Icma.az
close
up
RU
“İki dost, qardaş xalqa xidmət göstərmək mənim üçün böyük fəxrdir”

“İki dost, qardaş xalqa xidmət göstərmək mənim üçün böyük fəxrdir”

Icma.az, 525.az saytına istinadən bildirir.

İran İslam Respublikasının (İİR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun “525-ci qəzet”ə müsahibəsi

- Cənab səfir, ilk növbədə sizə müsahibə üçün vaxt ayırdığınıza görə təşəkkür edirəm, diplomatik fəaliyyətinizdə uğurlar arzulayıram. Bu, sizin Azərbaycanda ikinci diplomatik xidmətinizdir. Həmin müddətdən ötən 15 ildə Azərbaycanda, regionda, əlaqələrimizdə çox şey dəyişib. İstərdim söhbətimizə bu dəyişiklik fonunda sizin təəssüratlarınızla başlayaq...

- Təşəkkür edirəm, söylədiyiniz kimi, mən daha əvvəl 1996-2000-ci illərdə Bakıda çalışmışam. Amma bu o demək deyil ki, həmin vaxtdan sonra Azərbaycanla əlaqəm olmayıb. Dəfələrlə Bakıda və digər şəhərlərdə olmuşam, rəsmi görüşlərdə iştirak etmişəm. Bunlar qısa müddəti əhatə edib, rəsmi nümayəndə heyətlərinin tərkibində olmuşam və Azərbaycanı daha dərindən görmək imkanım olmayıb. İki aydır ki, mən yeni missiyada səfir kimi Bakıya qayıtmışam. Mənim üçün çox böyük fəxrdir ki, bu şərəfli vəzifədə iki dost, qardaş, yaxın qonşu olan xalqlarımıza xidmət göstərim. Düzdür, bu iki ay ərzində bütün məsələlərlə tanış ola bilməmişəm, amma bir sıra dəyişiklikləri qeyd etmək istəyirəm.

Həm Bakıda, həm ümumiyyətlə, Azərbaycanda çox dəyişiklik baş verib. Paytaxt genişlənib, yeni tikililər, avtomobillərin sayının artdığı ilk baxışdan görünür. Eyni zamanda, quruculuq işləri həm Bakıda, həm azad olunmuş ərazilərdə aparılır.

Ən böyük dəyişiklik odur ki, Azərbaycan işğaldakı torpaqlarını azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Bunun təsiri özünü əlbəttə ki, bir sıra sahələrdə göstərir, bəzi sahələrdə isə gələcəkdə göstərəcək. Bundan əlavə, diplomatiya ailəsi böyüyüb. Daha əvvəl Azərbaycanda 30-35 diplomatik korpus fəaliyyət göstərirdi, indi onların sayı iki dəfə artıb. Yəni dəyişikliklər çoxdur, bütün bunlar ilk baxışda nəzərə çarpır. Buna görə istəyirəm həm Azərbaycan xalqını, həm hökumətini təbrik edim.

- Azərbaycan-İran münasibətlərində zaman-zaman müəyyən çətinliklər, problemlər yaşanır. Hazırda münasibətlərimiz nə yerdədir? Tərəflər həmin mərhələni tam keçə biliblər?

