Icma.az
close
up
RU
Könül nəğmələrində yaşayan Dərələyəz

Könül nəğmələrində yaşayan Dərələyəz

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycanın qədim türk yurdlarından olmuş Paşalı qəzasının Gomur obasından 1988-ci ildə ellikcə və vəhşicəsinə qovulduqdan sonra Tofiq Məmmədov ailəsi ilə birlikdə Ordubadın Parağa kəndinə pənah gətirib. O vaxtdan burada müəllimlik fəaliyyətini davam etdirən soydaşımız 37 ildir ki, yurd həsrətini doğma obasının mənəvi dünyasını qəlbində yaşatmaqla, Dərələyəzin mədəni irsinin incilərini ipə-sapa düzməklə ovudur. Bu yaddaş boxçasını qoruyub saxlamaq ailənin doğma yurda qayıtmaq ümidlərinə qol-qanad taxıb.

Tofiq müəllim 1959-cu ildə Əzizbəyov rayonunun ( keçmiş Söylan rayonu) Gomur kəndində dünyaya göz açıb. Naxçıvanda ali pedaqoji təhsil aldıqdan sonra doğma kəndində fizika müəllimi işləyib, dərs hissə müdiri olub. Həyat yoldaşı Güləndam xanım isə həmin məktəbdə kitabxanaçı işləyib. Ailə gecəli-gündüzlü çalışıb, halallıqla özünə ev-eşik tikib. Lakin ermənilərin məkrli düşmənçiliyi onların öz yurdunda rahat yaşamaq arzusuna qənim kəsilib.

Dərələyəzdən qovulan bir çox tale ortaqları kimi onlar da Ordubadda məskunlaşıblar. Uzun illər Parağa kənd məktəbində müəllimlik edən Tofiq müəllim bu təhsil ocağının direktoru vəzifəsini də icra edib. Həyat yoldaşı Güləndam xanımla yurd həsrətinin acısını əritməkdə bir-birinə arxa-dayaq olan bu ziyalı soydaşımız dopdolu qoyub gəldiyi evini, çal-çağırlı obasını, perik düşmüş doğmalarını-dostlarını bir an da unutmayıb, geri dönəcəkləri günü ümidlə gözləyib.

Yurdsevər ziyalı ailəsi ilə – Tofiq müəllim və Güləndam xanımla söhbətimiz onları yenidən Gomurlu günlərə geri qaytardı. Vətəndən zorla köçürüldükləri günləri Tofiq müəllim belə xatırlayır: “Cul kəndindən silahlı ermənilər hədə-qorxu ilə camaatın dincliyini pozdular. Gomurun qeyrətli oğlanları sırasında atam Qafar, qohumlarımız kəndi xeyli qorudular. Lakin Qərbi Azərbaycanda erməni dövləti qurmuş kommunist hakimiyyəti, Moskva rəhbərliyi düşmənləri yerində oturtmadı. Azərbaycanın da əli bizə yetmədi. Bir gündə gözlərini qan örtmüş quldurlar kəndə doluşub evləri atəşə tutdular. Camaat qırğından xilas olmaq üçün kəndi tərk etməli oldu”.

O zaman beşinci övladının dünyaya gələcəyini gözləyən Güləndam xanım da o dəhşətli günləri unuda bilmir: “Kənddən qovulduğumuz gün olduqca dəhşətli idi. Camaat, elə bil, cəhənnəmdən baş götürüb qaçırdı. Mən isə baxırdım, çünki ayağı ağır bir qadın necə qaça bilərdi?! Axına qoşulub bir təhər kənddən çıxdıq”.

Azərbaycan türklərinin bu torpaqlarda ulu tarixinin, zəngin adət-ənənəsinin varlığına son qoyan ermənilər mənəvi irsimizin yadigarlarını, izlərini yer üzündən silmək üçün misilsiz vandalizm törədiblər. Lakin bu xinənin mənəvi aləmi yaddaşlarda yaşadılır, xilas edilən nümunələr sevgi ilə qorunub saxlanır.

Vətəni qorumağı qeyrət borcu bilən ulularımız da bu yolda canlarını fəda etməyi şərəf biliblər. Vətənin ağrısını çəkmək onun sevgisi qədər qiymətli olub. Qonağı olduğumuz ailədə də bu ağrı və sevgi hüdudsuzdur. Güləndam xanım ötənlərlə bağlı kövrək duyğularını belə dilə gətirir: “Ordubad, Parağa da öz vətənimizdir. Öz xalqımızın arasında olsaq da, heç nə dünyaya göz açıb böyüdüyümüz yerlərin əvəzini vermir. İndi o yerlərlə bağlı bayatılar çağırmaqla təsəlli tapırıq:

Əzizim, binə tikdim,
Yönünü günə tikdim.
İçində oturmadım,
Bilmədim, kimə tikdim?!

Bayramlarda yığışardıq böyük bir evə, qədir tutardıq, “haxışta, ay gülüm” deyərdik. Biz haxıştanı, ay gülümü toylarda, xınayaxdıda yox, ilaxır çərşənbədə deyərdik:

O tay bı tay bir olsun, haxışta,
Ortasında gül olsun, haxışta
O tayın qızları, haxışta,
Bu taya sürgün olsun, haxışta.

Əlavə edək ki, ilaxır çərşənbə Qərbi Azərbaycanda böyük şövqlə keçirilib. Ermənilər də digər kəndlərdən də bu mərasimi seyr etməyə gələrmişlər. Mərasimin ən gözəl hissəsi ilin axır çərşənbəsinə keçən gecəni səhərədək yatmayıb ayin-inancların keçirildiyi məqam olub. Buna o yerlərdə “qədir tutmaq” deyirdilər.

Tofiq müəllim Dərələyəzdə keçirilən ilaxır – qədir tutmaq mərasimi haqqında xatirələrini belə ifadə etdi:

– İlaxırın birində 2 dəstədən ibarət qızların deyişməsinə təsadüf etdim. Sanki qızlar sözlə savaşırdılar:

Ay qız, haran yaxşıdı?
Dağdan aran yaxşıdı.
Qaşlar ütük, burun tütük,
Sənin haran yaxşıdı?

Qarşı tərəf isə cavab verdi:

İstol üstə kəkotu,
İstol qoyum gəl otu.
Hər yerim sənin olsun
Çimdiykləmə, düz otu.

İlaxır mərasimin səhnələri çox olurdu. Təkcə qız-gəlinlərin qədir tutmağı ilə kifayətlənmirdik. Qol-qola tuturduq, yallı gedirdik. Qız-gəlinlər isə haxışta deyərək yallı gedirdilər. Biz çəkişirdik, “Çəkuzatma” oynuyurduq.

Doğma elinin-obasının əsrarəngiz guşələri Tofiq müəllimi və onun xanımı Güləndamı hər zaman öz ağuşuna səsləyir. Bu səsi onlar yuxularında da ceşidirlər. Doğma yurdun hər guşəsi insan üçün ən şirin nemətdir. Buz bulaqları, yaşıl meşələri, yazda rəngarəng xalıya bürünən, hər zaman başı qarlı dağları bu ailənin hər an gözlərinin önündədir: “Bizim kəndin çoxlu bulaqları var idi – Novlu bulağı, Pəri bulağı, Meşə bulağı, Armudlu bulağı, Qoro bulağı, Cım-cım bulağı... Deyirdilər, Qaçaq Nəbi də buralara gəlib, hətta Yacı yaylağından da keçib. Bizdə Nəbiyatan təpə var idi. Deyirdilər, Nəbi gəlib bırdan keçirmiş. Onun tivililərlə dostluğu olub.

Kövrək duyğulara qərq olan Tofiq müəllim doğma yerlərlə həsrətini səhrada suya həsrət adam kimi çəkir:

Başı bəlgəli dağlar,
Dibi kölgəli dağlar.
Qəribəm, yol gözlərəm,
Nə vaxt el gəli, dağlar.

Qarşıda qazan ağlar.
Od yanar, qazan ağlar,
Qəriblikdə ölənin
Qəbrini qazan ağlar.

Qərbi Azərbaycan mahallarını aşıqsız, dastansız təsəvvür etmək mümkün deyil. Hər toy-düyününü aşıqla başlayıb aşıqla sona çatdıran bu ellərdə hamı aşığa və bu sənətə vurğundur. Tofiq müəllim də aşıq sənətinə aşiq olan dərələyəzlidir: “Aşıqları çox sevərik. Qarakilsənin Şəki kəndindən Aşıq Alman kəndimizə çox gələrdi. Bizdə aşığa sevgi böyük idi. Mən də sazlı-sözlü ailədə böyümüşəm. Doğma əmim Aşıq Hacı da öz sənətilə elində-obasında şöhrət qazanmışdı. Mahalımızda çox sevilən Aşıq Sərxan da həm yaradıcı, həm də ifaçı aşıqlardan idi”.

Vətənli günlərin xatirəsi ilə yaşayan Güləndam xanım nənəsinin, anasının ona və bacı-qardaşlarına söylədiyi əzizləmələri, nazlamaları, laylaları indi öz nəvələrinə deyir:

Qızım, qızım naz qızım,
Ördək qızım, qaz qızım,
Gəl xəstələnmə, ay balam,
Gələcəykdi, yaz, qızım.

Güləndam xanım bu bayatıları həm də torpaqlarımız uğrunda şəhid olan oğullarımıza çəkir, ağladıqca qərib könlünün yarasına – vətən həsrətinə də ağı deyir:

Aşıq vətənə sarı,
Köynəyk kətənə sarı.
Çıxaydım qəlbi dağa
Baxaydım vətənə sarı...

Sözünün əvvəli, sonu Vətən olan bu ailənin ən böyük arzusu Vətənə də dönməkdir. O ərazilərin qədim yurd yerləri olduğunun sübutu təkcə oralardakı maddi mədəniyyət abidələri deyil, həm də özləri ilə yaddaşlarında yaşadaraq qoruduqları mənəvi xəzinə – mərasim, adət-ənənə, qədimdən-qədim əxlaqi dəyərlərdir.

Aytən CƏFƏROVA,
AMEA Naxçıvan bölməsinin əməkdaşı, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri