Kanadanın ilk azərbaycanlı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycandan Ukraynaya, oradan da Kanadaya köç edən, Kanadada indigenusların ən çox yaşadığı (əhalinin 43 faizi indigenuslardır) Prins Albert şəhərində məskunlaşan, Kanadada tam professor (full professor) dərəcəsi alan ilk azərbaycanlı Arzu Sərdarlının CanAzərbaycan portalına verdiyi müsahibəni təqdim edirik:
– Professor köməkçisi kimi çalışandan 10 il sonra “full” professor kimi işə başlamısınız. Bu mərhələni keçmək sizin üçün nə dərəcədə çətin oldu?
Azərbaycanda tam professor adı almaq üçün baş müəllim, sonra dosent kimi çalışırsınız. Burada professor köməkçisi baş müəllimlə dosent arasında olan bir dərəcədir. İşə adətən professor köməkçisi kimi götürürlər, amma bu, o demək deyil ki, hansısa professora kömək edirsən. Sadəcə, vəzifənin adı belədir. Professor adı almaq üçün müyyən tələblərə cavab verməlisən. İlk növbədə təbii ki, dərs deməlisən, elmi işlə məşğul olmalısan və elmi işlərin beynəlxaqlq miqyasda tanınmalıdır, beynəlxalq jurnalda çap olunmalıdır və beynəlxalq konfranslarda iştirak etməlisən. Hər mərhələni keçəndə universitet sənin işlərini səninlə əlaqəsi olmayan bir neçə beynəlxalq ekspertə göndərir. Əgər onlar müsbət rəy verirlərsə və digər kriteriyaları da keçmisənsə, tam professor dərəcəsi alırsan.
– Kanada akademik mühitində azərbaycanlı olmaq sizə hansı üstünlükləri verdi, nə qazandırdı?
Sırf akademik nöqteyi-nəzərdən demək olar, heç bir təsiri olmayıb. Amma azərbaycanlı olmağın, Azərbaycan deyilən ölkədə doğulmağın, formalaşmağın müsbət təsiri çox olub. Azərbaycan tarixən unikal bir coğrafiyada, Qərblə Şərqin, Cənubla Şimalın qovuşuğunda yerləşib. Milli mentallıq mənada həm Qərbdən, həm Şərqdən nəsə götürmüşük və dövlət, millət olaraq formalaşa bilmişiksə, deməli, həm Qərbdən, həm də Şərqdən əsasən müsbətləri götürmüşük. Mənfiləri götürsəydik, dövlətləşə bilməzdik və bəlkə də bir çox etnoslar kimi məhv olub gedərdik. Bu baxımdan istər Qərbdə, istərsə də Şərqdə, Şimalda, Cənubda işləyən xeyli azərbaycanlı alim tanıyıram ki, həmin ölkələrə uyğunlaşıb yaxşı nəticələr göstəriblər. Elə bir coğrafiyada formalaşmışam ki, azərbaycanlı olaraq Kanadada müvəffəqiyyət əldə etmək üçün potensialım, məsələn, Əfqanıstandan, Türkmənistandan gələnlərdən bir qədər yüksək olub. Bu, mənim şəxsi qənaətimdir.

– Həm Azərbaycanda, həm də Ukraynada elm sahəsində çalışmısınız. Kanadayla bu ölkələr arasında elm sahəsində, elmə verilən dəyərdə hansı fərqlər görmüsünüz?
Kanadada elmlə məşğul olmaq, elmə gəlmək, universitet təhsilinə maraq bir növ biznes-planın tərkib hissəsi kimidir. Mənim kanadalı tələbələrimdən biri formalaşmış biznesmen idi, benzindoldurma stansiyası var idi. Biznesini genişləndirməyə qərar vermişdi. Özünün də ali təhsili yox idi. Təəccüblə soruşdum ki, “artıq həyatını qurmusan, universitet təhsilini neynirsən?”. Biznesini genişləndirmək istədiyini və təhsilə, peşəkarlığını artırmağa ehtiyac duyduğunu dedi. Ona görə də bizneslə bağlı ətraflı məlumata sahib olmaq istəyirdi.
Ukraynada ali təhsili sosial lift kimi cəmiyyətdə müəyyən üstünlük əldə etmək məqsədilə alırlar. Məcbur deyil ki, fizika üzrə təhsil alıb bu sahədə işləyəsən. Başqa sahədə də işləyə bilərsən, sadəcə universitet diplomu növbəti mərhələyə keçə bilmək üçündür.
Azərbaycanda ali təhsil bir növ status kimi qəbul olunub. Öz ətrafımdakı qohumlardan da görmüşəm. Əksəriyyət hansı ixtisasa daxil olmasının marağında deyil, əsas məqsəd universitetə daxil olmaq, “ali təhsilli” statusu almaqdır. Valideynlərlə danışanda deyirlər ki, “uşağım ali təhsillidir”. Demirlər ki, mühəndis, müəllim, həkimdir, əsas odur ki, “ali təhsillidir”.
– Bildiyimiz kimi, Azərbaycanda bacaranı da, bacarmayanı da, oxumağa həvəsi olanı da, olmayanı da valideynlər ali təhsilə yönləndirməyə çalışırlar. Amma Kanadada bu ənənə yoxdur. Sizcə, hamının ali təhsil alması vacibdir?
Mənə elə gəlir ki, hər kəsin öyrənməyə ehtiyacı var. Səhv etmirəmsə, Epikrus deyib ki, “mənim öyrənməkdən aldığım həzz sevdiyim qadına qovuşmaqdan aldığım həzz qədərdir”. Sizdə öyrənmək ehtirası varsa, universitetə daxil olmaq o həzzi almaq üçün bir vasitədir. Belə adamlar üçün ali təhsil vacibdir. Mən demirəm ki, əgər kimdəsə o ehtiras, ehtiyac yoxdursa, o adamlarda qüsur var. Qətiyyən belə deyil. Bir kanadalı dostum fermerdir, heyvan sürüsü, tarlası var. Nə özünün, nə də övladlarının təhsili yoxdur. Maddi cəhətdən vəziyyətləri çox gözəldir. Onun ehtirası, ehtiyacı başqa sahəyədir. O, qışda ova çıxır. Özü də təkcə tüfənglə yox, yayla-oxla ceyran ovlayır. Onun buna ruhi ehtiyacı var. Əslində bu da bir başqa formada öyrənmək prosesidir. Mən nəyisə kitabdan, o isə təbiətdən öyrənir. Hazırda aspirantlar üçün Epistemologiya haqqında fəlsəfə kursu üzərində işləyirəm. Bununla əlaqədar öyrənmək konsepsiyasını yenidən təhlil edirəm. Bizə son 200 ildə belə bir şey aşılanıb ki, öyrənmək ancaq elm yoluyla ola bilər. Amma əslində öyrənmək təkcə elm yoluyla olmur. Siz ova çıxmısınızsa, təbiətdən nəsə öyrənirsiniz. Yaxud bəzi şeyləri ancaq din yolu ilə öyrənmək olur. Öyrənmək üçün bu qədər yol olduğu halda, Azərbaycandan tanıdığım valideynlər var ki, uşaqları oxumaq üçün güclə hazırlığa göndərirlər. Görürsən ki, ağıllı da uşaqdır, bəlkə də başqa bir sahədə böyük müvəffəqiyyət əldə edə bilər. Amma məcburən 4 il universitetdə oxuyur va bu 4 ildə öyrənməkdən həzz almaq əvəzinə cəza çəkir.
– Arzu bəy, əsasən indigenusların çoxluq təşkil etdiyi şəhərdə yaşayırsınız. Bildiyim qədərilə, əsilləri Avropadan və bir sıra digər ölkələrdən olan kanadalılar ali təhsil almağa o qədər də meylli deyillər. Bəs indigenuslar necə, ali təhsil almağa, oxumağa meyllidirlərmi?
Bir neçə il bundan əvvəl yaşadığım Prins Albert şəhərində indigenus və qeyri-indigenus əhalinin gəlirləinin təhsil səviyyələrindən asılılığını öyrənmək üçün tədqiqat apardıq. Bilmək istəyirdik ki, təhsillərinin artırılması onların gəlirlərinin artırılmasına hansı səviyyədə təsir edir. Məlum oldu ki, universitet təhsili olmayan indigenus əhali eyni işdə çalışan və ali təhsili olmayan qeyri-indigenus əhalidən daha az maaş alır, baxmayaraq ki, hər ikisi eyni işi görür. Amma universitet təhsili olan indigenous və qeyri-indigenous əhalinin gəlirləri təxminən eynidir. Belə nəticəyə gəldik ki, universitet təhsili olmayan indigenus əhali daha çox diskriminasiyaya uğrayır. İndigenus əhali üçün ali təhsil həm gəlirlərini artırmağa, əsas isə diskriminasiyadan azad olmağa kömək edir. Bu baxımdan indigenus əhalinin təhsil almağa daha bir stimulu olduğundan onlarda ali təhsilə xüsusi meyllilik var.
– Tələbələriniz arasında indigenuslar varmı?
Ümumiyyətlə, riyaziyyat- fizika sahəsinə indigenus tələbələr çox azdır. Bir xanım tələbəm var, Saskaçevanda statistika üzrə magistraturada təhsil alan yeganə indigenusdur. Bir oğlan da sənədlərini təqdim edib, ümid ediəm ki, yaxınlarda təhsil almağa başlayacaq.
– İndigenuslarla eyni şəhərdə yaşayırsınız. Maraqlıdır, adət-ənənələri necədir?
Azərbaycanlı olaraq bizim indigenus əhali ilə daha çox oxşar tərəflərimiz var, nəinki avropalıların. İndigenuslarda da bizim kimi qədimdən gələn müəyyən ənənələrə sadiqlik var. Bizdə deyirlər ki, yaxşı oğulsansa, özündən əvvəlki 7 nəslin, babalarının adını bilməlisən. İndigenuslarda da bu ənənə var.
Belə bir stereotip var. Çoxları düşünür ki, indigenus əhali çoxallahlıdır, bütpərəstdir, yaxud animistdir. Əslində indigenuslar yaradana inanırlar, ingiliscə “Creator” (“Yaradan”) deyirlər. Bizdə də Allahın bir adı Yaradandır. Onların inancı bizimlə tam üst-üstə düşməsə də, oxşar tərəfləri çoxdur. İndigenusların inancı daha çox bizim qədim türklərdə Tək Tenqriliyə – tenqrianizmə uyğun gəlir. İndigenous kolleqam biləndə ki, Azərbaycan türküyəm, mənə tenqrianizm barədə suallar verməyə başladı.
Bundan başqa, biz türk olaraq köçərilikdən gəlmişik, onlarda da köçərilik var. Onlarda da bizdəki “ağsaqqal”, “ağbirçək” anlayışlarına oxşar ifadələr var. Bizdə ənənəvi Azərbaycan ailəsində baba-nənə, valideynlər və övladlar bir yerdə yaşayır. Onlarda da evlərin çoxunda 3 nəsil bərabər qalır. Böyüyə çox hörmət var. Hətta, maraqlıdır ki, bizdə mənfi xüsusiyyət kimi qəbul olunan yerlipərəstlik indigenuslarda da var. Bu xüsusiyyət onlara qəbilələrdən qalıb.
İndigenoslarla yaxın siyasi tariximizdə də oxşarlıq var. Azərbaycan 200 il Rusiyanın koloniyası olduğu kimi, Kanadada da indeginos əhali kolonizasiyaya uğrayıb. Burada işləməyə başlayanda gördüm ki, bizim azərbaycanlı olaraq üzləşdiyimiz bir çox problemlərlə indigenos əhali də üzləşib. Onlardan biri də dil məsləsidir. Yadımdadır, mən 1980-ci ildə universitetə daxil olanda Bakıda, demək olar, əksər əhali rusca danışırdı. Çox hörmət etdiyim vətənpərvər azərbaycanlılar səksəninci illərin sonunda müstəqillik hərəkatı başlayanda Azərbaycan dilində danışmağa çətinlik çəkirdilər. Eyni problem indigenus əhalidə də var, çoxu öz dilini bilmir. Onların ehtiyacalarını nəzərə alaraq bir neçə il bundan əvvəl indigenus kolleqalarımla birlikdə Kri (Cree) dilində riyaziyyat terminlərinin ilk izahlı lüğətini hazırladıq. Əvvəl kağız formatında çap etdik. Sonra onlayn formata keçdik. Gözləmədiyim halda kitabın onlayn nəşr edildiyi Pressbook saytından məktub gəldi ki, o lüğəti ayın kitabı elan ediblər, bir ayda 22 mindən çox insan istifadə edib. Dil problemi indiyə kimi bizdə də, indigenuslarda da qalıb. Hazırda statistika üzrə universitet dərsliyi hazırlayırıq. Bu, indigenus elementlərdən istifadə edilən statistika üzrə ilk universitet dərsliyi olacaq. Onlara yaxın olduğundan bu kitabı qavramaq indigenus tələbələrçün daha rahat olacağını düşünürük.
– Kanadadakı orta məktəblərdə riyaziyyat üzrə yarışlar keçirmisiniz və deyəsən, bu ənənə hələ də davam edir. Bu barədə danışardınız, zəhmət olmasa. Buna görə, mükafat da almısınız…
2008-ci ildə First Nations Universitetində belə təklif irəli sürdüm ki, hər il sırf First Nations məktəbləri üzrə riyaziyyat yarışları keçirək. Əslində Kanada orta məktəblərində riyaziyyat üzrə bir neçə yarış var. Amma indigenus uşaqlar daha çox şimalda, bir növ izolə olunmuş yerlərdə, İnternetin zəif olduğu ərazilərdə yaşadıqlarından bu yarışlardan kənarda qalırdılar. Mən də yarışların məhz First Nations məktəblərində keçirilməsini təklif etdim. 17 ildir ki, hər il bu yarışları keçiririk. Doğrusu, bu layihəylə fəxr edirəm. Kanadada ən çox yaşı olan müsabiqələrdən biridir və ümumiyyətlə, indigenus əhali üçün yeganə yarışdır ki, indiyə qədər davam edir. Müxtəlif təşəbbüslər olub, amma 1-2 ildən sonra dayanıb. Yarışlar, Britaniya Kolumbiyasından tutmuş Ontarioya qədər bir çox First Nations məktəblərində keçirilir.
– Maraqlıdır, heç azərbaycanlı tələbəniz olub?
Bura gələndən çox istəmişəm ki, azərbaycanlı tələbəm olsun. First Nations Universiteti ilə Regina Universiteti federasiya şəklində fəaliyyət göstərir. Əslində mən həm First Nations Universitetinin professoru olmaqla bərabər, həm də Regina Universitetinin də assosiativ fakultə üzvüyəm. Regina Universitetinin riyaziyyat departamenti hər il avqustda bizə magistratura və PhD-yə müraciət edən tələbələrin siyahısını göndərir. 2019-cu ildə bir kolleqam mənə bildirdi ki, Azərbaycandan Haisə Osmanlı adında bir xanım magistratura üçün müraciət edib. Onun elmi rəhbəri olmağımı təklif etdi. Təbii ki, böyük məmnuniyyətlə razılaşdım. Haisə xanım magistratura pilləsini başa vurdu və keçən il statistika üzrə fəlsəfə elmləri doktoru adı aldı. Onunla çox fəxr edirəm. Bildiyimə görə, Kanadada sözügedən sahə üzrə fəlsəfə elmləri doktoru adı alan ilk azərbaycanlıdır. Çox istedadlı, işgüzar, özünə qarşı tələbkar xanımdır. Mənim bir çox layihələrimdə də iştirak edib.
– Bir az övladlarınız barədə danışardınız, zəhmət olmasa, nə ilə məşğuldurlar, riyaziyyat üzrə gedəni varmı?
Bir qızım, bir oğlum var. Qızım riyaziyyatçıdır. Ukraynadan Kanadaya köçəndə qızımın 5, oğlumun 4 yaşı var idi, ingiliscə bilmirdilər. Qızım sentyabrdan məktəbə hazırlığa (kindergarten) başladı, amma ingiliscə bilmirdi. Bir gün müəllimələri dedi ki, qızım ingiliscə danışa bilməsə də, riyaziyyatdan verilən misalları asanlıqla həll edir. Sonra gördük ki, rəqəmələrə, nömrələrə həvəsi var, evə gəlib maşınların nömrəsini kağıza yazmağı sevir. Qızım 3-cü sinifdə oxuyanda bəlli oldu ki, riyaziyyat məsələlərini o biri uşaqlardan daha tez edir və məktəb direktoru bizə məsləhət gördü ki, onu İQ üzrə mütəxəssis yanına aparaq. Apardıq, qızımın İQ səviyyəsi çox yuxarı çıxdı. Qiyabi olaraq riyaziyyat kurslarına başladıq. Elə oldu ki, bir ildə 3 sinfin riyaziyyat proqramını bitirdi. 11 yaşında artıq orta məktəbin 12-ci sinfinin riyaziyyat proqramını bitirmişdi. Qeyd edim ki, digər fənlərdə o biri uşaqlardan fərqlənmirdi. 11 yaşından Alberta Universitetində riyaziyyat kurslarına getməyə başladı. İlk dəfə auditoriyaya girəndə universitet tələbələri qızıma qəribə baxırdılar. Qızım dəfələrlə Kanada üzrə riyaziyyat yarışlarında qalib gəldi və Kanadanı ümumdünya riyaziyyat olimpiadasında təmsil etdi. Orta məktəbi də vaxtından 1 il tez bitirdi. Bakalavr pilləsini Amerikada Prinston Universitetinə oxudu. Sonra Çikaqo Universitetində magistratura təhsilinin ardından doktorluq dərəcəsi aldı. Amma universitetdə işləmək istəmədi. Amerikada şirkətlərdən birində riyazi təhlil üzrə çalışır.
Oğlum isə ingilis dili və ədəbiyyatından orta məktəbdə dərs deyir. O da universiteti vaxtından əvvəl bitirdi. Onun riyaziyyata o qədər həvəsi yoxdur. Amma müəllim olaraq məndən daha çox populyardır. Ona görə həmişə uşağın öz istədiyi sahəyə getməsinin tərəfdarıyam. Mənim həyat yoldaşım kimyaçıdır. Ona görə ürəyimizdən keçrdi ki, oğlumuz da dəqiq elmlər sahəsinə getsin, amma o istəmədi.
Oğlum hələ diplomunu almamışdı, məktəbdə təcrübə keçirdilər. Təcrübə saatlarını bitirəndən sonra, görünür, o qədər xoşları gəlmişdi ki, məktəbdə qalıb dərs deməyə davam etməsini istəmişdilər. O da qalıb dərs dedi. Birinci dərs ilini bitirəndə təxminən özü ilə yaşıd olan bir “Honda”sı vardı; məktəbin maşın dayanacağında saxlayırdı. Şagirdlərin oğlumun dərs deməyindən, onlarla gözəl münasibət qurmağından o qədər xoşları gəlmişdi ki, dərs ilinin sonunda maşının hər yerinə açıqcalar yapışdırmışdılar. Bizim istədiyimiz sahəyə getsəydi, bəlkə də o nailiyyəti əldə etməzdi.
– Arzu bəy, bildiyimiz kimi, riyaziyyat elm və texnologiyanın əsasıdır. Elə bu səbəbdən çoxlarımız övladlarımızın riyaziyyatı yaxşı oxumasını istəyirik. Bunun üçün hətta kiçik yaşlarından uşaqlarını riyaziyyat hazırlıqlarına qoyanlar var. Belə başa düşdüm ki, bu, səhv yanaşmadır. Necə düşünürsünüz, hər bir uşaqda riyaziyyata maraq yaratmaq mümkündürmü?
Uşaq pedaqoqu olmasam da, uşaqlarımın timsalında görürəm ki, riyaziyyatı baza səviyyəsində hər kəs qavraya bilər. Amma böyük riyaziyyatçı olmaq üçün, məncə, xüsusi istedad lazımdır. Sizə bir misal çəkim. Qızımın çin əslilli sinif yoldaşı var idi. Valideynləri çox istəyirdilər ki, qızları riyaziyyatçı olsun. Bildiyiniz kimi, çinlilər riyaziyyata çox önəm verirlər. Qızın atası deyirdi ki, körpəykən qızının beşiyinin üzərinə rəqəmlərdən şəkillər asırdılar. Amma qızın o sahəyə marağı yox idi və başqa sahəyə maraq göstərdi. Mən riyaziyyatçı-fizik, yoldaşım kimyaçı olsa da, oğlumun elm arxasınca getməsini arzulasaq da, o başqa, özünün istədiyi sahəyə getdi və uğurlu oldu. Universitet təhsili olmayan insanlar var ki, çox xoşbəxt həyatları var. Mənə elə gəlir ki, insan öz daxili, ruhi tələbatlarını ödəyə bildiyi zaman xoşbəxt olur. Əvvəldə də danışdığımız kimi, insanların tələbatı müxtəlifdir. Kanadalı dostum yayı-oxu götürüb ova getməyi sevir, mən kompyuterin arxasında oturmağı, auditoriyada dərs deməyi sevirəm. Bəzən olur ki, nasaz oluram, yaxud da bir problem məni narahat edir. Amma auditoriyada mühazirəyə başlayanda xəstəlikdən, problemdən əsər-əlamət qalmır. Hər kəsin sevdiyi sahədə daha uğurlu olacağını düşünürəm.
– Övladlarınızın Azərbaycan, Azərbaycan mədəniyyəti, Azərbaycan diliylə əlaqəsi hansı səviyyədədir?
Uşaqlarıma heç vaxt azərbaycanlı olmaları ilə bağlı bayağı təbliğat aparmamışam. Düzdür, Azərbaycandan danışmışam, Azərbaycan filmləri göstərmişəm, amma heç vaxt “siz azərbaycanlısınız” deyə təzyiq etməmişəm. Mən Kanadaya gələndən sonra uzun müddət imkan olmadığından Azərbaycana getməmişdim. Bir dəfə Azərbaycana gedəndə, oradan nə gətirməyimi istədiklərini soruşdum. Qızım məndən kəlağayı istədi. Halbuki, evimizdə heç kim heç vaxt kəl ağayıdan danışmamışdı. Alıb gətirdim, mənə kəlağayı başında şəklini göndərdi. Oğlumun şəkil çəkmək qabiliyyəti var, uşaq olanda buta çəkirdi. Bunu hardan öyrənmişdi, bilmirəm. Oğlumun əvvəl işlədiyi məktəbdə belə bir ənənə var idi. İlin bir günü kim istəyirsə, milli paltarda dərsə gəlir. Oğlum məndən xahiş etdi ki, ona Azərbaycan milli geyimini tapım. Edmontondakı azərbaycanlılarımızdan xahiş etdim. Sağ olsunlar, kömək etdilər, oğlum müəllim kimi milli geyimimizi geyinib dərs deməyə getdi. Albertada hər il İrs festivalı (Heritage Festival) olur və bütün millətlər orada öz mətbəxlərini, musiqilərini nümayiş etdirirlər. Oğlum ora gedib Azərbaycan təşkilatlarına könüllü kömək edirdi. Mən ona getməsi ilə bağlı heç bir şey deməmişdim. Çox dəyərli azərbaycanlımız Səbinə İsgəndərova Edmontonda bir radio ilə danışmışdı və həftədə bir dəfə Azərbaycan haqqında bir saatlıq veriliş üçün radio tezliyi almışdı. Oğlum orta məktəbdə oxuyanda Səbinə xanımgil təklif etdilər ki, verilişi Rüstəm aparsın. Oğlum razılaşdı və düz 3 il həftədə bir dəfə Edmontona gedib efirdə Azərbaycan musiqiləri, mahnıları barədə danışırdı və musiqilərimiz səsləndirilirdi. Veriliş canlı olduğundan Müslüm Maqomayev haqqında hazırladığı verilişdə efirə zəng də vurmuşdular.
– Arzu bəy, deyirsiniz ki, ailədə Azərbaycanla bağlı təbliğat aparmırsınız. Amma əslində qızınızın kəlağayı istəməyi, oğlunuzun Azərbaycanla bağlı işlərdə könüllü kimi işləməsi siz hiss etməsəniz də, sizin təbliğatınızdır…
Mən bu sahənin mütəxəssisi deyiləm. Amma görünür, nə isə genlə əlaqədardır. Bir də mən düşünürəm ki, ən yaxşı təbliğat nümunədir. Uşağa deyəndə ki, bu işi gör, onda həmin işə qarşı əks reaksiya yaranır. Amma görəndə ki, valdieyni bir işi görür, uşaq da onu təkrar etməyə çalışır. Görünür, bizdə də bu üsul işləyib.
– Maraqlıdır, yaşadığınız şəhərdə azərbaycanlılar varmı?
Bildiyimə görə, Prins Albertdə bizdən başqa azərbaycanlı yoxdur. Amma ümumilikdə Saskaçevana son 10 ildə xüsusilə çoxlu azərbaycanlı gənc gəlib. Reginada, Saskatunda da da azərbaycanlılar var. Saskaçevanda Azərbaycan icmasının rəhbəri Rəna xanımdır. Mən həqiqətən onların gördüyü işlərlə fəxr edirəm. 3 il əvvəl Müstəqillik günündə Regina şəhər icra hakimiyyətinin qarşısında Azərbaycan bayrağını qaldırdılar. Mən ilk dəfə 1990-cı ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunda işləyəndə üçrəngli Azərbaycan bayrağının Müstəqillik Günündə qaldırılma mərasimində iştirak etmişə. Bizim böyük, ağsaqqal alimlərimizin gözlərinin yaşardığını görmüşəm. Həmin hissləri bir də 32 il sonra Reginada yaşadım. Mənə elə gəlir ki, indiki gənc nəsil, müstəqillik dövrünün nəsli bizdən daha çox azərbaycanlıdır və Azərbaycan müstəqilliyini bizdən daha dərin anlayırlar. Çünki bizdən fərqli olaraq məhz gənclər müstəqil Azərbaycanın övladlarıdırlar.
– Arzu bəy, 26 ildir Kanadada yaşayırsınız, özü də azərbaycanlıların yaşamadığı bir şəhərdə. Heç içinizdə Azərbaycana qayıtmaqla bağlı bir nisgil olub?
Nisgil, nostalji hər bir insan üçün təbii hisslərdir; xüsusilə də, mənim yaşıma gələndən sonra. Amma nisgili, nostaljini həyat fəlsəfəsinə çevirmək çox mənfi, bəzən də faciəvi nəticələr verə bilər. Bunu insanların da, bütöv xalqların da timsalında görmək olar. Təəssüf ki, bəzən nisgil, nostalji bəzi ölkələrin dövlət ideologiyasına cevrilir. Biz bu cür ideologiyaların müasir dövrdə gedən beynalxalq proseslərə destruktiv, dagıdıcı təsirini müsahidə edirik. Dərk etməliyik ki, keçmişə qayıtmaq mümkün olmadığı kimi, keçmişi qaytarmaq da mümkün deyil. Tarixdə bunun analoqu yoxdur. Məncə insan gələcəyə baxmalıdır. Yunan filosofu Heraklitin bir kəlamı var: “Eyni çaya iki dəfə girmək olmaz”.
Xüsusilə də basqa ölkədə yeni həyata başlayırıqsa, gərək gələcəyə baxaq. Əgər bir ölkəyə uzun müddətlik gediriksə, plan hazırlamalıyıq. Düzdür, mən buraya gələndə Kanada barədə az məlumatım var idi, amma indi internetdən istədiyin informasiyanı tapmaq mümkündür. Mən Kanadaya köçməyimə təəssüflənmirəm və burada özümü çox rahat hiss edirəm. İnanmıram ki, qızım 11 yaşında Ukraynada, yaxud Azərbaycanda universitetə gedib riyaziyyatdan kurslar götürə bilərdi. Mən Azərbaycanda elmlə məşğul ola bilərdim, amma buradakı qədər elmi mühitdə, beynəlxalq konfranslarda iştirak etmək imkanımın olacağını düşünmürəm. Bəzi həmyerlilərimiz Kanadada “bizdə belə idi, elə idi” deyərək nostalji hisslər yaşayırlar. Amma heç Kanada vətəndaşlığından imtina edərək geri qayıdan görməmişəm. Özümü Azərbaycan mənşəli kanadalı kimi qəbul edirəm. Demirəm, Azərbaycandan qopmalısan. Amma bu ölkənin vətəndaşlığını qəbul etmisənsə, vətəndaşlığı qəbul edərkən and içmisənsə və hələ də özünü kanadalı deyil, yalnız Azərbaycan vətəndaşı kimi hiss edirsənsə, deməli, and içərkən qeyri-səmimi olmusan.
Mən burada Azərbaycan mənşəli müsəlman olaraq da özümü çox rahat hiss edirəm. Gündə 5 dəfə namazımı qılır, orucumu tuturam. Açığını deyim ki, Azərbaycanda olanda bu imkanlarım yox idi. Azərbaycanda laboratoriyada işləyəndə desəydim ki, namaz qılmağa gedirəm, deyəcəkdilər ki, get işini gör. Amma özlərini burada rahat hiss etməyən adamları da qınamıram. Görünür, kimdəsə uyğunlaşmaq qabiliyyəti daha çox, kimdəsə azdır. Azərbaycanda olanda çox arzusunda olsam da, Həccə gedə bilməmişdım. Buraya gələndən sonra Həcc ziyarətini də Allah nəsib elədi. Oktyabrda dərs ilinin ən məşğul vaxtı idi. Dekanımıza və kafedra müdirinə müraciət elədim və Həccə getmək üçün öz hesabıma iki həftəlik məzuniyyət istədim. Biri katolikdi, o birisi yəhudi. Hər ikisi mənim istəyimə hörmətlə yanaşıb icazə verdilər. Üstəlik, həmin günlərin məvacibini də ödədilər. Məsələ pulda deyil, münasibətdədir. Başqalarını bilmirəm, şəxsən mən burada hər zaman öz müsəlmanlığıma və azərbaycanlılığıma hörmətli münasibət görmüşəm.



