Maaş və pensiya kartları üzrə yeni yanaşma
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı (AMB) maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır. Bunu AMB-nin sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.
Mütəxəssislərin fikrincə, burada əsas məqsəd maaş və pensiya kartları bazarında rəqabəti artırmaq, eyni zamanda vətəndaşlara bank seçimi hüququ verməkdir. Hazırda Azərbaycanda bir çox dövlət qurumu və özəl şirkət əməkhaqqını yalnız müqavilə bağladıqları bank vasitəsilə ödəyir. Yeni yanaşmaya əsasən vətəndaşlar maaşını və ya pensiyasını istədiyi bank hesabına köçürə biləcək. Sonrakı mərhələdə bu mexanizmin pensiya ödənişlərinə də tam şəkildə şamil edilməsi nəzərdə tutulur.
İqtisadçı ekspert Asif İbrahimov deyir ki, son zamanlar maliyyə sektorunda mühüm institusional islahatlar həyata keçirilir: Maaş və pensiya kartları bazarında planlaşdırılan yeni mexanizm də məhz bu islahatların davamıdır. Planlaşdırılan modelin əsas mahiyyəti vətəndaşın bank seçmək hüququnun təmin edilməsidir. Yeni sistemdə işəgötürən yaxud dövlət qurumu əməkhaqqını və ya pensiyanı artıq özünün müqavilə bağladığı banka deyil, vətəndaşın seçdiyi bank hesabına köçürəcək. Eyni zamanda, bankın dəyişdirilməsi prosedurları sadələşdiriləcək, elektron inteqrasiya hesabına əlavə bürokratik maneələr aradan qaldırılacaq. Bu isə bankları maaş və pensiya müştərilərini cəlb etmək üçün daha sərfəli kredit məhsulları, daha yüksək xidmət keyfiyyəti, rəqəmsal həllər, əlavə üstünlüklər təqdim etməyə sövq edəcək: "Bu açıqlananlardan maaş və ya pensiyalardan yeni komissiyaların tutulacağı barədə nəticə çıxarmaq doğru olmaz. Əksinə, belə bir addım islahatın əsas məqsədi olan rəqabətin gücləndirilməsi ilə ziddiyyət təşkil edərdi. Dünya təcrübəsində maaş və pensiya müştəriləri banklar üçün ən sabit, dəyərli müştəri seqmentlərindən hesab olunur. Buna görə banklar bu kateqoriyaya aid müştərilər üçün kart xidmətlərini əksər hallarda ödənişsiz təqdim edir, bankdaxili köçürmələrə komissiya tətbiq etmir, güzəştli istehlak və ipoteka kreditləri təklif edir, müxtəlif keşbek, loyallıq proqramları həyata keçirirlər".
Ekspertin sözlərinə əsasən, yeni sistem vətəndaşlar üçün bir sıra üstünlüklər yaradacaq: "İlk növbədə insanlar istədikləri bankı seçə biləcəklər. Daha rahat mobil tətbiq, daha aşağı kredit faizləri, daha yüksək depozit gəlirləri və ya daha keyfiyyətli xidmət təqdim edən banklara keçmək mümkün olacaq. Dünya praktikası göstərir ki, son 15-20 ildə bir çox ölkə əməkhaqqı və pensiya ödənişlərində bankların inhisarını aradan qaldırmağa çalışıb. Avropa İttifaqında (Aİ) işçi əməkhaqqını hansı bankda alacağına özü qərar verir və işəgötürən yalnız işçinin təqdim etdiyi IBAN hesabına vəsaiti köçürür. Böyük Britaniyada fəaliyyət göstərən "Current Account Switch Service" (CASS) sistemi sayəsində bank dəyişdirilməsi cəmi bir neçə iş günü ərzində həyata keçirilir. ABŞ-da əməkhaqqı "Direct Deposit" sistemi ilə işçinin seçdiyi hesaba köçürülür. Kanada və Avstraliyada da analoji model tətbiq olunur. Almaniya və Fransada pensiyaçılar istədikləri bankı seçə bilirlər. Türkiyədə isə banklar pensiya müştərilərini cəlb etmək üçün birdəfəlik promosyon ödənişləri, güzəştli kreditlər və digər üstünlüklər təqdim edərək ciddi rəqabət aparırlar".
Bank məsələləri üzrə ekspert Emin Kərimov deyib ki, bu məsələyə iki kontekstdən baxmaq olar. Birinci növbədə əməkhaqqı kartları, ikinci növbədə isə təqaüd kartları baxımından. Əməkhaqqı kartları ilə bağlı daha əvvəl də bildirilmişdi ki, hazırda təşkilatlar əməkhaqqı kartlarını əməkdaşlıq etdikləri banklardan sifariş edirlər. Yeni təklif isə işçilərə əməkhaqqı kartını istədikləri bankdan sifariş etmək imkanı verilməsini nəzərdə tutur. Digər mühüm məqam isə odur ki, bir bankın, məsələn, A bankının müştərisi B bankının bankomatından istifadə edərkən komissiya ödəməsin. Hazırda əməkhaqqı kartından başqa bankın bankomatı vasitəsilə nağdlaşdırma zamanı müəyyən məbləğdə komissiya tutulur. Təklif ondan ibarətdir ki, bu komissiya ya tamamilə ləğv edilsin, ya da vahid tarif müəyyən edilsin. Beləliklə, işçilər və digər kart sahibləri əlavə maliyyə yükü ilə üzləşməzlər. Yəni bütün banklar üçün vahid tarif siyasəti tətbiq oluna bilər ki, bu da həm banklar, həm də müştərilər üçün əlverişli olsun: "Ehtimal var ki, təqaüd kartlarında da bu mexanizm tətbiq olunsun. Xüsusilə regionlarda bank və bankomat şəbəkəsinin zəif inkişaf etdiyi ərazilərdə vətəndaşın yaşadığı əraziyə uyğun bankdan təqaüd kartı əldə etməsi mümkün ola bilər. Ümumilikdə, bu dəyişikliklər mövcud komissiyaların, məhdudiyyətlərin və digər maneələrin sistemli şəkildə aradan qaldırılmasını nəzərdə tuta bilər. Buraya məcburi şəkildə müəyyən bankın əməkhaqqı kartından istifadə edilməsi, eləcə də təqaüd kartlarının əsasən iki bank üzərində cəmləşməsi kimi problemlərin aradan qaldırılması daxildir. Bu maneələrin daha müasir və çevik mexanizmlərlə əvəz olunması mümkündür. Buraya yüksək keşbek faizləri, müxtəlif güzəştlər, güzəştli kreditlər və digər bank məhsulları aid edilə bilər. Ümumilikdə məqsəd müştəri məmnuniyyətinin artırılmasıdır. Çünki həm əməkhaqqı, həm də təqaüd alan müştərilər bank sektorunun ən böyük müştəri seqmentlərindən biridir. Bu baxımdan, bütün bankların həmin seqmentdən daha səmərəli istifadə etməsi üçün bərabər imkanların yaradılması vacibdir. Yəni vətəndaş maaşını və ya pensiyasını A bankı vasitəsilə alırsa, yalnız həmin bankın xidmətlərindən istifadə etməyə məcbur qalmamalıdır. Bu yanaşma həm də bazarda rəqabətin güclənməsinə, inhisarçılıq meyllərinin azalmasına müsbət təsir göstərə bilər. Beləliklə, vətəndaş maaş kartını A bankından alsa belə, B bankından da oxşar şərtlərlə kredit, digər bank məhsulları, endirimlər, yüksək keşbek və daha uzunmüddətli taksit imkanlarından yararlana bilər. Fikrimcə, bir-iki aydan sonra tətbiq olunacaq yeniliklər artıq praktiki olaraq görünəcək və sadaladığımız islahatların da həmin dəyişikliklərin tərkib hissəsi olacağı gözlənilir".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 07 Avqust 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















