Icma.az
close
up
RU
İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

XIX əsr Azərbaycan qəzetçiliyi tarixində “Əkinçi” ilə yaranan demokratik ənənələr XX əsrin ilk onilliyində inkişaf edərək milli və inqilabçı demokratik nəslin yetişməsinə səbəb oldu. Bu dövrdə tarixi şəraitin ortaya qoyduğu ideoloji amillər müstəmləkəçilikdən qurtuluş yollarını göstərməklə  milli-azadlıq hərəkatının genişlənməsinə, suveren dövlət ideyalarının və istiqlal düşüncəsinin formalaşmasına zəmin yaratdı.

Mətbuatda baş verən şaxələnmə prosesi, mətbu orqanların tipologiyası, siyasi istiqaməti, auditoriyası, yaradıcılıq üslubuna görə bu dövrü Azərbaycan  jurnalistikasının intibah dövrü kimi qiymətləndirmək olar. “Hümmət”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Dəbistan”  jurnalları ilə  ilə siyasi, satirik, romantik və uşaq mətbuatının əsası qoyulmaqla bərabər, “Həyat”, “İrşad”, “Tərəqqi” və “Həqiqət” və d. mətbu orqanlarla ictimai-siyasi və milli düşüncə prinsiplərinə,  azadlıq uğrunda mübarizə ideyalarına meydan açıldı.

I Dünya müharibəsi illərində Azərbaycanda ictimai fikri formalaşdıran, geniş xalq kütlələrini öz mütərəqqi, milli-demokratik ideyaları ətrafında birləşdirən, xalqın mədəni inkişafının qarşısında sipər olan bir sıra vacib problemlərin həlli yollarını göstərən əsas mətbu orqanlardan biri də “Açıq söz” qəzeti olmuşdur. Qəzet o dövr üçün təkcə informasiya vasitəsi rolunda çıxış etmirdi, həm ideoloji silah, milli-mənəvi dirçəlişin əsas platforması, həm də milli kimlik məsələsinin önə çəkilməsində mühüm tribuna rolunu oynamışdır.

 Sovet dövrü araşdırmalarında “Açıq söz” mürtəce, anti-demokratik, burjua-millətçi fikirlər aşılayan, geniş xalq kütlələrinin inqilabi hərəkatının qarşısında maneə təşkil edən, onların təbii inkişafının önünü kəsən mətbu orqanlardan biri kimi qələmə verilmiş, bu baxımdan da tədqiqatlardan kənarda qalmışdır.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bir çox mətbuat orqanları kimi “Açıq söz” də Ş. Hüseynovun, A. Rüstəmlinin, A. Bayramoğlunun, A. Aşırlının, N. Yaqublunun, Q. Dünyaminqızının, R. Məmmədovanın və b. tədqiqatlarında obyektiv mülahizələrə əsaslanan öz həqiqi qiymətini almışdır.

“Açıq söz”ü “təkcə jurnalistika tariximizə deyil, ictimai-siyasi, elmi-nəzəri, ədəbi-bədii fikir tariximizə daxil olmuş mübariz mətbuat orqanı” kimi qiymətləndirən tədqiqatçı-alim Ş. Hüseynov haqlı olaraq ötən əsrin ikinci onilliyində xalqımızın siyasi mədəniyyətinin, siyasi-milli təfəkkür tərzi və dünyagörüşünün formalaşmasını məhz bu qəzetin fəaliyyəti ilə bağlayır.

Qəzetin nəşrindən əvvəl  “Bəsirət” qəzeti 3 oktyabr 1915-ci il tarixli 63-cü, “Yeni iqbal” isə 4 oktyabr 1915-ci il tarixli 134-cü sayında yeni  nəşrə başlayacaq qəzet haqqında yazılar dərc edərək qəzetə gələcək fəaliyyətində uğurlar arzulayır, nəşri ilə bağlı fikir və mülahizələrini, ümidlərini bildirirdilər. 

“Açıq söz” qəzeti 1915-ci il oktyabrın 2-də nəşrə başladı. “Açıq söz”ün ilk sayı barədə Üzeyir Hacıbəylinin  redaktorluğu ilə nəşr olunan “Yeni iqbal” qəzeti ““Qurtuluş” və “Açıq söz”” (1915, 4 oktyabr) sərlövhəli məqaləsində yazır: “Sırağa gündən etibarən şəhərimizdə Hüseyn Sadiq cənablarının təhti-idarəsində “Qurtuluş” adında iki həftəlik bir jurnal və Məhəmməd Əli Əbdüləziz oğlu cənablarının naşirliyi ilə gündəlik “Açıq söz” qəzeti nəşrə başladı. “Qurtuluş”un da, “Açıq söz”ün də baş məqalələri Məhəmməd Əmin Rəsulzadə cənablarının asari-qələmidir”.

Gündəlik “Açıq söz”ün “Tutacağımız yol” ünvanlı, baş mühərrir Məhəmməd Əmin Rəsulzadə tərəfindən yazılmış məqaləsində qəzetin məsləki xüsusunda deyilir: “... öhdəmizə düşən rəhbərlik vəzifəsinin ifası üçün tutacağımız yolun nöqteyi-əzimətini təşkil edəcək əsas – milliyyət əsası”.

Yeni bir ümummilli qəzet kimi fəaliyyətə başlayan, gündəlik “siyasi, ictimai və ədəbi türk qəzetəsi” olan “Açıq söz”  “siyasi” sözünü önə çəkməklə xalqın siyasi hüquqları uğrunda mübarizə yolunu seçdiyini vurğulayır. Milli kimliyin, milli şüurun, milli istiqlalın, türklüyün, islam həmrəyliyi və maarifçiliyin təcəssümü kimi ortaya çıxdı: “Özündən əvvəlki mətbu orqanlar xalqın tərəqqi və nicatını mədəni, elmi, mənəvi və iqtisadi inkişafda görürdüsə, “Açıq söz” bu sıraya xalqın siyasi hüquqlarını da əlavə etdi”.

Tədqiqatlardan aydın olur ki, “Açıq söz” qəzeti fəaliyyət göstərdiyi 4 il müddətində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunmuş, yalnız 1918-ci ilin sentyabr-oktyabr sayları redaksiya heyəti tərəfindən buraxılmışdı. Qəzet 1917-ci ilin avqustuna kimi M.Ə.Əbdüləzizoğlunun (Rəsulzadənin), avqustun 1-dən 1918-ci il yanvarın 3-nə kimi M.Ə.Rəsulzadə və Orucov qardaşlarının  müştərək naşirliyi ilə nəşr olunmuşdur. 1918-ci il yanvar-mart nömrələrinin naşiri M.Ə.Rəsulzadə, sentyabr-oktyabr nömrələrinin naşiri isə yenidən M.Ə.Əbdüləzizoğlu olmuşdur.

Qəzetin 422 sayı Əli Muxtar Ələkbərovun “İqdam” elektrik mətbəəsində çap olunmuşdur. 423-cü saydan 704-ə qədər qəzetin nəşri H.Z.Tağıyevin “Kaspi” mətbəəsi əsasında formalaşdırılmış “Açıq söz” elektrik tipoqrafiyasında  çap olunmuşdur. Qəzetin sentyabr-oktyabr aylarını əhatə edən 8 sayı  isə “Novruz” mətbəəsində buraxılmışdır.

Qəzet 724-cü saydan sonra fəaliyyətini dayandırıb.

“Açıq söz” qəzeti və onun ətrafında toplanmış dövrün ən qabaqcıl və mütərəqqi ziyalıları–M.Ə.Rəsulzadə başda olmaqıa Ü. Hacıbəyli, Ö.F. Nemanzadə, S.Eynullayev-İbrahimov, X.İbrahim, Y.V.Çəmənzəminli, H. Mirzəcamalov, H.Cavid, Ə.Cavad, A.Şaiq, A.Səhhət, Ş.Əfəndizadə, M.Hadi, S.H.Sadiq, M.N.Qaragözov, X.Sultanov, M.B.Məhəmmədzadə, S. Mənsur, S. Mümtaz, Ə.Əzimzadə, B.Talıblı, T.Ş.Simurq, M.Ə.Nasir, İ.Axundzadə, F. İsmixanov  və başqaları “28 May fütuhatını hazırlayan və həyata keçirən nəsil idi”. Bu nəslin nümayəndələrinin əsas qayələri milli şüurun oyadılmasına, millətin özünüdərkinə, vətənə, xalqa, türkçülüyə xidmətə yönəldilmişdi.

Azərbaycan türklərinin milli özünüdərk prosesinə maneə yaradan və onların vahid milli kimlik ətrafında birləşməsini çətinləşdirən,rus imperiyasının verdiyi “tatar”, “müsəlman”, “yerli” (tuzem) kimi “adlardan” azad etmək  və onu ümumtürk kimliyi ilə birləşdirmək kimi böyük bir  missiyasını da öhdəsinə götürdü. Onun əsl  “türk” adını özünə qaytararaq  millətə “Sən türk­sən!”, rus istib­dadına isə “Biz türkük!” deyə xitab etdi: “Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatarı deyilən xalqın türk olduğunu sərahət və israrla mey­dana atmış və bu xüsus­da hərb senzoru ilə mübarizə etmək zərurətində qal­mışdı” .

 “Açıq söz”ün ideya istiqaməti və tutduğu yolun əsası M. Ə. Rəsulzadənin ilk sayın proqram məqaləsi olan “Tutacağımız yol”da təqdim olunur. Azərbaycan milli istiqlal düşüncəsinin konseptual əsasını təşkil edən bu ideoloji proqram məqaləsi  milliyyət (milli kimlik) məfkurələri, xüsusilə Azərbaycan türklərinin milli özünüdərkini və istiqlalını təmin etmək üçün əsas ideya kimi təqdim olunur. 

M.Ə.Rəsulzadə dünya xəritəsinin dəyişəcəyi və ictimai-siyasi mühitin yeni şəkil alacağı təqdirdə “milliyyət məfkurəsinin” bu şəkillənmədə böyük təsirini diqqətə çatdırır: “Özünü lüzumunca bilib də istiqbal üçün  müəyyən bir ideal (məfkurə) bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər...millətlər bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərini bilməli, müəyyən bir fikir və amallar  ətrafında birləşərək böyük bir məfkurəyə,  qayeyi-xəyala hədəf olacaq  o işıqlı yıldıza sahib olmalıdırlar”.

Qəzetin “Türkləşmək, islamlaşmaq və müasirləşmək” düsturu Azərbaycan siyasi-publisistik fikrinin XX əsrin əvvəllərində formalaşdırdığı ən önəmli ideoloji proqramlardan biri idi.  Bu düstur, eyni zamanda Türk dünyasında Ziya Göyalp kimi fikir adamlarının təsiri ilə formalaşan ümumtürk maarifçilik və milliyyətçilik cərəyanının Azərbaycan kontekstindəki ifadəsi idi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: dil, din və zaman. Dilcə biz türküz, türklük milliyyətimizdir. Dincə – müsəlmanız. Zamanca da – biz texnikanın (alyatın) elm və fənnin möcüzələr yaradan bir dövründəyiz”. Türk və müsəlman qalaraq müstəqil yaşamağı şərtləndirən amillər sırasında elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmağı vacib sayan ədib yazır: “...zaman bunu iqtiza ediyor – mütləqa üç əsasa sarılmalıyız: türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə millətimizin həyati-ictimaiyyəsinə islah üçün üzərinə dayandığımız sepayeyi-mədəniyyət!” 

M. Ə. Rəsulzadə qəzet səhifələrində dərc etdirdiyi digər məqalələrində də bu ideyadan çıxış edərək İslam mədəniyyətinin bəşəri mahiyyəti, ədalət, elm və təməddün ideyalarına dayandığı fikrini irəli sürərək dinin milli birlik və tərəqqi üçün əngəl yox, vasitə ola biləcəyini göstərir.

“Açıq söz” qəzetinin səhifələrində milli-məhəlli muxtariyyət məsələsi milli-azadlıq ideyalarının əsas istiqamətlərindən biri kimi geniş şəkildə müzakirə  olunurdu. Bu ideya M.Ə.Rəsulzadənin qəzetin 17 mart 1917-ci il tarixli sayında dərc edilən "Cümhuriyyət"  məqaləsində əhatəli şəkildə öz əksini tapmışdır. Məqalədə  Azərbaycanın Rusiya imperiyası daxilində milli-məhəlli muxtariyyətə sahib olması ideyası irəli sürülür. Ədib burada milli muxtariyyət ideyasını xalq hakimiyyəti ilə birgə təqdim edir, xalqın mədəni muxtariyyətlə paralel olaraq öz idarə sistemini qurmaq hüququna da malik olması məsələsinə önəm verir: “Demokrasiya nöqteyi-nəzərindən Rusiyada yaşayan və çarizmin təcavüzkar siyasətinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən daha münasib bir üsuli-idarə təsəvvür olunamaz”. Milli dövlətçilik ideyasını açıq şəkildə irəli sürən Rəsulzadə bu məqalədə milli-məhəlli muxtariyyəti dövlətçiliyə gedən yolun ilk mərhələsi kimi təqdim edir. 

1918-ci ilin martında–704-cü sayından sonra  Bakıda   mart hadisələri baş verdi. Mart qırğını zamanı dağıntılara məruz qalan tikililərdən biri də “İsmailiyyə” binası idi. “Açıq söz”ün mətbəəsi və redaksiyası da həmin binada yerləşdiyindən dağıntılar qəzetin nəşrinin dayanmasına səbəb oldu. “Açıq söz”ün məqsəd və məramını yaxşı başa düşən, xalqı arxasınca aparmaq qüdrətini həzm edə bilməyən bolşevik-daşnak “Açıq söz” qəzeti redaksiyasını “Türkiyənin Bakı cəbhəsi” adlandırırdılar. 1918-ci il martın 18-də bolşeviklərin ilk həmləsi də buraya oldu. Mətbəəni və redaksiyanı yerlə yeksan etdikdən sonra “Türkiyənin Bakı cəbhəsini yıxdıq deyə sevinirdilər”.

1918-ci ilin sentyabrında bir qrup vətənpərvər ziyalı qəzetin nəşrini bərpa etməyə müvəffəq oldu.

“Açıq söz” qəzetinin mətbuat və ümumilikdə ictimai-siyasi fikir və dövlətçilik tariximizdə əsas xidmətlərindən biri də ilk müstəqil cümhuriyyətimiz – Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji və nəzəri əsaslarının onun səhifələrində işlənib hazırlanmasındadır.

Aygün Əzimova

BDU Jurnalistika fükültəsinin dosenti, 

filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see186

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see112

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Sərinkeşin qarşısında yatmaq zərərlidir?

17 İyul 2025 22:06see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri