Konfranslara elə hazırlaşırdı ki, elə bil o Lütfi Zadə deyil, adi bir tədqiqatçıdır professor Şahnaz Şahbazova xatirələrini bölüşür
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 sentyabr, Gözəl Ağayeva, AZƏRTAC
Dünyaşöhrətli alim Lütfi Zadənin tədqiqatları təkcə riyaziyyat və texnologiya sahələrini deyil, insan düşüncəsini də yeni istiqamətə yönəldib. Onun elmi kəşfləri çoxsaylı tətbiq sahələrini tapıb, adı isə Azərbaycanın fəxrinə çevrilib.
Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, UNEC-in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Şahnaz Şahbazova dünyaşöhrətli alimlə bağlı xatirələrini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Müsahibəni təqdim edirik.
-Şahnaz xanım, siz vaxtilə Berklidə professor Lütfi Zadənin laboratoriyasında tədqiqat aparmısınız. Lütfi Zadə gənc alimlərə necə yanaşırdı? Onlara hansı məsləhətləri verirdi?
-Əvvəla onu deyim ki, mən hazırda da Lütfi Zadənin BISC (Berkeley Initiative in Soft Computing) laboratoriyasının moderatoruyam. Çalışıram ki, o laboratoriya işləsin. Həmin laboratoriyanın mindən çox üzvü var. Biz bir-birimizlə əlaqə saxlayır, uğurlarımızı bölüşürük. Lütfi Zadənin ətrafında olmuş alimlər yenə də həmin laboratoriyanın üzvü olaraq qalırlar.
Sualınıza cavab olaraq isə onu deyə bilərəm ki, Lütfi Zadə gənclərə həmişə çox hörmətlə və diqqətlə yanaşıb. Mən bunun dəfələrlə şahidi olmuşam. O, elektron poçtuna tələbələrin göndərdiyi suallara daha tez cavab yazardı, nəinki professorlara, öz dostlarına. Həmişə də mənə deyərdi: “İmeyli həmin gün cavablandırmaq lazımdır. Cavabı sabaha, yaxud o biri günə saxlayanda əhəmiyyəti azalır. Bunu yadında saxla”. Kim ona məsləhət üçün, magistrant olmaq üçün müraciət etsəydi, həmin şəxslərə kömək edərdi. Professor Lütfi Zadənin laboratoriyasında belə bir qayda var idi ki, hər həftənin çərşənbə günündə dəyirmi masa keçirilir və həmin tədbirə xaricdən gələn alimlər dəvət edilirdi. Onlar bir saat mühazirə deyərdilər, bir saat da həmin məruzə ətrafında müzakirələr aparılardı. Dəyirmi masada iştirak edənlərin arasında tələbələr həmişə çoxluq təşkil edirdi. Lütfi Zadə onlara öz sahəsinə aid çox yaxşı, əhəmiyyətli məsləhətlər verirdi. Əsasən onları dinləyir, sonra bir çox mülahizələrlə, mühakimələrlə onları istiqamətləndirirdi.

Lütfi Zadə konfranslarda bütün məruzələri, xüsusən tələbələri dinləyirdi. Həmişə bizə tövsiyə edirdi: “Tələbələr üçün qeydiyyat ödəmələri simvolik olmalıdır. Konfrans iştirakçılarına çanta vermə, qələm vermə, bloknot vermə, amma onun əvəzinə məruzə edən tələbələri mütləq mükafatlandırın. Onları pulla mükafatlandırın”. Mən xatırlayıram ki, bir dəfə biz seçilmiş məqalə müəlliflərinin hər birini 1000 dollar mükafatlandırdıq. Sonrakı illərdə o qiymət bir az fərqli oldu, daha sonralar mükafatlandırma fəxri fərmanlarla, milli hədiyyələrlə oldu. Bütövlükdə tələbələr həmişə diqqətimizdədir.
Deyərdim ki, Lütfi Zadə bəlkə də tələbələri, magistrantları bizə tapşırıb gedib. Biz onlara bu gün də diqqət və qayğı ilə yanaşırıq. Bizim əsas konfranslardan biri Şimali Amerika Qeyri-Səlis İnformasiya Prosesləri Cəmiyyətidir (NAFIPS - North American Fuzzy Information Processing Society). Həmin Cəmiyyətə biz əsasən tələbələri cəlb edirik. Ümidimiz onlaradır. Onlara diqqətimiz hədsizdir. Bütün bunları bizə Lütfi Zadə öyrədib.
-Lütfi Zadə ilə bağlı hansı xatirənizi bizimlə bölüşərdiniz?
-Onunla bağlı xatirələrim çoxdur. Professor Lütfi Zadə 43 ildən sonra - 2008-ci ilin 9-11 noyabrında Azərbaycana gəldi. Dövlətimizin başçısı ilə görüşdü. Həmin görüşdən çox məmnun qalmışdı. Belə bir ifadə işlətdi: “Azərbaycan xalqının bəxti onda da gətirib ki, onun İlham Əliyev kimi lideri var”. O, görüşün təəssüratını dövlətimizin başçısına məktubla bildirdi.
Bakıda olduğu üç gün ərzində jurnalistlərlə görüşdü, 16 nömrəli məktəbə getdi, Milli Elmlər Akademiyasında çıxış etdi.
Mən hər ilin 4-5 ayını Berkli Universitetində elmi-tədqiqat işi aparmışam və həmin vaxtlarda ondan dəfələrlə müsahibə götürmüşəm. Onların səs yazıları da məndədir. Professor Lütfi Zadə gəlişi ilə Azərbaycana həmişəlik gəldi. Onun qəlbi də, düşüncəsi də, arzuları da azərbaycanlıdır.
Bir dəfə evində çay süfrəsində üçümüz - Lütfi Zadə, xanımı Fey Zadə və mən əyləşmişdik. Bir də görürük ki, dilinin altında sakitcə nəsə deyir. Biz diqqətlə qulaq asdıq. Deyirdi: “Mən bakılıyam, mən bakılıyam”. Mən bundan çox qürur duydum.
Dünyaşöhrətli alimin digər xüsusiyyətlərindən biri də onun həddindən ziyadə öz işinə etibarlı olması idi. O qədər etibarlı idi ki, sabah görüləcək işi bir gün öncədən hissə-hissə hazırlayırdı ki, səhər yeməyindən sonra həmin işi ardıcıl olaraq yerinə yetirsin. Bir saatını belə boş keçirmirdi. Mən orada elmi-tədqiqat işi aparanda, xatırlayırdım ki, Lütfi Zadə çox tez-tez ezamiyyətlərdə olurdu, onu konfranslara dəvət edirdilər. O, konfranslarda çıxış edirdi və geri dönürdü. İşin bitməsinə iki saat qalsa da o, evə getmək əvəzinə aeroportdan birbaşa əlindəki çamadanla universitetə gəlirdi. Soruşanda isə deyirdi: “Axı mənim iki saatım var, bu müddətdə mən məhsuldar işləyə bilərəm”. Lütfi Zadə elm üçün yaranmışdı, elm onun həyatı idi.
Lütfi Zadə çox yaxşı fotoqraf idi. O, dünya alimlərinin, Nobel mükafatçılarının, prezidentlərin şəkillərini çəkmişdi. Həmin qırx şəklin hamısı məndə var. Hətta foto çəkilməsində mənə tövsiyələrini də vermişdi.
O, çox ünsiyyətcil, işdə hər kəsə hörmət edən və hər kəsin hörmətini qazanan bir şəxsiyyət idi. Bir dəfə Berkli Universitetində dekanlıqda işçilərdən biri təqaüdə çıxırdı. Fakültədəki adətə görə, həmin şəxsə hədiyyə alır, onu çay süfrəsi ilə, musiqi ilə, rəqslə yola salırdılar. Belə tədbirlərdən birində professor Lütfi Zadə, mən və onun köməkçisi iştirak etdik. Təqaüdə çıxan xanımın xətrini hamımız çox istəyirdik. O, hər bir işimizdə bizə kömək etmişdi. Həmin tədbirdə Lütfi Zadə gözəl tanqo oynadı. Məni və köməkçisini də rəqsə dəvət etdi. O zaman artıq 90 illiyi olmuşdu. Lakin onun rəqsindən bir rahatlıq, nikbinlik görünürdü.
Lütfi Zadənin digər keyfiyyətlərindən biri də konfranslara çox ciddi yanaşması idi. Dəvət olunan konfranslara gedərdi. Biz həmin məkana mütləq bir saat əvvəl getməli idik. Bir həftə öncə təqdimatlar hazır olur, onlara baxır, şəkilləri düzəldir, mətn üzərində düzəlişlər edirdi. Konfranslara elə hazırlaşırdı ki, elə bil o, Lütfi Zadə deyil, sıravi bir tədqiqatçıdır. Mən də hazırlıqlı gedirəm, amma onun qədər dərin hazırlıqlı yox. Konfransda çıxışı zamanı zalda çox sakitlik olurdu, hamı diqqətlə onu dinləyib elmindən yararlanırdı. Onu alqışlayırdılar, konfransdan sonra ətrafına toplaşırdılar. Onunla birlikdə şəkillər çəkdirirdilər. Dünyaşöhrətli alim hər bir insanın onunla şəkil çəkdirmək və diskussiya etmək arzusuna çox hörmətlə yanaşardı.
Amerika Azərbaycan Cəmiyyətinə böyük hörməti var idi. Bir dəfə Azərbaycan Cəmiyyəti Kaliforniyanın Berkli şəhərində ənənəvi tədbir keçirirdi və mən də o tədbirə dəvətli idim. Mən təşkilatçılardan soruşdum ki, niyə Lütfi Zadə həmin tədbirə dəvətli deyil, onlar cavab verdilər ki, biz dəvət etsək onun iştirak etmək imkanı olacaqmı? Dəvətnamə məsələsini öz boynuma çəkdim, professoru həmin tədbirə dəvət etdim və o, məmnuniyyətlə qəbul etdi. Xatırlayıram ki, həmin tədbiri səfirliyimiz təşkil etmişdi. Kaliforniya ştatının bütün şəhərlərindən olan diaspor üzvləri və fəalları tədbirdə iştirak edirdilər. Lütfi Zadə ilə birlikdə zala daxil olanda ona hörmət əlaməti olaraq hamı ayağa qalxdı. O, tədbirdə çox maraqlı və isti çıxış etdi. Çıxışını bitirib əyləşəndən sonra hamı onun stoluna yanaşıb söhbət edirdi, müzakirələr edirdilər, sualla müraciət edirdilər və onunla şəkil çəkdirirdilər. O, tədbirdən çox gözəl təəssüratla qayıtdı, yolboyu onun simasında sevinc qalmasını müşahidə etdim. Çünki tədbir iştirakçıları məhz azərbaycanlılar idi.

-Siz həm də Lütfi Zadənin elmi irsinə həsr edilmiş “Soft Computing” Ümumdünya Konfransının təşkilatçısısınız. Konfrans ənənəyə çevrilib. Bu barədə məlumat verərdiniz.
-Onu xatırladım ki, 2011-ci ilin fevralında Prezident İlham Əliyev Lütfi Zadəni elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etdi. 2011-ci il mayın 24-27-də Kaliforniyanın San-Fransisko şəhərinin San-Fransisko Dövlət Universitetində 1-ci “Soft Computing” Ümumdünya Konfransı keçirildi. Konfransda “Dostluq” ordeni professor Lütfi Zadəyə təqdim edildi. Həmin gün o, çox xoşbəxt idi. Sinəsinə taxılan orden ona böyük sevinc gətirmişdi. Ona Azərbaycanın “qaragül” papağını da hədiyyə etmişdilər, heç başından çıxarmırdı. Professor Lütfi Zadə həmin konfransı “Soft Computing” Ümumdünya Konfransı olaraq təsis etdi. İkinci konfrans 2012-ci ilin 3-5 dekabrında Bakıda keçirildi. Üçüncü konfrans 2013-cü il noyabrın 16-18-də Texasın San-Antonyo şəhərində, dördüncü konfrans 2014-cü il mayın 27-29-da Berklidə, beşinci konfrans 2015-ci il avqustun 16-18-də Redmondda – Sietldə NAFIPS ilə birgə, 6-cı konfrans 2016-cı il mayın 26-29-da Berklidə keçirildi. Bu konfransların hamısında professor Lütfi Zadə çıxış etmişdi. Onun vəfatından sonra konfranslar 2017, 2022 və 2024-cü illərdə Bakıda keçirilib.
Konfransın baş katibi olaraq deyə bilərəm ki, biz Lütfi Zadənin vəfatının birinci ildönümündə kitab nəşr etdik. Keçirilən hər bir konfransın materialları “Springer” nəşriyyatında çap olunub. 2022-ci ildə isə konfransda məqalələrin sayı çox olduğundan iki kitab nəşr edilib. Bu il də iki kitabın “Springer” nəşriyyatında çap olunması gözlənilir. Onu da deyim ki, Lütfi Zadənin arzularından biri bu konfransın onun vəfatından sonra da, hər il olmasa da, iki ildən bir keçirilməsi olub. Onun xahişinə cavabım belə oldu: “Nə qədər mən yaşayıram, bu konfransı keçirməyə, təşkil etməyə söz verirəm”.
-Ümumiyyətlə, Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsi bu gün hansı sahələrdə tətbiq edilir?
-Lütfi Zadənin “Qeyri səlis çoxluqlar”, “Qeyri səlis məntiq”, “Təəssüratlar nəzəriyyəsi”, “Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar və qərarqəbuletmə”, “Sözlə işləyən hesablama”, “Optimal süzgəclər nəzəriyyəsi”, “Z-çevirməsi” - bütün bu nəzəriyyələr elə istiqamətlərdir ki, biz bu elmi istiqamətlərə doğru addım atırıq və onları tətbiq edirik. Bunlar cəmiyyətdə insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur, böyük nəticələr yaradır. Jurnalistlərdən biri professor Lütfi Zadədən “Siz qeyri-səlis məntiq” nəzəriyyəsinin gələcəyini necə görürsünüz?” soruşanda o, belə cavab vermişdi: “Təbii ki, bu nəzəriyyələr inkişaf edəcək, bütün sahələrdə tətbiq ediləcək. Daha sonra, bu, bir qədər vaxt aparacaq, amma bu, sual və cavablar formasında icra olunacaq, həyata keçiriləcək”.
Deyə bilərəm ki, 2022-ci ildə GPT və bu səpkili tətbiqlər də buna sübutdur. Bu gün səslərin tanınması, dinamik obyektlərin tanınması, maşın tərcümələri, təbii dilin çeviriciləri və hər hansı informasiyanın əldə edilməsi süni intellekt vasitəsilə həyata keçirilir. Elə bir sahə yoxdur ki, orada Lütfi Zadə nəzəriyyəsindən istifadə edilməsin. Lütfi Zadə nəzəriyyəsinin böyüklüyü də bundadır. Çünki qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar insan beyninin məhsulu olaraq mülahizələr çoxluğundan ibarətdir. İnsan beyni mühakimələr verir və nəhayət, mühakimələr də qərar qəbuletməni təmin edir. Bütün bunlar alimin dediyi kimi, ehtimal və mümkünlük nəzəriyyəsinə əsaslanan insan beyninin məhsuludur. Düşünürəm ki, Lütfi Zadə nəzəriyyəsi hələ ilkin inkişafını keçir, onun nəzəriyyəsinin daha böyük inkişafı qabaqdadır.
-Sizcə, Lütfi Zadənin Azərbaycan elmi mühitinə ən böyük töhfəsi nə olub?
-Azərbaycan Lütfi Zadənin dünyaya göz açdığı ölkədir, onun Vətənidir. O, Azərbaycanı çox sevirdi. Elmi ictimaiyyətini də çox sevirdi. Azərbaycan alimlərini öz dostları adlandırırdı. Azərbaycandan kim ona yazırdısa, onun müraciətini mütləq cavablandırırdı. Xatırlayıram, bir dəfə dedi: “Mənə Azərbaycandan bir tələbə yazıb ki, magistr olmaq istəyir. Mən ona magistraturaya qəbul olmaq üçün bütün şərtləri göndərdim. Əgər qəbul olunarsa, mən onun elmi rəhbəri olmağıma söz verirəm”. Azərbaycandan çox adam professor Lütfi Zadəyə müraciət edirdi, daha sonra onların əlaqələri davamlı olurdu. Onların birgə layihələri, konfransları, elmi işləri olurdu. Onu da qeyd edim ki, professor Lütfi Zadənin elmi işlərini Yaponiya və Azərbaycan dəstəkləyirdi.
Mənim doktorluq işimdə məsləhətçim professor Lütfi Zadə olub. 2007-ci il avqustun 1-dən 2008-ci il avqustun 4-dək mən Berklidə onun rəhbərliyi ilə “Fulbright” proqramını qazanaraq elmi-tədqiqat işi aparmışam. Elmi-tədqiqat işimi hər üç aydan bir məruzə etmişəm. O dinləyib, iradlarını, tövsiyələrini bildirirdi. İradlarını bildirdikcə mən deyilənlər üzərində daha da işləyib nəticələr əldə edirdim. O, mənim elmi-tədqiqat işim barədə məlumatlı olduğundan doktorluq işimdə məsləhətçi olmağa razılıq vermişdi.
Lütfi Zadənin ömrünün son dövrlərində onun yanında oldum. Xanımı dünyasını dəyişəndə də Lütfini tək qoymadım. Onlara öz valideynlərim kimi baxıb diqqət edirdim. Onun mənə son sözü bu oldu ki, “sağ ol, Şahnaz, sən bizə yaxşı övlad oldun”. Mən professor Lütfi Zadə ilə işlədiyim 11 il ərzində həm həmkar, həm də ailə üzvü olaraq xatirələrimi hazırlamaqda olduğum “Professor Lütfi Zadənin bioqrafiyası və elmi irsi” adlı kitabda təqdim edəcəyəm.
Lütfi Zadə Allaha inanan və şükür edən bir insan idi. Elə bu şükranlığın nəticəsidir ki, onun son məkanı məhz vətəni Azərbaycan oldu.


