İrəvanın Avropa ümidləri
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Mirzoyan Aİ-yə üzvlüyün siyasi qərarlardan asılı olduğunu söyləyib
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Avropa İttifaqının (Aİ) genişlənmə perspektivlərinə həsr olunmuş “Yarımhazırlıq, yoxsa mərhələli yanaşma: Aİ-nin genişlənməsinə yenidən baxış” adlı panel müzakirəsində iştirak edib. Nazir deyib ki, Ermənistanla Aİ arasındakı yaxınlaşmanın hansı nəticəyə gətirib çıxaracağını əvvəlcədən heç kəs dəqiq proqnozlaşdıra bilməz.
Onun sözlərinə görə, Ermənistan Aİ-nin bütün meyarlarına cavab versə belə, üzvlüklə bağlı yekun qərar texniki deyil, siyasi xarakter daşıyacaq: “İrəvan sabah Aİ-yə üzvlüyə razılıq versə belə, Aİ-nin Ermənistanı tamhüquqlu üzv kimi qəbul etmək barədə qərarının olub-olmayacağı dəqiq deyil. Üstəlik, Ermənistanda Aİ-yə üzvlüklə bağlı ciddi müzakirələr yenicə başlanıb və bu məsələ ətrafında dərin diskussiyalar aparılmayıb. Lakin münasibətlərimiz hər iki tərəf üçün xoşdur. Buna görə də gəlin, onların inkişafı üçün yeni imkanlar axtaraq, sonra isə nə vaxtsa birlikdə müzakirə edərik ki, bu “nikah” baş tutacaq, ya yox”.
Mirzoyanın nitqində digər mühüm məqam Azərbaycanla sülh prosesinə aid idi. Nazir Bakı ilə sülhün əldə olunmasına cəmi bir neçə addım qaldığını bildirib. Beləliklə, çıxış Ermənistanın iki əsas xarici siyasət istiqamətini – Avropaya yaxınlaşmanı və Azərbaycanla münasibətlərin normallaşdırılmasını eyni müzakirə çərçivəsində gündəmə gətirib. Bu iki istiqamətin qarşılıqlı əlaqəsi isə İrəvanın gələcək siyasi seçimlərini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Üzvlük gözləntisi
Mirzoyan Ermənistanla Aİ arasında münasibətlərin əvvəlki dövrlərlə müqayisədə daha geniş sahələri əhatə etdiyini vurğulayıb. Onun sözlərinə görə, viza rejiminin liberallaşdırılması üzrə dialoq davam edir, Brüssel Ermənistanın iqtisadi dayanıqlılığını və inkişafını dəstəkləyən proqram həyata keçirir, həmçinin ölkənin ixrac bazarlarını şaxələndirməsi üçün yeni imkanlar yaranır. Tərəflər təhlükəsizlik, xarici siyasət və digər sahələrdə də əməkdaşlığı genişləndirirlər.
Bunlar Ermənistanın Aİ ilə əlaqələrinin dərinləşdiyini göstərən konkret istiqamətlərdir. Lakin əməkdaşlığın genişlənməsi ilə üzvlük perspektivinin reallaşması eyni məsələ deyil. Ermənistan hələ heç Aİ-yə üzvlüyə namizəd ölkə statusuna da malik deyil. İrəvanda 2025-ci ilin yazında qəbul edilən, Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun da özlüyündə namizədlik statusu və ya üzvlük zəmanəti yaratmır.
Başqa sözlə, Ermənistanın Avropa istiqamətində siyasi niyyətini bəyan etməsi ilə Brüsselin bu ölkəni gələcək üzv kimi qəbul etməyə hazır olması arasında hələ keçilməli ciddi məsafə var. Mirzoyanın da etiraf etdiyi kimi, Ermənistanda Aİ-yə üzvlük barədə dərin və hərtərəfli ictimai müzakirələr yalnız başlanğıc mərhələsindədir. Bu isə qarşıya qoyulan məqsədin bütün siyasi, iqtisadi və təhlükəsizlik nəticələrinin hələ tam aydınlaşdırılmadığını göstərir.
Monteneqro nümunəsi
Ermənistan xarici siyasət idarəsinin rəhbəri fikirlərini əsaslandırarkən Monteneqronun təcrübəsinə istinad edib. O, həmin ölkənin Aİ-yə üzvlük üçün zəruri tələblər üzrə mühüm işlər gördüyünü, müvafiq meyarların yerinə yetirilməsinə baxmayaraq, yekun qərarın hələ qəbul edilmədiyini xatırladıb.
Bu nümunənin İrəvan üçün əhəmiyyəti aydındır. Aİ-yə üzvlük prosesi qanunvericiliyin uyğunlaşdırılması, iqtisadi və idarəetmə islahatları, hüququn aliliyinin təmin edilməsi kimi tələblərlə məhdudlaşmır. Son mərhələdə üzv dövlətlərin siyasi razılığı da həlledici rol oynayır. Buna görə də namizəd ölkənin bütün texniki tələbləri yerinə yetirməsi belə, onun mütləq qəbul ediləcəyi anlamına gəlmir.
Moskva amili və seçim azadlığı
Ermənistanın Aİ-yə yaxınlaşması məsələsində diqqətdən kənarda qalmamalı digər amil Rusiya ilə münasibətlərdir. Moskva ilə İrəvan arasında uzun müddət ərzində formalaşmış iqtisadi, enerji və təhlükəsizlik əlaqələri Ermənistanın xarici siyasətində mühüm yer tutur. Eyni zamanda, Avropa istiqamətində daha fəal siyasət yürüdülməsi ölkənin əvvəlki əlaqələr sisteminə və xarici siyasət imkanlarına yenidən baxmasını tələb edir.
Mirzoyan Rusiyanın mümkün reaksiyasının nəzərə alınmasının vacibliyini də bildirib. O, Ermənistanın heç bir ölkə ilə yeni düşmənçilik yaratmaq və üçüncü tərəfə zərər vurmaq niyyətində olmadığını vurğulayıb. Nazir, həmçinin qonşularla münasibətlərin Avropa siyasətindən asılı olmayaraq yaxşılaşdırılacağını qeyd edib.
Bu mövqe İrəvanın qarşısında duran əsas çətinliyi də üzə çıxarır. Ermənistan bir tərəfdən xarici siyasət seçimlərini genişləndirmək, Aİ ilə əməkdaşlığı dərinləşdirmək istəyir, digər tərəfdən isə Rusiya ilə mövcud əlaqələrin yaratdığı asılılıqları və mümkün nəticələri nəzərə almalı olur. Burada əsas məsələ bir tərəfdaşdan digərinə keçidi bəyan etmək deyil, dövlətin müstəqil qərar vermək imkanlarını genişləndirməkdir.
Azərbaycanla sülh: sözdən əmələ!
Mirzoyanın çıxışının Azərbaycanla bağlı hissəsi xüsusi diqqətə layiqdir. Ermənistanın XİN başçısı 2 ölkə arasında sülhün mövcud olduğunu, bununla belə, qarşıda hələ bir neçə addımın qaldığını bildirib. O, tərəflərin ikitərəfli ticarətə başladığını, ərazilərin nəqliyyat və tranzit üçün açılması, regional kommunikasiyaların blokdan çıxarılması istiqamətində irəliləyiş əldə edildiyini də qeyd edib.
Bu açıqlama Cənubi Qafqazda formalaşan yeni reallıqların Ermənistanın gələcək inkişafı baxımından əhəmiyyətini göstərir. Uzun müddət münaqişə və qarşılıqlı etimadsızlıqla müşayiət olunan münasibətlərin əməkdaşlıq istiqamətinə yönəlməsi regionun iqtisadi imkanlarını genişləndirə bilər. Lakin sülhün siyasi bəyanatlarla məhdudlaşmaması, əldə olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi əsas şərt olmalıdır.
Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistanın Avropa perspektivi baxımından da əhəmiyyətlidir. Aİ ilə daha sıx əlaqələr qurmaq istəyən ölkə üçün qonşularla davamlı sülhün təmin olunması, regional əməkdaşlığın genişləndirilməsi və iqtisadi əlaqələrin inkişafı əlverişli şərait yaradır. Bununla belə, Mirzoyanın da qeyd etdiyi kimi, Ermənistanın qonşularla münasibətləri yaxşılaşdırmaq siyasəti yalnız Aİ-yə inteqrasiya məqsədinə bağlanmamalıdır. Bu, ilk növbədə, ölkənin özünün uzunmüddətli maraqlarına cavab verən seçim olmalıdır. Azərbaycanla sülhün möhkəmlənməsi baxımından isə əsas meyar bəyanatların nikbinliyi deyil, razılaşdırılmış məsələlər üzrə real irəliləyişdir. Sülh sazişinin yekunlaşdırılması, münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması istiqamətində atılan addımların davamlılığı regionun gələcəyini müəyyənləşdirəcək.
Vaşinqton razılaşması və regional imkanlar
Mirzoyan forumda 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların Cənubi Qafqazda yeni reallıq yaratdığını da vurğulayıb. Onun sözlərinə görə, həmin proses daha dinc, qarşılıqlı əlaqələrin genişləndiyi və iqtisadi baxımdan bir-birindən faydalanan regionun formalaşması üçün imkanlar açır. Nazir TRIPP təşəbbüsünün də Avropa ilə Asiya arasında etibarlı bağlantıların qurulmasına, regionun nəqliyyat, enerji və iqtisadi potensialının üzə çıxarılmasına töhfə verə biləcəyini bildirib.
Cənubi Qafqazın nəqliyyat və tranzit imkanlarının genişlənməsi yalnız ayrı-ayrı ölkələrin deyil, daha geniş coğrafiyanın iqtisadi maraqlarına xidmət edə bilər. Ermənistan üçün də bu proses regional təcriddən çıxmaq, yeni ticarət imkanları əldə etmək və iqtisadi inkişaf üçün əlavə şərait yaratmaq baxımından əhəmiyyətlidir. Lakin belə imkanların reallaşması siyasi razılaşmaların praktik nəticələrə çevrilməsindən asılıdır. Kommunikasiyaların açılması, tranzit əlaqələrinin inkişafı və iqtisadi əməkdaşlığın genişlənməsi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini tələb edir. Buna görə də regional əməkdaşlığın gələcəyini yalnız xarici tərəfdaşların maraqları ilə izah etmək olmaz. Burada Azərbaycan və Ermənistanın götürdüyü öhdəlikləri necə yerinə yetirməsi də həlledici rol oynayacaq.
İrəvanın əsas sınağı
Mirzoyanın Varşavadakı çıxışından görünür ki, Ermənistanın Aİ-yə yaxınlaşması artıq daha geniş əməkdaşlıq sahələrini əhatə edir. Bununla yanaşı, nazirin üzvlüklə bağlı yekun nəticənin əvvəlcədən məlum olmadığını etiraf etməsi İrəvanın qarşısında duran siyasi reallıqları da üzə çıxarır. Avropa istiqamətində irəliləyiş üçün islahatlar vacibdir, lakin onların nəticəsi ittifaqın siyasi qərarlarından, Ermənistanın öz imkanlarından və beynəlxalq şəraitdən də asılı olacaq.
Eyni zamanda, Azərbaycanla sülhün möhkəmlənməsi Ermənistanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı etimadın artırılması həm Ermənistanın, həm də bütövlükdə, Cənubi Qafqazın maraqlarına uyğundur. Bu imkanların reallaşması isə konkret addımlar və razılaşmaların ardıcıl icrası ilə mümkündür.
Beləliklə, İrəvanın qarşısında duran məsələ yalnız Aİ-yə üzvlük arzusunu bəyan etmək deyil. Əsas sınaq həmin istiqamətdə real nəticələr əldə etmək, xarici siyasətdə seçim imkanlarını genişləndirmək və qonşularla münasibətləri davamlı sülh əsasında qurmaqdır. Avropa perspektivi Ermənistan üçün yeni imkanlar aça bilər, lakin bu imkanların nə dərəcədə gerçəyə çevriləcəyini siyasi bəyanatlardan çox, atılan addımlar müəyyənləşdirəcək.
S.NAZİMOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Oktyabr 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















