Mərkəzi Elmi Kitabxananın inkişaf tendensiyalarına baxış KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
AMEA-nın 80 illik yubileyində Mərkəzi Elmi Kitabxana: ənənədən innovasiyaya
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 18 mart 2025-ci tarixli Sərəncam imzaladı. Bu yubiley təkcə bir elmi qurumun deyil, elm xadimlərimizin, bütövlükdə Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramı kimi dəyərləndirilir. Azərbaycan elminin 80 ildə keçdiyi tarixi inkişaf yolunun səhifələrində Mərkəzi Elmi Kitabaxanın da öz izi, öz imzası vardır desək yanılmarıq. Bu günkü Azərbaycan Milli Elmlər Akademiyasının malik olduğu intellektual irsin yaşadılması, qorunması, təbliği və dünya elminə inteqrasiyası Mərkəzi Elmi Kitabxananın əsas missiyalarından biridir. Qlobal informasiya mühiti, süni intellekt, rəqəmsallaşma dövründə əvvəlki ənənəvi sərhədlərini aşaraq rəqəmsal kommunikasiya, innovasiya və mötəbər elmi mübadilə mərkəzinə çevrilən Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (AMEA MEK) Akademiyanın yubileyi kontekstində sadəcə zəngin keçmişə malik bir qurum kimi deyil, həm də milli elmi ekosisteminin strateji elementi kimi təqdim olunur.
XX əsrin ortalarında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Biblioqrafik Bürosunda ilkin təməli qoyulan Mərkəzi Elmi Kitabxana bu gün ölkənin ən böyük elmi informasiya mərkəzi, Akademiyanın elmi infrastrukturunun ayrılmaz hissəsidir. Ötən əsrlərin elmi biliklərini özünün kitabxana-biblioqrafiya ənənləri məcrasında mühafizə edib XXI əsrin sənaye inqilabı, innovativ çağırışları ilə əlaqələndirən Mərkəzi Elmi Kitabxana bu gün XXI əsrin elmi transformasiyalarının fundamental, tətbiqi və nəzəri informasiyagüzgüsü kimi çıxış edir.
Mərkəzi Elmi Kitabxana illər boyu yarandığı gündən elm tədqiqatların informativ yolunu işılqandıran “yaşıl işıq”dır . Çünki yaşıl rəng həm də insanlığın intellektual varlığının, elmi düşüncənin rəngidir. Təsadüfi deyil ki, ətraf mühit, iqtisadi və sosial dayanıqlılıq prinsiplərini öz fəaliyyətinə və infrastrukturuna inteqrasiya edən kitabxanaları “yaşıl kitabxana” adlandırırlar. AMEA Mərkəzi Elmi Kitabxanasının hazırkı ekoloji cəhətdən təmiz və gözəl bina dizaynı onun xidmətlərini və təcrübələrini də daha ekoloji cəhətdən təmiz və davamlı hala gətirir desək yanılmarıq. Axı enerji tükənməsi və iqlim dəyişikliyi kimi ətraf mühit məsələlərinin kitabxanaların öz icmalarına təqdim etdiyi informasiya resurslarının və proqramlarının növlərinə təsir göstərdiyi dövrdə yaşayırıq. Ətraf mühitə uyğunluq və davamlı inkişaf prinsiplərinə riayət etmək ideyasını həyata keçirməyin bir yolu isə LEED (Enerji və Ətraf Mühit Dizaynında Liderlik) standartlarına cavab verən ekoloji cəhətdən təmiz “yaşıl” kitabxana binasının tikilməsidir ki, bu Azərbaycan Respublikasının Prezidentinin müvafiq “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncamı” ilə 5 may 2014-cü ildə həyta keçirilmişdir.
İFLA-nın sənədlərində (İFLA Section Environment, Sustainability and libraries) Yaşıl kitabxana nədir?-sualına ətraflı cavab tapmaq olar. Sənəddə deyilir: Yaşıl və davamlı kitabxana, davamlı ətraf mühit, iqtisadi və sosial inkişafa yönəlmiş bir kitabxanadır.
Azərbaycan Elmlər Akademiyasının müxtəlif elmi qurumlarda, mədəniyyət mərkəzlərində yubiley təntənələrinin keçirildiyi bu günlərdə Mərkəzi Elmi Kitabxana intellektual mərkəzi kimi xidmətlər təqdim edir, əsas elmi və mədəni təşəbbüslərin (nadir nəşrlərin sərgiləri, arxivlərin retrospektiv baxışları və yeni akademik nəşrlərin təqdimatları, interaktiv mühazirələr və s.) məkanı kimi fəaliyyət göstərir. Kitabxana AMEA-nın tarixinə və onun görkəmli şəxsiyyətlərinə həsr olunmuş tematik kataloqlar və arayış kitabları hazırlayır, yubiley elmi konfransları üçün informasiya bazaları təşkil edir.
Mərkəzi Elmi Kitabxana rəqəmsal transformasiya dönəmində
Müasir elm açıq məlumatlar, fənlərarası tədqiqatlar və rəqəmsal kommunikasiya məkanıdır. Akademiyanın Mərkəzi Elmi Kitabxanası ənənəvi biliklər və rəqəmsal texnologiyalar arasında bir informasiya körpü kimi çıxış edir. Kitabxananın özü davamlılıq metaforasına çevrilir: arxivi və gələcəyi, ənənəni və innovasiyanı, kitabları və rəqəmsallığı birləşdirir. Elmi kitabxananın əsas funksiyası elmi tədqiqatlara informasiya və kitabxana dəstəyi verməkdir, lakin onun təhsil fəaliyyətlərində, elmin populyarlaşdırılmasında və elmi biliklərin geniş ictimaiyyətə yayılmasında rolu eyni dərəcədə vacibdir. Bu vəzifəni asanlaşdıran ən uğurlu formatlar arasında kitabxananın veb saytı – https://mek.org.az/ -informasiya və elmi resurslara daxil olmaq və həm müəssisənin tədqiqatlarının, həm də kitabxananın öz inkişaf nəticələrini vizuallaşdırmaq üçün əlverişli platformadır.
Kitabxananın bugünkü xidmətləri oxucuları bibliometrik təhlilin praktik potensialı ilə tanış etməyə imkan verir (ən aktual elmi mövzulara malik jurnalların axtarışı, gələcək sitat təhlili tədqiqatları üçün potensial tərəfdaşların müəyyən edilməsi, ən çox maliyyələşdirilən tədqiqat sahələrinin müəyyən edilməsi və s ).
MEK-nın rəhbərliyinin müəyyən etdiyi ixtisaslaşma, ixtisasartırma prosesləri mütəxəssisləri bu resurslarla işləmək üçün, metodologiya və axtarış alqoritmlərindən tutmuş analitik və statistik məlumatların emalına (əldə edilən nəticələrin vizuallaşdırılması da daxil olmaqla) qədər bütün lazımi bacarıq və səriştələrə malik olmaq üçün layihələr həyata keçirir.
Ümumiyyətlə, modernləşmə istiqamətində Mərkəzi Elmi Kitabxananın fəaliyyətində prioritet istiqamətlər aşağıdakılardır:
− IRBIS 64+ platformasında elektron kataloqun yaradıması, elektron məlumat bazalarının, elektron kitabxana resuralarının istehsalı;
− Süni intellekt və avtomatlaşdırma. İstifadəçilərə fərdi tövsiyələr verəcək süni intellektli kataloqlar və axtarış sistemlərinin tərtibi; Avtomatik kitab paylama sistemləri, robotlaşdırılmış arxivlər və səsli köməkçilərin kitabxananın gündəlik xidmətlər sisteminə tədricən tətbiq edilməsi;
− “Ağıllı” məlumat idarəetmə sistemi tətbiq etməklə tədricən məlumat analitikası və istifadəçi təliminin reallaşdırılması;
− Xüsusi arxivlər və fondların bulud sistemlərində saxlanılmaqla (“Açıq məlumat” (open data) və “açıq elm” (open science) platformaları) rəqəmsal mühitdə ünsiyyətə açıq olması;
− Elmi, ədəbi-mədəni irsin qorunması – qədim yazı nümunələrinin və folklorun rəqəmsallaşdırılması;
− Beynəlxalq əməkdaşlıq çərçivəsində dünya kitabxanaları və elmi qurumları ilə birgə rəqəmsal arxivlər, təlim proqramları və açıq elm platformaların yaradılmasında iştirak;
− Azərbaycan dilində elektron resursların inkişafı prioritet kimi; .
− Sosial institut və təhsil-təlim mərkəzi kimi fəaliyyətin himayə edilməsi;
− “AI librarian” (süni intellekt kitabxanaçısı) kimi yeni vəzifələrə doğru inkişaf tendensiyaları.
Bu gün kitabxana öz rəqəmsal depolarını inkişaf etdirərək, alimlərə qlobal verilənlər bazalarına çıxış imkanı verir, milli nəşrlərin elektron kolleksiyaları yaradılır. Gələcəkdə kitabxana elmi analitika və elmometriyanı daha geniş məcrada inkişaf etdirməyi planlaşdırır ki, bu da Akademiyanın tədqiqat nəticələrini daha effektiv şəkildə qiymətləndirməsinə və ölkədə elmi inkişaf strategiyasına töhfəsini verəcək.
Mərkəzi Elmi Kitabxanada elmi biliklərin populyarlaşaması konsepsiyası və yenilənmə strategiyası
Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyə baxışdır. Nəsillər boyu akademik kitabxanalar əvvəlcə çap, sonra isə rəqəmsal formatda informasiyaya çıxış qapıları rolunu oynamışdır. Amma kitabxanaların həm elmi yükününün, həm də qoruduğu, paylaşdığı informasiya resurslarının təməlində onu tarixən təhsil, mədəniyyət və intellektual icmanın həyatı mərkəzinə çevirən funksionallığını bərpa edən insan faktoru var. Yubiley pəncərəsindən baxılarsa Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsində tarixən bir çox görkəmli şəxsiyyətin və alimin fəaliyyət səhifələrini vərəqləmiş olarıq.
Hazırda elmi biliklərin qorunması, kitabxana-biblioqrafiya xidmətinin modernləşməsi, rəqəmsallaşma proseslərinin vüsət aldığı kitabxanada innovativ layihələr də həyata keçirilməkdədir.
Süni intellekt, rəqəmsal texnologiyalarınən müxtəlif tətbiq sahələrinin genişləndiyi bir dövrdə yeni nəsil kitabxanaçı kadrların peşəkarlıq təcrübəsi səviyyəsinin artırılması istiqamətində kompleks proqramlar reallaşdırılır.
2024-cü ili də Mərkəzi Elmi Kitabxananın yeni innovativ konsepsiya və strateji xətt üzrə inkişafı tarixində dönüş nöqtəsi hesab etmək olar. Kitabxanada oxucuların informasiyaya əlçatanlığını tam təmin etmək məqsədi ilə kreativ xidmət növləri təqdim edilir, elmi düşüncəni müasir idarəetmə yanaşmaları ilə birləşdirərək alimlərin nüfuzlu elmi bazalara çıxışına yardım göstərilir. MEK-da bir tərəfdən kitabxana-biblioqrafiya sahəsində nəzəri, praktik və tətbiqi tədqiqatlar aparılır, digər tərəfdən isə elektron resurslarla rəqəmsal mühitə inteqrasiya proseslərinin prioritet istiqamətləri nəzəri-təcrübi bililkıərlə tənzimlənir. Bu hər iki yönlü fəaliyyət elmi informasiya və kitabxana-biblioqrafiya təmayüllüdür.
Məlumat üçün qeyd edək ki, MEK-nın rəhbərliyinin, bilavasitə, direktor, texnika elmləri doktoru H.Hüseynovun rəhbərliyi ilə MEK-nın kitabxan-biblioqrafiya fəaliyyətinin və elmi fondlarının rəqəmsal transformasiyası sahəsində ciddi proseslər davam etdirilməkdədir.
Hüseyn Hüseynov 20 dekabr 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını texnika elmləri doktoru dərəcəsi və dosent adı ilə bitirib. Direktor təyin olunmazdan əvvəl AMEA Rəyasət Heyəti Aparatında rəhbər vəzifələrdə çalışıb. Alimin Google Scholar profilində 175 sitat, h-indeksi 8, i10-indeksi 3, 62 nəşr və illik 8 nəşr göstəricisi vardır. Həmçinin, Scopus bazasında 17 nəşr, 88 sitat və h-indeksi 5-dir. 100-ə yaxın elmi məqalənin (xaricdə çıxmış elmi əsərlərin sayı 43, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan əsərlərin sayı 19) və 2 patentin müəllifidir. Fiziki və texniki proseslər, idarəetmə sistemləri, informasiya texnologiyaları və rəqəmsal transformasiya sahəsində ciddi tədqiqat maraqlarına və mükəmməl biliyə sahib olması MEK-nın konseptual əsaslarda inkişaf tendensiyalarını və prioritet istiqamətlərini əsaslı surətdə müəyyən etməkdə əhəmiyyətli rol oynadı. Geniş miqyaslı modernləşdirilmə konsepsiyası və inkişaf strategiyasını birləşdirən kompleks tədbirlər paketi bu transformasiyanın göstəricisidir. Hazırda əldə edilmiş ilkin nailliyyətlər gələcək uğurların təməlinə çevrilməkdədir:
− Rəqəmsallaşma və elmi resursların bazaya çevrilməsi sahəsində təşəbbüs (Məsələn, H.Hüseynovun “AMEA Mərkəzi Elmi Kitabxanası”nda fondların rəqəmsallaşdırılması və elmi informasiya xidmətlərinin genişləndirilməsi” konsepsyası);
− Kitabxana intellektual sinerji mərkəzinə – tədqiqatçıların yalnız məlumat əldə etmək imkanına malik olmadığı, həm də elmi ünsiyyət, təhlil və əməkdaşlıq imkanı əldə etdiyi bir yerə – çevrildi;
− elektron uçot sistemi və onlayn kataloq tətbiq edildi;
− nadir kolleksiyaların rəqəmsal arxivləşdirilməsi proqramı istifadəyə verildi;
− “Danışan kitablar və inklüziv xidmət” layihəsinin tətbiqinə start verildi;
− kitabxananın beynəlxalq əlaqələri gücləndirildi, ilk müqavilələr, memorandumlar imzalandı;
− ictimai tədbirlər üçün yeni formatlar hazırlandı – Açıq qapı günləri;
− tematik sərgilər və maarifləndirici mühazirələr təşkil edildi;
− AMEA-da ilk dəfə olaraq MEK Könüllüləri adı ilə könüllülük fəaliyəti başladı.
MEK-nın həyata keçirdiyi innovativ layihələr və təşəbbüslər ilə keçirilən tədbirlər ölkənin elmi və mədəni həyatının, informasiya cəmiyyətinin davamlı elementlərinə çevrilməkdədir.
Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası sadəcə bir təşkilat deyil, Akademiyanın intellektual ürəyidir. Onun tarixi ölkənin elmi nailiyyətlərinin salnaməsidir; bu günü rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıq səyahətidir; gələcəyi elm və cəmiyyət arasında qarşılıqlı əlaqənin innovativ modellərindədir. Bu gün 100 yaşını qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxana Kitabxanası akademik davamlılıq ruhunu qoruyaraq və elmi biliklərin yeni üfüqlərini açaraq yeni əsrə inamla qədəm qoyur. Gələcəyə doğru bu inamı, Azərbaycançılıq və milli təəssübkeşlik əqidəsi ilə yaşadan və təbliğ edən Mərkəzi Elmi Kitabxananın bütün kollektivi bu yolda səfərbərdir. Davamlı olaraq vüsət alan yenilənmə, modernləşmə, rəqəmsal transformasiya prosesləri milli mədəniyyətimizin, elmimizin, tariximizin, ədəbiyatımızın mühafizəsi, yaşadılması, gələcək nəsillərə ötürülməsi Mərkəzi Elmi Kitabxananın müqəddəs missiyasıdır. Və bu missiyanı Kitabxana yüz ildir davam etdirir və etdirəcəkdir.
Könül HÜSEYNOVA, MEK Sənədlərlə iş şöbəsinin baş mütəxəssisi, doktorant
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 06 Noyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















