Icma.az
close
up
RU
İrəvan nikbindir, Ankara isə təmkinli...

İrəvan nikbindir, Ankara isə təmkinli...

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

2023–2025-ci illərdə Ermənistan və Türkiyə arasında diplomatik dinamika diqqət çəkir: rəsmi İrəvanın nikbin bəyanatları, Türkiyə təmsilçiləri ilə görüşlər və texniki danışıqlar normallaşmaya ümidi artırır. Ancaq bu prosesi şərtləndirən əsas faktor – Azərbaycan və Ermənistan arasında yekun, hərtərəfli sülh müqaviləsi məsələsi – hələ açıq qalır və Ankaranın mövqeyini məhdudlaşdırır. Bütün bunlar normallaşmanın sürətini və formatını müəyyən edir: iqtisadi faydalar və simvolik görüşlər yaxınlaşma üçün şərait yaradır, amma siyasi-praktik reallaşma üçün regional və təhlükəsizlik elementləri həll olunmalıdır.

Ermənistan–Türkiyə münasibətlərinin hazırkı mərhələsində regional kontekst mürəkkəb, çoxqatlı və strateji baxımdan qarşılıqlı asılılıqlar üzərində qurulub. Prosesdə hər bir oyunçu – İrəvan, Ankara, Bakı və böyük güclər – öz maraq sisteminə uyğun hərəkət edir. Lakin bu maraqların kəsişmə nöqtəsində həm imkanlar, həm də ziddiyyətlər meydana çıxır.

Ermənistanın əsas məqsədi uzun illər davam edən regional izolyasiyadan çıxmaq, iqtisadi canlanma əldə etmək və daxili ictimaiyyətə müəyyən ümid siqnalları verməkdir. Nikol Paşinyan hökuməti başa düşür ki, Qərbə inteqrasiya, beynəlxalq legitimlik və iqtisadi dirçəliş üçün Ermənistanın bağlı sərhədlərlə yaşaması davamlı perspektiv vəd etmir. Ona görə də İrəvan diplomatik ritorikasında normallaşma xəttini daha açıq və nikbin formada təqdim edir.

Türkiyə tərəfinin yanaşması daha praqmatik və strateji hesablara söykənir. Ankara İrəvanla münasibətləri normallaşdırmağa qarşı deyil, lakin bu prosesin sürəti və dərinliyi geosiyasi koordinasiyaya bağlıdır. Türkiyə üçün əsas prioritet Cənubi Qafqazda formalaşan yeni balansda öz təsirini qorumaq, regionda “geoiqtisadi mərkəz” rolunu gücləndirmək və Azərbaycanla strateji müttəfiqliyi sarsıtmadan hərəkət etməkdir. 1993-cü ildən bağlı olan sərhədlərin açılması Türkiyənin regional siyasətində ciddi dəyişiklik anlamına gələcək. Buna görə Ankara “səbirli optimizm” xəttini tutur: yəni, diplomatik kanalları açıq saxlayır, lakin konkret addımların atılmasını Bakı ilə razılaşdırılmış çərçivəyə bağlayır.

Azərbaycan bu prosesdə real oyun qurucusudur. Ermənistan–Türkiyə münasibətlərinin istənilən mərhələsində Bakı amili həlledici xarakter daşıyır. Çünki 44 günlük müharibədən sonra yaranmış yeni reallıq regionun bütün siyasi dinamikasını dəyişib. Bakı üçün əsas məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması, sərhədlərin tanınması və təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır. Azərbaycan istəmir ki, İrəvan Türkiyə ilə əlaqələri normallaşdırmaqla bu öhdəliklərdən yayınsın və ya siyasi balans yaratmaq üçün yeni manevr meydanı qazansın. Buna görə də Azərbaycan diplomatiyası prosesə nəzarəti qorumağa, Ankaranın hər addımının Bakı ilə koordinasiyada olmasına nail olmağa çalışır. Bunlar həm də Azərbaycan–Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” doktrinasının praktik təzahürüdür.

