IRENA nın baş direktoru: Qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfini itirə bilərik MÜSAHİBƏ
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 7 noyabr, Vüsalə Səfərova, AZƏRTAC
Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) qlobal miqyasda enerji sisteminin transformasiyasının aparıcı qüvvəsi və əməkdaşlıq üçün başlıca platforma kimi qabaqcıl təcrübə mərkəzi rolunu oynayaraq bu sahədə siyasət, texnologiya, resurslar və maliyyə imkanları haqqında bilikləri bir yerə toplayan hökumətlərarası təşkilatdır. IRENA dayanıqlı inkişaf, enerjiyə çıxış, enerji təhlükəsizliyi və aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəflərini rəhbər tutaraq bioenerji, geotermal, hidroenergetika, okean, günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan enerjinin bütün növlərinin geniş yayılmasını və davamlı istifadəsini təşviq edir. Yarandığı dövrdən indiyə kimi təşkilata 169 ölkə və Avropa İttifaqı (Aİ) üzv olub. Azərbaycan 2009-cu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə IRENA-nın nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Ötən il yanvarın 14-15-də IRENA Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.
IRENA-nın baş direktoru Françesko La Kamera AZƏRTAC-a müsahibə verib. Müsahibədə baş direktor yaşıl keçidlə bağlı hədəflərə çatmaq üçün prioritet olan məsələlər, texnoloji yenilik platformaları, yaşıl investisiya təşviqləri, həmçinin ədalətli enerji keçidi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik:
- Dünyada bərpaolunan enerji siyasət, texnologiya və investisiya baxımından güclü şəkildə dəstəklənərək, istehsal gücləri ilbəil artsa da, mövcud inkişaf tempi hələ ki yaşıl keçidlə bağlı gözləntilərə tam cavab vermir. IRENA-nın məlumatına görə, ötən il dünyada 582 giqavat yeni bərpaolunan enerji gücü quraşdırılıb. Lakin bu göstərici 2030-cu ilədək bərpaolunan enerji gücünü üç dəfə artırmaq hədəfinə çatmaq üçün tələb olunan illik 16,6 faiz artım tempindən geri qalır. Bəs bu hədəfə çatmaq üçün qlobal səviyyədə hansı addımların atılması mütləqdir və əsas prioritet hansı məsələlərdir?
- Hazırkı inkişaf tempi ümumilikdə müsbət qiymətləndirilə bilər. Artıq üç ildir ardıcıl olaraq yeni rekordlar müəyyənləşdiririk. Təkcə ötən il 582 giqavat yeni güc əlavə olunub. Bu isə sadə şəkildə desək, 2024-cü ildə quraşdırılan ümumi enerji gücünün 92 faizinin bərpaolunan mənbələr hesabına formalaşdığını göstərir.
Bu tendensiyanın əsas səbəbi odur ki, bərpaolunan enerji bu gün dünyanın böyük hissəsində elektrik enerjisi istehsalının ən rəqabətədavamlı formasıdır. Əldə olunan nəticələr təsiredici olsa da, mövcud inkişaf hələlik Paris Sazişinin iqlim məqsədlərinə tam uyğun templə irəliləmir.
Başqa sözlə, istiqamət doğrudur, lakin sürət və miqyas baxımından proses daha da gücləndirilməlidir. Əks halda BMT Baş katibinin bir neçə gün əvvəl xəbərdarlıq etdiyi kimi, qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfini itirmək təhlükəsi ilə üz-üzə qala bilərik.
- COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 giqavat gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. Bu vəd bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq edərək qlobal enerji sistemlərinin dayanıqlılığını təmin etmək məqsədinə necə xidmət edir? Ümumiyyətlə, COP29-un nəticələrini və enerji üzrə təşəbbüslərini necə dəyərləndirirsiniz?
- Son illərdə biz fəaliyyətimizdə qlobal yanaşmadan daha çox praktiki nəticələrə yönələn regional yanaşmaya keçmişik. Yəni artıq sadəcə hesabatlar və analitik baxışlar təqdim etmirik, bu bilikləri real fəaliyyət və yerli səviyyədə konkret nəticələrə çevirməyə çalışırıq. Bu məqsədlə indiyədək 100-dən çox ölkəyə onların milli iqlim planlarının hazırlanmasında dəstək göstərmişik. Həmçinin bərpaolunan enerji sahəsində regional təşəbbüslərə başlamışıq, o cümlədən Afrika üçün Sürətləndirilmiş Bərpaolunan Enerji Tərəfdaşlığı, Mərkəzi Asiyada Bərpaolunan Enerji Proqramı və cəmi bir həftə əvvəl Sinqapurda Cənub-Şərqi Asiya üçün yeni təşəbbüs təqdim etmişik. Bizim yanaşmamız mərhələli və sistemlidir. Əvvəlcə regional təhlillər əsasında hər bir ölkə üçün enerji keçidi planları hazırlayırıq. Daha sonra bu planları maliyyə cəhətdən reallaşdırıla bilən layihələrə çeviririk və həmin layihələrin maliyyələşdirilməsini və həyata keçirilməsini dəstəkləyirik.
Məsələn, iki həftə əvvəl Sierra Leonedə keçirilən investisiya forumu böyük uğurla nəticələndi. Burada 200 milyon dollarlıq enerji layihələrinin maliyyələşməsi yekunlaşdırıldı. Beləliklə, biz 360 dərəcəlik yanaşma tətbiq edirik: müxtəlif regionların fərqli imkanlarını və ehtiyaclarını nəzərə alaraq, planlaşdırmadan icraya qədər bütün mərhələləri əhatə edən tam inteqrasiya olunmuş bir model üzərində işləyirik. Məqsədimiz heç bir regionun geridə qalmadığı, bütün ölkələrin bərpaolunan enerjinin faydalarından bərabər şəkildə yararlandığı qlobal enerji gələcəyi qurmaqdır.
- Azərbaycanda və regionda (Mərkəzi Asiya, Qafqaz) bərpaolunan enerji siyasətinin IRENA tərəfindən prioritet sayılan sahələri hansılardır?
- Biz açıq şəkildə vurğulamışıq ki, ümumi istiqamət düzgün olsa da, ölkələr və regionlar arasındakı bərabərsizliklər azalmır, əksinə bəzi hallarda daha da dərinləşir. Bununla bağlı ən vacib məqam odur ki, Afrika və Cənub-Şərqi Asiya yaxın illərdə enerji tələbatının ən sürətlə artacağı iki əsas region olacaq. Əgər biz bu artan tələbatın öhdəsindən təmiz enerji vasitəsilə gələ bilsək, həm Paris Sazişinin məqsədlərini qoruyub saxlaya, həm də qlobal iqlim sabitliyinə töhfə verə bilərik. Bu regionlarda diqqətimizi yenidən üç əsas maneənin aradan qaldırılmasına yönəltməliyik. Xüsusilə Afrika və Cənub-Şərqi Asiyada dayanıqlı inkişafla enerji infrastrukturu quruculuğunu bir-biri ilə əlaqələndirmək vacibdir. Əgər bu iki məqsədi birləşdirməyə nail olsaq, nəticə İkinci Dünya müharibəsindən sonra Avropada həyata keçirilən Marşall Planına bənzər olacaq - yəni infrastrukturun inkişafı hesabına iqtisadi dirçəlişin təmin edilməsi. Məhz bu yanaşma sayəsində həmin dövrdə Avropanın bəzi ölkələri bu gün G7-nin aparıcı üzvləri sırasına daxil olmağı bacarıblar.
- İnkişaf etməkdə olan ölkələr üçün bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi hələ də böyük problem kimi qalır. Sizin fikrinizcə, əsas maneələr hansılardır?
- Əslində üç əsas prioritet var. Biz özümüzə belə bir sual qoyuruq: Nə üçün bu gün elektrik enerjisi istehsalında ən rəqabətədavamlı üsul olan bərpaolunan enerji həm də sosial baxımdan ən çox qəbul edilə bilən yoldur?
Çünki o, digər alternativlərə nisbətən üç dəfə çox iş yeri yaradır, enerji təhlükəsizliyini artırır, çünki bu, mərkəzləşdirilməmiş sistemdir – yəni bazarda çox sayda iştirakçı var və heç kim digərini asanlıqla “dayandıra” bilmir. Bəs nəyə görə bu proses daha sürətlə getmir? Burada üç əsas struktur maneə mövcuddur:
İnfrastruktur - bizə qarşılıqlı əlaqəli, çevik və balanslaşdırılmış elektrik şəbəkələri lazımdır.
Bazar sistemi - mövcud enerji bazarları hələ də mərkəzləşdirilmiş, fosil yanacaqlara əsaslanan sistem üçün nəzərdə tutulub və “marjinal xərclər” prinsipi ilə işləyir. Bərpaolunan enerjinin inkişafı üçün xüsusi uzunmüddətli müqavilələrə ehtiyac var.
İnstitusional potensial - biz həm milli, həm də beynəlxalq səviyyədə qurumların idarəetmə bacarıqlarını artırmalıyıq. Çünki yeni enerji sistemi daha mürəkkəbdir və onu idarə etmək üçün uyğun hazırlığa malik qurumlar olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















