Kredit xətti müqaviləsi tələsi... Sosial şəbəkədə yazılanlar
525.az saytına istinadən Icma.az xəbər verir.
İbrahim Nəbioğlu, jurnalist:
- Cahil cəmiyyət: Tez panikaya qapılır, çarəni cadu, ovsun və magiyada görür.
Aydın cəmiyyət: Mətindir, çarəni ağıl, məntiq, elm, bio-texnologiyalar, genetika, peyvənd, tibb və farmakologiyada görür.
Günel Səfərova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri:
- Erkən nikah ənənə deyil, zorakılıqdır.
13-14 yaşlı qızın dediyi "hə" hüquqi və mənəvi razılıq sayıla bilməz.
Qızları erkən yaşda ərə vermək yox, təhsilə qazandırmaq onun əsas xilasıdır.
Tahir Mirkişili, millət vəkili:
- Çinin Quyçjou əyalətində dağlar günəş panelləri ilə örtülüb.
Kənd təsərrüfatı üçün yararsız olan dik yamaclarda çinlilər irimiqyaslı günəş elektrik stansiyaları yaradıblar.
Minlərlə panel gözün görə biləcəyi qədər silsilələri əhatə edir və qayalıq əraziləri enerji istehsal edən komplekslərə çevirib.
Rəhilə Soltanqızı, professor:
- Gəldim sizə deyim ki...
Dekabrın 17-də Milli İncəsənət Muzeyində dahi sənətkar Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş "Səsin rəngi" rəsm sərgisində iştirak etdim. Qalan titullarını sadalamıram, çünki son zamanlar titul anlayışı dəyərsizləşdirilərək kimə gəldi verilir. Amma Rəşid Behbudov titula yox, titul ona yaraşan sənətkarlardan idi...
Bu dəvət üçün hörmətli Kamil Şahverdiyevə (Rəşid Behbudovun qızı Rəşidə Behbudovanın həyat yoldaşı) dərin təşəkkürümü bildirirəm. Sərgiyə böyük maraq və həyəcanla tamaşa etdim. Dahi sənətkarın şəxsi əşyalarına baxdıqca kövrəldim. SSRİ Xalq artisti medalı, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı medalları... və s. Bunlar sadəcə ad deyil, bir ömrün sənət yolunda çəkdiyi zəhmətin rəmzidir.
O, bir ömür xərclədi sənətinin yolunda. Statusunu qorudu, xarakterini dəyişmədi, heç kimə əyilmədi, yaltaqlanmadı. Nə qazandısa, yalnız öz istedadı və zəhməti ilə qazandı. Jurnalist Qulu Məhərrəmli yazırdı ki, onunla müsahibə almaq üçün düz bir ay gözləmişdi. Çünki o, toy müğənnisi deyildi. İndikilərdə olduğu kimi, harada istəsən saxla, mikrofon uzat prinsipi yox idi.
Əlçatmaz sənətkar idi, amma hamının qəlbinə yol tapa bilmişdi. Onun çəkildiyi filmlərə baxanda bir daha anlayırsan ki, qarşında əsl sənət və sənətkar dayanıb. Hər obrazında dərinlik, hər baxışında mənəviyyat vardı.
Sərgidə nümayiş olunan tablolara baxıram: boy-buxun, mənalı baxışlar... Bəzən sərt görünsə də, bizə çox doğmadır. Çünki Rəşid bizimdir, xalqımızın sənət incisidir. Rəşiddən bir də olmayacaq.
Onun ölümü ilə bağlı yayılan söz-söhbətlərin dərinliyinə varmamışam. Amma ona çirkin əllərin uzanmasında düşmən barmağının ola biləcəyinə də inanıram.
Sərgidə mədəniyyət naziri Adil Kərimlinin hər tablonun qarşısında dayanaraq maraqla tamaşa etməsi, Kamil Şahverdiyevin tablolarla bağlı xatirələrini diqqətlə dinləməsi də xüsusi maraq doğururdu. Sadəcə ötüb-keçmirdi, dayanırdı, dinləyirdi. Bu da dahi Rəşidə olan ehtiramın, bir növ vəfa borcunun göstəricisi idi.
Mən də sərgiyə böyük maraqla baxdım, ölməz sənətkarımızı yad etdim və Tanrıdan ona rəhmət dilədim.
Belə tədbirlərin keçirilməsi son dərəcə zəruridir. Rəşid Behbudovu gələcək nəsillərə tanıtmaq, onun sənətini yaşatmaq və yaddaşlarda saxlamaq üçün bu cür sərgilər çox vacibdir.
Ruhun şad olsun, dahi sənətkar.
Firuz Mustafa, yazıçı:
- Gənc siyasətçilərin, o cümlədən novcəvan deputatların arasında elələri var ki, sanki zaman anlayışını səhv salaraq özlərini ötən əsrin 20-ci illərində yaşamış Pavlik Morozov kimi aparırlar. Belələrinə baxanda adamın kreslolarda qocalanlara bir az rəğbəti artır.
Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:
- "Azərbaycan" jurnalı məni qane edən səviyyədə çap olunur. Jurnalın bütün nömrələrində tərcüməçi Azad Yaşarın dünya ədəbiyatının görkəmli nümayəndələrinin seçilmiş əsərlərinin mükəmməl tərcüməsini oxuyuram. Azərbaycan yazıçılarının əsərləri və elmi-publisistik məqalələr oxucuya xüsusi zövq verir.
