Kənd Təsərrüfatı Nazirliyi İtaliyanın “ENİ” şirkəti və SOCAR ilə birlikdə deqradasiyaya uğramış torpaqlarda pilot layihə həyata keçirir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçən il sentyabrın 5-də İtaliyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni S.P.A” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində müvafiq işlər icra edilməkdədir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, anlaşma memorandumu ölkəmizdə deqradasiyaya uğramış torpaqlarda neft və onun törəmələrinə alternativ olacaq yağlı bitkilərin əkilməsi, növbəli əkin sistemində siderat bitkilərin tətbiqi ilə torpaq keyfiyyətinin yaxşılaşdırılması və istifadə edilmiş bitki yağları tullantılarının valorizasiyasının qiymətləndirilməsini əhatə edir. Həmçinin memorandum özündə “ENI” şirkətinin qabaqcıl təcrübəsi əsasında ölkədə mövcud ənənəvi neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları da araşdırılacaq.
2025-ci il üzrə qeyd edilmiş istiqamətdə işlərin icrası məqsədilə hazırlanmış fəaliyyət planına uyğun olaraq pilot layihənin icrasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən şoran ərazilərdə istehsal səmərəliliyinin təmin olunması və deqradasiyaya uğramış torpaqların münbitliyinin bərpası istiqamətində Kürdəmir Təcrübə Sınaq Stansiyasında ”Azərbaycan şəraitində yağlı bitkilərin becərilmə perspektivlərinin təyin edilməsi” adlı pilot layihə üzrə yazlıq təcrübə əkinləri aparılıb.
Qlobal iqlim dəyişikliyi şəraitində neft və onun törəmələrinə alternativ olaraq bioyanacaq istehsalında yağlı bitkilərin istifadəsinin aktuallığı artmaqdadır və pilot layihə bu istiqamətdə ölkəmizin potensial imkanlarını öyrənməyi hədəfləməkdədir. İqlim dəyişikliyinin təsirlərini yumşaltmaqla və kənd təsərrüfatı istehsalında yeni bitki növlərinin, eləcə də hər bölgənin torpaq və iqlim şəraitinə uyğun sortların istifadəsinin zəruriliyi nəzərə alınaraq ilkin olaraq İtaliyadan gətirilmiş yağlı bitkilərin Azərbaycan şəraitində təcrübə əkinləri aparılıb. Burada əsas məqsəd yeni sortların ölkə şəraitinə uyğunlaşma qabiliyyətini, məhsuldarlığını, biotik və abiotik stress amillərinə davamlılığını müəyyənləşdirmək və yeni becərmə texnologiyalarını tətbiq etməkdir.
Layihənin icrası zamanı bitki toxumlarının cücərmə qabiliyyətinin ISO standartına uyğunluğu, əkin sahəsi torpağının aqrokimyəvi göstəriciləri və suvarma suyunun kimyəvi tərkibi təyin edilməklə gübrə norması müəyyən olunub, təsdiqlənmiş səpin normaları və əkin sxemi üzrə təcrübə qoyulub. Təcrübədə xardal bitkisinin (Camelina sativa (L.) Crantz və Crambe abyssinica Hochst. ex R.E.Fr.) “Fms Brilhante”, “Caroline” və “Omega”, saflorun (Carthamus tinctorius L.) “CAR. Cw 99ol” və “Oscar”, günəbaxanın (Helianthus annuus L.) “RGT Angello”, “RGT Volcano”, “RGT Capitoll” və “Idillic”, gənəgərçəyin (Ricinus communis L.) “Mia”, “Tamar”, “Bhim+”, “Gch9” və “Evf701” sortlarından istifadə edilib.
Vegetasiya dövründə fenoloji müşahidələr aparılaraq bitkilərin inkişaf fazaları qeyd edilib, fotosintetik parametrlərdən yarpaqların assimilyasiya səthi sahəsi ölçülüb, əkinlərdə fitosanitar vəziyyət qiymətləndirilib. Sortlar üzrə bitkilərin vegetativ və generativ inkişaf xüsusiyyətləri, yetişmə dövründə dən məhsuldarlığı təyin edilib.
Aparılmış tədqiqatın ilkin nəticələrinə əsasən, saflor bitkisinin hər iki sortunun, günəbaxan bitkisinin “RGT Angello” (6,74 t/ha) və “Idillic” (6,23 t/ha), eləcə də mexaniki yığıma yararlı Braziliya mənşəli “Tamar” (2,53 t/ha) və Hindistan mənşəli hündürboylu “Bhim+” (2,80 t/ha) gənəgərçək sortlarının məhsuldarlığa görə digərlərinə nisbətən daha üstün olduğu müəyyən edilib.
Ümumilikdə əldə edilən ilkin nəticələrə görə, seçilmiş sortların toxumlarından alınan yağların ölkəmizdə kənd təsərrüfatının yeni istehsal sahəsi kimi bioyanacaq və ya mühərrik yağlarının istehsalında istifadəsi perspektivinin olduğu qənaətinə gəlinib.
Anlaşma memorandumu çərçivəsində pilot layihələrin icrası davam etdirilməkdədir. Elmi nailiyyətlərin dərc olunması, yeni bitki növlərinin təcrübə əkinlərinin qoyulması, deqradasiyaya uğramış torpaqlarda bu bitkilərin əkinin iqtisadi qiymətləndirilməsi və ölkə üzrə bioyanacaq və ya mühərrik yağlarının istehsalında geniş həcmli əkin perspektivləri dəyərləndiriləcək.
Baxış sayı:44
Bu xəbər 25 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















