İnvestisiya dalğası: iqtisadiyyatda nə dəyişəcək?
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2027-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 5,3 milyard manat olması nəzərdə tutulur. Bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 96,3 faiz çoxdur, yəni təxminən iki dəfə artım deməkdir. Gələn il investisiya xərcləri iqtisadi fəaliyyət xərclərinin 59,5 faizini təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, bu il üçün proqnoz 34,4 faizdir. İnvestisiya xərclərinin 2028-ci ildə 5,5, 2029-cu ildə 5,6, 2030-cu ildə isə 5,7 milyard manat olacağı proqnozlaşdırılır.
Azərbaycanda investisiya xərclərinin artırılması iqtisadi siyasətdə mühüm mərhələ kimi qiymətləndirilir. Bu addım sadəcə büdcə xərclərinin artması deyil, ölkənin gələcək inkişafına hesablanmış strateji qərardır.
Ekspertlər bu artımı Azərbaycan iqtisadiyyatı üçün ən düzgün istiqamətlərdən biri hesab edirlər. İqtisadçıların fikrincə, bu gün investisiyaya qoyulan hər manat sabah iş yeri, vergi və ixrac gəlirləri şəklində geri qayıda bilər. Bu, iqtisadi artımın ən sağlam yoludur.
İnvestisiyalar hansı sahələrə yönəlməlidir?
İqtisadçı ekspert Asif İbrahimov bildirir ki, investisiyaların iqtisadiyyata faydası onların hansı layihələrə yönəldilməsindən asılıdır: "Dövlət investisiyalarının planlaşdırılmasında əsas məqsəd özəl sektorun inkişafına şərait yaratmaq və xarici investisiyaları cəlb etmək olmalıdır. Dövlət, ilk növbədə, yol, enerji, su təchizatı, nəqliyyat, rəqəmsal infrastruktur və sosial obyektlər kimi ümumi iqtisadi inkişaf üçün vacib sahələrə vəsait ayırmalıdır. Keyfiyyətli infrastruktur sahibkarların istehsal müəssisələri qurmasını asanlaşdırır. Onlar üçün hüquqlarının qorunması və qanunvericiliyin sabitliyi də vacibdir".
Azərbaycanın qarşısında uzun illərdir duran əsas hədəf iqtisadiyyatın neftdən asılılığını azaltmaqdır. İnvestisiya xərcləri məhz bu hədəfə xidmət edir. Qeyri-neft sektoruna - kənd təsərrüfatına, turizmə, yaşıl enerjiyə, informasiya texnologiyalarına, emal sənayesinə yönələn vəsait ölkəni dünya bazarındakı qiymət dalğalanmalarından qoruyur. Neft ucuzlaşsa belə, iqtisadiyyat dayanmır, çünki artıq başqa dayaqlar da var.
İnvestisiya xərclərinin mühüm hissəsi işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilir. Ağdamda, Füzulidə, Laçında, Şuşada yeni şəhərlər salınır, ağıllı kəndlər qurulur, yollar, hava limanları, su və elektrik şəbəkələri çəkilir. Bu, sadəcə tikinti deyil. Bu, minlərlə ailənin öz yurduna qayıtması, həmin torpaqlarda həyatın yenidən başlaması deməkdir. Hər yeni ev, hər yeni məktəb böyük qayıdışın bir addımıdır.
İqtisadçının sözlərinə görə, dövlətin istehsal sahələrinə birbaşa vəsait yatırması məsələsinə daha diqqətlə yanaşmaq lazımdır. Dövlət hər sahədə zavod və fabrik tikməyə, kommersiya fəaliyyəti ilə məşğul olmağa və özəl sektorla rəqabət aparmağa məcbur deyil: "Onun əsas vəzifəsi sahibkarların qarşısındakı maneələri aradan qaldırmaq, sağlam rəqabəti təmin etmək və investisiya mühitini yaxşılaşdırmaqdır. Xarici investisiyaların cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır. Xarici investor ölkəyə yalnız vergi güzəştlərinə görə gəlmir. Onun üçün hüquqi təminat, şəffaf satınalma sistemi, müstəqil məhkəmə müdafiəsi, proqnozlaşdırıla bilən iqtisadi siyasət və bazara bərabər çıxış imkanları da vacibdir. İnvestisiyaların hüquqi müdafiəsi və biznes qərarlarına əsassız müdaxilənin qarşısının alınması yeni texnologiyaların, idarəetmə təcrübəsinin və əlavə iş yerlərinin ölkəyə gətirilməsinə kömək edə bilər".
Azərbaycan investisiya xərclərini artırmaqla açıq mesaj verir. Ölkə gələcəyini təsadüfə buraxmır, onu özü qurur. Bu siyasət yeni iş yerləri, güclü regionlar, neftdən asılı olmayan iqtisadiyyat və dirçələn Qarabağ deməkdir. Bu isə hər bir vətəndaşın həyatına birbaşa müsbət təsir edəcək.
Dövlətin birbaşa iştirakı nə zaman vacibdir?
Asif İbrahimovun fikrincə, dövlət investisiyalarının artması özlüyündə iqtisadi inkişafın göstəricisi deyil. Əsas məsələ ayrılan vəsaitin qeyri-neft sektorunun inkişafına, özəl sərmayələrin artımına və daimi iş yerlərinin yaradılmasına nə dərəcədə töhfə verməsidir: "Bəzi strateji və kommersiya baxımından cəlbedici olmayan sahələrdə dövlətin birbaşa iştirakı zəruri ola bilər. Lakin belə qərarlar iqtisadi cəhətdən əsaslandırılmalı, vəsaitin istifadəsi şəffaf olmalı və layihələrin uzunmüddətli faydası qiymətləndirilməlidir".
Dövlət investisiyalarının ən böyük təsirlərindən biri nəqliyyat və logistika sektorunda müşahidə olunur. Yolların çəkilməsi, körpülərin tikilməsi və digər infrastruktur layihələrinin həyata keçirilməsi daşınmaları asanlaşdırır, logistika xərclərini azaldır və təchizat zəncirinin səmərəliliyini artırır. Nəticədə məhsulların maya dəyəri aşağı düşür ki, bu da həm nəqliyyat-logistika sektorunun, həm də bütövlükdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Dövlət investisiyalarının mühüm istiqamətlərindən biri də enerji sektorudur. Enerji infrastrukturunun yaradılması və genişləndirilməsi əsasən dövlət investisiya layihələri hesabına həyata keçirilir. Bu isə sektorun davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Eyni zamanda, su təsərrüfatı və digər mühüm infrastruktur sahələrinin inkişafı da dövlət investisiyalarının hesabına reallaşdırılır. İnfrastrukturun gücləndirilməsi iqtisadi fəallığı artırdığı üçün onun müsbət təsiri bütün sahələrdə hiss olunur.
Dövlət investisiyalarının müsbət təsiri bununla məhdudlaşmır. Bu investisiyalar kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm, eləcə də rəqəmsal iqtisadiyyatın müxtəlif istiqamətləri və alt sektorlarının inkişafına da mühüm töhfə verir. Nəticədə iqtisadiyyatın şaxələndirilməsi sürətlənir, dayanıqlı inkişaf üçün əlverişli zəmin formalaşır.
Qeyri-neft sektoruna xarici sərmayə cəlbi
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycan enerji sahəsində xarici investorlar üçün kifayət qədər cəlbedici ölkədir: "Son illərdə ölkənin enerji sektoruna, xüsusilə neft-qaz sənayesinə, eləcə də bərpa olunan enerji istiqamətlərinə - günəş və külək enerjisi layihələrinə on milyardlarla dollar həcmində xarici investisiyalar cəlb olunub. Bu baxımdan Azərbaycanın enerji sahəsində xarici investorlarla əməkdaşlıq təcrübəsi kifayət qədər genişdir və ölkə bu istiqamətdə mühüm layihələr həyata keçirir. Lakin əsas problem real sektora, xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi ilə bağlıdır. Bu sahəyə yönələn investisiyaların həcmi mövcud potensialla müqayisədə çox azdır. Başqa sözlə, enerji sektorunda əldə olunan investisiya uğurunu qeyri-neft sektorunda hələlik eyni səviyyədə müşahidə etmirik".
İnvestor üçün əsas şərt - etibarlı mühit
Ekspert qeyd edib ki, bunun üçün Azərbaycanın investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırması lazımdır: "İlk növbədə, investorların hüquqlarının və yatırımlarının qorunması istiqamətində daha etibarlı mexanizmlər formalaşdırılmalıdır. Bununla yanaşı, xarici investorlar üçün vergi və gömrük güzəştlərinin tətbiqi, bazara çıxış imkanlarının sadələşdirilməsi, lisenziyaların alınması və digər inzibati prosedurların asanlaşdırılması vacibdir. Bütün bu istiqamətlər üzrə investorlar üçün daha əlverişli və rəqabətqabiliyyətli təkliflər paketi hazırlanmalıdır. Çünki xarici investor hər hansı ölkəyə vəsait yatırmaq qərarı verərkən yalnız bazarın potensialını deyil, eyni zamanda fəaliyyət göstərəcəyi mühitin sabitliyini, hüquqi təminatları, biznesin idarə olunması imkanlarını və investisiyasının təhlükəsizliyini də nəzərə alır. Məhz bu amillər nəzərə alınmaqla, qeyri-neft sektorunda xarici investisiyaların cəlb edilməsi üçün daha sistemli və məqsədyönlü siyasət həyata keçirilməlidir. Təəssüf ki, hazırda bu sahədə müəyyən problemlər mövcuddur və onların aradan qaldırılması investisiya axınının artırılması baxımından mühüm əhəmiyyət daşıyır".
İnvestisiyanın zəncirvari təsiri
İqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda investisiya xərclərinin artırılmasını müsbət qiymətləndirib. İqtisadçı bildirib ki, dövlətin vəsaiti istehlaka yox, kapital yığımına yönəltməsi uzunmüddətli böyümənin əsas şərtidir: "Dövlət 1 manat investisiya qoyanda, iqtisadiyyata 2-2,5 manat geri qayıdır. Çünki tikintidə işləyən fəhlə maaş alır, maaşını mağazada xərcləyir, mağaza sahibkarı vergi ödəyir. Yəni investisiya təkcə bir sahəni yox, bütün zənciri hərəkətə gətirir".
Ekspert əlavə edib ki, dövlət investisiyası özəl sektor üçün də yaşıl işıqdır: "Dövlət Qarabağda yol çəkirsə, sahibkar orada otel tikir. Dövlət sənaye parkı yaradırsa, sahibkar orada zavod açır. Bu, iqtisadiyyatda zəncirvari böyümə yaradır".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Noyabr 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















