin Azərbaycan elminin institusionallaşmasında həlledici rol oynadığını bir daha təsdiqləyir. Mətnin əsas üstünlüklərindən biri də onun Bakı Dövlət Universitetini elmin, təhsilin və mədəniyyətin vəhdətdə formalaşdığı ümummilli dəyər kimi təqdim etməsidir.

Ümumilikdə, bu fikir və mülahizələr Bakı Dövlət Universitetinin Azərbaycan cəmiyyətinin intellektual inkişafında əvəzsiz xidmətlərini yüksək qiymətləndirir və onun milli tərəqqidəki rolunu obyektiv, qürurverici və ilhamverici şəkildə ifadə edir. Mətn həm tarixi yaddaşın qorunmasına, həm də gələcək nəsillərdə elmə və təhsilə hörmət hissinin gücləndirilməsinə xidmət edən dəyərli bir mənbə kimi səciyyələndirilə bilər.

1 sentyabr 2000-ci il: Bakı, 82 saylı məktəbdə Bilik Günü

Bu görüşdə isə Prezident Heydər Əliyev demişdi: “Azərbaycanda xalqımızın geniş mənada təhsilli, bilikli olması və çox geniş məktəb şəbəkələrinin, universitetlərin yaranması böyük, çətin və ağır yollar keçmişdir. Vaxt var idi ki, biz 1919-cu ildə Azərbaycanda ilk dəfə universitet yaradarkən orada dərs demək üçün milli müəllim, professor kadrlarına möhtac idik. Belə kadrlar yox idi, çox az idi, çatışmırdı. Ona görə də başqa ölkələrdən gəlib Azərbaycanda universitetin qurulmasında və təhsilin ilk illərində təhsil sisteminin yaranmasında bizə kömək etdilər.

Bizim ilk dünyəvi məktəblərimiz də elə bu əsrin əvvəlindən yaranmışdır. Ancaq onlar da çox məhdud bir miqdarda gənclərin, uşaqların oxuması imkanına malik idi. Geniş kütlələr isə təhsildən, demək, biliklənmək, elmi mənimsəmək, dünyada gedən tərəqqiyə qoşulmaq imkanlarından məhrum idi.

Tarixi nöqteyi-nəzərdən qısa bir zamanda Azərbaycan xalqı böyük bir yol keçdi. Demək olar ki, 20 il ərzində Azərbaycanda hər yerdə məktəblər, ali təhsil müəssisələri yarandı. Ondan sonra elmi müəssisələr, elmi tədqiqat institutları yarandı. Nəhayət, 1945-ci ildə Azərbaycan elminin ən yüksək zirvəsini təşkil edən Azərbaycan Elmlər Akademiyası yarandı.

Azərbaycan dili! Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir. Sizə deyə bilərəm ki, başqa ölkələrdə müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.

9 mart 1994-cü il: Pekin, İctimai Elmlər Akademiyasında görüş

O zaman Çin alimləri qarşısında çıxışında Azərbaycan lideri xalqımızın dünya sivilizasiyasına layiqli töhfəsindən söz açmışdı: “Azərbaycan kifayət qədər iqtisadi potensiala, zəngin yeraltı və yerüstü sərvətlərə, güclü intellektual, elmi-texniki potensiala malikdir. Respublikamızın çox əlverişli coğrafi-siyasi mövqeyi var, bildiyiniz kimi, Azərbaycan Avropa və Asiyanın qovuşuğunda yerləşir, Rusiya, İran, Türkiyə və hazırda müstəqil dövlət olan Gürcüstanla və müharibə vəziyyətində olduğumuz – bu barədə sonra danışacağam – Ermənistanla həmsərhəddir. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün şərait yaradır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan çox zəngin tarixi olan qədim ölkədir, Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli töhfə vermişdir. Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti qədim dövrlərdən başlayaraq Şərqdə, həm də təkcə Şərqdə deyil, habelə Qərbdə, Avropada da məlumdur. Bütün bunlar bizim bu günümüz və gələcəyimiz üçün etibarlı bünövrə yaradır”.

Bu nitqlər Azərbaycan xalqının təhsil, elm, dil və milli-mənəvi dəyərlər əsasında formalaşan inkişaf yolunun dərin fəlsəfi təhlilini əks etdirir və ümummilli lider Heydər Əliyevin strateji dövlətçilik baxışlarının parlaq ifadəsidir. Bakı şəhərində yeni dərs ilinin başlanması münasibətilə söylənilən nitqdə Heydər Əliyev Azərbaycanın təhsil tarixini real faktlar və tarixi müqayisələr əsasında təqdim edərək, xalqın savadlanma yolunda keçdiyi çətin, lakin şərəfli mərhələni yüksək qiymətləndirir. O, milli müəllim və alim kadrlarının formalaşmasının necə böyük zəhmət bahasına başa gəldiyini xatırladaraq, bu gün əldə olunan nailiyyətlərin dəyərini bir daha cəmiyyətin diqqətinə çatdırır.

Ulu öndərin çıxışında Azərbaycan təhsil sisteminin qısa tarixi dövrdə geniş məktəb və ali təhsil şəbəkəsinə çevrilməsi xalqın maariflənməsində və elmi potensialın formalaşmasında mühüm dönüş nöqtəsi kimi təqdim olunur. Xüsusilə Azərbaycan Elmlər Akademiyasının yaradılması milli elmin ən yüksək mərhələsi kimi dəyərləndirilir və bu fakt Heydər Əliyevin elmə, elmi institusiyaların möhkəmləndirilməsinə verdiyi strateji əhəmiyyəti açıq şəkildə nümayiş etdirir.

Prezident Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fikirləri isə milli kimliyin və dövlət müstəqilliyinin ideoloji əsaslarını əks etdirən son dərəcə dəyərli mülahizələrdir. Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili səviyyəsinə yüksəldilməsi Heydər Əliyevin milli dövlətçilik konsepsiyasının əsas sütunlarından biri kimi təqdim olunur. O, ana dilinin estetik gözəlliyini, zənginliyini və beynəlxalq miqyasda rəğbətlə qarşılanmasını vurğulamaqla, gənc nəsildə dilə sevgi, hörmət və məsuliyyət hissinin formalaşdırılmasına xüsusi önəm verir.

Pekin İctimai Elmlər Akademiyasında səsləndirilən fikirlər isə Heydər Əliyevin Azərbaycanın beynəlxalq imicinə və geosiyasi mövqeyinə dair uzaqgörən baxışlarını əks etdirir. Burada Azərbaycan yalnız təbii sərvətləri ilə deyil, eyni zamanda, güclü intellektual və elmi-texniki potensiala malik müasir dövlət kimi təqdim olunur. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, zəngin tarixi, mədəniyyəti və dünya sivilizasiyasına verdiyi töhfələr ölkənin bugünkü və gələcək inkişafı üçün möhkəm təməl kimi dəyərləndirilir.

Ümumilikdə, bu nitqlər Heydər Əliyevin təhsili, elmi, dili və mədəniyyəti milli dövlət quruculuğunun əsas dayaqları kimi qəbul etdiyini aydın şəkildə göstərir. Onun fikirləri həm tarixi yaddaşın qorunmasına, həm milli qürur hissinin gücləndirilməsinə, həm də müasir və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edən dərin məzmunlu ideya qaynağı kimi böyük əhəmiyyət daşıyır.

(ardı var)

Arif HƏŞİMOV,
akademik

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri