Məktəbəqədər təhsil iqtisadiyyatının analizi və liberallaşma ehtiyacı
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məktəbəqədər təhsil cəmiyyətin sosial-iqtisadi inkişafında strateji əhəmiyyətə malik olan sahələrdən biridir. Erkən yaş dövründə uşaqların təlim-tərbiyə prosesinə cəlb olunması onların intellektual və sosial inkişafına birbaşa təsir göstərir. Bu baxımdan uşaq bağçalarının fəaliyyəti təkcə təhsil məsələsi deyil, həm də iqtisadi və sosial rifah göstəricisi kimi dəyərləndirilir.
Son illər Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayının artması bazar mexanizmlərinin bu sahədə formalaşmağa başladığını göstərir. Lakin bu müəssisələrin xərcləri, təhsil haqqı siyasəti və dövlətin tənzimləyici rolu məsələləri dərin iqtisadi təhlil tələb edir. Məsələ təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalıyev tərəfindən bir neçə tərəfdən analiz olunur.
Özəl uşaq bağçalarının xərclərinin strukturuÖzəl uşaq bağçasının xərcləri əsasən üç istiqamət üzrə formalaşır: əməliyyat xərcləri, əmək haqqı xərcləri və icarə-vergi xərcləri.
Əməliyyat xərcləri qidalanma, təsərrüfat və təmizlik, rabitə, kommunal, dəftərxana, təmir, nəqliyyat, sağlamlıq, marketinq və digər xərcləri əhatə edir. Hesablamalara görə, 100 nəfərlik uşaq bağçasının bu kateqoriya üzrə cəmi xərcləri təxminən 10 350 manat təşkil edir və bir uşağa düşən əməliyyat xərci 110 manat olur.
İşçi xərcləri bağçanın ən böyük xərc maddəsidir. Menecerlər, müəllimlər, psixoloqlar, dayələr, həkim və digər personalın maaşları ümumilikdə 13 000 manat civarındadır ki, bu da bir uşağa 130 manat xərc deməkdir.
İcarə və vergi xərcləri isə ümumilikdə 16 000 manat təşkil edir. Nəticə etibarilə 100 nəfərlik bir uşaq bağçasının aylıq ümumi xərci 40 000 manat olur və bir uşağa düşən ortalama xərc 400 manat təşkil edir.
Təhsil haqqının formalaşma prinsipləriTəhsil haqqı yalnız xərclərin deyil, eyni zamanda sahibkarın riski və investisiya marağının da nəzərə alınması ilə müəyyən edilir. Orta seqment üzrə uşaq bağçasında təhsil haqqının minimum 500 manat olması rentabellik üçün zəruridir. Sahibkarın mənfəət marjası isə real şəraitdə 15%-dən çox olmur. Bu göstəriciyə təsir edən amillər arasında mövsümi davamiyyətsizlik, erkən qəbul endirimləri və əsas vəsaitlərin amortizasiyası mühüm yer tutur. Uşaq sayı 80 nəfərdən aşağı düşdükdə müəssisə zərər etməyə başlayır. Bu da göstərir ki, bağçaların dayanıqlı fəaliyyəti üçün sabit uşaq sayı və adekvat təhsil haqqı siyasəti həlledici rol oynayır.
Bazarda 200–300 manat aralığında fəaliyyət göstərən uşaq bağçaları da mövcuddur. Lakin bu müəssisələrdə aşağı qiymət adətən keyfiyyətin azalması hesabına əldə edilir. Belə bağçalar çox vaxt icarə haqqı ödəmədən, qeydiyyatsız işçi qüvvəsi ilə, həkim və psixoloq kimi xidmətləri çıxararaq və peşəkar dərnəklər təşkil etmədən fəaliyyət göstərirlər. Bundan əlavə, normativlərə uyğun olmayan, kiçik sahələrdə fəaliyyət göstərən və inkişaf fonduna vəsait ayırmayan müəssisələr də mövcuddur. Belə bağçalar təhsil müəssisəsi deyil, faktiki olaraq “saxlama məntəqəsi” funksiyasını yerinə yetirir. Bu vəziyyət məktəbəqədər təhsilin keyfiyyətinə və uşaqların sosial adaptasiyasına mənfi təsir göstərir.
Dövlət dəstəyi və normativ çərçivələrin təkmilləşdirilməsiMəktəbəqədər təhsil sektorunda sahibkarları təşviq etmək üçün dövlətin dəstək mexanizmlərinin tətbiqi zəruridir. Uşaqların təhsil haqqının bir hissəsinin dövlət tərəfindən qarşılanması həm sahibkar, həm də valideyn üçün stimullaşdırıcı rol oynaya bilər. Bununla yanaşı, uşaq bağçaları ilə bağlı normativ tələblərin sadələşdirilməsi, lisenziya komissiyalarının qərarlarının şəffaflaşdırılması və obyektivliyin artırılması da vacib addımlardır. Bu yanaşma bazarda rəqabət mühitini gücləndirəcək, xidmət keyfiyyətini artıracaq və qeyri-formal fəaliyyətin qarşısını alacaq.
Məktəbəqədər təhsilin inkişafı üçün iqtisadiyyatın bu seqmenti liberallaşdırılmalı, dövlət müdaxiləsi minimum səviyyəyə endirilməlidir. Bununla yanaşı, uşaqların təhsil haqqının ödənişinin bir hissəsinin dövlət tərəfindən ödənilməsinə dair dövlət layihələrinin genişləndirilməsi vacibdir. Bu siyasət həm sahibkarı, həm də valideyni təşviq edəcək və uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsini artıracaq. Əslində, bu model “uşaq pulu” məsələsinin alternativ forması kimi çıxış edə bilər. Çünki məktəbəqədər təhsil müəssisəsi uşağın qidalanmasını, təlimini, nəzarətini və rifahını eyni anda təmin edir.
Nəticə etibarilə, məktəbəqədər təhsilin iqtisadi cəhətdən səmərəli və sosial baxımdan ədalətli inkişafı cəmiyyətin gələcək insan kapitalının formalaşmasında həlledici rol oynayacaqdır.
Baxış sayı:90
Bu xəbər 19 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