Regiondakı digər böyük oyunçular isə prosesə müxtəlif formalarda təsir göstərməyə çalışırlar. Rusiya üçün Cənubi Qafqaz postsovet məkanının mühüm hissəsidir və Moskva burada geosiyasi balansı saxlamaq niyyətindədir. Ermənistan–Türkiyə yaxınlaşması Rusiyanın təsir dairəsini azalda biləcək potensiala malikdir, xüsusilə də əgər bu proses Qərbin vasitəçiliyi və ya Avropa platformaları üzərindən reallaşarsa. Buna görə Moskva bir tərəfdən bu yaxınlaşmaya açıq görünməyə çalışır, digər tərəfdən isə prosesin öz nəzarətindən çıxmamasına çalışır.

Avropa İttifaqı və ABŞ bu prosesdə daha çox diplomatik və iqtisadi alətlərdən istifadə edərək təşviqedici rol oynayır. Onlar Cənubi Qafqazda sülhün təmin olunmasını enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından vacib hesab edir. Avropa üçün Türkiyə–Ermənistan sərhədinin açılması, faktiki olaraq, yeni Şərq Qapısı anlamına gəlir – Orta Dəhlizin və Qafqaz üzərindən Asiyaya çıxışın daha sabit formalaşması. ABŞ bu prosesi həm Rusiya, həm də İranın təsirinə qarşı yumşaq balans vasitəsi kimi görür. İran məsələsi xüsusi həssaslıq daşıyır. Tehran üçün Türkiyə–Ermənistan yaxınlaşması potensial olaraq regionda yeni geosiyasi enerji və nəqliyyat marşrutlarının yaranması, yəni İranın tranzit mövqeyinin zəifləməsi deməkdir. Buna görə İran bu yaxınlaşmanı diqqətlə izləyir və balanslaşdırıcı siyasət yürüdür.

İrəvanın diplomatik nikbinliyi, Ankaranın strateji səbirlə müşayiət olunan ehtiyatlı siyasəti, Bakının müəyyənedici rolu və böyük güclərin maraqlarının toqquşması bu prosesin nəticəsini formalaşdırır. Burada hər addım həm iqtisadi, həm də ideoloji nəticələr doğurur. Və məhz bu səbəbdən regionun növbəti mərhələsində normallaşma prosesinin taleyi, əslində, bütün Qafqazın geosiyasi gələcəyinin göstəricisinə çevrilir.

***

Regionda qüvvələr nisbətinin dəyişməsi fonunda Ermənistan–Türkiyə münasibətlərinin normallaşması prosesi bir sıra prioritet problemlər və siyasi məntiq zənciri ilə müəyyən olunur. Səthi görünən diplomatik jestlərin arxasında çox dərin strateji hesablama, psixoloji və təhlükəsizlik balansı dayanır. Əslində, məsələ təkcə iki ölkə arasında sərhədlərin açılması və ya diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmır. Söhbət Cənubi Qafqazda yeni güc arxitekturasının formalaşmasından gedir.

1993-cü ildə sərhədin bağlanması qərarı Ankaranın öz təşəbbüsü ilə verilmişdi və bu qərarın əsasında Qarabağ münaqişəsi dayanırdı. Deməli, sərhədin açılması da həmin kontekstdən ayrılıqda nəzərdən keçirilə bilməz. 2020-ci ildə 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqda Türkiyə bu siyasətini dəyişməyib. Yəni, Ermənistanla münasibətlərin tam bərpası Bakı ilə sülh müqaviləsinin imzalanması, İrəvanın Azərbaycanın ərazi bütövlüyünə faktiki hörmətindən asılıdır. Bu mənada Ankara “səbirli diplomatiya” modelinə üstünlük verir: emosional addımlar atmaq əvəzinə, prosesin mərhələli şəkildə yetişməsini gözləyir. Türkiyə siyasi dairələrində hesab olunur ki, erkən normallaşma yalnız Bakının razılığı olmadan deyil, həm də Ermənistanın daxilində tam sosial dəstək qazanmadan həyata keçirilərsə, proses dayanıqsız olacaq.

Ermənistan üçün bu məsələ daha çox “zaman amili” ilə bağlıdır. İrəvan üçün hər bir addımın vaxtında və sürətlə atılması vacibdir, çünki daxili ictimaiyyətin səbir limiti tükənmək üzrədir. Müharibədən sonra iqtisadi durğunluq, əhalinin sosial narazılığı və Qərbə inteqrasiya ümidlərinin zəifləməsi Paşinyan hökumətini yeni diplomatik jestlərə sövq edir. İrəvan Türkiyə ilə sərhədin açılmasını iqtisadi nəfəs yolu və beynəlxalq aləmdə siyasi imicini möhkəmləndirən vasitə kimi görür.

