MDB Oyunlarına hazırlaşan Gəncədə genişmiqyaslı təmir tikinti və abadlıq quruculuq işlərinə başlanılıb REPORTAJ VİDEO
Icma.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 10 mart, Elcan Məmmədov, AZƏRTAC
Bu il Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, əsas oyunlar Gəncədə keçiriləcək. Prezident İlham Əliyevin ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə dediyi kimi, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq: “Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir”.
Gəncə şəhərində 7 min iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılması da diqqət mərkəzindədir. Dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər”.
Məlumdur ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına böyük tikinti-quruculuq işləri həyata keçirilir, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır, sıfırdan infrastruktur yaradılır. Buna baxmayaraq, Azərbaycan dövləti digər bölgələrdə də tikinti-quruculuq işlərinin davam etdirilməsini diqqətdə saxlayır. Elə Gəncədə olduğu kimi. Gəncədə də hər il genişmiqyaslı abadlıq və yenidənqurma işləri görülür. Özü də bu işlər mərhələli şəkildə və davamlı olaraq icra edilir. Həm görülən işlərin davamı olaraq, həm də MDB İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində aparılan genişmiqyaslı təmir-tikinti və abadlıq işləri sürətləndirilib.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın martın 6-da Gəncə şəhərinə səfəri və görülən işlərlə tanış olmaları da bu qədim Nizami yurduna diqqət və qayğının bir göstəricisidir.
Gəncə III MDB Oyunlarına hazırlaşır
Gəncənin idman infrastrukturunun yenilənməsi də diqqət mərkəzində saxlanılır. Xüsusilə qarşıdan gələn III MDB Oyunlarının bu şəhərdə keçiriləcəyini də nəzərə alsaq, bu mövzu aktuallığını qorumaqdadır. Belə idman qurğularından biri ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Gəncə İdman Sarayıdır.
Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb. İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.
Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək. Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək. Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

Gəncənin əsas idman qurğularından olan şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Prezidentin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və icrası üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq tamamlanıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

“Təhsil Respublika İdman Mərkəzi Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi” Publik Hüquqi Şəxs üçün yeni bina tikilib. Burada 4-ü yeni (üzgüçülük, atıcılıq, gimnastika, qılıncoynatma) olmaqla, ümumilikdə, 19 idman növü üzrə tədris aparılacaq.
Bundan başqa, şəhərdə yarışların keçirilməsi üçün 850 tamaşaçı tutumuna malik futbol meydançası, məşqlərin keçilməsi üçün futbol meydançası, basketbol və tennis meydançaları inşa olunur.
Yeri gəlmişkən, Gəncə Olimpiya İdman Kompleksi də III MDB Oyunlarına hazırlaşır və bu istiqamətdə lazımi addımlar atılır.
Gəncənin daxili yolları yenidən qurulur, park və xiyabanlarda təmir-bərpa işləri görülür
Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Gəncə şəhərinin daxili avtomobil yollarında təmir-tikinti işləri görülür. Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də şəhərin bir sıra prospektlərində, küçələrində və məhəllədaxili yollarında asfalt örtüyü yenilənir. Həyata keçirilən işlər çərçivəsində yararsız piyada səkiləri təmir olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

“Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində şəhərin bir sıra meydanlarında, park və xiyabanlarında, təmir-bərpa işləri həyata keçirilir və keçiriləcək. Hazırda Gəncənin Heydər Əliyev adına Mərkəzi Meydanında, həmçinin Gəncəçay Park-Bulvar Kompleksində yerləşən Bayraq meydanında təmir-bərpa işləri görülür. Oxşar işlərin “Xan bağı” istirahət parkında, Fikrət Əmirov adına parkda, həmçinin Nizami Kinoteatrının qarşısında yerləşən istirahət parkına həyata keçirilməsi nəzərdə tutulub”, – deyə şəhər icra hakimiyyətinin nümayəndəsi qeyd edib.
Təhsil müəssisələri və uşaq tərbiyə müəssisələri yenidən qurulur
Yeni tədris ili üçün Heydər Əliyev Fondu paytaxt Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir işlərini başa çatdırmağı nəzərdə tutur. Bu sırada Gəncə şəhər 37 nömrəli tam orta məktəbin binası da var.
1969-cu ildə istifadəyə verilmiş tədris müəssisəsində 700-dən çox şagird təhsil alıb. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında - yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək, ölkəmizdə təhsilin inkişafına öz dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fond 2014-cü ildən etibarən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.
Heydər Əliyev Fondu tərəfindən diqqətdə saxlanılan belə müəssisələrdən biri də Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasıdır. Bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir. Tezliklə uşaq bağçası da özünün yeni görkəminə qovuşacaq, bina təmir ediləcək.
Qeyd edək ki, Gəncədə son beş ildə 5 məktəb binası yenilənib. Yəni, 2 məktəb üçün yeni bina inşa olunub, 3 məktəb binası isə əsaslı təmir edilib. Daha 3 məktəb binası isə hazırda təmir olunur. Həmçinin bağça binalarının təmiri də diqqətdə saxlanılıb.
Gəncə Memorial Kompleksinin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur
Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qaldı. Nəticədə 26 mülki şəxs həlak oldu, 142 dinc sakin yaralandı.
Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün Gəncə Memorial Kompleksi inşa olunur. Kompleksin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək raketin yerdə olan izini simvolizə edəcək.
Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə çoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raket zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları da yer alacaq.
Dini ibadət yerlərində təmir-bərpa işləri görüləcək
Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara ardıcıl olaraq maddi-mənəvi dəstək göstərməklə Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini dünyaya nümayiş etdirir. Bu işlərə xüsusi diqqət ayıran Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, ölkəmizdəki, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar təmir, bərpa olunur.

Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində də Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri görüləcək. Tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə bildirib ki, Şah Abbas və Hüseyniyyə məscidləri tarixi qədim olan və müasir dövrümüzə gəlib çıxan əhəmiyyətli abidələrdir. Hər ikisinin də təmirə ehtiyacı var.
1887-ci ildə inşa olunan Rus Pravoslav kilsəsi Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biridir. Bu tarixi abidədə bir sıra təmir işlərinin aparılmasına ehtiyac yaranıb. Onu da qeyd edək ki, Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində bu kilsə də ciddi zərər görüb.
Səhiyyə müəssisələri yenilənir, müasir avadanlıqlarla təmin olunur
Gəncədə səhiyyə müəssisələrinin yenilənməsi, müasir avadanlıqlarla təminatı da dövlətimizin diqqət mərkəzindədir. Şəhərdə 32 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Onlardan 27-si “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi Şəxsin, 5-i isə Səhiyyə Nazirliyinin tabeliyindədir. Ötən illərdə xəstəxanalarda bir sıra şöbələr yenidən qurulub. O cümlədən Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili yardım, poliklinika, reanimasiya, laboratoriya, cərrahiyyə şöbələri və əməliyyat bloku yenidən qurularaq istifadəyə verilib. Eyni zamanda, Uşaq xəstəxanasının Təcili yardım və Poliklinika şöbələri yenidən qurulub. Modul tipli xəstəxana, Abbas Səhhət adına xəstəxananın terapiya və nevrologiya şöbələri də tam hazır vəziyyətə gətirilib.

Elə Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovla söhbətimiz də bu istiqamətdə oldu. Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olduqlarını vurğulayan İ.İsmayılov bu səfər zamanı Mərkəzə küvəzlər və ultrason cihazının hədiyyə olunduğunu vurğuladı.
Təbii ki, bu sadalananlar qədim Nizami yurdu olan Gəncədə görüləcək işlərin yalnız bir hissəsidir. Bütün bunlarla bərabər, ölkəmizin ən böyük Olimpiya İdman Kompleksinin Gəncədə açılışı, yeni stadionun inşası, şəhərdaxili ictimai nəqliyyatın və yolların yenilənməsi, bir sıra tarixi binaların bərpası və digərləri aparılan tikinti-quruculuq işlərinin miqyasından və III MDB Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən xəbər verir. Bir sözlə, dövlətimiz həm işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, həm də paralel olaraq digər bölgələrimizin inkişafına da xüsusi önəm verir. Elə Gəncədə olduğu kimi...

