MANATA İKİNCİ ŞOKUN 10 İLLİYİ Hökumət dağıdıcı olaydan nəticə çıxarıbmı?
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Bu gün – 21 dekabr tarixində Azərbaycan manatının ikinci devalvasiyasından 10 il ötür. Həmin tarixdə manat dollar qarşısında 1,05 qəpikdən 1,55 manat səviyyəsinə qədər qədər ucuzlaşıb ki, bu da təxminən 47,6% artım (ucuzlaşma) deməkdir.
Beləliklə, 2015-ci il ərzində iki böyük devalvasiyadan sonra manat ümumilikdə 144%-ə qədər dəyər itirdi. Bu hadisə sonrakı illər ərzində həm dövlət, həm biznes, həm də əhali üçün ciddi təsirlər yaratdı. Devalvasiya qərarı əsasən neft qiymətlərindəki kəskin enişə görə valyuta bazarında yaranan gərginliyi aradan qaldırmaqla bağlı idi.
Devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bank valyuta ehtiyatlarını bazara buraxdı. Rəsmi məlumatlara görə, manatın sabit qalması üçün təxminən 4-5 milyard dollar valyuta xərcləndi. Lakin neft qiymətlərinin düşməsi və valyuta təzyiqləri uzunmüddətli olaraq manatın məzənnəsini saxlamağa imkan vermədi. Nəticədə, manatın məzənnəsi bir dəfəyə aşağı endirildi.
Manatın dəyər itirməsi, xüsusilə xarici valyutaya bağlı idxal mallarının qiymətlərinə ciddi təsir göstərdi. Avtomobil, elektronika, ərzaq məhsulları və tikinti materiallarının qiyməti təxminən 30-40% artdı. Bu isə əhalinin gündəlik xərclərinə birbaşa təsir etdi və inflyasiya təzyiqlərini artırdı.
Banklardan dollarla götürülmüş kreditlərdə ödəmə yükü əhəmiyyətli dərəcədə artdı. Kreditlərin manata çevrilməsi nəticəsində borcluların aylıq ödənişləri təxminən 30% yüksəldi, bu da banklarda kredit risklərinin artmasına səbəb oldu. Bir çox vətəndaş üçün aylıq ödənişlər əvvəlkindən xeyli ağırlaşdı və bu, həm fərdi, həm də korporativ səviyyədə maliyyə çətinlikləri yaratdı.
2015-ci ilin əvvəlində əhalinin banklarda depozitlərinin böyük hissəsi, təxminən 50-60%-i xarici valyutada – əsasən dollar və avro ilə saxlanırdı. Devalvasiya zamanı əhalinin depozitlərinin manatla ifadəsində nominal artım baş versə də, real alıcılıq qabiliyyəti azaldı. Bu, xüsusilə dollarda kreditləri olan vəsait sahibləri üçün əhəmiyyətli itkilər yaratdı. Bu hadisə Azərbaycan iqtisadiyyatında həm əhalinin, həm biznes sektorunun, həm də dövlətin maliyyə siyasətində ciddi dəyişikliklər tələb etdi. Devalvasiya həmçinin manata inamın qorunması və valyuta ehtiyatlarının idarə edilməsi baxımından dərs rolunu oynadı.
Bəs hökumət bu hadisədən lazım olan nəticvələri çıxarıbmı?
Neft hasilatının və qiymətinin aşağı düşməsi ölkənin valyuta gəlirlərinə ciddi təsir edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin 10 ayında 11.5 milyard dollar dəyərində 22.1 milyon ton neft satıb. Bu vəsait xalis gəlir deyil, konsorium iştirakçılarının payını, əməliyyat xərclərini, vergiləri və s. çıxdıqda təqribən Neft Fonduna 50 faizə qədər rəqəm çatır. 2026-cı ilin dövlət büdcəsində neft və qaz sektorundan daxilolmaların payı təxminən 42,6% təşkil edəcək. Bu göstərici əvvəlki illərlə müqayisədə aşağıdır. Orta neft qiymətinin təxminən 65 dollar/barrel səviyyəsində nəzərdə tutulması da gəlirlərin azalmasına təsir edir. Beynəlxalq analitiklər bildirir ki, neftin hər 1 dollar ucuzlaşması Azərbaycan üçün ixracdan təxminən 300 milyon dollar, büdcə gəlirlərində isə 150 milyon dollar itki deməkdir.
Hazırda dünya birjalarında neft 60-62 dollar aralığında ticarət edilir. Beynəlxalq maliyyə institularının proqnozlarına görə, qiymət kəskin ucuzlaşa bilər - 55-58 dollar ən nikbin rəqəmlərdir.
Xaricdən idxalın həcmi isə 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin əvvəlinə olan rəsmi statistika göstərir ki, real ifadədə idxalda 50%-dən çox artım var. Bu artım əsasən qeyri-neft məhsullarının daxili bazara çıxışı və istehlak mallarına tələbin artması ilə bağlıdır. İxracın strukturu isə hələ də neft və qaz məhsullarına əsaslanır.
2026-cı ildə Azərbaycanda devalvasiya riski ümumilikdə aşağı səviyyədə qiymətləndirilir. Ekspertlər bildirir ki, Mərkəzi Bank və hökumət manatın məzənnəsinin stabilliyini qorumaq üçün kifayət qədər maliyyə resurslarına malikdir. Hazırda strateji valyuta ehtiyatları təxminən 80 milyard dollar səviyyəsindədir və onların böyük hissəsi Dövlət Neft Fonduna aiddir. Bu, manatın sabitliyini təmin etmək üçün kifayət qədər dəstək rolunu oynayır.
Azərbaycan banklarında əhalinin və şirkətlərin depozitlərinin valyuta strukturu da manatın stabilliyi üçün mühüm göstəricidir. 2025-ci ilin oktyabr ayında banklarda xarici valyuta ilə depozitlərin həcmi 10,46 milyard manat, manatla depozitlərin həcmi isə 19,94 milyard manat olub. Əvvəlki illərlə müqayisədə xarici valyutada depozitlərin payı azalıb — pandemiya öncəsi səviyyədə bu nisbət təxminən 55%, lakin son illərdə təxminən 29% səviyyəsinə düşüb. Bu isə göstərir ki, əhali və şirkətlər artıq dollar və digər xarici valyutalarda vəsait saxlamaqdan daha çox manat depozitlərinə üstünlük verirlər ki, bu da valyuta bazarında əlavə sabitlik yaradır.
Ekspertlərin fikrincə, bu amillər manatın məzənnəsinin sabit qalması üçün kifayət qədər dəstək təmin edir. Eyni zamanda, neft gəlirlərində azalma riski və idxalın artması iqtisadi siyasətdə çevik addımların atılmasını tələb edir.
E.Rüstəmli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















