İçimizdə xortdan saxlayırmışıq!..” Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün tanınmış ingilis yazıçı Emili Brontenin anım günüdür.
Kuls.az bu münasibətlə Samirə Əsədovanın "Emili Brontenin “Uğultulu təpələr” əsərində şəxsiyyət problemi" yazısını ixtisarla təqdim edir.
Emili Brontenin “Uğultulu təpələr” əsəri dünya ədəbiyyatının ən sirli romanı hesab olunur.
Romanın təkrarsızlığı və unikallığı ondan ibarətdir ki, bu əsasən lirik poemadır və əsərin realist ideyası romantik simvolika ilə həyata keçirilir.
Emili Brontenin “Uğultulu təpələr” əsərinin incə və dərin psixologizmini qeyd edən müasirləri kitab haqqında danışarkən “şeytani”, “iblisanə” kimi epitetlərlər işlədir, onu “müasir dövrün apokalipsisi” adlandırırdılar. Romanın süjet xətti əsasən ailədən gələn rəvayətlərlə, daha çox isə yazıçının öz müşahidələrilə bağlıdır. O daha çox sahibkarların və fermerlərin həyatını müşahidə etmişdir. Onu maraqlandıran əsasən onların həyatlarındakı faciəli hadisələr idi. İngiltərə əyalətinin mövhumat və gizli cinayətlərlə dolu tutqun həyatı Emili Brontenin romanında daha geniş əks olunmuşdur. Romandakı hadisələr XIX əsrin əvvəllərində cərəyan edir və Emili Bronte heç bir tarixi fon yaratmır və hər hansı tarixi dönəmi də təsvir etmir. Lakin romandakı yazıçıya müasir olan Viktorian epoxasını duymaq mümkündür. Emili Bronte özündən sonra bir sıra şeir də qoyub getmişdir. Onun poeziyası faciəvi və ehtiraslıüsyankar xarakter daşıyır.
O, şeirlərində insanı mütəəsir edən gözəl təbiət mənzərələri verir. Təbiətdə Emili Bronte insan hisslərinə uyğun paralellər axtarır. Onun şeirlərinin bir çoxu qəmgin xarakter daşıyır və yalnızlıq, xoşbəxt olmaqla bağlı həyata keçməyən arzuları ifadə edir. Onun bir qisim şeirləri dini xarakter daşıyır, Allaha müraciət və azadlığa can atma bu şeirlərin əsas məzmununu ehtiva edir. Emili Bronte “azad könülü və zəncirsiz qəlbi” həyat və ölüm adlı mərhələlərdən keçirir. Emili Brontenin bütün yaradıcılığı qəribə bir ardıcıllıqla romantik və realist ənənə ilə birləşir. Onun əsərindəki bu iki metodun kəsişməsi həqiqətən də çox kəskindir. Xarakterlərin və ehtirasların cəsur təsviri, insani münasibətlərin mürəkkəbliyi “Uğultulu təpələr” romanında sözsüz ki, XIX əsr viktorian romanının didaktik ənənələrindən kəskin şəkildə fərqlənir.
İngilis ədəbi tənqidçisi T. A. Cekson “Köhnə sadiq dostlar” adlı kitabında əsasən Emili Brontenin humanizmini qeyd edir və söyləyir ki, “o xeyirlə şərin və müstəbidlə məzlumun mübarizəsini realistcəsinə göstərə bilmişdir”.
1847-ci ildə Emili Bronte “Uğultulu təpələr” (Wuthering Heights) əsəri ilə İngilis ədəbiyyatını təlatümə saldı. Onun yaratdığı qəhrəmanlar yeni tiplər idi: müstəbid zalım oyuncaq ustası, insan simasında İblis və itirdiyi sevgisini axtaran səbatsız ərli qadın. Əsər qotik üslubda yazılmışdı. Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə “dəhşətlər”, ya hətta “dəhşətciklər”, hərdən “miskita” ya da ingiliscədən alınmış “horror”) – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdlr. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həgigi mənasında barəsində geyri-təbii nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və sair) məhdudlaşdırılmış yiğımı vardır. Bunları ilkin janrın mənbələri adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış “məhvedici qəbiristanlıq” “qotik” cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII əsr fransız “faciəli əfsanələri”, o cümlədən yepiskop Jan-Pier Kamünün romanları, ingilis qotik romanı, o gədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Redklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin “Frankenşteyin”i, həm də M.G. Lyüisin “Rahib”i və Çarlz Metyürinin “Sərsəri Melmot”u, alman romantiklərinin nağılları - E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso, amerikan romantizminin görkəmli siması Edqar Allan Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha sonra adı gec-gec xatırlanan mənbə – “vizionerlərin vahimələri” (Tomas de Kvinsinin “İngilis opiomanının etirafı”, Şarl Bodlerin “Süni cənnət”i) janrın formalaşmasına XIX əsrin ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi.
Emili Bronte, kitabında hadisələrin sırasını izləyərək ardıcıllıqla anlatdığı üçün, romanda biri ana biri qız iki Ketrin, biri Hitklifin oğlu, biri də bu uşağın dayısı iki Linton vardır. Kitaba adını verən evin sahibi Ernşou, Liverpuldan altı yaşlarında qaraçı kimi qarabuğdayı bir oğlan uşağıyla geri dönür. Hitklif adını verdiyi, soyadı olmayan bu uşağı oğlu Hindli və qızı Ketrin ilə birlikdə, öz uşağıymış kimi böyütmək istəyir. Ketrin və Hitklif bir-birlərini həmən sevərkən, ataları öldükdən sonra Ketrinin əyyaş qardaşı Hindli, Hitklifə əziyyət edir, arada-sırada da bir nökər kimi davranır.
Uşaqlar böyüyüncə Hitklif, təsadüfən Ketrinin onun kimi biri ilə evlənməsinin ona yaraşmayacğını duyur. Buna görə evdən qaçıb üç il ortadan yox olur və ardından varlı bir adam olaraq geri dönür. Bu əsnada Ketrin, Traşkross Greync – yəni Sərcə burnu deyilən qonşu malikanənin sahibi gənc Edqar Linton ilə evlənmişdir. Ketrin və Hitklif qarşılaşınca aralarındakı tutqu yenidən başlayır. Ketrin öz adını daşıyan qızını dünyaya gətirdikdən həmən sonra ölür. Hitklif də Edgar Lintona acı çəktirmək üçün onun bacısı Izabella ilə evlənir. Izabelin də qardaşının adını verdiyi bir oğlu olur. Aradan 20 il keçir və Hitklif həm Ernşou ailəsindən, həm də Linton ailəsindən qisas almağa davam edir. Öz oğlunu Ketrin və Edqarın qızı ilə zorla evləndirir və Ernşou ilə Linton ailələrinin malına-mülkünə əl qoyur. Mallarına əl qoyduğu Hindli Ernşou da, oğlu Heretona da bir köpək kimi davranaraq, bu ikinci nəsildən də intiqam almağa çalışır. Evə həps etdiyi oğlu və gəlininə olmazın əziyyətlər edən Hitklif, oğlunun ölümünün ardından özü də ölür. Gənc yaşda dul qalan Keti yəni Ketrinin qızı, Hereton ilə evlənir.
Belə ki, romanda bitki örtüyündən mərhum olmuş bu küləkli təpədə cərəyan edən hadisələr zəncirində xristianlığın heç bir izinə rastlanmazkən, ölümlərdə təbiətlə bir bütünləşmə əsas mövzudur. Tanrıya inancı dilə gətirən bir duyğunun izinə rastlanmazkən, Emili Brontenin yaşarkən olduğu kimi ölüncə də Tanrı ilə deyil, təbiətlə birləşmə istəyini ortaya qoyur.
Diqqətimizi çəkən digər bir məqam da, romanın fərqli bir üslubla yazılmış olmasıdır. Romanın süjet xətti, Lokvud adında bir adamın illər sonra hadisə qəhrəmanlarının malikanəsinə gəlməsi və qarşılaşdığı qəribəliklər üzərinə evin xidmətçisindən yaşanmış xatirələri dinləməsiylə təsvir olunur. Əvvəldə də bəhs etdiyimiz kimi, uşaqlıqdan bəri bir kənd evində təcrid edilmiş olaraq yaşayan və insan münasibətləri məhdud olan yazıçı, bu romanında xəyal gücündən yararlanıb, yenə öz yaşadığı çevrə kimi cəmiyyətdən uzaq bir məkan və cəmiyyətlə münasibətləri zəif olan xarakterlər seçmişdir. Cəmiyyətdən uzaq yaşadığı üçün, Ketrin və Hitklif arasındaki eşq də normal iki insanınkı kimidir, çünkü yazıçı Bronte insan həyatı mövzusunda və xarakterlərin detayları haqqında məlumatsızdır. Yazıçı həm fiziki olaraq həm də ruhi olaraq rahatsızlıqlar keçirmiş və yalnız boya-başa çatmanın vermiş olduğu təcrid duyğusunu, fərqində olmadan romanında mükəmməl bir şəkildə əks etdirmişdir. Hitklif ilə Ketrin, Victoriya çağı romanlarında gördüyümüz aşiqlərə qətiyyən bənzəmirlər. Qeyd etdiyimiz kimi, bunun səbəbi Emili Brontenin Viktoriya çağı roman ustalarıyla heç bir əlaqəsinin olmamasıdır.
Digər bir tərəfdən hər şeydən çox ölçülü davranmağa, adətlərə uymağa, ən böyük anlamda ağlı başında hərəkət etməyin vacib olduğu bir çağda Emili, çılğın lakin qərib bir eşq macərasını anladır. Cəmiyyətlə əlaqələri olmayan, bu roman sadəcə xəyal gücünün yaratdığı bir möcüzədir. Digər bir tərəfdən isə, xarakter təhlillərinə o qədər də önəm verməyən yazıçı, cəmiyyətdən ayrı bir həyat sürməsinə rəğmən, hadisəni anladan evin xidmətçisi Nelli və tipik bir Viktoriya Çağı gənci olan Lokvudun gözündən hadisələrə obyektiv bir şəkildə yanaşmağı bacarmışdır.
Bu romanda, hər nə qədər Victoriya çağında yazılmış olsa da, o dövrün əxlaqi normalarına və buna istinadən yazılmış bu tərz romanların tərsinə fərqli bir hadisə təhkiyəsilə qələmə alınmış bir eşq hekayətilə qarşı - qarşıya qalırıq. Emili Brontenin uşaqlığından gələn yalnızlıq duyğusu və fantastik dünyası, bu romanda onun xəyal gücüylə birləşib çarpıcı bir hal almışdır ki, həm o dövrün tədqiqatçılarının diqqətini çəkmiş həm də fərqli təqdimatıyla oxucu auditoriyası qazanmışdır.
Belə bir ortamda yetişməsindən dolayı, özündən gözləmədiyi bir düha göstərərək ingilis romanına fərqli bir nəfəs qatmışdır. Viktoriya dönəmində fərqli bir baxış bucağı görmək istəyənlər və xəstəlikli bir xəyal gücünün nələr ortaya çıxara bildiyini görmək istəyənlər üçün ideal bir romandır. “Düşüncələr, bizə əzab vermək üçün yenidən geri qayıdan zalım hökmdarlardır …”- deyir Emili Bronte.
Yeganə romanı olan bu əsərdə Emili Brontenin qismən öz həyatı, yaşadığı mühit haqqında da müəyyən məqamlara toxunduğu iddia edilir. XVIII əsrin sonlarında baş verən bu hadisələr həmin dövrdə əyalətlərdə hökm sürən həyat tərzini özündə əks etdirir. Emili Brontenin yaradıcılığında (1847-ci ildə nəşr olunan yeganə əsəri “Uğultulu təpələr”) var olan və əsas rol oynayan romantik ənənə realizmlə çulğalaşaraq insanın mənəvi aləminə və əsasən müasir kolliziyalara nüfuz edir.
Onun sənətkarlığı psixoloji xarakteristikaların və romantik simvolikanın dərinliyində özünü göstərir. Yaradıcılıq onun mövcudluğunun əsas qayəsi olduğundan onun haqqında danışmaq elə onun yaradıcılığı haqqında danışmaq deməkdir. Romantizm ruhu “Uğultulu təpələr” romanında böyük emosional gərginliklə verilmişdir.
“Uğultulu təpələr” – sosial bərabərsizlik və haqsızlıqlar şəraitində baş verən eşq hekayətidir. Əsərin konflikti arzu və gerçəkliyin toqquşması ilə müəyyənləşir. U. Peyter yazırdı: “Belə ehtirasla dolu olan bu fiqurlar, süpürgə kolu ilə dolu çöllükdə tipik romantizm nümunəsi ruhundadır”.
Qeyd etdiyimiz kimi, “Uğultulu təpələr” romanı 1847-ci ildə Ellis Bell təxəllüsü ilə T. K. Nyubi tərəfindən nəşr olunmuşdur. Elizabet Qaskellin dediyinə görə, roman “əxlaqsız və qeyri-adi personajların təsvir gücüylə” bir çox oxucunu və tənqidçini özündən uzaqlaşdırmışdı.
Emili Bronte əsil şöhrəti yalnız XX əsrin ortalarında qazandı. Bu da o demək idi ki, o, düşüncə və fantaziyalarının gücü ilə öz dövrünü düz bir əsr qabaqlamışdı.
“Uğultulu təpələr” romanında şərait özü faciəvi olmasa da, yazıçı əsas diqqətini xarakterlərdən çox şəraitin faciəsinə yönəldir. Bu da onu göstərir ki, Emili Bronte xarakterlə şərait arasındakı faciəni həqiqi və bütöv faciə kimi təqdim edə bilmişdir. Yazıçının qotik ünsürlərə müraciəti onun xarakterlərinin tamlığını göstərir və faciə mövzusu tam işıqlandırılır. “Uğultulu təpələr” romanında şəraitə olan marağın üstünlüyü xarakterlərin dərindən açılmasına mane olmur, əksinə hadisələrin zamanın faciəsi olduğu fikrinə səbəb olmuşdur. Yazıçı öz yeganə romanını yaradarkən, onu eyni zamanda elə sirli şəkildə bürümüşdür ki, hətta ən laqeyid oxucu belə tərəddüd etməz. “Uğultulu təpələr” sadəcə öz poetikası ilə məcburən diqqəti çəkir. Belə ki, müəllif özü kənarlaşdırılmış və bitərəf qalmış, onun subyektiv “məni” susaraq bütün hekayəti oxucunun mühakiməsinə vermişdir. Emili Bronte əsərinin təhkiyəçisi olaraq anbardar Nelli Din və mister Lokvudu seçir və özü gizli qalır və sona qədər də müəllifin bu personajları yaratmasının səbəbləri bəlli olmur. Bu nədir: nifrətmi, məhəbbətmi? Məşhur ingilis yazıçısı Somerset Moem qeyd edirdi ki, “əvvəlcə təhkiyəni Lokvuda etibar edən müəllif sonradan onu missiz Dinin (Bu personaj Emili Brontenin özüdür.) hekayətini dinləməyə məcbur edir. Beləliklə, müəllif ikiqat maska altında gizlənir”.
Müəllif Hitklifin faciəsinin sosial səbəbini onun tərbiyə aldığı həmin burjua cəmiyyətində görürdü. Eyni maraq dairəsi, lakin fərqli həyata baxış Ketrin və Hitklifin məhəbbətini uğursuz etmişdi. Ona görə də Ketrin tezliklə anlayır ki, Edqar Lintonun arvadı olmaq yalnız cəmiyyətdə üstün mövqe tutmaqdır və burada artıq qarşılıqlı sevgi yoxdur. Eyni qarşılıqlı anlaşmazlıq İzabella və Hitklifin münasibətlərində və İzabella ilə qardaşı Edqarın arasında da baş verir.
Müəllifin qoyduğu məsələ bu gün bizim gündəlik həyatımızda həddən artıq əhatəlidir, həddən artıq böyükdür və çətindir. Tamamilə ağlasığmaz ehtirasları təsvir edən yazıçı, insan təbiətinin gizli tərəflərini göstərir, şüurlu şəkildə oxucunu dolaşdırır və yalnız bir şeydə oxucunu tərəddüddə qoyur – bu qüvvələr bizdən böyük və güclüdür.
“Uğultulu təpələr” əsərinin süjeti, onun impulsiv və kəskin mətni bu təsdiqi sübut edir. Romanın gizli gücü və mistisizmi də məhz bundadır. Məhəbbət haqqında olan bu kitab, əslində heç bir yerdə görünməyən qəribə bir məhəbbət haqqında hekayətdir. Bu roman ehtirasla yoğrulmuş bir qisas romanıdır. Bu roman tale, iradə, insan və kosmos haqqındadır.
Romanda bir neçə əsas mövzu vardır, lakin qisas - ən əsas faktorlardan biridir və qəhrəmanları faciəli sonluğa gətirir. Emili Bronte sübut etməyə çalışır ki, əbədi qisasın sonu yoxdur. Hitklif qisas hissi ilə yaşadığı üçün rahatlıq tapa bilmir. Faktik olaraq o bircə dəfə həqiqi xoşbəxt olur. Bu da onun qisas hissindən, cəza verməkdən imtina etməsidir. Ostin O’Melli yazır ki, “Qisas – səni dişləyən iti dişləmək kimi bir şeydir”. Bu sitat Hitklifin onu təhqir edən hər kəsi cəzalandırmaq istəməsidir. Hitklifin Edqar və Ketrindən qisas almaq planı İzabella ilə evlənmək istəməsidir. O, Edqara Ketrinlə evləndiyi üçün zərbə vurmaq, Ketrindən isə qisas almaq və onu qısqandırmaq istəyir. Ketrinin ölümü sübut edir edir ki, onun qisası yersizdir. Ketrinin kabusu tərəfindən qarabaqara izlənən Hitklif (çünki onun “ölümündə” günahkar idi) hələ də qisas hissi ilə yaşayır və gənc Ketrinlə oğlu Lintonu məcburən evləndirir. Hitklif yalnız öz ölümü qabağı artıq qisas hissindən əl çəkir. O qisas almaqdan əl çəkdikdən sonra Ketrinlə qarşılaşır (ölümdən sonra) və həqiqətən də xoşbəxt olur.
Emili Brontenin romanı ilə poeziyanın daxili əlaqəsi özünü lirik üsyankarqəhrəmanın təbiət və insan gözəlliyinin harmoniyası konsepsiyasında göstərir və yazıçı bunu poetik simvollarla verir. Romanda realist və romantik elementlər sıx şəkildə birləşir, onlar harmonik şəkildə bir-birini tamamlayaraq uyğunlaşır.
Emili Bronte ətraf mühitin mənzərəsini yaratmaqda mahir sənətkar-realistdir. İngilis ədəbiyyatının klassik yazıçısı Somerset Moem 1965-ci ildə yazırdı: “Uğultultulu təpələr – dəlicəsinə romantik kitabdır”. Eyni zamanda Emili Bronte yazmış olduğu yeganə əsəri ilə ədəbi istiqamətin heç bir çərçivəsinə sığmır. Əsas məsələ ondadır ki, “Uğultulu təpələr” əsərini təmiz romantik əsər hesab etmək olmaz. Çünki onda həm realist elementlər, həm də romantik elementlər mövcuddur. Lakin Emili Brontenin realizmi özünəxasdır və Dikkens və Tekkereyin realizminə bənzəmir. Demək olar ki, o burada tamamilə romantizmdən ayrılmazdır və yazıçı romanın konfliktini sosial və ya ictimai sferada götürür və həll edir. O, onu fəlsəfi-estetik sahəyə yönəldir. Romantiklər kimi Emili Bronte də məişət harmoniyasına meyilli idi. Lakin onun əsərində bu paradoksal olsa da, özünü ölümdə göstərir.
Emili Bronte bacısı Şarlottanın təsiri altında yazsa da, yaratdığı real obrazlar, yalnız işıq deyil kölgələriylə də ortaya çıxmışlar. Yazıçı sanki ehtirasın ilk obyektləşdirildiyi, önümüzə gətirildiyi bu romanın obrazlarını içimizdə basdırdığımız nə qədər xortdan varsa, hamısını üzə çıxarır. “Aman Allahım, içimizdə nə çox xortdan saxlayırmışıq!..” cümləsini oxucusuna söylədir.
Bəlkə elə bu səbəbdəndir ki, Emili Bronte seçdiyi qəhrəmanlarının bu xüsusiyyətlərini önə çıxarmaq istəmiş, insan psixologiyasına nüfuz edərək onu öz daxili aləminə baxmağa təhrik etmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 19 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