- İran-Azərbaycan əlaqələri xüsusi xarakterə malikdir. Bu o deməkdir ki, bizim əlaqələrimiz müştərək və köklü məsələlərə əsaslanır. Mən münasibətlərimizi qənaətbəxş hesab etmirəm, çünki gözləntilərim daha böyükdür. Bir-birinə müxtəlif cəhətlərdən bu dərəcədə yaxın olan iki ölkə tapa bilməzsiniz. O qədər müştərək bağlantılar, dərin köklərimiz var ki, buna görə də gözləntilərimiz də çox üstündür. Amma fakt budur ki, əlaqələrimiz istədiyimiz səviyyəyə çatmayıb. Əlaqələrimizdə bəzi çətinliklər olub, hesab edirəm ki, hələ də var. Həmçinin iki xalq arasında gediş-gəliş məsələsini vurğulamaq istəyirəm. Düzdür, indi birbaşa uçuşlar var, sayları da artıb. Bakıdan İranla sərhədə quru yolla 3 saat, təyyarə ilə paytaxtlar, böyük şəhərlər - Təbriz, Məşhəd və s. arasında 1 saat yol var. Bu onu göstərir ki, insanlar rahat gedib-gələ bilərlər. Amma görürük ki, belə deyil, bəzi çətinliklər var. Bu səbəbdən deyirəm ki, əlaqələrimiz qənaətbəxş deyil. Yaxud mədəniyyət sahəsində əlaqələrimizin səviyyəsi çox aşağıdır. Əvvəllər qarşılıqlı olaraq müxtəlif tədbirlər, mədəniyyət günləri, şeir gecələri, festivallar keçirirdik, jurnalistərin qarşılıqlı səfərləri təşkil edilirdi. Çalışmalıyıq ki, qeyd etdiyim müştərək məsələlər əsasında əlaqələrimizi yüksəldək. Ona görə düşünürəm ki, mənim öhdəmdə böyük bir məsuliyyət var və daha çox çalışmalıyam.

- Növbəti sualım elə bununla bağlıdır. Səfir olaraq qarşınızda hansı vəzifələr, prioritetlər dayanır?

- Xoşbəxtlikdən bizim ölkələrimizin prezidentləri arasında çox səmimi və yaxın əlaqələr mövcuddur. Bu, bizim üçün çox yaxşı fürsət və imkandır. Əlbəttə ki, əlaqələrimizin inkişafında bu çox mühüm rol oynayır. Dövlət başçıları arasındakı xüsusi münasibətlər səfirlərdə və məsul şəxslərdə əlavə məsuliyyət yaradır. Bizim qarşımızdakı əsas tapşırıq bütün imkanlardan istifadə edərək mümkün dərəcədə iki ölkənin əlaqələrinin daha da inkişafına və dərinləşməsinə çalışmaqdır. Bu sırada müxtəlif sahələri qeyd edə bilərik: iqtisadi, elmi, mədəni, hətta hərbi, təhlükəsizlik sahələri. Nəqliyyat sahəsində görəcəyimiz xeyli iş var, ticarət, mədəniyyət sahəsində də həmçinin. Bütün bunlara biz diqqət yetirməliyik. Çalışacam ki, bu məqsədlə missiyam müddətində bütün imkanlardan istifadə edim.

- Hərbi sahəni vurğuladınız. Bu sahədə əməkdaşlığı necə görürsünüz?

- Bu sahədə keçmişdən əlaqələrimiz olub. Azərbaycan müstəqillik qazananda bir sıra sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığa başladıq. Səbəb də bu idi ki, Azərbaycan təcavüzə məruz qalmışdı və ölkə üçün çox çətin dövr idi. Biz təlimlərdən başlayaraq, hərbi-sursat daxil olmaqla əməkdaşlıq edirdik. Hər iki tərəfin bu sahədə təcrübəsi var və mübadilələr həyata keçirilə bilər. Hərbi təlimlər də bunun bir nümunəsi hesab olunur. Təlimlərin gələcəkdə də davam etməsi planlaşdırılır. Məqsəd iki ölkənin gücünü artırmaq, müştərək təhdidlərlə mübarizə aparmaqdır. Bu, iki ölkə üçün müştərək maraq hesab olunur. Həmçinin region üçün də önəmli məsələ hesab olunduğunu deyə bilərik.

- İki ölkənin ticari-iqtisadi imkanları olduqca genişdir. Sizcə, bu imkanlardan tam istifadə etmək üçün hansı addımlar atılmalıdır?

- Birincisi, iki ölkə arasında hökumətlərarası bəzi müqavilələr var ki, onlar tam şəkildə icra olunmur. Həmin sənədlərə baxmalıyıq. Eyni zamanda, özəl sektorun roluna daha çox diqqət verməliyik. Qarşılıqlı olaraq iki ölkədə fəaliyyət göstərən şirkətlərin sayı o qədər də çox deyil. Azərbaycan və İran böyük bazarlara malikdir, həm də o imkan var ki, iki ölkə vasitəsilə üçüncü bazarlara, ölkələrə, regionlara çıxılsın. İkinci məsələ özəl sektora xüsusi diqqətdir. Nəqliyyat, bank sahəsində də əməkdaşlıq imkanları genişdir.

- Cənab səfir, təəssüf ki, İranda Azərbaycanla münasibətlərin yaxşı olmasını istəməyən qüvvələr var. Biz müşavirlər, parlamentarilər və digər səviyyələrdə verilən açıqlamalarda bunu görürük. Maraqlıdır, onların məqsədi nədir?

- Mən tamamilə razıyam ki, biz eyni zamanda dostluq əlaqələrimizə mənfi təsir göstərən qüvvələrin qarşısını almaq üçün səy göstərməliyik. Həmin qüvvələr həm daxildə, həm xaricdə var. Amma biz bunu əsas götürməməliyik. Çünki bu yaxınlarda İran İsrailin hərbi təcavüzünə məruz qaldı. Çox ölkələr dərhal bununla bağlı öz mövqelərini bildirdilər, bunu pislədilər. Azərbaycan da baş verənləri tənqid etdi və biz bunu əsas götürürük. Ən yüksək səviyyədə bəyan edildi ki, heç bir qüvvəyə Azərbaycan ərazisindən İrana qarşı istifadəyə imkan verilməyib, gələcəkdə də bu imkan verilməyəcək. Bu mövqe bizim üçün çox önəmli və dəyərlidir.

Bu mənada verilən siz qeyd etdiyiniz açıqlamalar rəsmi mövqe sayılmamalıdır. Hesab edirəm ki, bu cür fikirlər nə qədər azalsa, onun mənfi təsiri də az ola bilər. Bunu da idarə etmək lazımdır. Onu da bilirsiniz ki, medianın özünün fikri, sözü var, həmin fikirləri biz hökumətin rəsmi mövqeyi hesab etməməliyik və çalışmalıyıq ki, rəsmi mövqeyi əsas götürüb onun üzərində işlərimizi aparaq.

- İranın nüvə proqramını zənginləşdirməsi nə yerdədir? 12 günlük ABŞ-İran müharibəsinin nüvə obyektlərinə zərərləri araşdırılırdı. Bu barədə hansı nəticələr var və İsraillə yeni qarşıdurma riski mövcuddur?

- Mən qarşıdurma sözü ilə razı deyiləm. Bu, açıq şəkildə İran əleyhinə təcavüz idi və İran da özünü müdafiə etdi. Bizim tərəfdən bu, müdafiədir, eyni zamanda biz təcavüzə məruz qaldıq. Bu zaman təbii ki, özümüzü müdafiə etməliydik. Əgər müdafiə imkanı olmasaydı, təcavüz davam edəcəkdi. Fələstində vəziyyətə baxın, 80 ildir işğala məruz qalıb. Qarşı tərəf hiss etsə ki, İran zəifləyib, müdafiə gücü yoxdur, təcavüzü yenidən təkrar edəcək. Ona görə biz hər zaman hazır vəziyyətdəyik. Dəyən zərərə gəlincə, burda bir neçə məsələyə diqqət çəkmək istəyirəm. Birincisi, insan itkiləri barədə, onların içində hərbi komandanlar da var idi. Amma onlar müharibə meydanında, hərbi geyimdə deyildilər, öz evlərində idilər. Beynəlxalq hüquq əsasında onlara hücum etmək düzgün sayılmırdı. Eyni zamanda, təkcə nüvə deyil, digər sahələrdə alimlərimiz, aralarında qadınlar da olmaqla çox sayda həkimlərimiz qətlə yetirildi. Deməli, zərərdən danışanda ilk növbədə insan itkilərinə vurğu edilməlidir. Min nəfərdən çox şəhidimiz oldu, əksəriyyəti mülki şəxslərdir. Mülki və hərbi bazalar hücuma məruz qaldı. İndi bərpa işləri aparılır, amma hərbi obyektlərlə bağlı məlumatlar açıqlanmır.

Nüvə məsələsinə gəlincə, biz əvvəldən demişik ki, bu, sülhməramlı proqramdır. Bunu beynəlxalq təşkilatlar da, MAQATE də dəfələrlə nəzarət işləri aparıb və təsdiq ediblər. Onun sülhməramlı olduğunu ötən hadisələr də göstərdi. Çoxları gözləyirdi ki, nüvə obyekti təcavüzə məruz qalanda İran bəyan edəcək ki, sülhməramlı proqramı dəyişib başqa formaya keçir. Amma İran göstərdi ki, yox, belə deyil. Çünki sülhməramlı proqramdan imtina edib, başqa yol seçmək heç vaxt İranın məqsədi olmayıb. Biz bu sahədə öz sülhməramlı fəaliyyətimizi davam etdirəcəyik, bu, beynəlxalq hüquq əsasında bizim haqqımız sayılır.

- İrana qarşı Avropanın “snapback” mexanizminin bərpası gündəmdədir. Bərpa oldunduğu halda, bu, ölkəniz üçün nə demək olacaq?

- Təbii ki, biz sanksiyaları xoşlamırıq. Heç kəs deyə bilməz ki, sanksiyaların mənfi təsiri yoxdur. Biz bunun mənfi təsirinin qarşısını almağa çalışırıq. Eyni zamanda, nəzərə almalıyıq ki, illərdir İran müxtəlif sanksiyalara məruz qalıb, baxmayaraq ki, öz öhdəliklərini yerinə yetirib, amma qarşı tərəf bunu etməyib. Bilirsiniz ki, ABŞ müqavilədən çıxdı, lakin İran sülhməramlı proqramını davam etdi, öhdəliklərini yerinə yetirdi. Avropa ölkələrinin bu yanaşması göstərir ki, sözdə ədalətdən və ya insan hüquqlarından danışırlar, amma əməldə ikilistandartlardan çıxış edirlər. Məgər Fələstində insan hüquqları pozulmur, orda il ərzində 60 mindən artıq mülki insan öz həyatlarını itirib.

İran illərdir ki, çoxsayda sanksiyalara məruz qalıb və çıxış yolunu da tapa bilib. İrana gedəndə hiss olunmur ki, sanksiyalara məruz qalmış bir ölkədir. Yüksək səviyyəli texnologiya istifadə edilməklə əldə olunan məhsullar ölkənin elmi cəhətdən malik olduğu yüksək bacarığını göstərir. Sanksiyaların çətinlikləri təbii ki, var, biz istəmirik ki, sanksiyaların sayı və mənfi təsiri artsın. Nə qədər imkanımız var bu təsiri azaltmağa çalışırıq. Avropanın addımında məqsəd budur ki, təzyiqləri artırsın. Qısa müddətə bunun mənfi təsirləri olur, amma uzun müddət üçün mümkün deyil. Çünki bərpa etmək istədikləri sanksiyalar faktiki olaraq indi var, İran sanksiyalar altında davam etməyə öyrənib. Üç ölkənin -  Fransa, Almaniya, Britaniya,  addımını pisləyirik, düzgün saymırıq. Amma bu o demək deyil ki, bu addım İrana təzyiqləri artıracaq.

- Bu gün nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, logistik imkanların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı İranın baxışını sizdən eşitmək istəyirdim...

- Regionda son illər bir sıra hadisələr baş verib, o cümlədən Azərbaycan öz torpaqlarını azad edib. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar gedir və hətta onun çərçivəsi razılaşdırılıb. İranda elə bir şəxs tapa bilməzsiniz ki, regiondakı sülh və sabitlik prosesləri ilə razılaşmasın. İkincisi, regionda nəqliyyat dəhlizlərinin açılması və kommunikasiyaların inkişafı məsələsi də ölkələrin və regionun iqtisadi inkişafı üçün önəm daşıyır. Bu baxımdan biz bunu çox müsbət qiymətləndiririk. Kommunikasiyaların bərpası o  deməkdir ki, bütün ölkələr, o cümlədən İran da bu imkanlardan bəhrələnəcək, öz maraqlarını izləyəcək. Yaxşı bilirsiniz ki, sovet dövründən bizim Naxçıvandan dəmir yolu vasitəsilə keçmiş sovet məkanına çıxışımız var idi, 100 min tonlarla yük daşınırdı. Amma Qarabağ münaqişəsindən sonra bu bağlantı kəsildi. 35 ildir belə əlaqə yoxdur. İndi biz yeni kommunikasiyalardan danışırıq, hansı bağlantı ilə və harda İranı Azərbaycana birləşdirək. Bu baxımdan yanaşanda İran da maraqlıdır ki, regionda nəqliyyat dəhlizləri inkişaf etsin, həm region bəhrələnsin, həm də İran. Eyni zamanda, Qarabağ müharibəsindən sonra bir məsələ ortaya çıxdı, o da beynəlxalq sərhədlər və üçüncü qüvvələrin regiona müdaxiləsi ilə bağlı idi. Bu iki məsələyə İrandan reaksiyalar oldu. Son hadisələr fonunda Azərbaycanda və Ermənistanda rəsmi şəxslər öz mövqelərini səsləndirdilər. Belə olan halda, bu, bizim üçün də qənaətbəxşdir və biz rəsmi mövqeyə inanırıq. Regiondan kənar qüvvələrin müdaxilələrinə gəlincə, təcrübə göstərir ki, nə qədər bu müdaxilələrin qarşısı alınsa, o qədər yaxşı olacaq. Elə Qarabağ məsələsini nümunə götürək, nə qədər ki, regiondankənar qüvvələr müdaxilə edirdilər, münaqişə öz həllini tapmırdı. İndi Azərbaycan və Ermənistan oturub danışıb və xoşbəxtlikdən bu məsələ öz həllini tapıb. Azərbaycanda rəsmi şəxslər açıq şəkildə bəyan edirlər ki, regionun taleyi regionun istəyi əsasında təyin olunmalıdır. Bu onu göstərir ki, belə müştərək fikir var ki, region ölkələri öz imkanlarından istifadə edib, birgə istək əsasında məsələlərini həll etməlidirlər. Biz sülh, kommunikasiyalar, sərhəd, regiondan kənar qüvvələrin müdaxiləsi ilə bağlı məsələlərə düzgün qiymət verməliyik. Hesab edirəm ki, belə baxanda elə bir problem yoxdur və olmayacaq.

- Son olaraq “Araz” dəhlizi ilə bağlı işlər nə yerdədir?

- Bu layihə Azərbaycanın Naxçıvana birləşdiriməsi deməkdir və keçmişdə də olub. Ötən 35 il ərzində İran ərazisindən Azərbaycan istifadə edib. İşğal olunmuş torpaqları azad edildikdən və bərpa işlərinə başlandıqdan sonra Azərbaycandan yeni bir təklif irəli sürüldü ki, İran ərazisindən keçilən məsafə qısalsın, yeni nöqtədən Ağbənd tərəfdən Naxçıvana keçid olsun. Onun əsasında da Araz çayı üzərində yeni körpünün tikintisinə başlandı. Hazırda tikinti işləri gedir, mən özüm 10 gün əvvəl orada oldum, işlər çox yaxşı gedir, bu ilin sonuna qədər körpünün tikintisinin başa çatacağı gözlənilir. O, imkan yaradacaq ki, gündə 100-lərlə yük maşını İran ərazisindən Azərbaycana daxil olsun. Bu nöqtədən İrana girişdə bir yol var idi, biz indi onun üzərində işləyirik ki, keçmişdən mövcud olan bəzi çətinikləri aradan qaldıraq. Orda bir tərəf Araz çayıdır, bir tərəf dağdır. Dağ və çay arasında bir yol var idi ki, bəzi yerlərdə dağa istiqamətlənirdi və maşınların gediş-gəlişi çətin idi. İndi orda yeni tunellər tikirik, yolu genişləndiririk. İşlər yaxşı gedir. Bu yolun bərpasından sonra gündə 100-lərlə yük maşını yeni yoldan istifadə edəcəklər. Mən çox nikbinəm ki, bu tezliklə bitəcək və bizə tranzit və nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see163

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see157

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see145

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see134

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see133

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see129

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see127

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see125

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see125

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see124

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see122

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see122

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see121

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see120

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see120

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see120

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see120

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri