Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

KƏLBƏCƏR: dəmir yumruğun və dəmir iradənin nəticəsi

KƏLBƏCƏR: dəmir yumruğun və dəmir iradənin nəticəsi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Kəlbəcər dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi böyük siyasətlə müharibəsiz, döyüşsüz, itkisiz geri alındı. Bu qədim torpaq azad edildikdən dərhal sonra burada quruculuq, bərpa işlərinə başlanıldı ki, kəlbəcərlilər qısa zamanda doğma yurdlarına qayıda bilsinlər. Çünki düşmən bu yurdumuzu da qarət etmiş, buradan çıxarkən vəhşiliyin bütün növlərini əzəli Azərbaycan yurduna tətbiq etmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.

Bəli, bu gün Kəlbəcərin əcər hüsnü dövlətimizin başçısının dəyərli ifadələrini təzahür etdirir. Kəlbəcərə həyat qayıdır.

Kəlbəcərin sahibi gələcəkdi...

1993-cü il aprelin 3-də Kəlbəcər işğal olundu. 70 il əsarətdə yaşayan, sərvətləri mənimsənilən, əlləri bomboş olan bir xalqın əlindən alındı böyükmiqyaslı torpaqları, eləcə də Kəlbəcəri. Bu xalqın igid övladları çıxdı düşmənin qarşısına. Çünki tarixən Azərbaycan oğulları canından keçib, lakin düşmən qarşısından qaçmayıb. Son nəfəsinədək torpaq uğrunda vuruşub. Lakin əliboş, silahsız nə etmək olardı?

Ozamankı hakimiyyət mənsublarının başı vəzifə kürsüsünə qarışmışdı. Odur ki, Qarabağdan və Şərqi Zəngəzurdan kömək üçün edilən çağırışları eşitmir, zənglərə cavab vermirdilər. Çünki bu torpaqların satılması qarşılığında vəzifədə qalacaqlarına vəd verilmişdi. Ona görə də nəticə belə oldu: Kəlbəcərin 58 mindən artıq əhalisi minillərboyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salındı, 321 nəfər əsir düşdü və ya girov götürüldü, 511 nəfər vəhşicəsinə qətlə yetirildi. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min qaramal, 500 min baş qoyun-quzu, 100-lə maşın, texnika və sair talan edildi, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.

Kəlbəcər bu taleyi yaşadı, bəli. Lakin bu o demək deyildi ki, Azərbaycanın bu qədim torpaqları əbədiyyən erməni tapdağı altında qalacaqdı. Bu o demək deyildi ki, evindən-eşiyindən didərgin salınan minlərlə insanın bu taleyi ilə barışılacaqdı. Milyardlarla manatlıq sərvətin dağıdılmasına göz yumulacaqdı.

Gələcəkdi zamanın da sahibi, torpaqların da. Və gəldi də. 30 ildə bu ölkənin sərvətlərinin əsas hissəsi ordu quruculuğuna ayrıldı, 30 il əvvəlki uğursuzluğu uğurla əvəz etmək üçün. Torpaqları yağıdan azad etmək üçün. İnsanların üzərindən qaçqın, köçkün, yurdsuz adını götürmək üçün. Onları yurdlarına geri qaytarmaq, torpaqların ətrini yenidən qoxulatmaq üçün.

Ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin həm hərbi, həm də siyasi bacarığı ilə çoxəsrlik tariximizə 44 səhifə əlavə olundu. Bu 44 səhifəyə 200-300 minilliyə bərabər tarix yazıldı. 10 noyabr Bəyanatı ilə Qarabağ probleminə son qoyuldu.

Bir güllə belə atılmadan...

2020-ci ilin payızına-44 günlük Vətən müharibəsinə qədər Kəlbəcər bir-birinin ardınca 27 qış yaşadı. Bahar gəlmədi bu qədim yurda. Gələ də bilməzdi. Çünki Kəlbəcər baharı qovmuşdu ağuşundan. Köksünü qışa açmışdı. Ta azad olanadək qış ömrü yaşayacağına and içmişdi. Dağlarının min rəngli, min bir ətirli çiçəyinə “get”,- demişdi. “Gəlmə, hüsnümü bəzəmə, ruhumu oxşama, yaslıyam, qoy yasımı tutum”,- demişdi.

Kəlbəcər özünü bütünlüklə qışa vermişdi. Qara, buza, soyuğa vermişdi. Kimlə bahar qarşılayacaqdı ki?.. Doğmaları bu yurddan zorla çıxarılmışdı. Bağrı üstündə düşmən tapdağını hiss etdikcə Kəlbəcər əzilirdi, doğmalarının həsrəti ilə yanıb-yaxılırdı. Sərvətlə dolu köksünə hər dəfə əl uzadıldıqda haray çəkirdi. Düşmənin talançılığına qarşı üsyan edirdi. Lakin səsi yalnız dağ-daşına yayılır, əks-səda verir və yenidən bağrına qayıdıb onu boğurdu...

27 qış keçdi Kəlbəcərin ömründən... Doğmalarının olmadığı qış. Kəlbəcərin gözünün yollarda qaldığı qış... Sən demə 27-ci qış Kəlbəcərin son qışı olacaqdı. 2020-nin payızı Kəlbəcəri qışa deyil, bahara aparacaqdı. Payız bahara çevrilib Kəlbəcərin 27 illik həsrətini də vüsala çevirəcəkdi. 27 il əvvəl gülləbaran yağışı altındakı işğalından fərqli olaraq, bu dəfə bir güllə belə atılmadan azad ediləcəkdi. Çünki məxsus olduğu ölkə 27 il öncəki ölkə deyildi. Hakimiyyət kürsüsünü möhkəmlətmək üçün satılaraq Kəlbəcəri bir qələmlə silib onu erməniyə hədiyyə edən AXC-Müsavat birləşməsi çoxdan tarixin qara qutusuna atılmışdı. Onlardan əsər-əlamət belə qalmamışdı. Özləri yaşasalar da, xalq onları silmişdi. Bir daha onlara inanmamağa and içərək silmişdi.

Kəlbəcərin işğalı ilə azadlığı arasında ötən zaman kəsiyində isə onun və Qarabağın bütün işğal altında olan torpaqlarının azad olunması üçün uzun illərlə iş aparılmışdı. Ulu Öndərimizin bu istiqamətdə həyata keçirdiyi işlər cənab İlham Əliyev tərəfindən elə bir səviyyəyə gətirilmişdi ki, ya sülh, ya da hərb yolu ilə bu torpaqların azad olunması reallaşacaqdı. Uzun illər sülh yoluna cəhd edilsə də, lakin dünya susdu və biz hərb yolunu seçməli olduq. Hərb yolu ilə 44 gün içərisində Azərbaycan Milli Ordusu elə bir bacarıq nümayiş etdirdi ki, dünənədək susan dünya dilə gəlib bu səriştədən danışmağa başladı. Beləliklə, Qarabağa və Şərqi Zəngəzura yeni bir həyat qayıtdı. Bu yeni həyatdan Kəlbəcərə də pay düşdü.

Baş planla özünəməxsusluğu qorunan Kəlbəcər

Soydaşlarımızın ata-baba torpaqlarına qayıdarkən gözəl şəraitdə yaşaya bilməsi üçün dövlətimiz tərəfindən İkinci Vətən müharibəsindən dərhal sonra geniş quruculuq tədbirlərinə başlandı.

2023-cü ildə dövlətimizin başçısı Kəlbəcər şəhərinin Baş planı ilə tanış olarkən məlumat verilmişdi ki, onun hazırlanması zamanı özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Baş planda nəzərdə tutulanlar Kəlbəcərin yaxın gələcəkdə sahib olacaqlarını gözlər önündə canlandırır. Budur, bu yurd yeri dövlət başçısının Kəlbəcərə səfərindən biri zamanı söylədiyi “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir” dəyərli fikirlərindəki kimi, qurulur, yaradılır, cənnətə çevrilir.

2021-ci ildə Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının fəaliyyətə başlaması, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən 72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolunun tikintisinə başlanması, bu yol üzərində 3,4 kilometr uzunluğundakı tunelin təməlinin qoyulması, İstisuya əvvəlki şöhrətini qaytarmaq üçün 51 kilometr uzunluğunda İstisu-Minkənd yolunun tikintisi Kəlbəcərin azadlığından sonra abadlığına doğru gedən yolda ilkin olaraq gördüklərimiz idi.

Hər səfər bir töhfədir

Dövlətimizin başçısının Qarabağa və Şərqi Zəngəzura hər dəfə səfərləri bu qədim yurd yerlərinin inkişafına yeni töhfələrlə yadda qalır. 2020-ci ildən başlanan səfərlərin hər birində bunun şahidi olmuşuq. 2023-cü ilin may ayınının 27-də isə bir daha gördük. Cənab İlham Əliyev Kəlbəcərin hüsnünü oxşayan neçə-neçə tikililərin təməlini qoymaqla, açılışlarını etməklə bu yurd yerinin dirçəlməsi, sakinlərinin tezliklə ata-baba ocaqlarına qayıtmaları üçün yeniliklərə imza atdı.

Yurd salmaq, binə etmək ən savab əməldir. Dağıdılan, viran edilən yurdların bərpası isə ikiqat savabdır. Odur ki, dövlətimizin başçısı həm torpaqlarımızın düşməndən geri alınmasına, həm də yurdlarımızın bərpa edilməsinə görə yüzilliklərlə yaşı olan xalqımızın tarixində özünəməxsus yer qazanıb.

Həmin gün Kəlbəcərin 900-dən artıq ailənin məskunlaşacağı Yanşaq və Zallar kəndlərinin təməli qoyulması da bu missiyanın davamı oldu.

Prezident İlham Əliyev çıxışlarının birində deyirdi: ...Kəlbəcəri tərk etmək üçün onlara vaxt verəndə nə etdilər? Evləri yandırmağa, ağacları kəsməyə başladılar və 32 su elektrik stansiyasını dağıtdılar. Təsəvvürünüzə gətirirsinizmi?

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” , 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq bu stansiyalarda milyonlarla kilovat/saat elektrik enerjisi istehsal olunur.

Kəlbəcəri nura boyayacaq stansiyalardan növbətisi ermənilərin buranı tərk edərkən avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları oldu. Dövlətimizin başçısı həmin gün ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulan “Qamışlı” Kiçik Su Elektrik Stansiyasını və il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı.

Yol döyünən ürəkdir. Bir nasazlıqla tamamilə dayana, fəaliyyətdən qala bilir. Ürək insanı yaşadırsa, yol da iqtisadiyyatın var olması deməkdir. Elə buna görə də dövlətimizin başçısı hələ müharibə bitməmişdi, azad edilən torpaqlarda yol infrastrukturunun qurulması üçün tapşırıqlar verirdi. Hazırda Qarabağda və Şərqi Zəngəzurda minlərlə kilometr yol çəkilir, abadlaşdırılır, bərpa olunur.

Prezident İlham Əliyev 2023-cü ilin mayında uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu.

2022-ci ildə-26 İyun-Silahlı Qüvvələr Günündə Kəlbəcərdə dövlətimizin başçısının iştirakı ilə hərbi hissə açılmışdı: Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək... Bu, bizim gücümüzü daha da artıracaq. Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Mən ikinci dəfədir Kəlbəcərə gəlirəm və bu gün də bir çox tədbirlər var. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır.

2023-cü il may ayının 27-də Kəlbəcərdə 3,6 hektar ərazidə salınan hərbi hospitalın açılması isə ordu quruculuğuna növbəti töhfə kimi dəyərləndirildi.

Erməni vandalizminə məruz qalan Kəlbəcər şəhəri də digər azad torpaqlarımızdakı şəhərlər kimi yeni həyatının astanasındadır. Bu müqəddəs torpaqların üzərində qurulub-yaradılanların hər biri illərlə yurdundan kənarda qaçqın və məcburi köçkün həyatı yaşayan insanlara 30 illik zaman kəsiyindən sonra bəxş edilən xoşbəxtlikdir. Çünki onlar bu yaradılanlar sayəsində doğma yurdlarına qayıda və rahat, firavan həyatlarına başlaya bilərdilər.

2023-cü ilin may ayındakı səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Kəlbəcər şəhərində təməli qoyulan 3,26 hektar ərazidə layihələndirilmiş və 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacağı yaşayış məhəlləsi də kəlbəcərlilərin sevincinə səbəb olmuşdu. Çünki görülən işlərin hər biri onları doğma yurdlarına bir addım da yaxınlaşdırırdı.

Ölkəmizdə son 20 ildə təhsil sahəsində uğurlu nailiyyətlər əldə olunub. Bunun əsasını isə dövlətimizin bu sahəyə göstərdiyi qayğı təşkil edir. Bu qayğını hazırda azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda görməkdəyik. Dövlətimizin başçısının 2023-cü ildə Kəlbəcərə növbəti səfəri çərçivəsində Kəlbəcər şəhərində 960 şagird yerlik məktəbin təməlini qoyması ölkəmizdə hər bir uşağın gələcəyinin ən yaxşı şəkildə təminatı kimi dəyərləndirildi.

2024-cü ilin sentyabr ayının 2-də cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə növbəti səfərləri yenə də bu qədəm yurd yerinə neçə-neçə töhfə bəxş etdi: Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyası istifadəyə verildi. Xudavəng monastır kompleksinə, Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərə baxış oldu. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyuldu. Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və açılacaq modul tipli məktəbin layihəsi ilə tanışlıq oldu. Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyuldu. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq oldu. Kəlbəcərdə “İstisu” mineral su zavodu, “Zar” KSES və “İstisu” yarımstansiyası istifadəyə verildi. İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq oldu.

Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Prezident İlham Əliyevin 2023-cü ilin 31 iyulunda imzaladığı Sərəncama əsasən bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.

Azərbaycanın vətənpərvər oğullarının canı-qanı bahasına alındı torpaqlarımız. Elə məhz buna görə də 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Çox qısa bir zaman qalır ki, kəlbəcərlilər qürur duyduqları bu bayrağın dalğasını öz doğma yurdlarında seyr edələr. Çünki burada həyata keçirilən nəhəng quruculuq işləri “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.

***

Azad torpaqlarımız haqqında yazı yazmaq o qədər gözəldir ki... Adam hər sərlövhəni ürəyinin səsi ilə seçdikcə, hər cümləni qürurla yazdıqca, özünü xoşbəxtlərin xoşbəxti hiss edir. Ən əsası ona görə ki, cəmi beş ildən də az bir müddətdə Qarabağda və Şərqi Zəngəzurda bu qədər işlər görülüb. Kəlbəcər də əcər hüsnü ilə onların sırasındadır.

Başqa cür ola da bilməzdi. Torpaqlarımız cəmi 44 gündə işğaldan azad olundusa, təbii ki, 5 ilə yaxın dövrdə də bu qədər bərpa işləri görüləcəkdi. Çünki Zəfərimiz dəmir yumruğun nəticəsi idisə, postmüharibə dövrü isə dəmir iradənin nəticəsidir.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri