Icma.az
close
up
RU
Krediti və borcu olanlarla bağlı mühüm qərar

Krediti və borcu olanlarla bağlı mühüm qərar

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Növbəti mərhələ məhkəmələrə daşınan problemli kreditlərlə bağlı olacaq 

Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.

Ali Məhkəmənin yaydığı məlumata görə, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək, həmin ümumi məbləğə yenidən gecikdirmə faizi hesablanmasını tələb edib. Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşıb, daha sonra hər iki tərəfin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə kassasiya qaydasında baxılıb.

Ali Məhkəmə qərarında vurğulayıb ki, Mülki Məcəllənin 445.7 və 449-cu maddələrinin məzmununa görə, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.

Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir. Ali Məhkəmə həmçinin bildirib ki, kassasiya instansiyasının səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Bu baxımdan apellyasiya instansiyasının sübutlara verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib. Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun dediyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsi faizə faiz hesablanmasını birmənalı şəkildə qadağan edir: “Mülki Məcəllədə bununla bağlı konkret müddəalar var. Həmin müddəalar kreditin əsas borcuna görə hesablanmış faizlərin məbləği üzrə faiz hesablanmasını qadağan edir. Düzünü deyim, indiyədək tanış olduğum məhkəmə praktikasında faizlərin əsas borcun üstünə hesablanaraq, onlara birlikdə yenidən faiz hesablanması məsələsi üzrə iddialarda artım müşahidə etməmişəm. Buna görə də düşünürəm ki, Ali Məhkəmənin qərarı hansısa xüsusi iddia ilə bağlıdır, nəinki geniş yayılmış mənfi təcrübə ilə”.

Qeyd edək ki, Azərbaycanda məhkəmə müstəvisində problemli kreditlərlə bağlı iddialar 2018-2020-ci illərdə pik səviyyəsinə çatıb. 2015-2016-cı illərdə baş verən devalvasiyalar yüz minlərlə insanın dollarla götürdüyü kreditlərin məbləğinin kəskin artmasına səbəb olmaqla onları ödənilməz hala gətirdi. Yüksək inflyasiya şəraitində xərcləri kəskin artan vətəndaşlar, biznes subyektləri kreditləri qaytarmaqda böyük çətinliklə üzləşdilər, problemli kreditlərin məbləği milyardlarla manat həddinə çatdı. Bu zaman banklar, bank olmayan kredit təşkilatları kütləvi şəkildə məhkəmələrdə iddialar qaldırmağa başladılar. Bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı fərmanı ilə devalvasiyaların kreditlərdə yaratdığı əlavə xərclərin dövlət hesabına maliyyələşdirilməsinə start verildikdən sonra səngiməyə başladı. 

Həmin dövrdə məhkəmələrdə maraqlı bir proses diqqəti cəlb etdi: bir çox hallarda məhkəmələr əsas borca görə faizlərin qaytarılmasına dair qərarlarda yalnız məhkəmə qərarı qəbul olunana qədər hesablanan faizlərin ödənməsi qeyd olunurdu. Yəni faiz borcunun məbləği olaraq məhkəmə qərarı qəbul olunana qədər hesablanan məbləği fiksə edərək, borcludan yalnız onun tutulmasına qərar verilirdi. Halbuki məhkəmə qərarından sonra da əsas borc məbləğinin qaytarılmasına uzun müddət vaxt ayrılırdı. Banklar  bu müddətdə əsas borca görə faiz hesablaya bilmirdilər. Bu təcrübəyə görə əksər hallarda kredit götürən şəxslər işin məhkəməyə çıxarılmasında maraqlı olurdular. Uzun müzakirələrdən, Azərbaycan Banklar Assosiasiyasının araşdırmadan sonra məlum oldu ki, bəzi işlər üzrə vəkillərin Azərbaycan Mərkəzi Bankının qüvvədə olmayan qaydalarına istinad etməsi belə bir təcrübənin meydana çıxmasına səbəb olub. Həmin qaydaların qüvvədən düşdüyünə dair rəsmi açıqlamalardan sonra tədricən məhkəmələrdə krediti verən tərəfin zərərinə olan fiksə olunmuş faiz borcuna dair qərarların çıxarılması dayandırıldı.

İndi Ali Məhkəmənin çıxardığı qərar belə deməyə əsas verir ki, bu dəfə kredit götürən tərəfin xeyrinə olan qərar qəbul edilib: banklara və bank olmayan kredit təşkilatlarının əsas borca hesablanmış faiz borcuna yenidən faiz hesablamalarının qarşısı alınır. 

Onu da qeyd edək ki, Ali Məhkəmənin qərarı ölkədə problemli kreditlərin məbləğinin artdığı bir dövrə təsadüf edir. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib.Ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı və ya 82.5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Qısamüddətli kreditlərin həcmi isə 5 milyard 467.7 milyon manat olub ki, bu da illik müqayisədə 18.2 faiz artım deməkdir. Uzunmüddətli kreditlər üzrə artım tempi 6.4 faiz təşkil edib.

Kreditlərin 94.3 faizi banklar, 5.7 faizi isə bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqları tərəfindən verilib.

Hesabat dövründə ödəmə vaxtı keçmiş kreditlərin məbləği  illik ifadədə 13.5 faiz artaraq 544.8 milyon manat təşkil edib. Statistikadan aydın olur ki, problemli kreditlərin həcmi oktyabrın 1-i ilə müqayisədə 3,2 faiz artıb. Bu göstərici cari ilin əvvəlindəki eyni göstərici ilə müqayisədə isə 21,3 faiz artıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7 faiz səviyyəsində qeydə alınıb. Mərkəzi Bankın statistikası göstərir ki, problemli kreditlərin həcmindəki artım ümumi kredit portfelinin həcmindəki artımdan daha sürətlə gedir: Bir ildə ümumi kredit portfeli 8,3 faiz, problemli kreditlər isə 13,5 faiz artıb. Nəzərə alsaq ki, ümumi kredit portfelindəki artımın mühüm hissəsi istehlak və biznes kreditləri hesabına yaranıb, onda problemli kreditləri həcmindəki yüksəlişin kifayət qədər təhlükəli olduğunu deyə bilərik. Belə ki, bank sektorunda kreditləşmənin əsas mənbəyi olan istehlak kreditləri portfeli noyabrın 1-nə 9 milyard 232,4 milyon manata yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 954,6 milyon manat və ya 11,5 faiz artım deməkdir: Ötən ilin eyni dövründə əhaliyə verilən istehlak kreditlərinin həcmi 8 milyard 277,8 milyon manat təşkil etmişdi. Artım bütün müqayisə dövrlərində davamlı olub. Ötən ilin sonu (8 milyard 445 milyon manat) ilə müqayisədə portfel 787,4 milyon manat (9,3 faiz) böyüyüb. Təkcə son bir ayda isə 48,9 milyon manat (0,5 faiz) artım qeydə alınıb.

Bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud 6,8 faiz çoxdur.

İstehlak və biznes kreditlərindəki bu artım göstərir ki, problemli kreditlərdəki artım da onların hesabınadır. Məlumdur ki, Azərbaycan Mərkəzi Bankı devalvasiyalardan sonra ölkə üzrə kredit götürənlərin sayına dair məlumatları açıqlamağı dayandırıb. Ən son 2015-ci ildə açıqlanan məlumatda 2,5 milyona yaxın kredit götürüldüyü əksini tapmışdı. Son 10 ildə kredit şərtlərinin yumşalması, kredit portfelinin sürətlə artımı ölkədə borclanan fiziki və hüquqi şəxslərin də sayının artmasını şərtləndirir. Bu mənada, Ali Məhkəmənin qeyd olunan qərarı növbəti mərhələdə məhkəmələrə daşınan problemli kredit iddialarında borclulara qarşı haqsız qərarların qəbulunun qarşısını almış olacaq.“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri