Kosmosda süni intellekt üçün yeni addım
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kosmik texnologiyalarda yeni mərhələ başlayır: peyklər yalnız məlumat toplamaqla kifayətlənməyəcək, əldə etdikləri informasiyanın bir hissəsini Yerə göndərilməzdən əvvəl elə orbitdəcə təhlil edə biləcək. Hindistanın yeni layihəsi bu istiqamətdə diqqətçəkən texnoloji sınaqlardan biridir.
“India Today”in məlumatına görə, Hindistanın Heydərabad şəhərində fəaliyyət göstərən “TakeMe2Space” startapının hazırladığı MOI-1A orbital hesablama peykinin bu gün “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa göndərilməsi nəzərdə tutulub. Buraxılışın “Transporter-18” birgə uçuş missiyası çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
MOI-1A-nın əsas xüsusiyyəti onun məlumatları orbitdə emal etmək imkanına malik olmasıdır. Peykdə “Nvidia Orin NX” kənar hesablama prosessorları yerləşdirilib. Bu texnologiya süni intellekt modellərinin peykin özündə işlədilməsinə imkan verməlidir.
Ənənəvi peyk müşahidələrində böyük həcmdə görüntü və digər məlumatlar Yerə ötürülür, daha sonra onların təhlili yerüstü kompüterlərdə aparılır. MOI-1A layihəsində isə bu prosesin bir hissəsinin kosmosda həyata keçirilməsi nəzərdə tutulur. Peyk əldə etdiyi məlumatları təhlil edərək yalnız istifadə üçün zəruri nəticələri Yerə göndərə bilər. Bunun böyük həcmdə xam məlumatın ötürülməsinə ehtiyacı azaltması gözlənilir.
Məlumata görə, çəkisi 50 kiloqramdan az olan peykin kənd təsərrüfatı, mədənçilik, logistika və sığorta kimi sahələr üçün faydalı ola biləcək məlumatların emalında istifadəsi planlaşdırılır. “TakeMe2Space” şirkəti artıq layihə üzrə 23 müştərisinin olduğunu açıqlayıb.
MOI-1A bu istiqamətdə şirkətin ilk cəhdi deyil. “TakeMe2Space” 2024-cü ilin dekabrında MOI-TD texnoloji nümayiş peykini orbitə göndərmişdi. Şirkətin məlumatına görə, həmin missiya zamanı 20-dən çox təcrübə həyata keçirilib. Lakin görüntüləmə və süni intellekt hesablaması ilə bağlı əsas məqsədlərə tam nail olunmayıb. Yeni MOI-1A peykinin isə bu texnologiyanın daha geniş sınaqdan keçirilməsinə xidmət etməsi nəzərdə tutulur.
Layihənin perspektivi təkcə bir peyklə məhdudlaşmır. Şirkət gələcəkdə orbitdə bir-biri ilə əlaqəli hesablama peyklərindən ibarət şəbəkə yaratmağı planlaşdırır. Beləliklə, məlumatların toplanması ilə yanaşı, onların emalı da kosmosda həyata keçirilə bilər.
Hazırda isə əsas diqqət MOI-1A missiyasının nəticələrinə yönəlib. Əgər nəzərdə tutulan texnologiya uğurla sınaqdan keçərsə, bu, peyk məlumatlarının emalında yeni yanaşmanın inkişafına yol aça bilər. Kosmosda süni intellektin tətbiqi beləliklə uzaq gələcəyin ideyasından real texnoloji sınaq mərhələsinə keçir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 Oktyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















