Kitabının yeganə nüsxəsi Axundzadənin avtoqrafı ilə qorunan yazıçı Azərbaycan ədəbiyyatının “Paqonlu maarifçilər”i kimlər idi?
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
14 avqust Azərbaycan yazıçısı və hərbi xadim İsmayıl bəy Qutqaşınlının anım günüdür.
Kulis.az bu münasibətlə Aynurə Əliyevanın "Mədəniyyət tariximizin parlaq siması – İsmayıl bəy Qutqaşınlı” yazısını təqdim edir.
Dünya mədəniyyətinə Nizami, Xəqani, Xətai, Nəsimi, Füzuli, Saib Təbrizi, M.F.Axundzadə, Mirzə Cəlil, Sabir, Cavid, Şəhriyar, Səməd Vurğun kimi saysız azmanlar bağışlayan xalqımızın elə söz ustaları da olub ki, tarixin keşməkeşlərində, fırtınalarında adı birdəfəlik unudulub, yazdıqları yerli-dibli yox olub ya da yox edilib. Elələri də var ki, qeyrətli oğulların sevgisi onları yenidən dünyaya gətirib, ikinci dəfə həyata qaytarıb.
Nəhayət, Salman Mümtaz adlı bir Simurq quşu uçub gəldi, ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini zülmət dünyadan işıqlı dünyaya çıxardıb. Bunlardan biri də XIX yüzillikdə Azərbaycan realist-maarifçi ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl bəy Nəsrulla Sultan oğlu Qutqaşınlıdır. Öz zamanında adı dillərdə dolaşan, sözləri ağızdan-ağıza gəzən İsmayıl bəyin cismani ölümu onun yazılı irsinin də yox olmasına səbəb olmuşdu. Əsərlərinin çapına çalışmayan bu yazıçıdan, şairdən uzun illər boyu bir kimsə danışmayıb, bir kimsə onu anmayıb.
İsmayıl bəy haqqında ilk məlumat və ilk yazılar böyük mətnşünas Salman Mümtazın qələmindən çıxıb. Onun Əlyazmalar İnstitunda Qutqaşınlıya dair iki çox dəyərli əlyazması saxlanılır. Bu əlyazmaların hər ikisi və 1936-cı ildə “Ədəbiyyat qəzeti” ndə çap etdirdiyi “Rəşid Bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı” məqaləsi , həmçinin “Rəşid bəy və Səadət xanım”ın ilk tərcüməçisi Səlim bəy Behbudovun “Mütərcimdən” adlı əlyazması da qısaldılmadan bu nəşrə daxil edilib.
Adı artıq hamının yadından çıxmış o azmanlardan biri yenə bu gün haqqında qürurla danışdığımız general-mayor, Avropada ədəbiyyatımızın ilk təmsilçisi olan həmin İsmayıl bəy Qutqaşınlıdır.
Salman Mümtazın 1936-cı ildə yazdığı, “Ədəbiyyat qəzeti”ndə cap etdirdiyi ilk məqaləsindən Xalid Əlimirzəyevin 1984-cü ildəki yazısınacan keçən təxminən yarım əsr içərisində İ. Qutqaşınlı haqqında bir çox dəyərli elmi araşdırmalar aparılıb, onun əsərləri nəşr edilib. Alimlərimizdən Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Həbib Əfəndiyev, Əziz Mirəhmədov, Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin Tahirzadə, Kərəm Kərəmov, Ədalət Tahirzadə və başqalarının, Polşa alimləri Bohdan Baranovski və Ancey Xodubskinin son dərəcə qiymətli yazılarında ədibin həyat və yaradıcılığına dair çoxlu yeni faktlar üzə çıxarılıb, onun ədəbiyyat tariximizdə tutduğu mühüm yer müəyyənləşdirilib.
Bu yazılarda bəzən mübahisəli, hətta bir - birini danan fikirlər olsa da, deyilən hər sözün Qutqaşınlı şəxsiyyətini və yaradıcılığını öyrənməyə töhfə olduğunu nəzərə aldıqda, onların müəlliflərinin nə qədər xeyirxah iş gördüklərini minnətdarlıqla qiymətləndirməliyik.
İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə (bəzi mənbələrə görə 1809-cu ildə) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub.
Babaları bu torpağın ən tanınmış adamlarından olub. O, uşaqlıq və gənclik illərində dini təhsil alıb, ərəb, fars dillərini öyrənib, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olub. Xidmət illərində İsamyıl bəy Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaradıb, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnib, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olub.
İsmayıl bəy Qutqaşınlı Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq edib. Bu şəxslər Azərbaycan ədəbiyyatında “Paqonlu maarifçilər” adı ilə məşhurdurlar.
İsmayıl bəyin müasiri tanınmış yazıçı, maarifçi Mirzə Fətəli Axundzadə ilə dostluq münasibətləri də ədəbiyyat və mədəniyyət tariximizin maraqlı səhifələrindəndir.
XIX əsrdə Azərbaycan xalqının inkişafında xidmətləri olmuş bu iki şəxsin dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim mərhum Əziz Mirəhmədovun 1967-ci ildə çap etdirdiyi “İsmayıl bəy Qutqaşınlı əsəri” kitabında rast gəlirik. İsmayıl bəy Qutqaşınlı Polşada hərbi qulluqda olarkən 1835-ci ildə Varşavada fransız dilində “Rəşid bəy və Səadət xanım” əsərini yazaraq, elə orada da çap etdirib və bununla realist Azərbaycan nəsrinin bünövrəsini qoyub.
İndi yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda (surəti Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində) qorunan bu kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. O, kitabı oxuduqdan sonra öz təəssuratlarını rusca yazıb: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bu günki sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846. Mirzə Fətəli.”
“Rəşid bəy və Səadət xanım” hekayəsi yazıldığı dövrdən zəmanəmizə qədər sevilə-sevilə oxunur və hər kəsin rəğbətini qazanır. Təsadüfi deyil ki, ədibin tədqiqatçısı Salman Mümtaz bu əsərin əlyazmasının axtarışına otuz il vaxt sərf edib. Nəhayət, uzun illərin zəhmətindən sonra onun Bakıya gətirilməsinə nail olur. Bu əlyazmalar Mümtazın zəngin kitabxanasını bəzəyir. 30-cu illər repressiyasında ondan topladığı həmin sənədlər tələb ediləndə heç birini vermir, ölümü məğrurcasına qarşılayır, topladığı irs bu gün Azərbaycan ədəbiyyatının ən zəngin və etibarlı qaynaqlarındandır.
“Rəşid bəy və Səadət xanım” əsəri Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edir.
Ədib bu mövzu ilə bağlı olaraq dövrün bir sıra aktual ictimai məsələlərinə toxunur, feodal adət-ənənələri, dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə çıxır, azad sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ edir. Hekayənin lirik qəhrəmanları Rəşid bəy və Səadət xanım XIX əsrin birinci yarısında Azərbaycanın kübar ziyalı gənclərinin bir sıra səciyyəvi cəhətlərini – həyata yeni münasibətini, istək və arzularını təcəssüm etdirir. Rəşid bəy obrazı eyni zamanda bəzi avtobioqrafik cizgilərə də malikdir...
XIX əsr Azərbaycan ədəbiyyatının Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əbülqasım Nəbati, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi kimi klassikləri ilə bir cərgədə İsmayıl bəy Qutqaşınlının da adı iftixarla çəkilir. Ədəbiyyatımızda maarifçilik görüşlərinin ilk yazıçılarından sayılan İsmayıl bəy bütün ömrü boyu doğma xalqın səadəti, maariflənməsi, mədəni yüksəlişi uğrunda çarpışıb.
O, eyni zamanda yorulmaz səyyah idi. Müsəlman Şərqini iki dəfə başdan-başa gəzən İsmayıl bəy gördüklərinə əsl alim kimi yanaşıb, olduğu ölkələr, şəhərlər haqqında geniş məlumat qoyub gedib.
İsmayıl bəy Qutqaşınlı geniş ürəkliliyi, insan sevərliliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara həmişə əl tutmasıyla məşhurdur. Qasım bəy Zakirin həyatının ən acı dəqiqələrində məhz İsmayıl bəyin ona dayaq durduğunu məlumdur. Zillətdə yaşayan Mirzə Baxış Nadimə də onun köməyi az olmayıb.
S.Mümtaz yazır: “İsmayıl bəyin haqqında bəzi vəsiqələrdən başqa bu gün əldə heç bir yazılı mənbə yoxdur. Bu qiymətli vəsiqələrin nazimi isə İsmayıl bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu məşhur şairlərimizdən Qasım bəy Zakirdir". Zakir öz yaradıcılığında dəfələrlə İ.Qutqaşınlıya müraciət edib:
Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakini-biladi – Şirvandan mədəd...
Həzrəti İsmail olsun dəlilin,
Yetiş imdadına piri-əlilin;
Necə fərzənində ol dəm Xəlilin
Cəbrail gətirdi qurbandan məbəd...”.
İsmayıl bəy Qutqaşınlının ikinci əhəmiyyətli əsəri “Səfərnamə” adlı yol qeydləridir. “Səfərnamə” təkcə “siravi” oxuculara deyil, bir çox ixtisasdan olan elmi işçilərə də maraqlı faktlar verir. Ondan ədəbiyyatşünaslarla yanaşı coğrafiyaçılar, dilçilər, tarixçilər, etnoqraflar və başqaları da çoxlu yeni məlumatlar götürə bilərlər. Fikrimizcə, Qutqaşınlının bu əsəri ən ciddi elmi araşdırmaların mövzusu ola bilər.
“Səfərnamə” də ədibin həyatını, maraq dairəsini, mədəni səviyyəsini, dünyagörüşünü və şəxsiyyətini öyrənmək üçün bir sıra diqqətəlayiq məlumat var. Qutqaşınlının əsərləri Azərbaycan ədəbi nəsr dilinin formalaşması və inkişaf tarixini öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir.
1852-ci ildə İsmayıl bəy çox çətinliklə olsa da, xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əli əfəndi və digərləri ilə birlikdə Həcc ziyarətinə yola düşmək üçün imperatordan icazə alır. O vaxta qədər ona müsbət münasibət bəsləyən rus məmurlarının bir çoxu onun Məkkə ziyarətindən sonra, ona qarşı münasibətini dəyişir.
İsmayıl bəy Qutqaşınlı 1869-cu ildə Qutqaşında vəfat edib. Qəbri həyat yoldaşı Hacı Bikə xanımla yanaşıdır.
İsmayıl bəy ömrü boyu öz xeyriyyəçilik tədbirlərini davam etdirib, ona kəsilmiş təqaüdün böyük hissəsini əhalinin maarifləndirilməsinə sərf edib.
25 il Rusiya ordusunda hərbi xidmətdə olmasına və əsasən rus dilində danışmasına baxmayaraq, İsmayıl bəy Qutqaşınlı öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini əsərlərində qoruyub saxlayıb.

"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun “Ulduz”un iyul-avqust sayı dərc edildi Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyi açıldı


