Kəlbəcər Şəhər Günü: Qaranlıqdan aydınlığa çıxan sərvət səltənəti...
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi.
Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb.
İşğalçı Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilirdi.
İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı.
Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun "aşıl enerji" onasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.
Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan "İstisu" sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq.
Kəlbəcərdə Yanşaq və Zallar kəndlərinin, eləcə də şəhərdə ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlini qoymuşdur. "Qamışlı" və "Meydan" kiçik su elektrik stansiyalarının, hərbi hospitalın istifadəyə verilməsi quruculuq işlərinin yüksək səviyyədə aparıldığının təzahürüdür. Xüsusi vurğulamaq lazımdır ki, Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərdə təqdirəlayiqdir.
Bu gün dünya Vətən Müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin şahididir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur.
Bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Belə ki, avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü.
Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində salınacaq 4-cü yaşayış kompleksinin də təməlini qoydular. Tədbirdə dövlət başçısına və birinci xanıma kompleksin gələcək imkanları barədə ətraflı məlumat verildi. Qeyd edək ki, kompleksin ümumi ərazisi 10 hektara yaxındır.
Burada 807 ailənin məskunlaşdırılması planlaşdırılır. Tikiləcək 26 yaşayış binasının hər biri 4 mərtəbədən ibarət olacaq. Ümumilikdə 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı və 82 dördotaqlı mənzil nəzərdə tutulur. İlk mərtəbələrdə məişət və ticarət obyektləri yerləşəcək ki, bu da sakinlərin gündəlik ehtiyaclarının elə yaşadıqları məkan daxilində təmin olunmasına imkan verəcək. Lakin layihə yalnız yaşayış binaları ilə məhdudlaşmır.
Burada uşaqlar üçün oyun meydançaları, idman sahələri, velosiped yolları, istirahət guşələri və söhbətgahlar inşa ediləcək. Ərazidə geniş yaşıllıq zonalarının salınması planı isə yeni kompleksə ekoloji baxımdan da sağlam mühit qazandıracaq. Bütün mənzillər daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək.
Əslində, bu layihə təkcə yeni binaların inşası deyil, həm də Kəlbəcərin işğaldan sonrakı bərpasının canlı nümunəsidir. Onilliklər boyu didərgin düşmüş yüzlərlə ailə indi doğma yurdlarına qayıdaraq müasir standartlara cavab verən mənzillərdə yaşayacaq. Beləliklə, 4-cü yaşayış kompleksi təkcə memarlıq baxımından deyil, həm də sosial və mənəvi baxımdan böyük əhəmiyyət daşıyır.
Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış”ın daha bir mərhələsi kimi tarixə düşür. Kəlbəcərdə salınacaq müasir məhəllə həm şəhərin simasını dəyişəcək, həm də burada yeni ictimai həyatın başlanğıcını qoyacaq. Ümumilikdə Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
Kəlbəcər yeni yoldadır - quruculyq yolunda. Minlərlə kəlbəcərli doğma torpağa qayıdacağı günü gözləyir. Azad Kəlbəcər, Şəhər Günün mübarək!
Baxış sayı:99
Bu xəbər 24 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















