Lerikdə taxıl biçinində rekord Fermerlər 45 50 sentner məhsul götürüblər
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Ölkəmizin iqtisadi inkişafında neft faktoru böyük rol oynasa da son illərdə qeyri neft sektorunun payı sürətlə artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aqrar islahatların yeni mərhələsinin başlanması ilə bağlı qəbul edilən siyasi-iqtisadi qərarlar kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən özəl təsərrüfat subyektlərinin stimullaşdırılması, onların məhsul bazarlarına çıxışının və istehsal vasitələri ilə təminatının bazar prinsipləri əsasında yaxşılaşdırılması hesabına bu sahənin açıq iqtisadi sistem şəraitində rəqabət qabiliyyətliliyinin yüksəldilməsi konsepsiyasına əsaslanır. Dövlət başçısı tərəfindən həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili bazar təminatı və ixracı artmış, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənmişdir. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. Aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün iqtisadi-siyasət sayəsində əldə edilib.
Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. Lerik rayonun ərazisi İran İslam Respublikası ilə sərhəd boyu Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, ərazinin şimalında isə Burovar silsiləsi uzanır.
Talış və Peştəsər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.

2025-ci ildə ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olub. Belə ki, Aqrar Subsidiya Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2024-2025-ci əkin ili üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul olunub. Qərara əsasən baza məbləği 200 manat olmaqla 2024-cü ildə əkin subsidiyasının məbləği dənli və dənli-paxlalılarda (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci) 220 manatdan 230 manata, kartof sahələrində isə müasir suvarma sistemlərinin tətbiqinə görə 280 manatdan 300 manata qədər artırılıb. Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası 3 il ərzində istifadə edilə bilər. Bundan başqa “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 iyul 2022-ci il tarixli Fərmanı əhali tərəfindən razılıqla qarşılanıb, bu da taxılçılığın inkişafına böyük stimul verib.
“Lerik rayonunda əkinçilik işləri əsasən dəmyə şəraitində aparılır. 2025-ci ilin məhsulu üçün Lerik rayonun ərazisində statistik məlumata əsasən 3682 ha payzılıq taxıl və 36 ha yazlıq taxıl əkilib, ondan 3520 ha sahədə buğda, 138 ha arpa, 60 ha sahədə çovdar bitkisi əkilib. 2190 ha sahədə yazlıq bitkisi əkilib ondan açıq sahədə 50 ha pomidor, 31 ha xiyar, 30 ha kələm, 205 ha baş soğan, 46 ha sarımsaq, 1550 ha kartof, 31 ha qarğıdalı bitkisi,176 ha paxlalılar və digər bitkilər əkilib.”
Bu sözləri Modern.az-a Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Cahani Nüsrətzadə deyib.
“Payızlıq və yazlıq taxıl əkinlərdən 1172 ha sahə biçilib. Biçilmiş taxıl əkinlərdən 1134 ha buğdadan məhsuldarlıq 30.06 sentner olmaqla 3408.8 ton, 38 ha arpadan məhsuldarlıq 33 sentner olmaqla 125.4 ton məhsul yığılıb. Bu günə kimi biçilmiş taxıl sahələrində orta məhsuldarlıq 30.16 sentner olub. Amma elə nümunəvi fermerlər də vardır ki, sahələrindən 45-50 sentner məhsul götürüblər. Bu da dəmyə şəraitində əkin aparan fermerlər üçün sevindirici bir haldır.

Cahani Nüsrətzadənin sözlərinə görə rayon ərazisində son illərin ən yüksək məhsuldarlığı müşahidə olunur:
“Bu da əkin işlərinin vaxtında aparılması, taxıl sahələrinə aqrotexniki qulluğun göstərilməsi, gübrə və pestisidlərdən istifadə olunması və vaxtında itkisiz biçin prosesinin həyata keçirilməsinin nəticəsidir. Vaxtında texnika ilə və düzgün qaydada aparılan biçin zamanı dənlərin yerə tökülməsi, əzilməsi və ya havaya sovrulması kimi itkilər xeyli azalır. Hava iqlim şəraitindən aslı olaraq biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Biçin prosesinin bitdiyi rayonlarda olan kombaynlar əvvəlcədən tələbata uyğun olaraq hazırlanmış dislokasiya planı əsasında kəndlərə göndərilir. Bu mexanizm kombayna olan tələbatın ödənilməsini, məhsulun vaxtında və itkisiz yığımını təmin edir.