Jurnal mədəniyyətin mühüm elementlərindən biridir.
Elbrus İsayev, Naxçıvan Dövlət Universitetinin rektoru:
- Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə dünyaca məşhur türkiyəli astrofizik alim Umut Yıldız Naxçıvanda ilk dəfə səfərdədir.
Heydər Əliyev sarayında NDU-nun Simfonik Orkestrinin ifasında "Kosmosun səsi" adlı konsert proqramında elm və sənət eyni səhnədə birləşdi.
NASA uzmanı, hazırda ODTU Uzay Araşdırmalar Mərkəzinin rəhbəri Umut Yıldıza təşəkkür edirəm.
NDU-nun möhtəşəm Simfonik Orkestri ilə həmişəki kimi fəxr edirəm. Bu orkestr Naxçıvanın ən böyük sənət hadisəsidir.
Orkestrin qurulmasında, inkişaflnda əməyi olan hər kəsə, orkestrin bütün üzvlərinə təşəkkür edirəm!
Fərhad Mehdiyev, vəkil:
- Kreditə zamin duranlar üçün "kredit xətti müqaviləsi" tələsi...
Kredit verən bankların bəziləri ciddi bir qanun pozuntusuna yol verirlər - vətəndaşın (zamin duranın) məlumatlılığı olmadan, zamin dərk etmədən, elə bir zaminlik müqaviləsinə imza atdırırlar ki, zamin borcalanın 1 kreditinə görə deyil, 10 il ərzində alacağı bir neçə kreditə zamin durur, özü bunu bilmədən və istəmədən.
Neçənci vətəndaşdır ki, mənə müraciət edir. İndiki də "Express Bank"dır. Vətəndaş düşünüb ki, 1 dənə kredit müqaviləsinə zamin durur; əslində o borc da bağlanmışdı. Daha sonra əsas borclu zaminin xəbəri olmadan ikinci krediti götürür və qaytarmır; iş gedir məhkəməyə və zamin "kredit XƏTTİ müqaviləsinə" imza atdığına görə indi üzərində borc var, hər 2 avtomobilinə həbs qoyulub.
Bank isə zaminə imza atdıranda, müqavilənin məzmununu ona imza etməyib.
Mərkəzi Bank bu işlərə ciddi nəzarət etməlidir, məhkəmələr isə bu qəbildən zaminlik müqavilələrini "vacib əhəmmiyyətli yanılma" səbəbi ilə etibarsız saymalıdır.
Fərid Pərdəşünas, texnobloger:
- Bu gün AnewZ kanalı tərəfindən çəkilən Ruben Vardanyan haqqında "The Oligarch's Design" adlı sənədli filmin premyerasında oldum.
Sənədli filmdə dəhşətli faktlar əsasında Vardanyanın əslində kimin fiquru olduğu və Azərbaycan ərazisinə gəlməkdə məqsədinin nə olduğu göstərilir.
Filmi izlədikcə antiterror əməliyyatlarının və ekoloji aksiyanın əslində nə qədər əhəmiyyətli, nə qədər strateji və gələcəyi nəzərə alaraq atılmış addımlar olduğunu daha aydın hiss edirsən.
Bu işi araşdıran, sənədli filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür düşür.
Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri:
- AnewZ telekanalının istehsalı olan "The Oligarch's Design" sənədli filminin dekabrın 19-da keçirilən premyerasında iştirak etdim. Film Ruben Vardanyanın timsalında çirkli pulların dövriyyəsində iştirak etmiş, bu yolla varlanmış və nəhayət, siyasiləşmiş maliyyə elitasının mövcud münaqişələrə təsir imkanlarından bəhs edir. Nəticə etibarilə belə qənaət formalaşır ki, Rusiyanın nəzarətində olan və ya onun birbaşa müdaxiləsi ilə yaranmış münaqişələrdə bu "elitaların" xidmətlərindən sistemli şəkildə istifadə olunur.
Filmdə danışan beynəlxalq ekspertlər vurğulayırlar ki, Ruben Vardanyan "Vladimir Putinin qanadları" kimi tanınan Volqa-Dnepr hava şirkətinin səhmdarları sırasındadır. Onun maliyyə elitasına yüksəlişi isə çirkli maliyyə əməliyyatları ilə siyasi ambisiyaları uyğunlaşdırmaq prosesində oynadığı rolla əlaqəlidir. "The Oligarch's Design" filmində Vardanyan "Putinin Troya atı" kimi xarakterizə olunur.
Sənədli filmdə səsləndirilən bu faktlar Rusiyanın siyasi ambisiyalarına xidmət edən genişmiqyaslı ofşor şəbəkələrini ifşa edən və "Troika Laundromat" adı ilə tanınan beynəlxalq araşdırmalara istinadən təqdim edilir.
Film Vardanyanın Moskvanın maliyyə elitasından Qarabağdakı siyasi müstəviyə keçid yoluna, o cümlədən 2022-ci ildə separatçı qurumda tutduğu rola diqqət yetirir. Bu proseslər daha geniş geosiyasi kontekstdə təhlil olunur.
Ümumilikdə sənədli film informativdir, zəngin təhlil və arqumentlərlə müşayiət olunur. İzlədikcə yeni faktlar və əlaqələr üzə çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 23 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