Bu iki yanaşma arasındakı fərq normallaşma prosesinin ritmini müəyyən edir: İrəvan tələsir, Ankara isə gözləyir. Lakin hər iki tərəf anlayır ki, sülh və açıq sərhədlər olmadan regionda davamlı iqtisadi inkişaf və nəqliyyat inteqrasiyası mümkün deyil. Türkiyə üçün Ermənistanla əlaqələrin bərpası Orta Dəhlizin Qafqaz hissəsini tamamlayan strateji zəncirdir, Ermənistan üçün isə bu, təcriddən çıxış biletidir. Amma bu iki rasional məqsədin kəsişmə nöqtəsində bir təhlükəsizlik baryeri dayanır – Azərbaycan faktoru.

Bakı üçün bu prosesin “nəzarətli” şəkildə inkişaf etməsi həyati əhəmiyyət daşıyır. Azərbaycan regionda yaranmış yeni geosiyasi üstünlüyünü qorumaq, Qarabağ sonrası vəziyyəti hüquqi-siyasi zəminə salmaq və Ermənistanın revizionist ritorikasının tamamilə aradan qalxmasını təmin etmək niyyətindədir. Buna görə də Bakı Ankara ilə koordinasiyada, normallaşmanın bütün mərhələlərinin sülh sazişi çərçivəsində razılaşdırılmasını tələb edir.

Prosesin arxasında dərin bir siyasi məntiq dayanır: Türkiyə və Azərbaycan Cənubi Qafqazda vahid strateji xətt formalaşdırıblar və xəttin mahiyyəti “regional sabitlik yalnız ədalətli sülh üzərində qurula bilər” prinsipinə əsaslanır. Ermənistan bu reallığı qəbul etdikcə, normallaşma yolunda irəliləyir; əks halda, proses yalnız formal bəyanatlarla məhdud qalır. Eyni zamanda, burada daha incə bir balans var. Türkiyə Ermənistanla dialoqu tam dayandırmaq istəmir, çünki bu, Ankaranı beynəlxalq arenada sülh təşəbbüslərinə qapalı tərəf kimi göstərə bilər. Buna görə Ankara diplomatik kanalları açıq saxlayır, texniki səviyyədə addımlar atır.

Digər tərəfdən, normallaşma prosesində regiondakı psixoloji faktorlar – xalqlar arasında yüzillik etimadsızlıq, tarixi yaddaşın yükü və emosional travmalar – mühüm rol oynayır. Bu səbəbdən tərəflər üçün ən çətin vəzifə ictimai şüuru dəyişdirməkdir. Paşinyanın “normal qonşular kimi yaşamaq istəyirik” sözləri Ermənistan cəmiyyətini dəyişmək cəhdi, uzun illər “düşmən obrazı” üzərində qurulmuş milli narrativdən uzaqlaşdırmaq təşəbbüsüdür. Lakin bu tip transformasiyalar zaman tələb edir. Türkiyədə və Ermənistanda ictimai rəyin bir-birinə inam göstərməsi, iqtisadi əməkdaşlıq və mədəni mübadilələrin artması üçün neçə il davamlı və ardıcıl siyasət lazımdır. Əgər bu, sülh müqaviləsi ilə paralel şəkildə həyata keçirilərsə, real nəticələr mümkündür; əks halda, normallaşma yenə də siyasi ritorika səviyyəsində qalacaq.

Yekun olaraq deyə bilərik ki, normallaşma yalnız siyasi razılaşmalarla deyil, etimad, təhlükəsizlik və qarşılıqlı rasionallıq üzərində qurulmalıdır. Əgər tərəflər bu prinsiplərə əməl edə bilsələr, Ermənistan–Türkiyə münasibətləri Cənubi Qafqazda yeni diplomatik dövrün başlanğıc nöqtəsinə çevriləcək.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see276

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see206

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see191

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see185

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see180

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see145

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see138

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see138

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see137

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see137

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see135

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see135

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see130

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see129

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see129

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see127

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see126

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see125

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see124

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri