İşsizliklə bağlı müraciətlər çox olur, amma... Deputatla MÜSAHİBƏ
Nigar Məmmədova: "Mən düzgün və açıq danışmağı sevirəm"
"Belə ağır yükün altından hər dövlət çıxa bilməz"
Milli Məclisin deputatı Nigar Məmmədova redaksiyamızın qonağı olub. Xatıraladaq ki, VII çağırış Milli Məclisin deputatı Nigar Məmmədova bundan əvvəl bir sıra dövlət qurumlarında çalışıb. Deputat olmazdan öncə onun son iş yeri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi olub.
Modern.az saytı Nigar Məmmədova ilə müsahibəni təqdim edir:
- Nigar xanım, öncə ondan başlayaq ki, fərqli qurumlarda rəhbər vəzifələrdə çalışmış xanım ali qanunverici orqanda təmsil olunmaq qərarına necə gəldi?
- Qeyd etdiyiniz kimi, mən uzun illər müxtəlif sahələrdə çalışmışam. 2018-ci ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərmişəm.
Məlumat üçün deyim ki, hələ 2001-ci ildən imtahan verib vergi orqanlarına işə başlamışam. Vergilər Nazirliyində əsas işim beynəlxalq müqavilələrlə bağlı olub. Protokol xidmətinin rəhbəri olmuşam. Hökumətlərarası komissiyanın katibliyində işləmişəm. Talassemiya layihəsinə koordinatorluq etmişəm.
Dövlət orqanlarında işləyə-işləyə həm də vətəndaşlarla sıx şəkildə ünsiyyətdə olmuşam.
2018-ci ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyətə başlamışam. Orada da protokol xidmətində çalışmışam. Əlbəttə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqaməti vergi orqanlarından tamam fərqlidir.
Son iki ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində çalışdım. Orada mən həssas əhali qrupları ilə çox sıx şəkildə işlədim. Onların problemləri, cəmiyyətə inteqrasiyası sahəsində üzərimə düşən yükü götürməyə, mənə olan etimadı doğrultmağa çalışdım. Deyə bilərəm ki, bütün bunlar məni ali qanunverici orqana hazırladı.
Yeni Azərbaycan Partiyası mənim deputatlığa namizədliyimi irəli sürəndə təşviqat prosesində empatiya duyğusu və ürəklə iştirak etdim. Keçmişdə əhali ilə bir arada olmağım, onları hiss etməyim bu prosesi uğurla aparmağıma müsbət mənada böyük təsir göstərdi.
- Maraqlıdır, fərqli və çox vacib icra qurumlarında çalışmış xanım deputat indi insanların hansı məsələlərini qaldırmağı hədəfləyir?
- Mənim üçün əsas məsələ bu formuldur: vətəndaşı hiss etmək, onun qayğısına qalmaq, müdafiə etmək...
Söhbət vətəndaşı kimdənsə müdafiə etməkdən getmir. Dövlətimiz bu istiqamətdə lazım olan bütün işləri görür. Burada söhbət vətəndaşı müdafiə edərək onu maarifləndirmək, hüquqlarını ona aşılamaqdan gedir. Çünki elə vətəndaş var ki, hansısa məsələni problem kimi görür, lakin bu belə deyil. Borcum ona müdafiə nəzəriyyəsini başa salmaq, ortada prolemin olmadığını göstərməkdir.
Bu gün dövlətimiz tərəfindən bütün istiqamətlərdə islahatlar aparılır. Cənab Prezidentin apardığı siyasətin mərkəzində vətəndaş dayanır. Vətəndaşı maarifləndirmək lazımdır ki, öz hüquqlarından məlumatlı olsun. Elə vətəndaşlar var ki, hüquqlarından azacıq məlumatsızlığı məsələləri ona problem kimi hiss etdirir. Əsas hədəf vətəndaşın yanında olmaqdır. Vətəndaş seçdiyi millət vəkilini onun yanında olduğunu hiss edəndə, özgüvəni artır. O, aidiyyəti istiqamət üzrə materialı da, məlumatı da daha tez qavrayır. Əsas vəzifə vətəndaşın yanında olmaq, onun əlindən tutmaq, ona maksimum empatiya hissini ötürməkdir. Mənim üçün əsas formul budur.
Formulun uğurlu olmasını mən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də görmüşəm. Çünki sənin yanına gələn hər kəsin probleminin olması mütləq deyil. Yenə deyirəm ki, bəzən problem kimi görünən məsələ, əslində, adi hal olur. Sadəcə vətəndaş onun problem olduğunu düşünür. Amma onun yanında olduğumuzu görəndə, məsələni düzgün mənimsəyəndə problem də aradan qalxır. Əlbəttə, problemlər də olur, bunu inkar etmirəm. Vətəndaş məktubu hara yollamağı, sosial məsələlər və ya işlə bağlı hansı sahəyə getməyi bilmir. Bütün bunların başında diqqət-qayğı, müdafiə dayanır. Yəni sən bura yox, ora get. Sənin həyat yolun imkan verir ki, insanları düzgün istiqamətləndirəsən. Vətəndaşın qazanacağı uğur, sənin düzgün yönləndirməyindən, diqqət və qayğından, empatiyandan, əl tutmağından asılıdır.
- Milli Məclisin deputatı olmağınızın dördüncü ayıdır. Maraqlıdır, seçicilər daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?
- Sosial, təhsil, səhiyyə və digər müxtəlif sahələrlə bağlı müraciətlər olur. Yenə deyirəm, əsas məsələ vətəndaşı dinləmək, onun fikirlərini öyrənməkdir. Mənim üçün bu müraciətləri fərdi şəkildə eşidib təhlil etmək və incəliklərinə varmaq önəmlidir. Mən bir vətəndaşı dinləməyə çox vaxt ayırıram. Çünki vətəndaşı dinləyərkən elə detallar önə çıxır ki, özü də, mən də onun pozisiyasını başa düşürük. Yəni vətəndaşı 2-3 dəqiqə dinlə, bitdi -belə yanaşmam yoxdur. Azı 15-30 dəqiqə arası onları dinləyirəm. Vətəndaşa geridönüş də edirəm. Bu, mənə keçmişdən qalan təcrübədir. Məsələnin nə yerdə qaldığını öyrənirəm. Bu gün dövlət qurumları məsələlərə çox operativ münasibət bəsləyir. Bəzən qəbul zamanı mən xahiş edirəm ki, vətəndaş gözləsin. Beləliklə, məsələni yerində araşdırıram ki, onu düzgün yönəldim. Bu, çox vacibdir. Ona görə ki, vətəndaş görüşdən çıxan kimi artıq prosesə başlasın. Mən də bu ölkənin vətəndaşıyam. Psixolji, fizioloji baxımından həssas olmaq adi bir ana bağlıdır. Daim onu fikirləşirəm ki, məni də dinləyən olsun. Hamımız hazırlıqlı olmalıyıq. Bütün millət vəkillərimiz, dövlət qurumları effektivliyi, operativliyi yaradırlar. Biz hamımız vətəndaşıq, sabah hər birimiz eyni problemlərlə üzləşə bilərik. Bu gün vətəndaş qəbulunu keçirənin o demək deyil ki, problemi yoxdur və ya olmayacaq.
- Yeri gəlmişkən, Milli Məclisin iclasları zamanı bir sıra deputat həmkarlarınız onlara vətəndaşlar tərəfindən işsizliklə bağlı müraciətlərin olduğunu dilə gətirirlər. Sizə də belə müraciət edilibmi? Elə olubmu ki, sizə işsizliklə bağlı müraciət edilib, siz onun işlə təmin olunmasına kömək göstərmisiniz?
- İşsizliklə bağlı müraciətlər çox olur. Mən belə müraciət edən insanları aidiyyəti üzrə yönləndirmişəm. Müvafiq icra orqanları, digər dövlət orqanları öz köməkliklərini göstərirlər. Məşğulluq yarmarkaları keçirilir. Bu yaxınlarda Abşeronda məşğulluq yarmarkası keçirildi. Bilirsiniz, bu, çox individual məsələdir. Mən düzgün və açıq danışmağı sevirəm.
Yaşla bağlı məsələ var. Məşğulluq yarmarkasında müvafiq yaşlara uyğun vakant yerlər elan edilir. Məşğulluq Agentliyi iş yeri çıxarmır, ona şirkətlər müraciətlər edirlər. Vətəndaşlar gəlib həmin vakansiya yerlərinə müraciət edirlər. Məsələn, iki nəfərin iş tələbi var. Həmin şəxslərin tələbinə uyğun iş yeri olmayacaqsa, Məşğulluq Agentliyi bunu təmin etmədi, millət vəkili yolladı onu qəbul etmədilər, demək doğru deyil.
Məsələn, siz işəgötürənsiniz və kompüter elmləri üzrə texnik istəyirsiniz. Siz artıq kompüterdən başı çıxan istəmirsiniz, bir neçə il təcrübəsi olan texnik axtarırsınız. Belə olan halda millət vəkilinin yollamağı ilə nəsə dəyişmir. Millət vəkili qanunu poza bilməz. Millət vəkili qanuni prosedurlara uyğun hərəkət edir. O zəng edib demir ki, Əlini göndərmişəm, onu işə götürün. Bu, dövlətimizdə gedən qanuni proseslərin pozulması deməkdir. Mən subyektiv olaraq deyirəm ki, heç vaxt bunu etmərəm. Çünki bütün vətəndaşlar eynidirlər. Məşğulluq yarmarkasına Qobudan da, Nübardan da, başqa yerlərdən də işə ehtiyacı olanlar gələcəklər. Şirkətlər də özlərinə uyğun olan kadrları işə götürəcəklər. Mən bunun tərəfdarıyam. İşsizliklə bağlı 5 nəfər eyni formada müraciət etsə, mən bir-bir onlardan harada işlədiklərini, hansı sahəni istədiklərini soruşuram. Bu mənim üçün vacibdir. Çünki mən bu gün yerli icra orqanlarına məktub yazıram. Amma hər vətəndaşla bağlı yerli icra orqanlarına müraciət ünvanlamıram.
- Siz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüsünüz. 2025-ci ilin büdcəsi qəbul edildi. Gələn ilin büdcəsinin sosialyönümlü olduğu bildirildi. Lakin bununla bağlı fərqli düşünənlər də var. Sizin düşüncələrinizi eşitmək istərdik...
- Cənab Prezidentin apardığı siyasətin əsasında əhalinin sosial rifahı dayanır. 2025-ci ilin büdcəsində sosialyönümlü xərclər prioritet təşkil edir. Büdcə zərfi makroiqtisadi sabitlik, iqtisadi-sosial siyasət prinsiplərinin əsas hədəflərini müəyyən edir. Büdcə zərfi rifaha, iqtisadi artıma yönəlib. Qeyd etməliyik ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərclərinin artımını müşahidə edə bilirik. İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin artımını izləyə bilərik. Büdcə sosial xidmətlərin inkişafı, onun kəmiyyət və keyfiyyətinin artırılması üçün şərait yaradır. Bu da Azərbaycan vətəndaşına xidmət edir.
- Nigar xanım, 2024-cü ilin bitməsinə sayılı günlər qalır. Sanki dünya 2025-ci ilə daha qorxulu gündəmlə gedir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr komitəsinin üzvü olaraq prqornozlarınız necədir?
- 2024-cü ilin geosiyasi mənzərəsi sabit olmadı. Bu tabloya nəzər yetirsək, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin pik həddə çatması, Suriyada Əsəd rejimin devrilməsi, İsrail-Fələstin məsələsi və s. dünyanı ciddi narahat edən məqamlardır.
Əsəd rejimin devrilməsini şərh etmək istərdim. Bu, gözlənilən idi. Suriyada artıq neçə il idi ki, qeyri-stabil vəziyyət hökm sürürdü. Vətəndaş müharibəsi uzun illər davam etdi. Dövlətdə, xalqda monolitlik olmayanda terror qruplarının fəallığı artır. Bu da dövlət çevrilişi və hakimiyyətin devrilməsi üçün münbit şərait yaradır. Digər yandan da dövlətin poliqona çevrilməsinə gətirib çıxarır. Mən çox istərdim ki, Suriyada əvvəlki hakimiyyətin səhvləri təkrar olunmasın. Yeni hakimiyyət birbaşa olaraq xalqın mənafe və maraqlarının qorunmasına xidmət etsin. Suriyanın bayrağının dəyişdirilməsi ilə xəritəsi yenidən cızılır. Dövlətdə stabillik regionda öz sözünü demiş olur. 2025-ci ilə biz gərginliklə daxil oluruq. Gərginlik azalacaq, münaqişəsiz bir ilə daxil olacağıq, - demək sadəlövhlük olardı. Gərginlik davam edəcək.
- Baş verən proseslər Azərbaycan üçün nə vəd edir?
- Azərbaycanı fərdi şəkildə müzakirə etmək istərdim. Azərbaycanın özünəməxsus beynəlxalq siyasəti var. Həmçinin Azərbaycan yenicə müharibədən çıxıb. 30 il ölkəmizin ərazisi işğal altında olub. Azərbaycan o dövlətdir ki, problemlərdə ona qarşı ikili standartlarla yanaşılırdı. Sonda Azərbaycan öz gücünə istinad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu da ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində, onun dəmir iradəsi ətrafında birləşən güclü ordusu tərəfindən əldə olunan zəfərdir.
Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, tərəflərin təhlükəsizlik tarazlığını pozmağa imkan vermir, kənar ölkələr üçün belə imkan yaratmır. Amma regionda ölkələr var ki, o platformanı yaradır. Bu da ümumilikdə böləgəyə öz təsirini göstərir. Kənar güclər təhlükəsizliyini pozmağa imkan yaradırsa, artıq regionun özündə təhlükəsizlik, stabillik üçün risklər ortaya çıxır. Azərbaycan bu gün müstəqil, effektiv, uzaqgörən xarici siyasət yürüdən dövlətdir. Mən hələ yalnız xarici siyasətdən danışıram, daxili siyasəti demirəm. Əlbəttə, beynəlxalq siyasət daxili siyasətdə əldə olunan nailiyyətlər əsasında qurulur. Misal kimi COP29-u götürək. COP29 keçirilərkən ölkəmizdəki təhlükəsizlik və təşkilatçılıq beynəlxalaq arenada qiymətləndirirlər. Bu, məhz ölkənin daxili siyatəndə, aparılan islahatlarda əldə olunan uğurlardır.
Uğurlarımızdan, nailiyyətlərimizdən danışacağıq ki, beynəlxalq arenada da bunlardan bəhs olunsun. Azərbaycan bu gün səyləri qəbul olunan ölkədir. Zəfər əldə olunandan sonra regionda yaranmış situasiya dəyişməyə doğru gedir. Artıq qalib ölkə ortalığa çıxır. Bu və ya digər məsələlərin necəliyini müəyyənləşdirməyə çalışan keçmiş koalisyalar erroziyaya uğramş olur. Ortaya qalib ölkə çıxır və onun dediyi ilə oturub-dururlar. Qalib ölkə beynəlxalq arenada mövqeyini gücləndirir, onun beynəlxalq arenada qlobal məsələlərin həllində iştirakı qəbul olunur. Azərbaycan bu gün beynəlxalq problemlərin həllində nəinki rol oyanyır, hətta o kommunikasiyanı quran dövlətdir. Beynəlxalq ictimaiyyət üçün böyük faktordur. Bu, müstəqil siyasətin təzahürüdür.
Kiçik ada dövlətləri üçün platforma yaratmaq da başqa bir müstəvidir. Azərbaycan inklüzivlik yaradır. Bunu daha dərindən təhlil edə bilərik. Azərbaycan gənc ölkədir, müstəqilliyini bir neçə on il bundan qabaq bərpa edib. Bunu nəzərə aldıqda Azərbaycanın nailiyyətləri çox böyük uğurdur.
- Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi dünyadakı yaşanan müharibə və münaqişə ocaqları ilə bağlı müzakirələr aparırımı? Müharibə tərəflərinin deputatları ilə təmaslarınız olurmu?
- Parlamentdə işçi qrupları var. Ümumiyyətlə, parlament diplomatiyası öz sözünü deyir. İşçi qrupları çox sıx işləyir. Bir neçə işçi qrupu var ki, xeyli görüşlər keçirib. Aktiv işlər görülür.
- Müharibələr həm də insanların sosial durumunu dözülməz hala gətirir. Bununla bağlı araşdırmalarınız varmı?
- Müharibədən çıxmış dövlətin vətəndaşı kimi öz ölkəmdən misal gətirəcəm. 30 il ərzində nə qədər sosial problemlər yaşamışıq. Böyük humanitar fəlakətə uğramışıq. 1 milyon məcburi köçkün və qaçqını qəbul etmişik. Müstəqilliyini yeni bərpa etmiş ölkə üçün bu, əlbəttə ki, böyük yük və problem idi. Azərbaycan humanitar fəlakətlə üz-üzə idi. Belə ağır yükün altından hər dövlət çıxa bilməz. Bir sıra dövlət proqramları qəbul edildi, genişmiqyaslı layihələr icra edildi. Əlbəttə, ilk növbədə həssas əhali qrupları ilə bağlı ciddi addımlar atıldı və dövlət maksimum şəkildə onları öz qayğısı altına aldı. Dövlət Proqramlarının mexanizmləri düzgün qurulmasaydı, nə olardı? Bütün dövlətlərdə belə mexanizmin işlədiyini iddia etmək olmaz. Azərbaycanda isə çox düzgün mexanizm qurulub. Düzdür, paralel olaraq digər sahələri inkişaf etdirmək çətin idi. Adi vətəndaşlar üçün prosesləri təhlil etmək çətin məsələdir. Paralel olaraq həm iqtisadiyyat, həm rabitə, həm səhiyyə, həm təhsil, həm də digər sahələri inkişaf etdirmək adi iş deyil.
Sualınızın ikinci hissəsinə gəlirəm, sosial rifah müharibələrdən çox asılıdır. Müharibələr bilavasitə sosial rifaha öz təsirini göstərir.
COP29 zamanı Azərbaycan atəşkəs təşəbbüsünü irəli sürəndə 130-a yaxın ölkə onu dəstəklədi. Azərbaycan bunu təklif edib, COP29 beynəlxalq tədbirdir, orada irəli sürülən təklifi adi təklifi kimi qəbul etmədilər. Onlar həqiqətən müharibənin əleyhinə olduqlarına görə təklifi alqışladılar. Mən atəşkəs təşəbbüsündən danışarkən zalda xaricilər əyləşmişdi. İnanın ki, 2-3 dəfə əl çaldılar. Amma həmin əlçalma emosianal yanaşmaydı, o demək idi ki, biz tam olaraq təşəbbüsü ürəkdən dəstəkləyirik. Çünki müharibə ekologiyanı, kənd təsərrüfatını, hər şeyi dağıdır. Dövlət bu problemləri sonradan həll etməli olur.
Ona görə də COP29-da iştirak edən dövlətlər atəşkəs məsələsinə çox həssas yanaşırdılar. Bu o demək deyil ki, həmin ölkələrdə müharibələr olub və ya bu gün yaşanır. Sadəcə olaraq, məntiqlə düşünəndə anlamaq olur ki, müharibələr qandır, aclıqdır, susuzluqdur, ölümdür. İnsanlıq buna qarşı olmalıdır.
- Nigar xanım, maraqlı fikirləriniz var. Siz deputat seçilməzdən öncə yuxarıda qeyd etdiyimiz kimi, fərqli icra qurumlarında çalışmısınız. Deputatlıq çətindi, yoxsa məmur olmaq?
- Mən bunların arasında fərq görmürəm. Hansı işdə olursa-olsun məsuliyyət, sevgi və dövlətçilik prinsipi olmalıdır. Sən vətəndaşsansa, Vətənin qarşısında məsuliyyətin var. Nəsə yerində deyilsə, sən onu düzəltməlisən. Lakin bunu o sənin işindir deyə edirsənsə, bu, düzgün yanaşma deyil. Əgər o yanaşma məhz vətəndaşlıq borcundan irəli gəlirsə, millət vəkili, yaxud DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olmaq sənin üçün fərq etmir. Əsas odur harada olursan ol, dövlətinə xidmət et.
Vətəndaş mövqeyi, dövlətçilik prinsipləri əsas götürülməlidir. Məsuliyyət, işə, vətənə sevgi, xüsusən də vətəndaşa qarşı empatiya və sevgi olmalıdır.
Diqqət edin, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Burada həssas qruplardan olan vətəndaşlar qəbul edilir. Mən orada həm də qiymətləndirmə komissiyasının sədri olmuşam. Orada həm şəhid ailələrinin üzvləri, həm müharibə ilə əlaqədar əlliliyi olan və onların ailə üzvləri, valideyn himayəsindən məhrum olan və valideynini itirmiş uşaqlarımızla görüşmüşük.
Əlliliyi olan şəxslərin təyinatı ilə bağlı hətta rəhbərliyə də müraciət olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan bir sıra şəxslərin təyinatları təmin olunub. Elələri də var ki, artıq mərkəzdə işləyirlər. Onlar gəlib təlim keçiblər, biz onların potensialını görmüşük. Bu yaxınlarda sosial şəbəkədə yazmışdılar ki, “Nigar xanım, çox sağ olun, əmrimiz verildi”.
Mənim benefisiarlarım arasında nəzəriyyə bazası artıq formalaşıb. Digər yandan həssas əhali qrupundan benefisiar gələndə ona pedoqoji metodları da öyrədirik ki, sabah bu da təlimçi olacaq. Amma DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əsasnaməsində yazılmayıb ki, biz onu işə götürməliyik. Lakin inkülizv cəmiyyət yaranıb, həssas əhalinin məşğulluğu məsələsi dövlətimizin qarşısında dayanırsa, yenə bu vətəndaşlıq borcudur. Hökmən deyil ki, əsasnaməyə bənd əlavə olunsun. Bu olmasa belə, insan kulinariya, xalçaçılığı, bədii oymanı öyrənibsə, floristdirsə, niyə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin regionlardakı filiallarında olmasın. Cənab Prezident və Birinci vitse-prezidentin iştirakı ilə İsmayıllıda ayrıca böyük filalın açılışı olub. Çəkilişlərdə mən də iştirak edirdim, uşaqlar ora o qədər maraqla gəlirlər ki... Talessimiya xəstəliyi olan uşaqlar, əlliliyi olan şəxslər var. Qiymətləndirmə mərkəzi ora gələnlərdən nə qədərini seçmək olarsa, seçir. Seçim zamanı təlimçilər, komissiyanın sədri, psixatr, psixoloq və sosioloq oturur. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində artıq multidisipliniar qrup fəaliyyət göstərir. Mən belə bir iş sistemi qurmuşdum ki, onlar daim təlim studiyalarına gedib uşaqların inkişafının necə getdiyini müşahidə edirdilər. Amma ora reabilitasiya mərkəzi deyil. Uşaqlara deyirdim ki, özününüzün inkişafı üçün bu yaxşıdır. Psixoloqlar nə qədər çox belə keyslər görürlərsə, bir o qədər inkişaf edirlər. Bu gün biz nəyəsə nail olmaq istəyiriksə, deməməliyik ki, bura reabilitasiya mərkəzi deyil. Gəldi, keçdi, getdi. Biz o benfisiara biraz da güc verməliyik. İnanın ki, 17-18 yaşlarında 5 il danışmayan uşaq gəlmişdi. Təlimçi tapşırıq verməli və cavab almalıdır. Uşaqda nitq tamamilə yox idi. Uşaq yalnız hərdən gözləri ilə gülürdü. Mən dedim bu uşağı götürüm, o danışacaq. Valideyn çarəsiz vəziyyətdə idi. Seçki təşviqat kampaniyasında olanda uşağın şad xəbərini yazdılar. Uşaq artıq danışırdı. Özü də şeirlə. Bu bir möcüzədir. Reabilitasiyanı psixoloqlar apparmasaydılar, uşaq eləcə də gəlib-gedəcəkdi.. Bu kimi hallar çoxdur...