Icma.az
close
up
RU
İlin və ömürlərin son günləri SON UÇUŞ...

İlin və ömürlərin son günləri SON UÇUŞ...

“HƏR ŞEY YAXŞI OLACAQ”dı, olmadı...

Bakı-Qroznı aviareysdə qəzaya uğrayan təyyarədə “Hər şey yaxşı olacaq” təsəllisi ilə son ümidlərin də ölməsini qabaqlamağa çalışan Hökumə Əliyevanın anasına SÖZ YAĞIŞLI MƏKTUB təsəlli olacaqmı”..

İllərin də, ömürlərin də, elə yolların da SON nöqtəsi olur. Bu son varlıqaları (təbiət də canlı varlıqdır, əlbəttə) hərəni bir məqamda, bir fəsildə yaxalayır: kimini bələkdə, kimini tüləkdə, kimini kələkdə, kimini qar-boranda, kimini küləkdə... Umulan ömür nöqtəsinə hərə bir yaşda yetir, ya da yetirilir: kimi yerdə, kimi suda, kimi isə havada - Yaradana daha yaxın məkanda...

Budur, ilin sona çatmasına saylı günlər qalıb. Təbiət də öz arxada qalan bahar-yaz, qaynar yay, bərəkətli payızının ətəklərini əlinə yığıb-yığışdırıb, özünü yetirib Şaxa babaya - qış fəslinə. Ömürlərin də fəsilləri olur. Gözəl olanı, insanlara da yaraşanı odur ki, ömrün də dörd fəslini yaşayasan, nakam getməyəsən, onsuz da qısadan-qısa, imtahanlarla - sınaqlarla keçən ömrümüzün yazı ilə payızı, yayı ilə qışının nə vaxt keçdiyi hiss olunmur. Hamısı qarışıb bir-birinə... İnsan yerin, mələklər də göylərin, aylı-ulduzlu səmaların yaraşığıdır. İnsan arzusuz yaşaya, quş qanadsız uça bilmir.

...Onlar da yerlə göyün arasında qalmışdılar: yollarını azmışdılar. Göydə neçə dəfə “səkkiz”-“sonsuzluq” işarəsi yazmışdılar. Haradan gəlmişdi bu fikir ağıllarına? Bəlkə artıq SON olduğunu duymuşdular, ya bəlkə yerdən də doymuşdular - Haqqa doğru getdiklərinin fərqində idilər?!..

Təyyarə qəzasından “salamat” çıxanlar (buna min şükürlər olsun) pilotlarla yanaşı, Hökumə xanımın da necə cəsarət, öz peşəsini, vəzifəsini sevən olması barədə söylədikləri adamda qürur hissi oyadır. Gərək Hökumə balamızın ata-anası, ailəsinin hər bir üzvü göz yaşı axıtmasınlar, çünki xalqımız yasa batıb! Belə bir göylər şahini yetişdirib xalqımıza verdikləri üçün bu ata-anaya sonsuz sevginin ifadəsidir.

Bu qara xəbəriniz xalqımızı sarsıltdı, Hökumə bala! Elə indi bildik ki, sən həm də Kəlbəcərimizdən perik düşən bir ailənin, gözüyaşlı qalan ata-ananın balasısan!

Sosial şəbəkərlərdə bu faciə ilə bağlı yazılanları oxumaq da olur, oxumamaq da. DƏRDin ağrılı-acılı olmasından başqa, hərə bir versiya irəli sürürdü. Məsələyə aydınlıq gətirilidikdən sonra şahinlərimizin qəhrəmanlıqları dastana, nağıla, ağıya çevrildi. Focebook səhifələrindəki nəzmə çəkilmiş şeirlərdən bir neçəsini toplamaq qərarına gəldim. Fikirləşdim ki, görək Hökumə xanımın cəsurluğuna, qorxmazlığına, hər an sərnişinlərinin yanında olmağına rəğmən ona yazılanlar layiqdirmi? Qəhrəman və şəhid balamızın şərəfinə layiq yazıları oxuduqca bir daha xalqımızın sevgisini duydum.

