Icma.az
close
up
RU
İrəvan taleyüklü seçim qarşısında

İrəvan taleyüklü seçim qarşısında

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanı Azərbaycanla sülh və faydalı əməkdaşlıq gözləyir

Uzun illər Cənubi Qafqaz deyəndə ilk ağla gələn münaqişə, siyasi gərginlik, qapalı kommunikasiyalar və sərhədlər olurdu. Regionun böyük iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi və Avropa ilə Asiyanı birləşdirən imkanları Ermənistanın işğalçılıq siyasəti ucbatından kölgədə qalmışdı. Bu vəziyyət təkcə iqtisadi itkilərə yox, həm də region ölkələrinin bir-birindən uzaq düşməsinin səbəbi idi.

İndi vəziyyət yavaş-yavaş dəyişir. Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesi tam başa çatmasa da, onun ilkin nəticələri görünür. Bu dəyişikliklər həm Bakı, həm də İrəvan tərəfindən etiraf edilir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları bu baxımdan diqqət çəkir. O bildirib ki, Ermənistan yeni iqtisadi inkişaf mərhələsinə daxil olur və bu mərhələ birbaşa Azərbaycanla formalaşan sülh prosesi ilə bağlıdır. Paşinyan həmçinin TRIPP layihəsinin yaxın gələcək üçün əhəmiyyət daşıdığını vurğulayıb, Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yükdaşımaların həyata keçirildiyini qeyd edən baş nazır nəqliyyat əlaqələrinin bərpasının ölkəsi üçün vacib olduğunu bildirib.

Bu açıqlamalar regionda baş verən böyük dəyişikliklərin göstəricisidir. Bir neçə il əvvəl belə bir mənzərəni təsəvvür etmək çətin idi. Altı il əvvəl iki ölkə arasında nəinki dəmir yolu əlaqələsindən, elementar iqtisadi əməkdaşlıq imkanlarından danışmaq mümkün deyildi. Amma bu gün söhbət konkret marşrutlardan, real yükdaşımalarından və yeni iqtisadi imkanlardan gedir.

Əslində, Cənubi Qafqazın geosiyasi xəritəsi səssiz, lakin nəzərəçarpacaq şəkildə dəyişir. Bu transformasiya yalnız iqtisadi proseslərlə məhdudlaşmır, eyni zamanda, regionun siyasi arxitekturasına da təsir göstərir. Son illər Azərbaycanın irəli sürdüyü sülh gündəliyi, dövlətlər arasında etimadın formalaşdırılması və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində atdığı addımlar bölgədə yeni əməkdaşlığın əsasını qoymağa başlayıb. Regional və qlobal ticarət marşrutlarının genişlənməsi, yükdaşımaların sürətlənməsi, enerji və logistika layihələrinin artan əhəmiyyəti dövlətləri əməkdaşlığa sövq edir. Artıq iqtisadi maraqlar siyasi maneələri aradan qaldırmağa çalışan əsas amillərdən birinə çevrilir.

Bu çərçivədə Cənubi Qafqaz yalnız regional əhəmiyyət daşıyan məkan deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və ticarət qovşağı kimi ön plana çıxır. Həm də uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Buna görə də regionda baş verən dəyişikliklərə yalnız siyasi proses kimi baxmaq olmaz. Bu, həm də iqtisadi prioritetlərin geosiyasi qərarlara təsirinin artdığını göstərən yeni mərhələdir. Cənubi Qafqazda formalaşan yeni reallıq göstərir ki, gələcəyin əsas rəqabəti yolların bağlanması deyil, onların səmərəli və təhlükəsiz şəkildə işləməsi üzərində qurulacaq. Harada yollar açılırsa, orada ticarət artır, investisiya imkanları genişlənir və ölkələr arasında əlaqələr güclənir. Şübhəsiz ki, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstan arasında əlaqələrin genişlənməsi regionu Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərindən birinə çevirir. Bu prosesdə dəmir yollarının rolu xüsusilə böyükdür. Ermənistanın müxtəlif istiqamətlərdə dəmir yolu əlaqələrinin bərpasına maraq göstərməsi onun regional iqtisadi sistemə yenidən qoşulmaq istədiyini göstərir. Bu yanaşma onu da göstərir ki, Cənubi Qafqazda yaranan yeni vəziyyət artıq yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır. Söhbət daha geniş regional əməkdaşlıq modelindən gedir. Yəni məsələ, sadəcə, Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması deyil, bütövlükdə, regionun yeni iqtisadi və siyasi sistemə keçididir.

* * *

Əslində, bu proses Ermənistan üçün yeni imkanlar yaradır. Uzun illər regional layihələrdən kənarda qalan İrəvan indi tamamilə fərqli reallıqla üz-üzədir. Əgər İrəvan şansını düzgün qiymətləndirərsə, kommunikasiyaların açılması Ermənistanın xarici bazarlara çıxışını genişləndirə, iqtisadi fəallığını artıra və ölkəyə investisiya cəlb etmək üçün əlverişli şərait yarada bilər.

Bu prosesdə Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyinin güclənməsi xüsusi rol oynayır. Artıq Azərbaycan ərazisi ilə Ermənistana müxtəlif yüklərin daşınması bölgədə yeni iqtisadi münasibətlərin formalaşdığını göstərir. Rusiyadan taxıl, gübrə, alüminium və digər məhsulların Azərbaycan üzərindən Ermənistana çatdırılması, eləcə də Azərbaycandan Ermənistana yanacaq ixracının həyata keçirilməsi 6 il əvvəl təsəvvürəgəlməz mənzərə idi.

Tarix göstərir ki, iqtisadi əməkdaşlıq gücləndikcə tərəflər arasında etimad da artır. Bu baxımdan ticarət və tranzit yalnız iqtisadi deyil, həm də siyasi sabitliyə xidmət edən amillərə çevrilir. Prosesdə qarşılıqlı addımlar da diqqətdən yayınmır. Azərbaycanın tranzit imkanlarını genişləndirməsindən sonra Ermənistanın Türkiyə yük avtomobillərinin öz ərazisindən keçidinə icazə verməsi regionda yeni əməkdaşlıq yanaşmasının formalaşdığını göstərir. Bu, iqtisadi maraqların artıq siyasi maneələri tədricən arxa plana keçirməyə başladığının göstəricisidir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun son açıqlamaları bu prosesin siyasi tərəfini əks etdirir. Onun sözlərinə görə, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyişlər regionda uzunmüddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açır. Etimad quruculuğu istiqamətində atılan addımlar isə bu prosesin əsas dayaqlarından biri hesab olunur. Əslində, bu gün baş verənlərin mahiyyəti də məhz budur. Sülh artıq yalnız danışıqlar masasında müzakirə olunan siyasi anlayış deyil. Onun nəticələri real həyatda görünməyə başlayıb. Açılan yollar, bərpaolunan dəmir yolu xətləri, artan yükdaşımaları və genişlənən ticarət əlaqələri sülhün praktik nəticələridir. Bu baxımdan Bakı ilə İrəvan arasında formalaşan yeni münasibətlər modeli təkcə iki ölkənin gələcəyinə təsir etmir, bütövlükdə Cənubi Qafqazın inkişaf istiqamətini dəyişir. Ermənistan üçün bu, regional iqtisadi sistemə yenidən inteqrasiya olmaq imkanıdır. Azərbaycan üçün isə formalaşan yeni iqtisadi arxitekturada aparıcı mövqeyini daha da gücləndirmək fürsətidir.

Təbii ki, qarşıda hələ həllini gözləyən məsələlər var. Sülh sazişinin imzalanması, bütün kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi zaman tələb edən prosesdir. Amma artıq bir məqam aydın görünür: Cənubi Qafqaz yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin əsas fərqi ondadır ki, regionun gələcəyi qarşıdurma üzərində deyil, əməkdaşlıq, tranzit və iqtisadi fayda üzərində formalaşır.

Bu gün sülhün iqtisadi dividendləri artıq gələcəyin vədi deyil, real həyatın bir parçasıdır. Yollar açıldıqca iqtisadiyyat canlanır, iqtisadi əlaqələr genişləndikcə isə sülh daha möhkəm və dayanıqlı əsaslar qazanır. Əgər bu proses davamlı xarakter alsa, Cənubi Qafqaz yaxın illərdə qarşıdurma bölgəsindən beynəlxalq logistika, ticarət və iqtisadi əməkdaşlığın mərkəzlərindən birinə çevrilə bilər.

P.ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see278

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see262

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see260

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see259

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see257

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see256

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see256

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see234

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see232

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see232

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see229

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see228

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see226

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see221

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see214

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see214

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see210

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see207

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see195

Şəkidə çaqqal 4 nəfərə hücum etdi Açıqlama

11 Sentyabr 2026 14:46see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri