Icma.az
close
up
RU
Nəsrulla Kəngərli: keçmişin, həm də bu günün və gələcəyin memarı

Nəsrulla Kəngərli: keçmişin, həm də bu günün və gələcəyin memarı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Keçən ilin sentyabrında Baş nazir Əli Əsədovun imzaladığı qərarla XX əsr Azərbaycan memarlığının tanınmış nümayəndələrindən biri, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar inşaatçısı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirəsi əbədiləşdirildi. Onun Bakı şəhərində — İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində yerləşən yaşadığı evə xatirə lövhəsinin vurulması böyük  memarın irsinə verilən dəyərin ifadəsi idi.

            Bu xəbər xatirəmə məşhur memarın tanınmış həkim oğlu Aqşin Kəngərlinin atası haqqında dediyi  sözləri gətirmişdi: Atam sənətini sonsuz məhəbbətlə sevirdi. Müharibədən qayıdarkən özü ilə gətirdiyi yeganə əşya bir memarlıq albomu idi. Həmin albomu tez-tez vərəqləyər, alman qotikası abidələrinin fotoşəkillərini maraqla gözdən keçirərdi. Layihələrinin icrasına şəxsən nəzarət edir, tikinti sahələrindən toz içində, yorğun, amma razı qayıdardı. Onun üçün memarlıq yalnız peşə deyildi – milli kimliyimizin, varlığımızın bədii ifadəsi idi.

            Aqşin həkim onu da  əlavə edirdi ki, atası ömrü boyu Azərbaycanın müstəqillik arzusu ilə yaşamışdı və nə xoş ki, bu arzunun gerçəyə çevrildiyini görmək ona nəsib olmuşdu. Vəfatından bir-neçə ay əvvəl demişdi: mən heç vaxt düşünməzdim ki, Sovet quruluşunun süqutunu öz gözlərimlə görəcəyəm. Bəlkə də bu sevinc, nəslimizin başına açılmış oyunların ağrı-acısını ona unutdurdu. Dünyadan ölkəmizin taleyi sarıdan nigaran köçmədi…

            O vaxtlardan, Aqşin həkimin qürur dolu sözləri ilə səsləşən bir neçə qeydim də dəftərçəmə düşmüşdü. Azərbaycan memarlıq sənətinin parlaq simalarından biri olan Nəsrulla Kəngərli — Bakının, Gəncənin, Sumqayıtın arxitekturasına öz möhürünü vurmuş, nadir memarlıq nümunələri ilə bu məşhur şəhərlərin simasını dəyişmiş sənətkar idi. Böyük Vətən  müharibəsinin iştirakçısı kimi "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmiş, uzun illər pedaqoji fəaliyyət göstərmiş və "Əməkdar inşaatçı" fəxri adına layiq görülmüşdü. O, daşları danışdıran, milli kimliyi memarlıq dili ilə gələcək nəsillərə ötürən sənətkar olmuşdur. 

Əsrlər boyu Azərbaycan memarlığı özünəməxsus üslubu, zəngin ornamentikası və estetik dəyərləri ilə dünya memarlıq xəzinəsində layiqli yer tutmuşdur. Bu sənətin inkişafında hər dövrdə böyük sənətkarların, istedadlı memarların rolu olmuşdur. Onlardan biri də Azərbaycanın əməkdar inşaatçısı, memarlıq irsimizin layiqli davamçısı Nəsrulla Kəngərli idi.

            Doğrudan da  46 il boyunca "Azərdövlətmemarlayihə", "Bakışəhərbaşlayihə", "Azərdövlətlayihə" kimi nüfuzlu layihə institutlarında fəaliyyət göstərmək və  sənətinə sadiq qalmaq hər kəsə qismət olmur. Nəsrulla Kəngərli XX əsr Azərbaycan memarlığının aparıcı simalarından olan Mikayıl Hüseynov, Ənvər Qasımzadə, Davud Axundov kimi görkəmli memarlarla bir sırada dayanaraq, peşəkarlığı və zəhmətkeşliyi ilə seçilmişdir.

            Tanınmış Kəngərlilər nəslindən olan Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabrın 25-də Naxçıvanda dünyaya gəlmişdir. Babası İsmayıl ağa rus-türk müharibəsində 200 süvariyə rəhbərlik etmiş, qəhrəmanlığına görə çar hökumətindən poruçik rütbəsi və Naxçıvanda torpaq almışdır. Atası Yaqub Paşa az təhsil alsa da, savadlı və ziyalı bir şəxs kimi tanınmış, ərəb, fars, rus dillərini bilmiş, osmanlıcaya bələd olmuşdur. O, zəngin kitabxana yaratmış, İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlamış, rus alimi K.Smirnova Naxçıvanın tarixi və etnoqrafiyası üzrə tədqiqatında yardım etmişdir. 1918-ci ildə erməni basqınlarının qarşısını almaqda müdriklik və igidlik göstərmişdir.

            Belə bir ailədə göz açan Nəsrulla Sovet hakimiyyətinin ilk illərində təhsil almağa nail olmuşdu. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirib, muxtar respublikanın kənd məktəblərində müəllim kimi fəaliyyət göstərmişdi. Atası Yaqub Paşa Sovet quruculuğunda fəal iştirak etsə də, sonralar İran və Türkiyə ilə əlaqə saxlamaq kimi əsassız ittihamlarla 1937-ci ildə güllələnmişdi. Anası Mina xanım və böyük qardaşları Həsən, Əlmədət və Kamil ailələri ilə birlikdə Qazaxıstana sürgün edilmiş, yalnız 1964-cü ildə bəraət qazanaraq vətənə dönə bilmişdilər.

            Nəsrullanı bu acı taledən Naxçıvandan uzaqda olması xilas etmişdi. O, həmin dövrdə - 1932-ci ildə Gəncə Toxuculuq İnstitutuna daxil olmuş, bir il sonra isə Bakıda Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində təhsilini davam etdirmişdi. Lakin gənc memarın həyat yolu rahat olmamışdı. 1941-ci ildə o, təhsilini yarımçıq qoyaraq Böyük Vətən Müharibəsinə yollanmış, 416-cı Azərbaycan diviziyasının tərkibində Qafqazdan Berlinədək döyüş yolu keçmişdi. Müharibədən  qayıdan Nəsrulla Kəngərli bundan sonra bütün ömrünü Azərbaycan memarlığının inkişafına həsr etmişdi. Onun fəaliyyəti, həm peşəkar zəhmətinə, həm də vətənə sədaqətinə nümunə olmuşdu.

            Memarlıq fəaliyyətinə müharibədən sonra  başlayan Nəsrulla Kəngərli, uzun illər ərzində paytaxtda müxtəlif yaşayış binalarının, ictimai və inzibati tikililərin layihələndirilməsində yaxından iştirak etmişdir. Onun müəllif olduğu layihələr arasında Bakının Nizami küçəsində, İnşaatçılar prospektində, həmçinin Nərimanov heykəlinin ətrafında inşa olunmuş yaşayış binaları xüsusilə seçilir. Bu tikililər klassik və müasir memarlıq üslublarının vəhdətini əks etdirərək müəllifinə layiqli şöhrət qazandırmışdır.

             Azadlıq və İnşaatçılar prospektlərində, eləcə də şəhərin digər ərazilərində inşa edilən məktəb binaları bu gün də öz memarlıq gözəlliyi, milli üslubda bəzək elementləri və monumental görkəmi ilə diqqəti cəlb edir. Bu tikililər, eyni zamanda, Azərbaycan memarlıq irsinin dəyərli nümunələri kimi qiymətləndirilir. Bakıda yerləşən Mərkəzi Univermaq, Tibb Universitetinin korpusu və idman kompleksi, Gəncə Dəmiryol Vağzalı, Xankəndidə inşa edilmiş inzibati bina kimi layihələr də Azərbaycanın memarlıq salnaməsində xüsusi yer tutur. Bu memarlıq əsərləri Nəsrulla Kəngərlini memarlıq sahəsində tanınmış və nüfuzlu bir şəxsiyyətə çevirmişdir.

            Onun memarlıq irsi olduqca zəngindir. Sadəcə onu qeyd etmək kifayətdir ki, Sumqayıt şəhərinin baş planı və bu şəhərdəki bir neçə tikililər Nəsrulla Kəngərlinin layihələndirməsi ilə ərsəyə gəlmişdir. Ümumiyyətlə, 1968-1985-ci illər ərzində Sumqayıt şəhərinin baş planı, yaşayış məhəllələri, ictimai və digər təyinatlı binaların layihələri "Azərdövlətlayihə" institutunun nəzdində, onun rəhbərlik etdiyi emalatxanada hazırlanmışdır. Bu kompleks və yaradıcı işinə görə o, SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür.

            Həyata keçirilməyən, lakin layihə səviyyəsində yüksək dəyərləndirilən bəzi memarlıq nümunələri – məsələn, Kənd Təsərrüfatı Nazirliyinin binası, Ticarət evi, inzibati korpus və digər layihələr – bu gün də onun zəngin yaradıcılıq təxəyyülünü nümayiş etdirir. 

            Nəsrulla Kəngərli Azərbaycan memarlığında dərin iz qoymuş şəxsiyyətlərdən biri kimi yadda qalmışdır. Onun fəaliyyəti yalnız bir mütəxəssis kimi deyil, həm də bir vətənpərvər kimi milli dəyərlərin qorunmasına, onların müasir memarlıqla vəhdət təşkil etməsinə xidmət etmişdir. Onun layihələndirdiyi tikililər estetik görünüşü ilə yanaşı, funksional baxımdan da dövrünün qabaqcıl nümunələri sırasında olmuşdur. O, klassik memarlıq ənənələrini müasirliklə ustalıqla sintez edərək həm zamanın tələblərinə cavab verən, həm də milli ruhu əks etdirən əsərlər yaratmışdır.

            Nəsrulla Kəngərlinin zəhməti dövlət səviyyəsində yüksək qiymətləndirilmiş, o, bir çox təltif və mükafatlara layiq görülmüşdür. Bu, onun həm peşəkar fəaliyyətinə, həm də vətənə xidmətinə verilən dəyərin bariz nümunəsidir.

            1991-ci ildə vəfat edən böyük sənətkar, yalnız gözəgəlimli binalar və mühüm layihələr qoyub getməmiş, həm də yüksək mənəvi irs buraxmışdır. Ən önəmlisi isə, Nəsrulla Kəngərli qurub yaratdığı memarlıq nümunələri, elmi-pedaqoji fəaliyyəti və milli kimliyə sadiqliyi ilə həm də bir ziyalı, bir müəllim, böyük vətəndaş idi. Bu gün də Azərbaycan memarlığında onun adı hörmətlə çəkilir, irsi öyrənilir. Nəsrulla Kəngərli təkcə keçmişin deyil, həm də bu günün və gələcəyin memarı olaraq yaşayır.

Namiq Qədimoğlu

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyun 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri