Mədəniyyət qəhrəmanlıq yox, intellekt məsələsidir Sosial şəbəkədə yazılanlar
525.az saytına istinadən Icma.az xəbər verir.
Nura Suri, müğənni:
- Mənim kiminləsə yaxşı münasibətim olmasa belə, hətta bir-birimizdən zəhləmiz də getsə, yenə də haqqını tapdalamaram - yaxşıdırsa, yaxşı deyərəm.
Neçə vaxtdır kənardan Roza Zərgərlinin ölkə xaricində gördüyü münasibəti, sevgini və hörməti müşahidə edirəm. O gün Malaxov onun əlini öpüb ona heyranlıqla baxırdı. Bütün bunları görüb bir azərbaycanlı ifaçının uğuruna sevinməmək və yaxud görməzdən gəlmək yalnız paxıllıqdan qaynaqlana bilər.
Şəxsən mən Roza Zərgərlinin uzun müddətdir ölkə xaricində qazandığı uğurlara sevinirəm. Özü ilə də heç vaxt yaxşı münasibətimiz olmayıb, bir-birimizi görəndə heç salamlaşmamışıq da. Ard-arda çıxardığı mahnıları da, geyim tərzi də çox zövqlüdür. İllərdir milyonlarla pul xərcləyib layihələr edən, "mənəm-mənəm" deyən ifaçılar belə, ölkə xaricində bu cür uğur qazana bilməyiblər.
Vüsal Məmmədov, jurnalist:
- Azərbaycanda real olaraq taksitlə mal satan mağaza yoxdur. Böyük mağazalar deyirlər ki, məsələn, malın qiyməti 700 manatdır, amma nağd alışda 500 olur. Kiçik mağazalar əksinə, deyirlər, 500 manatdır, amma aylara böləndə olur 700. Hər iki halda bu, taksit yox, kreditdir. Müştəriyə ancaq bir qiymət deyilməli və nağd alışda da, hissələrə böləndə də eyni qiymət tətbiq olunmalıdır. Bu məsələ elə bir həddə çatıb ki, artıq ikiqiymətliliyin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. İndiki halda mağazalar bankların taksit kartlarına görə onlara tətbiq etdiyi faizi alıcının çiyninə yükləyirlər. Amma adını başqa cür qoymaq şərtilə.
Asif Nərimanlı, jurnalist:
- AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsinin Rusiya tərəfindən vurulmasından bir il keçsə də, Moskva Bakının haqlı tələblərini hələ də icra etməyib. 9 oktyabrda Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü problemi nəzəri baxımdan həll etdi: Putin təzminatın ödəniləcəyini və günahkarın cəzalandırılacağını dedi, yenidən üzrxahlıq etdi.
Bu görüşdən iki ay yarım keçsə də, Rusiya qəbul etdiyi tələbləri praktiki müstəvidə icra etmir. Moskvanın "istintaqın yekunlaşmasını" gözləməsi adekvat deyil, çünki bütün məlumatlar ortadadır və istintaqın nəticəsini dəyişmək mümkün deyil, yaxud belə bir cəhd Azərbaycan tərəfindən qəbul olunmayacaq. Putinin Əliyevin tələbləri ilə razılaşması da Rusiyanın vurulma faktını qəbul etməsi deməkdir. Moskva günahkarların cəzalandırılmasını istintaqın yekununa saxlaya, təzminatı isə indi ödəməklə tələblərin icrasına başlaya bilər. Bunun baş verməməsi fonunda istisna deyil ki, Moskva təyyarə ilə bağlı tələblərin praktiki icrasını regional siyasətdə Bakı ilə "bazarlıq" üçün istifadə etmək istəyir.
Hərçənd, Azərbaycanın mövqeyini dəyişmək, yaxud qeyri-adekvat tədbirlərlə razı salmaq çətidir. Əliyev Sankt-Peterburqa getməməklə bunu əyani şəkildə nümayiş etdirdi.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Azərbaycan dilinin öyrədilməsi məqsədilə rəqəmsal resurs hazırlanıb
Azərbaycan Dillər Universitetində "Azərbaycan dili" rəqəmsal platformasının təqdimatı keçirilib.
Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır. Layihə universitetin alimləri və gənc mütəxəssisləri tərəfindən reallaşdırılıb.
Düşünürəm ki, dövlət dilinin əcnəbilər tərəfindən öyrənilməsinə dəstək baxımından belə bir rəqəmsal həllin yaradılması çox faydalıdır.
Bu rəqəmsal alətdə qeydiyatdan keçib funksionallıqlarına göz gəzdirdim. Platforma Azərbaycan dilinin öyrədilməsini oxuyub-anlama, dinləyib-anlama, yazı və danışıq kimi dörd əsas bacarıq üzərində qurulub. Bu da beynəlxalq dil tədrisi standartlarına uyğun yanaşmadır. Səviyyələndirmənin (6 səviyyə) tətbiqi, hər səviyyəyə uyğun söz ehtiyatı və qrammatik qaydaların nəzərə alınması xüsusilə əcnəbilər üçün dili daha əlçatan edir.
Dövlət dili üçün belə mərkəzləşdirilmiş rəqəmsal alətlərin olması son dərəcə vacibdir. Bu platforma xarici tələbələr, diplomatlar, diaspor nümayəndələri, Azərbaycanda çalışan əcnəbilər və ümumilikdə dilimizi sistemli şəkildə öyrənmək istəyən hər kəs üçün əhəmiyyətli resursa çevrilə bilər.
Əlbəttə, təcrübə göstərir ki, bu tip layihələrdə risklər də olur.
Əsas odur ki, bu faydalı rəqəmsal platforma təqdimatdan sonra unudulmasın, məzmun daim yenilənsin, zəngin multimedia materiallar əlavə olunsun.
Eyni zamanda, rəqabətdavamlılıq üçün, həm də resursu daha cəlbedici və istifadəçi rahatlığı baxımından süni intellekt əsaslı komponentlərinin, adaptiv öyrənmə mexanizmlərinin gücləndirilməsi də faydalı olardı.
Dövlət dilinin qorunması və əcnəbilər tərəfindən öyrənilməsinə dəstək məqsədilə hazırlanmış "Azərbaycan dili" rəqəmsal platformasının istifadəyə verilməsi təqdirəlayiqdir.
Vüqar Bayramov, millət vəkili:
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. "Vergi Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq.
Bəs özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq?
Məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur. Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat - 200 manat X 3 faiz).
Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat (1000 manat-800 manat X 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur.
Qazilərimiz, yəni müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşlarımızın gəlirindən isə 400 manat azaldılır. Yəni gələn ildən etibarən özəl sektorda onların maaşları minimum əmək haqqı məbləğindədirsə vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə 18 manat (1000 manat - 400 manat X 3 faiz) vergi ödəyəcəklər.
Qanunvericiliklə birinci qrup əlilliyi olan vətəndaşlarımız, məcburi köçkünlər və bir sıra digər vətəndaşlarımız üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur. Bütün bunlar ilə yanaşı, son illər ölkəmizdə orta aylıq əmək haqqı məbləğlərində artım faizlərini nəzərə alaraq güzəşt məbləğlərinə baxılıb artırılması məqsədəuyğun olardı.
Aqşin Yenisey, şair:
- Sovet İttifaqı oxlokratiyanın, yəni qara camaatın ittifaqı idi deyə bütün sahələrdə bir ölçü meyarı vardı - qəhrəmanlıq! Peşəkarlıq yüksək maaş tələb edirdi və oxlokratiyanın da pulu yox idi deyə insanların yönünü qəhrəmanlıq səmtinə çevirmişdilər.
İndiki Şimali Koreyada olduğu kimi.
Sovet vaxtı şair də qəhrəmanlıq göstərməliydi, üzümyığan da, dərzi də. Və bu qəhrəmanlıqlar sonda ordenlərlə, medallarla mükafatlandırılırdı ki, bu da qəhrəmanlıq tarixinin ənənəsindən gəlirdi.
Bu sovet ənənəsi o vaxt bəlkə də, faydalıydı, amma bu gün zərərlidir, xüsusilə mədəniyyət sahəsində.
Çünki mədəniyyət qəhrəmanlıq məsələsi deyil, intellekt məsələsidir. İntellektin dəyərləndirmə meyarı isə budur: ona dəstək olacaq, özünü ifadə edəcək qədər resurs qazanmaq üçün imkan tanıyacaqsan. Bitdi.
Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor və s. orden-medal, fəxri ad davası edirsə, özünün gerizəkalı, savadsız, avam adam olduğunu elan etmiş olur.
Bu davanın çağdaş dövrə tərcüməsi budur: Mən məşğul olduğum yaradıcılıq sahəsində peşəkarlıq yox, qəhrəmanlıq göstərmişəm. Peşəkar olmağa intellektim çatmasa da, qəhrəmanlıq göstərməyə gücüm çatıb. Hanı mənim medalım, fəxri adım?
Müstəqillik aktından sonra doğulub medal, fəxri ad davası edən bütün vətəndaşlarımız savadsızdır, ortababdır, qeyri-peşəkardır. Əslində, daha ağır ifadələr yazmalıydım.
Mədəniyyət fərdlərin rəqabət meydanı deyil, əsərlərin rəqabət meydanıdır. Mədəniyyət sovet vaxtı fərdlərin rəqabət meydanıydı, çünki meyar şəxsi qəhrəmanlıq idi.
Bilmirəm, fikrimi ifadə edə bildimmi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















