KİRAYƏ MƏNZİLLƏRİN QİYMƏTİ KƏSKİN BAHALAŞDI Bakıda rayonlar üzrə qiymətlər necədir? + SİYAHI
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Problemin əsas səbəbi universitetlərin çoxunun yataqxanasının olmaması ilə bağlıdır"
Paytaxt Bakıda yeni dərs ilinin başlanması kirayə mənzil bazarına ciddi təsir göstərib. Universitet və məktəblərə qayıdan tələbələrin, həmçinin iş üçün paytaxta gələn insanların artması kirayə mənzillərə olan tələbi kəskin şəkildə yüksəldib. Xüsusən şəhərin mərkəzi və təhsil müəssisələrinə yaxın ərazilərdə qiymətlər nəzərəçarpacaq dərəcədə bahalaşıb.
Məlumat üçün qeyd edək ki, 2023-cü illə müqayisədə 2024-cü ildə kirayə qiymətləri orta hesabla 10–12 faiz artmışdısa, 2025-ci ildə bu dinamika 13–15 faiz civarında davam edib. Hazırda paytaxtda bir otaqlı mənzillərin qiyməti 300 manatdan 400 manata yüksəlib. İki otaqlı mənzillər isə yeni və köhnə tikili kateqoriyasına uyğun şəkildə 700–900 manat aralığında təklif olunur. Bahalaşma əsasən Yasamal, Nəsimi və Səbail kimi mərkəzi rayonlarda daha çox hiss olunur. Bu da həmin ərazilərdə iş yerlərinin, dövlət idarələrinin və ali təhsil müəssisələrinin cəmləşməsi ilə bağlıdır.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “AzPolitika”-ya açıqlamasında bildirib ki, hər il olduğu kimi, yeni tədris mövsümünün başlanması ərəfəsində kirayə mənzil problemi xüsusilə tələbələr üçün aktuallaşır. Onun sözlərinə görə, bu dövrdə paytaxtın mərkəzi hissələrində, xüsusilə də metro ətrafında mənzil tapmaq həm çətinləşir, həm də bahalaşır.
“Qiymətlər 20-25 faiz, bəzən isə 30 faizə qədər artır. Bahalıq fonunda münasib mənzil tapmaq da asan deyil. Ən çox zərbə isə aztəminatlı ailələrə dəyir. Hazırda 500-600 manatdan aşağı kirayə mənzil tapmaq çətindir və seçim imkanları da çox məhduddur”, – deyə ekspert qeyd edib.
E. Azadov əlavə edib ki, son 5 ildə daşınmaz əmlak bazarında mənzillərin ilkin satış qiyməti 60 faizədək yüksəlib. Bu da bu sahəyə investisiya qoyan şəxslərin həmin mənzilləri sonradan daha yüksək qiymətlərlə icarəyə verməsi ilə nəticələnib. Ekspertin sözlərinə görə, qiymətlərdə müəyyən stabillik yalnız oktyabrın 10–15-dən sonra müşahidə oluna bilər.
“Keçən illə müqayisədə bu il icarə qiymətlərində 10-15 faiz artım qeydə alınıb”, – deyə ekspert vurğulayıb.
Qeyd edək ki, hazırda Bakıda 2 otaqlı kirayə mənzillərin qiymətləri aşağıdakı kimi formalaşır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə “AzPolitika”-ya şərhində bildirib ki, əmlakların kirayə qiymətləri onların satış qiymətinə 0,5 faiz nisbəti ilə ölçülür.

Ekspert qeyd edib ki, son illər əmlak bazarında satış qiymətlərində baş verən artım, eyni zamanda kirayə mənzil bazarında da qiymətlərin yüksəlməsinə səbəb olub:
“Son illər çoxsaylı köhnə yaşayış binaları, fərdi yaşayış massivləri mərhələli şəkildə sökülür. Bu söküntülər uzun illər davam edəcək və 2040-cı ilə qədər paytaxt Bakı şəhərində az sayda 3-4-5 mərtəbəli bina qalacaq. Bu isə o deməkdir ki, həmin ərazilər söküldükcə oradakı kirayə mənzillər də bazardan çıxacaq”.
Ekspert əlavə edib ki, sökülən hər yaşayış evinin yerində yeni binalar tikildikdə, yeni tikililərdəki kirayə qiymətləri köhnə tikililərdəki qiymətlərdən təxminən iki dəfə baha olur: “Bu, yaxın gələcəkdə tələbələrin və aztəminatlı ailələrin paytaxtda ucuz kirayə mənzil tapmasına problemlər yaradacaq. Bu gün də tələbələrin bir çoxu məcburən təhsil aldıqları ərazilərdə mənzil tapa bilmədikləri üçün Bakıətrafı ərazilərə – Abşeron, Xırdalan, Masazır və s. üz tuturlar. Bakının mərkəzi ilə kənar ərazilərdəki kirayə qiymətləri arasında isə təxminən iki dəfə fərq var. Ali təhsil müəssisələrinin çoxluq təşkil etdiyi Yasamal rayonunda – Elmlər, Nizami, İnşaatçılar metrosu ətrafında bir otaqlı mənzillərin kirayəsi 400–500 manat civarındadır. İki otaqlı mənzillər isə 500–700 manat aralığında təklif olunur. Otaq sayı artdıqca qiymət 100–200 manat yüksəlir. Kənar ərazilərdə isə təxminən 200–300 manat civarında münasib mənzil tapmaq mümkündür. Başqa bir məsələ də odur ki, mənzillərin qiyməti baha olsa da, sayı az olduğundan tapmaq çətindir”.
E. Fərzəliyevin sözlərinə görə, bu problemlərin əsas səbəbi universitetlərin çoxunun yataqxanasının olmaması ilə bağlıdır: “Bir zamanlar birinci Qarabağ müharibəsindən sonra ora məcburi köçkünlər yerləşdirilmişdi, lakin daha sonra hər bir köçkün evlə təmin olundu. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış yerləri də salınır. Doğrudur, mövcud yataqxanalar yaşayış üçün yararsızdır. Amma onların torpaq sahələri mövcuddur ki, orada daha müasir və hündürmərtəbəli, çoxotaqlı yataqxanalar tikməklə bu problemlərin böyük hissəsini aradan qaldırmaq mümkündür”.
E. Bəyməmmədli
“AzPolitika.info”


