“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanda yaradılan “Lulla” uşaq audio tətbiqi müxtəlif dillərdə nağıllar, laylalar, mahnılar, şeirlər və maarifləndirici məzmun təqdim edir. Layihə uşaqların erkən yaşlardan ana dilinə marağının artırılması, xaricdə yaşayan azərbaycanlı ailələrin doğma dillə əlaqəsinin qorunması və keyfiyyətli uşaq məzmununun əlçatanlığının genişləndirilməsini hədəfləyir. Layihənin həmtəsisçiləri Cavid və Eldar Köçərlilərdir.
Cavid Köçərli AZƏRTAC-a açıqlamasında layihənin yaranma ideyası barədə məlumat verib. O qeyd edib ki, 2023-cü ilin dekabrında Moskvada ikinci qızının dünyaya gəlməsindən sonra onun yuxuya getməkdə çətinlik çəkməsi həmtəsisçini uşaqlar üçün laylalar və sakitləşdirici səslər təqdim edən daha geniş imkanlı məhsul yaratmağa sövq edib.
11 dildə 2 mindən çox audioyazı və “Kitabi-Dədə Qorqud”un uşaq auditoriyasına uyğunlaşdırılması
“Mövcud audiooyuncaqların məzmun baxımından məhdud olması, əsasən rus və ingilis dillərində əvvəlcədən yüklənmiş yazılar təqdim etməsi yeni ideyanın formalaşmasına təkan verib. Məqsəd, ilk növbədə, Azərbaycan dilində məzmunu da əhatə edən, istifadəçi auditoriyası üçün daha əlçatan platforma yaratmaq olub. Hazırda tətbiqin kitabxanasında 11 dildə 2 mindən çox audioyazı və 30 animasiya filmi mövcuddur. Valideynlər körpələr üçün laylalar səsləndirə, daha böyük uşaqlarla isə nağıllar, mahnılar və şeirlər dinləyə bilərlər. Məzmunun hazırlanması və lokallaşdırılması prosesində əsas çətinliklərdən biri uyğun rəqəmsal mənbələrin tapılmasıdır. Bu problem xüsusilə Azərbaycan, qazax və özbək dillərində materialların məhdudluğu ilə bağlıdır. Əlifba dəyişiklikləri də tarixi mətnlərin axtarılması, oxunması və müasir auditoriyaya uyğunlaşdırılmasını çətinləşdirir. Layihə çərçivəsində həm Azərbaycan nağıllarının xarici auditoriyaya təqdim olunması, həm də dünya klassikasının Azərbaycan dilinə uyğunlaşdırılması istiqamətində iş aparılır. Lokallaşdırma zamanı yalnız tərcüməyə deyil, məzmunun mənasının, dilin təbii səslənişinin, şeir və mahnıların ritminin qorunmasına da diqqət yetirilir. Bu baxımdan “Kitabi-Dədə Qorqud” hekayələri üzərində iş xüsusi əhəmiyyət daşıyır. Mənbə kimi Türkiyədə nəşr olunan materiallardan da istifadə edilir. Milli koloritin saxlanılması ilə yanaşı, mürəkkəb epizodların və zorakılıq səhnələrinin uşaq auditoriyasına uyğunlaşdırılması əsas prinsiplərdəndir. “Lulla” xaricdə yaşayan azərbaycanlı ailələr üçün ana dilinin gündəlik həyatda qorunmasına kömək edən əlavə vasitə kimi nəzərdə tutulub. Uşaqların doğma dillərini sevdikləri mahnı və nağıllar vasitəsilə eşitməsi həmin dilə müsbət münasibətin formalaşmasına şərait yaradır. Eyni zamanda, tanış hekayələrin müxtəlif dillərdə dinlənilməsi xarici dillərin öyrənilməsinə marağı da artıra bilər. Layihənin beynəlxalq inkişaf perspektivlərini müsbət qiymətləndirən həmtəsisçi bildirib ki, əsas hədəflərdən biri rəqəmsal uşaq məzmununun məhdud olduğu dillərə diqqət ayırmaqdır. Məhsulun həm Azərbaycanda, həm də ABŞ, Kanada və Avropa ölkələrində yaşayan ailələr arasında tanıdılması nəzərdə tutulur”, - deyə C.Köçərli əlavə edib.
“Süni intellektlə danış” funksiyası, 20 dil hədəfi və beynəlxalq investisiya axtarışı
O, gələcək planlara tətbiqdəki dillərin sayının 20-yə çatdırılması və süni intellekt əsaslı fərdiləşdirilmiş imkanların yaradılmasının daxil olduğunu deyib: “Hazırda “Süni intellektlə danış” funksiyası sınaqdan keçirilir və yaxın iki həftə ərzində istifadəyə verilməsi planlaşdırılır. Növbəti 30–40 gün ərzində isə istifadəçilərin öz nağıl və mahnılarını yaratması, eləcə də fotoları animasiya etməsi imkanlarının əlavə olunması nəzərdə tutulur. Yeni funksiyalar sınaqlar tamamlandıqdan və uşaqların yaş xüsusiyyətlərinə uyğunluğu yoxlanıldıqdan sonra mərhələli şəkildə istifadəyə veriləcək. Hazırda tamamilə ödənişsiz olan tətbiqdə süni intellektlə ünsiyyət funksiyasının gələcəkdə ödənişli əsaslarla təqdim edilməsi planlaşdırılır. Layihənin əsas məqsədi Azərbaycanda yaradılan, milli dil və mədəni irsi müasir texnologiyalar vasitəsilə uşaqlara çatdıran, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan ailələr üçün əlçatan olan beynəlxalq məhsula çevrilməkdir. Hazırda layihə təsisçilərin şəxsi vəsaiti hesabına inkişaf etdirilir. İnvestisiya dəstəyinin cəlb edilməsi istiqamətində də iş aparılır. Bu məqsədlə Azərbaycanda və xaricdə, o cümlədən Silikon Vadisində çoxdilli uşaq məzmunu və ailələr üçün texnologiyalar sahəsinə maraq göstərən investorlarla əməkdaşlıq imkanları araşdırılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Noyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















