Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: köhnə və xarab detallar satılır
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Son vaxtlar avtomobil bazarından narazı qayıdan alıcıların sayı artıb. Bəzi alıcılar iddia edirlər ki, “orijinal” və “təzə” adı ilə aldıqları ehtiyat hissələri qısa müddət sonra problem yaratmağa başlayır. Onların sözlərinə görə, parıldadılmış və yenidən qablaşdırılmış ikinci əl detallar yeni məhsul kimi təqdim olunur, hətta üzərinə zəmanət də verilir. Nəticədə isə alıcılar həm maddi zərərə düşür, həm də vaxt və əsəb itkisi yaşayırlar.
Bəs alıcılar avtomobil bazarında bu kimi hallarla üzləşməmək üçün nələrə diqqət etməlidirlər? “Təzə” adı ilə satılan ehtiyat hissələrinin həqiqətən yeni olub-olmadığını necə müəyyən etmək mümkündür? Ümumiyyətlə, alıcıların bu iddialarında haqlılıq payı varmı və avtomobil bazarında vəziyyət doğrudanmı belədir?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, təəssüf ki, son vaxtlar Azərbaycanda saxta və qeyri-orijinal ehtiyat hissələrinin sayı artıb:
“Bu, sürücülərin ciddi maddi və texniki zərərlə üzləşməsinə səbəb olur. Sözügedən zərərlər avtomobilin istismar müddətində açıq şəkildə özünü göstərir. Bununla yanaşı, bir çox hallarda vətəndaşlar ehtiyat hissəsi seçərkən orijinal və keyfiyyətli məhsula üstünlük vermək əvəzinə, daha ucuz variantlara yönəlirlər. Onlar düşünürlər ki, orijinal və qeyri-orijinal ehtiyat hissələri arasında ciddi fərq yoxdur. Halbuki bu fərq yalnız qiymətdə deyil, ilk növbədə təhlükəsizlik və uzunömürlülük baxımından özünü göstərir. Təəssüf ki, bəzi sürücülər təhlükəsizliyi ikinci plana ataraq “fərqi yoxdur” prinsipi ilə daha ucuz və keyfiyyətsiz məhsullara üstünlük verirlər. Bazarda bu cür məhsulların mövcudluğu da insanları yanlış seçim etməyə təşviq edir”.
Elməddin Muradlı
Ekspertin fikrincə, bəzi hallarda sürücülər hesab edirlər ki, ehtiyat hissəsi orijinal olmasa da olar, hətta işlənmiş variantdan da istifadə etmək mümkündür:
“Doğrudur, bəzi detalların işlənmiş variantlarından istifadə edilə bilər, lakin bu, mühüm və təhlükəsizlik baxımından vacib elementlər üçün ciddi risk yaradır. Məsələn, sükan idarəetmə mexanizmində qeyri-orijinal və ya işlənmiş hissələrin istifadəsi böyük təhlükə mənbəyidir. Eyni zamanda mühərrikin əsas detallarında, asqı sistemində, elektrik və yanacaq sisteminə aid vacib elementlərdə keyfiyyətsiz və ya qeyri-orijinal ehtiyat hissələrinin istifadəsi daha böyük fəsadlara səbəb ola bilər. Təəssüf ki, bəzi sürücülər bunu ya anlamaq istəmir, ya da avtomobili qısa müddət istifadə edib satmaq niyyəti ilə bu riskləri bilərəkdən gözardı edirlər. Bu səbəbdən ehtiyat hissəsi alarkən maksimum diqqətli olmaq vacibdir”.
Elməddin Muradlının sözlərinə görə, keyfiyyətli və orijinal ehtiyat hissəsi əldə etmək üçün rəsmi servislərə müraciət etmək tövsiyə olunur:
“Digər mağazalardan alış zamanı isə məhsulun üzərindəki barkod vasitəsilə yoxlama aparmaq, ehtiyat hissəsinin orijinal və keyfiyyətli olub-olmadığını dəqiqləşdirmək mümkündür. Bu məsələlərə diqqət yetirməklə həm təhlükəsizlik, həm də avtomobilin uzunömürlü istismarı təmin edilə bilər”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, indiyədək işlənmiş ehtiyat hissələrinin yeni məhsul adı altında satılması halları ilə rastlaşmayıb:
Eldəniz Cəfərov
“Yeni ehtiyat hissələrinin özünəməxsus qablaşdırması, üzərində xüsusi kodu və uyğunluq sertifikatı olur.Hazırda müxtəlif ölkələrdən Azərbaycana kifayət qədər ehtiyat hissəsi idxal olunur və bu səbəbdən köhnə ehtiyat hissələrinin yeni adı ilə satılmasına ehtiyac qalmır. İşlənmiş ehtiyat hissələri ölkədə əsasən ikinci əl ehtiyat hissələri bazarında satılır və alıcılara da məhz köhnə məhsul kimi təqdim olunur. İsitsna hallar da mümkündür. Belə hallarla qarşılaşan vətəndaşlar istehlak bazarına nəzarət və Antiinhisar Dövlət Agentliyinə müraciət edərək şikayət edə bilərlər”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 24 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