DAİM direktorunun sözlərinə görə hazırda Lerik rayonunda taxıl biçini uğurla davam etdirilir:
“Lerik rayonunda bu il 13 kombayn işləyir. Onlardan 4-ü Kənd Təsərrüfatı Nazirliyi tərəfindən alınmış yeni dağ kombaynları 9-u isə fiziki şəxslərə məxsus kombaynlardır. Dağ kombaynlarının rayon ərazisində relyefi pis olan yerlərdə apardığı itkisiz biçin nəticəsində ildən ilə rayon ərazisində taxıl sahələrinin sahəsi durmadan artır. Bu da kənd əhalisinin hədsiz sevincinə səbəb olur. Rayon ərazisində ən yüksək məhsuldarlıq Murya, Vistən, Züvüç və Boykəndil kəndlərində olub.
Cahani Nüsrətzadə deyir ki, rayon ərazisində taxıl biçininin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Məlumat üçün bildiririk ki, 01 yanvar 2025-ci il tarixə Lerik rayonun ümumi ərazisi 108127,0 hektardır. Bundan 47502,0 ha dövlət mülkiyyətində, 44581,0 ha bələdiyyə mülkiyyətində saxlanılmış, 16044,0 ha isə xüsusi mülkiyyətə verilmişdir. Rayon üzrə 40306,0 ha dövlət meşə fondu torpaqları, 4950,0 ha yay otlaq sahələri mövcuddur. Rayonda 57787 ha kənd təsərrüfatına yararlı torpaq sahələri vardır. Bundan 13645 ha əkin, o cümlədən 1621 ha dövlət meşə fondunda, 602 ha bələdiyyə mülkiyyətində, 382 ha çoxillik əkmələrdir. 3463 ha biçənək, 38406 ha örüş sahəsidir.
Cənab Prezidentin aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar rayonumuzda da müvafiq işlər aparılmışdır. Belə ki, kənd təsərrüfatına yararlı torpaqlardan təyinatı üzrə istifadə olunması, həmin torpaqlarda qanunsuz tikintilərin aparılmasının qarşısının alınması, torpaqlardan səmərəli istifadə olunması istiqamətində ardıcıl işlər aparılır.
Vətəndaşlar tərəfindən 4 min hektardan çox torpaq sahəsi biçənək sahəsi kimi istifadə olunur. Biçənək sahələri əsasən texnika ilə biçilir. Son illərdə vətəndaşlar tərəfindən müasir tipli otbiçənlər alınmış, əl əməyi xeyli dərəcədə yüngülləşmişdir. Bunun nəticəsidir ki, son illərdə heyvandarlığın yem təminatı xeyli dərəcədə yaxşılaşmışdır. Rayon üzrə 121 ədəd şum traktoru (98 saz, 23 nasaz), 42 ədəd otpresləyən (36 saz, 6 nasaz), 5 ədəd otbiçən (5 saz, 1nasaz), 14 ədəd qoşqu (9 saz,5 nasaz), 20 ədəd kotan (18 saz, 2 nasaz), 6 ədəd buldozer (5 saz, 1 nasaz) taxılyığan kombayın 8ədəd (16 saz, 2 nasaz), 1 ədəd otyığan(saz) və 1ədəd toxum səpən (saz) vardır. Bu taxıl biçininin vaxtında başa çatdırılmasına imkan verir.

Dövlət xidmətlərinin fermerlər üçün əlçatanlığını asanlaşdırmaq, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin etməkdən ötrü Elektron Kənd təsərrüfatı İnformasiya Sistemi yaradılmışdır. Bu sistemlə vahid pəncərə prinsipinə uyğun olaraq fermerlərə 70-ə yaxın xidmət göstəriləcəkdir. Bunun üçün mərkəzimizdə xidməti otaq təşkil olunmuşdur. Subsidiyalar bu sistem vasitəsilə verilir. Bu sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun planlaşdırmağa kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin proqnozlaşdırılmasını asanlaşdıracaqdır. Bu günə qədər rayon üzrə 6000-dən çox fermer sistemdə qeydiyyatdan keçirilib.
Lerik rayonunda əsasən taxılçılıq və heyvandarlıq daha çox inkişaf etdirilsə də meyvəçilik də rayonun kənd təsərrüfatının ayrılmaz bir sahəsidir. Lerik rayonunda hal-hazırda ənənəvi üsulla əkilmiş 542 ha meyvə bağ vardır. Bundan 467 ha məhsul verən bağdır. Rayon ərazisində 252 ha alma, 46.60 ha armud, 53.1 ha fındıq, 5 ha albalı, 9.3 ha alça, 4 ha badam, 7.3 ha ərik, 13 ha gilas, 11 ha feyxoa, 14.4 ha gavalı və s. bağlar mövcuddur. Fermerlər tərəfindən müasir intensiv üsulla 8.14 ha alma, 1 ha armud, 1.46 ha badam, 0.20 ha gilas, 2.28 ha qoz, 1.43 ha sahədə salınmış üzüm və 15 ha sahədə fındıq bağlar da vardır.
Lerik Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Aqrar Subsidiya Şurasına verilmiş təkliflər əsasında rayon ərazisində feyxoa bağlarına əkin subsidiyası və yeni salınmış 1 ha intensiv fındıq bağına isə 4400 manat, alma bağlarına 11000 manat, dəniz səviyyəsindən 300 m yüksəkliklərdə yerləşən sitrus bağlarına 9600 manat məbləğində birdəfəlik subsidiyaların verilməsi şuranın 2025-ci ilin qərarında əks olunmusdur. Əlavə olaraq qeyd etmək istərdim ki, rayon ərazisində salınacaq gilas, şaftalı və nektarın bağlarına birdəfəlik subsidiyaların verilməsi təklifləri aqrar subsidiya şurasına təqdim olunmuşdur. Yeni meyvə bağlarının salınması və bu bağların xəstəlik və zərərvericilərə qarsı davamlılığı istiqamətində rayon ərazisində elmi tədqiqat institutları tərəfindən tədqiqat işləri aparılmış və onların nəticələri fermerlərə təqdim olunub.
Rayonda təsərrüfat sahələrindən biri də heyvandarlıqdır. Rayon üzrə ailə, kəndli-fermer və şəxsi təsərrüfatlarda 37344 baş iribuynuzlu, o cümlədən 16995 baş inək və camış, 70249 baş xırdabuynuzlu qara mal bəslənilir. Heyvanların cins tərkibini dəyişməkdən ötrü rayonumuzda da ayrı-ayrı vətəndaşlar tərəfindən lizing yolu ilə cins heyvanlar alınmışdır. Süni mayalanma yolu ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilir. Rayon üzrə 2024-cü ildə 410 baş qaramalda süni mayalanma aparılmış, 557 baş buzov alınmışdır. Bu iş hal hazırda da davam etdirilir. Heyvandarlıqda heyvanların cins tərkibini dəyişməklə stasionar bəsləmə şəraitinə keçirmək, intensiv yolla heyvandarlığın inkişaf etdirilməsinin üstünlükləri barədə fermerlər arasında maarifləndirici tədbirləri həyata keçirilir.

Rayonumuzda 18000 dən artıq arı ailəsi saxlanılır. İl ərzində 120-150 ton bal istehsal olunur. Təbii bal məhsulunun qəbulu, arıçılıqda istifadə olunan avadanlıqların və dərman preparatlarının satışı məntəqələrinin yaradılması bu sahənin daha da inkişafına köməklik göstərəcəkdir.
Heyvanlarda ”Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirləri” planına uyğun olaraq xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri icra edilir. Mal qara arasında yoluxucu xəstəliklərin yayılması halları müşahidə edilib.
Lizing fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşmışdır. Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunmuşdur. Fermerlər texnikanı 40 faiz güzəştlə və 5 il faizsiz kredit tətbiq edilməklə, damazlıq heyvanları isə 60 faiz güzəştlə təkcə “Aqrolizinq” ASC-dən deyil istədikləri təchizatçı şirkətdən ala biləcəklər.
Qeyd edək ki, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində fəal fermerlərlə tez-tez görüşlər keçirilir, onların problemləri dinlənilir, qaldırdıqları məsələlərlə bağlı müvafiq işlər görülür. Ərazinin relyefi və torpaq örtüyünə uyğun olaraq əkilə biləcək yüksək məhsuldar sortlar, bitki xəstəlikləri haqqında femerlərə geniş məlumat verilir.





