İCTİMAİ NƏQLİYYATDA GEDİŞ HAQQI ARTIRILACAQ? “Dizel yanacağının bahalaşması...”
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 1-dən dizel yanacağının bir litrinin 10 qəpik bahalaşması Azərbaycanda ictimai nəqliyyat sektorunda baş verə biləcək mümkün qiymət artımı məsələsini də gündəmə gətirib. Məsələ ondadır ki, Bakıda və ətraf ərazilərdə sərnişindaşımada istifadə edilən avtobusların təxminən yarısı dizel mühərriklidir. Bölgələrdə isə avtobusların demək olar ki, hamısı dizellə işləyir.
Eyni zamanda, yükdaşıma fəaliyyəti göstərən şirkətlərin, böyük market şəbəkələrinin və distribütorların nəqliyyat parkı da əsasən dizel mühərrikli avtomobillərdən ibarətdir. Bu səbəbdən dizel yanacağının qiymətlərindəki artım birbaşa olaraq logistika və nəqliyyat xərclərini yüksəldir.
Xatırladaq ki, yanacaq qiymətlərindəki artım Tarif Şurasının qərarı ilə rəsmiləşdirilib. Belə ki, Aİ-92 markalı benzinin bir litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizel yanacağının qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb.
Paralel olaraq, ötən ilin oktyabrında ictimai nəqliyyatda xidmətin keyfiyyətinin artırılması və dayanıqlılığın təmin edilməsi məqsədilə yeni tariflər də təsdiqlənib. Qərara əsasən, metroda gediş haqqı bir səfər üçün 60 qəpik müəyyən edilib. Müasir tələblərə cavab verən və yalnız nağdsız ödənişlə fəaliyyət göstərən şəhərdaxili, qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında isə gediş haqqının aşağı həddi 60 qəpik müəyyən edilib. Bu qiymətlər yalnız Bakı şəhərinin inzibati ərazisində nağdsız ödəniş sistemi tətbiq edilən, elektriklə və ya CNG ilə işləyən avtobuslara şamil edilib. İlkin mərhələdə bu dəyişiklik paytaxtdakı mövcud marşrut şəbəkəsinin təxminən 30 faizini əhatə edib. Tələblərə cavab verməyən marşrutlarda isə gediş haqları dəyişməyib.
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, avtobus qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir və bu tariflər yaxın vaxtlarda artıq artırılıb. Onun sözlərinə görə, nəzəri olaraq qiymətlərin yenidən qaldırılması mümkündür, çünki Tarif Şurası bu cür qərarları qəbul edərkən əhali ilə məsləhətləşmir.
İqtisadçı qeyd edib ki, nəzəri baxımdan dizel yanacağının qiymətinin artması avtobusların yanacaq xərclərini artırıb: “Lakin yaxın keçmişdə tariflərin artırıldığını nəzərə alsaq, qısa müddətdə yeni qiymət artımına gediləcəyi ehtimalı yüksək deyil”.
Bununla belə, Xalid Kərimli vurğulayıb ki, bu proses bazar mexanizmləri ilə deyil, Tarif Şurasının qərarları ilə tənzimlənir.
O əlavə edib ki, həmin qərarlar qəbul edilərkən təkcə iqtisadi xərclər deyil, eyni zamanda sosial məsələlər də nəzərə alınır.
“Bu baxımdan, Tarif Şurasının hansı addımı atacağını konkret iqtisadi göstəricilərə əsaslanaraq proqnozlaşdırmaq mümkün deyil”, – deyə o bildirib.
Xalid Kərimlinin sözlərinə görə, faktiki olaraq dizel yanacağının qiymətinin artması avtobus şirkətlərinin xərclərini artırıb və bu da onlara iqtisadi zərər vurur.
Qeyd edək ki, statistik rəqəmlər göstərir ki, ictimai nəqliyyatda tarif artımı uzunmüddətli baş verən bir tendensiyadır. Belə ki, 2007–2017-ci illərdə avtobus və metroda gediş haqqı 20 qəpik olduğu halda, 2018-ci ildən sonra bu məbləğ 30 qəpiyə yüksəlib. Bu dövrdə artım 50 faiz təşkil edib. 2018–2024-cü illərdə isə tariflər daha sürətlə artaraq 50 qəpiyə çatıb ki, bu da 66,7 faizlik yüksəliş deməkdir. Ümumilikdə, 2007–2024-cü illər ərzində Bakı avtobus tarifləri 150 faiz artıb.

Nəqliyyat eksperti Raqif Raufoğlu isə “AzPolitika”ya şərhində bildirib ki, dizel elə bir yanacaqdır ki, bütün daşıma sahələrində vacib rol oynadığı üçün onun bahalaşması istənilən halda bir çox sahələrə təsir göstərəcək. Onun sözlərinə görə, ictimai nəqliyyat məsələsi isə müəyyən qədər fərqlidir, çünki bu sahə Tarif Şurası tərəfindən tənzimlənir.
Ekspert qeyd edib ki, daşıyıcı şirkət özü-özlüyündə gediş haqqını müəyyən edə bilməz: “Burada əsas məsələ tənzimləyici qurumun baxışından asılıdır. Əsas hədəf ictimai nəqliyyatın elektriklə işləyən nəqliyyat vasitələrinə keçirilməsidir. Bu baxımdan, indiyədək nə qədər yeni avtobus gətirildiyi, mövcud dizel avtobuslarının nə qədər müddət dövriyyədə qalacağı və ya qalmayacağı hələlik dəqiq bilinmir”.
Ekspertin sözlərinə görə, yeni qaydalara əsasən, daşıyıcılara ödəniləcək vəsaitin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Lakin dövlətin bu mexanizmi necə tənzimləyəcəyi hələ açıq sual olaraq qalır. O qeyd edib ki, artıq daşıyıcılara müəyyən marşrutlar üzrə fəaliyyətlə bağlı sifarişlər verilir və yeni qərarlar da bu çərçivədə qəbul olunur.
Raqif Rauf oğlu əlavə edib ki, prosesin gedişindən asılı olaraq müvafiq qərarlar veriləcək. Bununla yanaşı, o vurğulayıb ki, ümumilikdə dizel yanacağı bahalaşan kimi, növbəti bahalaşmaların gözlənilməsi artıq formalaşmış bir tendensiyadır.
E. Bəyməmmədli
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 08 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