HƏR ƏMƏLİN PƏRDƏLİDİR BİR ÜZÜ...

Elşən Əzimin bu fəlsəfi düşüncəsi məni yamanca “oynatdı yerimdən”

Təyyarə qəzası zamanı "hər şey yaxşı olacaq, kəmərləri bağlayın",-deyib sərnişinləri sakitləşdirməyə çalışan, öz işini son nəfəsinədək ləyaqətlə, yüksək peşəkarlıqla icra edən Hökümə bacımızın və bütün həlak olanların xatirəsinə həsr edilən daha bir şeiri oxuyaq. Müəllifini də yaxşı tanıyıram. Azərbaycan ədəbi mühitində klassika ilə modern şeir növlərini ədəbi-bədii yaradıcılıq nümunələrində yetərincə sevdirən, basmaqəlib, başqalarını yamsılamaqla özünü şair kimi sırımağa çalışanlardan qat-qat uzaq olan Elşən Əzim bu dəfə də fəqlənib. Açığı, şeiri sosial şəbəkədən kimsə götürüb mənə yollayanda (məqalədə istifadə etmək üçün) fərqində olmadım ki, bu lirik duyğuların müəllifi kimdir. Əsas şeirin mövzuya uyunluğu idi. Hətta, şeir məni o qədər təsirləndirdi ki, misrasının birindən məqaləyə yarımsərlövhə kimi istifadə etdim. Qələminə həmişə qibtə etdiyim Namiq Dəlidağlı məqalənin şərh yerində həmin şeirin müəllifinin Elşən Əzim olmasını xatırlatdığı üçün dərin minnətdarlığımı bildirirəm:

Hər əməlin pərdəlidir bir üzü,

Hər kəmərin ucu sehrə düyülmüş.

Pis işlərə vətən idi yer üzü,

Göylərdə də hər şey yaxşı deyilmiş.

Xeyir hələ qoynundadır gümanın,

Hər əməlin önü şərə bağlıdır.

Bəlkə açaq kəmərini dünyanın,

İndi hərə bir kəmərə bağlıdır!

Daş götürən göy üzünə daş atır,

Göy üzünün yağır daşı bir qucaq.

Sən ki haqqa yürümüsən, bilərsən,

Söylə nə vaxt, hər şey yaxşı olacaq?

Mən də bu SÖZ YAĞIŞLI MƏKTUB-elegiyanı yazmaq istədim. Baxdım ki, yox, məndən öncə deyiləsi, yazılası olan fikirlər incə qəlblə qələmə alınıb.

Elşad Baratın yazdığından başlayaq. Bu qələm dostumun hər yazısı məni silkələyir. Mən də bu şeiri oxuduqca özümü o təyyarədə hiss edirdim:

Birini də mən yazım:

"Hər şey yaxşı olacaq".

Narahat olma, qızım.

Hər şey yaxşı olacaq.

Səngiyəcək küləklər,

Açılacaq çiçəklər,

Bayraqlar və mələklər,

Enib, yenə qalxacaq,

Hər şey yaxşı olacaq.

Həyat yoldu desinlər,

İnsan yolçu, bilsinlər.

Hörmətli sərnişinlər,

Sabah günəş doğacaq,

Hər şey yaxşı olacaq.

Görən niyə, nədəndi,

İnsan ruhdu, bədəndi?

Bilirəm ki, vətəndi,

Növbəti dayanacaq,

Hər şey yaxşı olacaq.

Ölüm haqdı, qorxudu,

“Bip-bip” nəğmə oxudu.

Həyatımız yuxudu,

Hər insan oyanacaq,

Hər şey yaxşı olacaq.

Bir gün hər şey bitəcək,

Amma dünya dönəcək.

Hamı ölüb gedəcək,

Qəhrəmanlar qalacaq,

Hər şey yaxşı olacaq.

Bu qılıncım, bu sazım,

Adına dastan yazım.

Narahat olma, qızım,

Hər şey yaxşı olacaq.

“Sonuncu mənzil”

Bu şeirin müəllifi də tanınmış qələm adamlarından biridir. Əslində, bu mövzuda qələminə sığınıb, dərdi dilləndirən söz adamlarının hər birinin düşüncələrində Hökumə xanımın obrazı qəhrəman kimi ifadə edilir. Çünki, onların hər biri Hökumə xanımın mələklər kimi səma şəhidi olduğunun fərqindədirlər. Düşməni amansız, rəhmsiz, hətta, “Allaha güllə atan”lardır. Gəlin Valeh Qocanın təsəllisini də oxuyaq:

Üstünə töküldü göylərin qanı,

Qızardın köynəkdən qanına kimi.

Sən nə tez endin ki, torpağın altda,

Qalxmışdın Allahın yanına kimi?!

Dağ gücü var idi zərif səsində,

Göylər də asılı qalmışdı səndən.

Özünü səmada saxlamaq üçün,

Günəş də təsəlli almışdı səndən.

Qorxuda bilməzdi güllələr səni,

Ömründə o qədər zərblər olub.

Gözünü açmısan mərmi səsinə,

İlk oyuncağın da qəlpələr olub.

Ada ürəyinə həkk etdiklərin,

Dəniz gözlərində batanlarıymış.

Bu boyda qəzadan sağ qurtulanlar,

Verdiyin ümiddən tutanlarıymış.

Öyrəndin yer ilə göy arasında,

Bu sınaq sonuncu təhsilin oldu.

İndi nə göydəsən, nə də ki, yerdə,

Ürəklər sonuncu mənzilin oldu.

KİM İDİ HÖKUMƏ XANIM…

Bir az da yaxından rəsmi tanıyaq: “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara görə 39 nəfər həyatını itirib.

Həyatını itirən şəxslər içərisində "Hər şey yaxşı olacaq" deyən stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyeva da var.

Modern.az (təşəkkür edirik Elşad bəyə)Hökümə Əliyevanın atası Cəlil Alıyev ilə əlaqə saxlayıb. Məlum olub ki, Hökumə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub: "1993-cü ildə kəndimizin işğalı səbəbi ilə məcburi köçkün kimi Bərdə rayonun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşmışdıq. 1996-cı ildə isə Rusiyaya köçdük, bir müddət Volqoqrad vilayətində yaşadıq. Hökümə burada 1-ci sinifdən 6-cı sinifə qədər şəhərin 178 nömrəli məktəbində oxudu, daha sonra Gəncə şəhərinə köçdük. Hökumə təhsilini burada davam etdirdi, Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də tamamladı. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, daha sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu onun son uçuşları idi”...

Əlirza Həsrətin poeziyası ilə illər öncə tanışıq. Hər adi ağrı-acını da həzm edə bilmir şair qardaşım. Təyyarə qəzasından təsirlənən ürəyi bu dəfə pıçıltıyla yox ha, harayla səs salıb dördbir yana:

Ah, bu yarpaq tökümü nə,

Bu tökümün hökümü nə?!

Niyə düşdün səni bu günə,

Qəzaya uğrayan uçaq?!

Yelmi saldı ömür barın,

Nədir adı bu qübarın?!

Ağrı çəkən adamların,-

Halına ağrıyan uçaq.

Söz də tapmaq olmur daha,

Bürünübdür aləm aha.

Sən ki yaxındın Allaha,

Kim idi qarğıyan, uçaq?!

Stüardessa adını,

Bayraq tutdu Türk qadını!

Göy qızının qanadını

Sən oldun doğrayan, uçaq!

Hökumə xanımın ata-anası, elə özü də Kəlbəcər rayonunda dünyaya göz açmışdılar. Kəlbəcərlilər bu faciədən necə təsirləndiklərini adi sözlə dilə gətirə bilmirlər. Çox, həm də çox ağır faciədir, xalqımız üçün. Düşmən açıq-aşkar bu dəfə bizi havada da nişan alıb. 366-cı alay 1992-ci ilin qanlı fevralında Xocalını yerdə, bu dəfə isə bizi “göyün yeddinci qatında” hədəf alıb vurdu. Onda yerdən qan seli axırdı. Bu dəfə isə 20 noyabr hadisələri kimi, göydən də qan yağdırdı Xəzərin Qazaxıstan sahillərinə. Təyyarəmiz ikiyə paralandı, lap xalqımız 1828-ci ildə Arazın o tay-bu tayına paralanan - yaralan kimi.

İbrahim Səfərlərin də FS-də bir-birindən yanğılı şeirlərini az oxumamışıq faciələrimizlə bağlı. İbrahim qardaşımız bu dəfə də yazır, həm də ürək döyüntüləri ilə:

"Hər şey yaxşı olacaq",-

Bu acı xəbərə, bu ağır dərdə,

Göylər yerə endi, yer-göy ağladı.

Əridi göylərin bumbuz nəfəsi,

Axan göz yaşları sinə dağladı.

Allahın xəbəri varmı görəsən?

Harda yazılmışdı bu “qara yazı”?!

Bu qısa ömrünü tarixə yazdın,

Kəlbəcər elinin qəhrəman qızı!

"Hər şey yaxşı olacaq" deyə - səslədin,

Qoymadın qırıla, sönə ümidlər.

O çətin zamanda, o son dəyqədə,

Qəhrəman pilotlar göstərdi hünər.

Matəm elan etdi cəsur Sərkərdə,-

Göydə mələklər də yas tutub ağlar!

Səsin dolaşacaq uzaq ellərdə,

Duyan könüllərin sinəsin dağlar,

Anan əl qoyunda, sakit ağlayır,

Sanki bağlanıbdı dili, Hökümə!

Biz necə təskinlik, təsəlli verək,

Büküldü atanın beli, Hökümə?!

Orda hər şey "Qara rəngdədi",

Yolunu gözləyir bir “otaq" sənin.

Bəs niyə masanın üstündə təkcə,

"Qırmızı" rəngdədi sənin şəkilin?!

"Kəməri bağlayın, həm sakit olun",-

Tarixdə qalacaq bu səsin, bacı.

Bu səsə ağlayan Azərbaycanın

Silinməz qəlbindən bu ağrı-acı...

Cəlil müəllim başda olmaqla, Hökümə balamızın bütün qohumlarına doğmalarına dərin hüznlə başsağlığı verirəm. Allah Rəhmət eləsin...

Bəli, elə bu şeirlərdəki hiss-həyacanlardan da duyulur ki, Kəlbəcər eli fəxr edir qəhrəman övladları ilə...

“İkiyə bölünməkdədən elə qorxmuşam

Çöpü də ikiyə bölmərəm daha…”

Mərhum xalq şairimiz Söhrab Tahirin ikiyə bölünməkdən qorxmasına həsr etdiyi şeirindən yazısına bir beyti epiqraf seçən Nigar İmamverdiqızı peşəkar jurnalist olsa da, ixtisasını sevsə də, qaynar mətbuata yenicə qədəm basır. İlk addımları uğurlu olsa da, çox ağır, yazılması zülm olan mövzulara baş vurur. Elimizin nakam taleli qızı Hökumənin amansız və vaxtsız ölümü Nigar İmamverdiqızını da dilləndirib.

Qələmə aldığı yazıdan ürəyinin səsi gəlir:

“…Bir səs ucaldı vida xütbəsidən:"Qadınlar sizə Allahın əmanətidir!"

Yaradılışı qorunmağa möhtac bu ali zərif varlıqda nə qədər təmkin olarmış, ilahi? Ölüm belə yaxın ikən hardan aldlın bu mətanəti taleyinin hökmü amansız olan Hökümə? Xəyallarının qanadlandığı mavi səma son mənzilin oldu. Son uçuş, son titrək səs! Hər şey yaxşı olacaq deyib qeyb oldun aramızdan. Ruhun mavi axına qoşulub yasa boğdu məmləkətimizi. Beləcə, qaldın xəyalımızda, Xəzər gözlü qız.

Hökümənin həyatı haqqında məhdud mənbələr arasında axtarış etdikcə elə də təfərrüatlı məlumata rast gəlmədim.Axı, nə tapacaqdım ki? Ömrünün cənnət yaşında əlvida demişdi həyata - 33 bahar yaşamısdi. Payızını yola verməmiş ömrünün qışını gətirdi damansız düşmən. Bu qısa ömürdə əldə edilə biləcək uğurlara sahib idi.Yüksək balla universitetə daxil olmuş, magistr və doktorantura pilləsini bitmişdir. Azarbaycan Hava Yollarında öncə tərcüməçi, sonra isə stüardessa kimi işinə davam etmişdir. Bu sonuncu uçuşu idi Hökümənin. Sonra hüquqşünas kimi davam etirəcəkdi işini. Olmadı...

Son səfər onu ölümə görürdü.Mətinlik bürüdüyü səsiylə hər kəsə ümid verib ölümün gözünə dik baxaraq təlaşını qorxusunu ürəyinə gömdü Hökümə…”

Kirman Rustəmlinin “Sönməyən ümid” adlı şeirində ümumi fikirin bir ünvanı var – Ümid adlı. Ümid ışıqdı, sabahdı, ölməyən, bitməyən son şans qədər gərəklidir. Buna görə də sönməyən ümidin göylərin yeddinci qatında param-parça olması şairin sanki qəlbini də şüşə kimi çilikləyib tökür:

Döyünür şüşəyə beləcə ümid,

Arzudur qəlblərdə öyünür ümid.

Gözlər də yol çəkir, göynüyür ümid,

Gör harda talelər düyünə düşdü?!

Hər ümid səmadan asıla qaldı,

Yerlə göy arasında qısıla qaldı.

Talelər bitincə, sarsıla qaldı,

İnsanın fəryadı göyünə düşdü.

Nələr yaşadılar, göyün qatında?

Yaşamaq gözəlmiş, həyat dadında.

Ölümün dəhşəti ayaq altında,

Ümidlər ölümün küyünə düşdü?!

Kiminin taleyi bitməmiş hələ,-

“Allahu-Əkbər”i gətirmiş dilə.

Sevincdən göz yaşın o silə-silə,

Sönməyən ümidi köyünə düşdü.

A GÖYLƏR QIZI...

Deyəsən, göylərdə mələk kimi qeyb olan Hökümə xanımın ağrısına təsəlli olacaq insanlar yalnız onun ailəsini, doğmalarını yaxın-uzaq tanıyanlar deyil. Hər kəs çalışır ki, bu “təsəllidə” bircə kəlmə sahibi olsun. İqbal adlı bir qələmli həvətənimiz də fikirlərini FS-də belə nəzmə çəkib:

Bu acı xəbərin bağrımı dəldi,

Heyif, ay Hökümə, a göylər qızı.

Əlasdan kişinin şəkər nəvəsi,

Cəlil müəllimin hünərvər qızı,

Heyif, ay Hökümə, a göylər qızı.

Aylı gecələrdə səfəri sevən,

Günəşli gündüzü, səhəri sevən,

Səmanın aşiqi, göyləri sevən,

Azad Vətəninin a pərvər qızı,

Heyif, ay Hökümə, a göylər qızı.

Bir acı taleyin qədəri oldun,

Milyard İqbalların kədəri oldun.

Dünyanın dilinin əzbəri oldun,

Unutmaz min illər, ha soylər qızı.

Heyif, ay Hökümə, a göylər qızı.

Səadət Şabanqızını yəqin ki, sosial şəbəkə fəalları, xüsusən də söz sevdalılar pis tanımaz. Açığı, mən şeirini ilk dəfədir oxuyuram. Şeiri məni elə duyğulandırdı ki. Mövzunu qəlbinin süzgəcindən keçirən Səadət Şabanqızı Hökumə xanıma bir ana-bacı laylası çalır sanki:

“Hər şey yaxşı olacaq!”,-

Dedi gözəl Hökümə.

Onun titrək səsindən,

Ümid doldu köksümə.

Hamını sakit edib,

Onlara sarı gedib.

Bilirdi ömrü bitib,

Can qoyurdu dözümə.

Təyyarə tən bölündü,

Qan gölünə o, döndü.

Neçə can, həyat söndü,

Sən də getdin ölümə.

Hər şey yaxşı olmadı,-

Günəşimiz doğmadı.

Fələk qana boyadı,

Lənət onun hökmünə.

Peşən hüquqşünasdı,

Bu olay nələr açdı.

Yolunda cığır aşdı,

Yandın odun közünə.

Mələk tək şəhid oldun,

Çiçəyin-gülün soldu.

Görən sənə nə oldu,

Düşdün ruhlar köçünə?!

Ürəklərə həkk olub,

Qorxu-hürkünü qovub.

Hətta ölmünü duyub,

Sadiq qaldın sözünə.

Baxdın ölmün gözünə.

“HƏR ŞEY YAXŞI OLACAQ”

Təyyarə qəzasında həyatını itirən stüardessa Hökümə Əliyevanın timsalında bütün həlak olanların əziz xatirəsinə ithaf edilən bu şeirin müəllifi isə Elməddin Nicatdır:

Sən yaxşı olacaq dedin,

Heç yaxşı olmadı axı…

Tanrıya yaxın adamın,

Naxışı olmadı axı…

Qəsdi nə imiş taleyin,

Nə ölümdür?- gəldi yeyin…

Bu yer əməlidir, göyün-

Qarğışı olmadı axı…

Yaşadın ömrün ucasın,

Daha kim qaldı uçası.

Göylərin səni qucası

Ağuşu olmadı axı…Bu da uzaqdan-yaxınndan tanıdığım bir televiziya verilişinin aparıcısı Bəhruz Niftəliyevin Hökumə balaya həsr etdiyi lirik ağrısı:

Gülləri sənə sərdim,

Ürəyim sərasərdi,

Son cümlən bir əsərdi,-

“Hər şey yaxşı olacaq!”

Ya bu ömrü sar sayın,

Ya ümidi saxlayın,

Kəmərləri bağlayın,

“Hər şey yaxşı olacaq!”

Bu dünyanın düzünə,

Əyrisi nə, düzü nə?!

Düz ölümün gözünə…

“Hər şey yaxşı olacaq!”

Səmadan göyə get sən,

Sinəmdə göynərtisən.

Son anda nə deyirsən,-

“Hər şey yaxşı olacaq?!”

Nədir bu ömür axı?

Nədir bu ölüm axı?

Tanrı çəkib çarmıxı…

“Hər şey yaxşı olacaq?!”

NİYƏ BELƏ TEZ SOLDU AZƏRBAYCAN ÇİÇƏYİ?

Əslən qarabağlı olan bir qələmli söz sahibi kimi sosial şəbəkədə tanınan Gülbəniz xanım Gülnurun bu qoşmasını da oxumaqla, xalqımızın vətən qızına olan dərin ehtiramının iştirakçısına çevrilək. Gülbəniz xanım hər hadisəyə şeir yazan müəlliflərdən deyil. Onun təsirləndiyi məqamlar gec olur, amma güclü olur. Görək, o, Hökümə xanımın faciəsini necə qarşılayıb:

Hansı arzularla qalxdın göylərə,

Ordan da son dəfə baxdın yerlərə?!

Bir ümid, təsəlli verib sərnişinlərə,

“Hər şey yaxşı olacaq”,-dedin, Hökümə.

Təmkin, cəsarətin kimsədə olmaz,

O gözəl üzünü xalqın unutmaz.

Sənin yerini də kimsə doldurmaz,

Hər zaman görünər yerin, Hökümə!

Çox gənc getdin, yaşa dolmadın,

Ətirli gül oldun, çiçək açmadın.

Gəlin köçdünsə də, ana olmadın,

Arzusu gözündə getdin, Hökümə!

Qəza vaxtı alovlanıb yananda,

Kaş biləydim nə düşündün o anda.

Ömrüm boyu getməyəcək bir an da,

Qulağımdan titrək səsin, Hökümə!

Bu da Bella Zəngibasarlının “Azərbaycan çiçəyi”. Baxın, çiçək yazda açar, payız solar. Amma Bella xanımın çiçəyi qışda da gül açıb, həm də havada-səmada və yerdə…

Sən göylər mələyiydin, səmalarda süzərdin,

Arzuları boynuna mirvaritək düzərdin.

Sən göylər şahinitək, cəsurdun, igid ərdin,

Niyə sənə qıydılar könüllərin mələyi,

Niyə belə tez soldu Azərbaycan çiçəyi?

Hələ kəsilməmişdi, qulaqlardan toy səsi,

Ay ata-anasının istək, ümid, nəfəsi.

Sən idin öz bəyinin həyata tək həvəsi,

Niyə oldun göylərin ruzigarı, küləyi,

Niyə belə tez soldu Azərbaycan çiçəyi?

Özü qorxu yaşadı, təsəlli verdi o an,

Niyə kömək olmadı ona böyük Yaradan?!

Yaralar qaysaq tutmaz, göynəyəcəkdir hər an,

Niyə yarımçıq qaldı hər bir arzu, diləyi,

Niyə belə tez soldu Azərbaycan çiçəyi?

Hədəfi vurmaq üçün nişangahda bitdilər,

Görən kimin əmrinə, fitnəsinə getdilər?

Günahsız insanları niyə qurban etdilər?

Nə idi alçaqların hiylə, fəsad, kələyi?

Niyə belə tez soldu Azərbaycan çiçəyi?

Həmişə vüsaldan, hicrandan yazan Vüsal Hicran bu dəfə qələmini başqa mövzuda nəzmə çəkib. Axına qoşulmaq kimi anlaşılmasın. Qəlbinin səsini ağ kağıza qara rəngdə yazanlardandır Visal Hicran həmişə. Budur Hökumə xanımın ruhuna ünvanlı, onun öz dili ilə qələmə aldığı bir gəraylısı ilə də imzasını təsdiqləyir:

Sonda mən olmasam da,

Hər şey yaxşı olacaq!

Son ümiddən bərk tutun,

Hər şey ayxşı olacaq!

Gül açacaq gümanlar,

Ötəcək bu zamanlar,

Dağılacaq dumanlar,

Hər şey yaxşı olacaq!

Nə qorxun, nə ağlayın,

Bir az ümid saxlayın.

Kəmərləri bağlayın,

Hər şey ayxşı olacaq.

Eyvaz Əyyub təkcə şair kimi deyil, ilk növbədə qazi, müəllim və kəlbəcərli qələm adamlarından biridir. Onunda özünəməxsus lirik dünyası var. Hərdən istəyəndə pıçıldadıqları misraları ilə görüşə gəlir. Bu dəfə o, digər kəlbəcərlilərdən fərqli yanaşma seyr etdirib hadisəyə. Baxıb ki, hamı eləcə Hökümə xanımdan danışır. Oradakı digər nakam talelilər unudulur. Eyvaz Əyyub FS-də yazır: “ 25.12.2024-cü ildə baş vermiş təyyarə qəzasında dünyasını dəyişən 8-ci sinif şagirdi Eganov Muhammad Ali-Faridin qələmlərinin yerə dağıldığını gördüm..

Günəş qəm içində doğmuş bu səhər,

Buludlar göz yaşı tökər, danışmaz.

Göy üzü büsbütün qərq olub qəmə,

Bu acı taleylə kimsə barışmaz.

Qələmlər dağılıb, sahibin gəzir,

Arzular tökülüb qanlı yer üstə.

Bir vaxt xoş xəbərlər yazan qələmlər,

Göz yaşı doğurur burda hər kəsdə.

Qələmlər, kağızlar saçılıb yerə,

Bir xəyal dünyası göylərə uçar.

O məsum arzular sığmaz heç yerə,

Gah göydə uçuşar, gah yerdə qaçar.

Bir uşaq dünyası qalıb susqunca,

Ürəyin ağrısı silinməz daha!

Bir insan ömrünü bitirmək asan,

Bir insan ömrünü qazanmaq baha...

Hökümənin həmkarları yazır ki,

Yaxud birləşmiş qanadlarda qalmaq istəyi

Azərbaycan Hava Yolları faciəsi ilə bağlı Arzu Süleymanov həmkarı Əliyeva Hökuməyə dərin təsirli ehtiramını bildirib.

Hökumə ilə birlikdə işləyən biri kimi, Sumanova əla liderliyi, sakit davranışı və son anlarında sərnişinlərə dərin təsiri haqqında düşünür. Onun səmimi sədaqəti Hökumənin gücünü, şəfqətini və səmanın əsl qəhrəmanı kimi geridə qoyub getdiyi irsi hiss edən bir xatırlatma rolunu oynayır. O yazır: "Mən Əliyeva Hökumənin Böyük Kabinəyə imtahan verməyə gələndə onun təlimatçısı olmaq şərəfinə nail oldum. O, həmişə sakit və sakit bir varlıq, sakit gücü ilə çox şey ifadə edən idi. İmtahanın sonunda ona sadə bir sual verdim:

-Hökumə, fövqəladə vəziyyət olsa, sərnişinlərə necə müraciət edərsən?!

Onun cavabı unudulmaz oldu:

-Komandamıza etibar edin. Hər şey nəzarət altındadır və hər şey yaxşı olacaq.

Hökumə ən böyük sınaq anında məhz bu sözlərlə yaşayırdı. O, hər kəsi rahatlaşdırdı, onların təhlükəsizliyinə üstünlük verdi və ekipaj olaraq bizim ən yaxşı tərəfimizi təmsil edən güclü, qətiyyətlə onlara rəhbərlik etdi.

Hökumə, biz sizin həmkarlarınız olmaqdan qürur duyuruq. Sizin sarsılmaz çağırışınız - "Hər şey yaxşı olacaq" - həyatın çətin anlarında ümid və güc işığı kimi bizə cavab verəcəkdir.

Siz və kapitanlarımız rahatlıq tapsınlar. Siz həmişə sevgi və hörmətlə xatırlanacaqsınız"...

Murovum da qəddini əyib, elə Şahdağım da!

Belə zülm görmədik bu acıda, bu ağrıda!

Allaha pənah aparan mələk,

Bu nə zülm idi çəkdirdi fələk?!

Şahdağa göylərdə güc gəldi külək?!

Söz tapa bilmirəm bu acı dərdə!

Adınız dillər əzbərdi indi hər yerdə!

Səni yaxşı tanıdıq elə bu hünərdə!

Təsəlli verirdin, “qorxmayın!”-deyə!

Fələk necə qıydı sən tək mələyə?!

“Hər şey yaxşı olacaq!”-dedin, sonunda

Toxtaqlıq tapırdı bunu duyan da!

Göydən qan yağdımı, daş-qaya, nəydi?!

Sizə bilmədiniz nə güllə dəydi?!

Bilmirik fəlakət, ya da qəsdimi,

Alıbdı qan-qada niyə üstümü?!

Pilotların da əsim-əsim əsirdi,

Yolu qısaltmaqçün hey tələsirdi.

Gözlərin önünə, danış, din, bala,

Axı, son anda kimlər gəlirdi?!

Ey göylər mələyi, səsin, çağrışın

Yeri də, göyü də bürüyüb, bacım!

Sən ey Vətənqızı, mənim baş tacım!

Nə ana ağlasın, nə bacı səni,

Sən özün özünə ağı demisən,

Kəsdi yolumuzu yağı demisən!

Yaralı uçağın söndü “ürəyi”,

Bu yerdə sən oldun sözün gərəyi!

“Hər şey yaxşı olacaq”-təsəllisiylə

Yerə sağ-salamat enmək həvəsiylə

Ölümdən qorxmayın deyirdin sanki,

Yaxşı duyurdun bunları sən ki.

Dəniz qucaqlasa daha da dəhşət,

Bizi çox üzəcək hələ bu vəhşət!

Kim tapacaqdı sizi dərya dibindən,

Kim dözə bilərdi dərdi-sərindən?!

Sən göylər mələyi, taleyikəm qız,

Göylərdə bərq vur əbədi, yalqız!

Nigar İMAMVERDİQIZI,

“Yenilik-press” qəzetinin redaktor müavini,

Məhəmməd NƏRİMANOĞLU,

“Yenilik-press” qəzetinin baş redaktoru

Bakı, 28 dekabr 2024-cü il.

seeBaxış sayı:100
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri