Məscid kimi tikilib Azərbaycanın mübarizə simvoluna çevrilən qala ARAŞDIRMA
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Ərk Qalası, Təbrizin keşməkeşli tarixinin canlı şahidi” yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Qədim yunan filosofu Aristotel insanları danışan heyvan adlandırmışdı. Bu gün yalnız insanların yox, heyvanların da danışdıqlarını bilirik. Bəs daş, gil və kərpic haqqında nə demək olar? Bunlar gerçəkdən səssiz, dilsiz, lal və kar obyektlərdirmi? Bəs tarixi abidələr haqqında necə? Məncə bunlardan bəziləri insanlardan belə daha çox və daha açıq şəkildə danışırlar. Bu tarixi abidələr yerləşdikləri yerlərin qədim tarixinin canlı şahidi və eyni zamanda, rəvayətçisi sayılırlar. Hələ ki bunların bəziləri bir şəhərin simvolu kimi tanınırlar. Bu tarixi abidələrdən biri də Təbrizin Ərk qalasıdır. Qalanın hündürlüyü 33 metrə çatır və ölkənin ən hündür tarixi divarlarından biridir. Bu gün şəhərin keşməkeşli tarixini xatırlatmaqla birlikdə Təbrizin qədim memarlığının gücünün və əzəmətinin simvoludur.
Bu qala əzəməti ilə Təbrizin əzəmətini, sabitliyi ilə bu şəhərin sabitliyini, qürur və baş ucalığı ilə Təbrizin qürur və baş ucalığını əks etdirir. Amma Təbrizdə həmişə sevincli günlər olmayıb. Bunu bu binanın kərpiclərindən də anlamaq olar. Təbrizin bu simvolunun dim-dik duran qamətinə vurulan dərin yaralar tarix boyu Təbrizə vurulan yaraların ən yaxşı rəvayətçisidir. Bu gün bu yazımızda bu tarixi abidənin başına gələnləri və daha doğrusu Təbrizin başına gələnləri gözdən keçirəcəyik.
Təbrizin Ərk qalası nə vaxt və necə tikilib?
Ərk qalası Elxanlılar dövrünə (1256–1335) aid əsərdir. Əslində, Moğol Elxanlığı dövründə Azərbaycan özünün ən çiçəklənmə və tərəqqi dövrlərindən birini yaşadı. Azərbaycanımızın dörd bucağında Moğol Elxanlarının bizə yadigar buraxdığı abidələrlə qarşılaşırıq. Ötən yazılarımızın birində Elxanlılar dövrünün ən möhtəşəm tarixi abidələrindən biri olan Güney Azərbaycandakı Sultaniyyə günbəzi ilə tanış olmuşduq. Bu gün sadəcə tarix kitablarında adı keçən, bir də Təbrizin bir məhəlləsi üstündə adı qalan Şam Qazan deyilən hökmranlıq binası da bunlardan biri imiş. Bir də elə Təbrizdə Rəb-i Rəşidi deyilən dünyanın ən qədim universitetlərinin biri də eyni zamanda tikilib. Üzərində Moğol Elxanlarının bilgin və alim vəziri Xoca Rəşidəddin Fəzlullah Həmədaninin adını daşıyan bu qədim elmi mərkəzdən də günümüzə yalnızca xarabalıqlar qalıb.
Ərk qalası Azərbaycanın əzəmətli və inkişaf etmiş dövründən yadigar abidədir. Təbriz qalasının tikintisinə o zamanlar Moğol Elxanlığının vəziri (baş naziri) olmuş Tacəddin Əli Şah Gilaninin göstərişi ilə hicri 716-724-cü illər arasında başlanıb. Tarixi mətnlər göstərir ki, bu qədim binanın yaradıcılarının əsas məqsədi o zamanadək heç vaxt tikilməmiş böyük bir məscid inşa etmək olub. Əslində, müxtəlif tarixi dövrlərdə dünyanın ən hündür günbəzinin tikintisi ilə bağlı müxtəlif memarlar və hətta dövlətlər arasında ciddi rəqabət olub. Bununla belə, dünyanın ən hündür günbəzini tikmək bacarıqla yanaşı, dəqiq memarlıq texniki bilikləri tələb edirdi.
Moğol Elxanlarının vəzirləri olan Tacəddin Əli Şah Gilani və Xoca Rəşidəddin Fəzlullah Həmədaninin aralarındakı rəqabət üzündən Tacəddin Əli şah Sultaniyyə günbəzindən daha hündür günbəzi olan məscid tikmək niyyətində idi. Lakin tələskənlik, kifayət qədər qayğının göstərilməməsi və texniki tələblərə əməl edilməməsi səbəbindən günbəz başa çatdıqdan az sonra uçub töküldü. Amma bu möhtəşəm tarixi binanın əzəməti qədim tarixçilər və coğrafiyaçıların gözündən qaçmayıb, müxtəlif tarixi mənbələr bu bina haqqında qiymətli məlumatlar verir. Məsələn, tanınmış tarixçi və coğrafiyaçı, Qəzvinli Həmdullah Müstovfi (1281- 1339) yazır: “Xoca Tacəddin Əli şah Təbriz şəhərində Kəsra eyvanından daha böyük bir məscid tikdirdi, lakin onun binasına tələsik daxil olanda o, dağıldı”.
İbn Battuta (1304-1369) bu əsər haqqında yazır: “Həyəti mərmər daşlarla döşənib, divarları kirəmitlə üzlənib. Onun içindən bir çay axır və orada hər cür ağac, yasəmən və meyvə yetişdirilir”.
Fransız səyyahı Ser Jan Şarden yazır: “Təbrizə girdiyimizdə diqqəti cəlb edən ən hündür əsər bu quruluşdur”.
Ərk Qalası nə üçün istifadə olunurdu?
Tarixi mənbələrə görə, bu tikili əvvəlcə məscid və ənənəvi məktəb kimi istifadə olunub. Lakin Hicri 724-cü ildə Tacəddin Əli şahın vəfatı ilə bu kompleksin tikintisi dayandırılıb, fasad hissəsi, böyük cənub tağının bəzəkləri və dağılmış tağının tamamlanması heç vaxt tamamlanmayıb. Bu da bizim tariximizin acı yanlarından biridir. Tarix boyunca bir sonrakı şahlar, yaxud vəzirlər nəinki bir öncəki şahların, yaxud vəzirlərin yarım qalmış işlərini tamamlamamışlar, çox zaman onları hətta yıxıb dağıtmışlar. Elə Tacəddin Əli Şah Gilani də özündən əvvəlki vəzir Xoca Rəşidəddin Fəzlullah Həmədaniyə qarşı eyni şəkildə davranmışdı və onun tikdirdiyi möhtəşəm binalar Tacəddin Əli Şah Gilani dövründə qorunub saxlanılmadı.
Bu tarixi abidə Səfəvilər dövründə hərbi və müdafiə məqsədləri üçün istifadə olunub. Məhz o tarixdən bu yana Ərk qalası Azərbaycanın bir qalası, əsgəri və qoruyucusu xidmətini göstərib. Bəlkə bu gün Güney azərbaycanlıların arasında qazandığı simvolik dəyərdə Ərk qalasının bu xidmətinin də təsiri olub.
Azərbaycanın ikiyə bölünməsi ilə nəticələnən uzun müddətli Qacar-Rusiya müharibələri zamanı qala yenidən hərbi və müdafiə məqsədləri üçün istifadə edilib. Fəth Əli şahın (1769 – 1834) oğlu və vəliəhdi Abbas Mirzə Təbrizi rus ordusu ilə döyüşə hazırlayarkən bu Elxanlı tikilisinin çevrəsinə qalın və dayanaqlı divarlar hörmüşdü. Abbas Mirzə bu kompleksin içində silah və sursat istehsalı üçün tökmə sexləri də tikdirmişdi. Əslində, bu binanın artıq məscid olaraq yox, Ərk, yaxud Qala olaraq adlanması da buradan başlayır. Şəhəri müdafiə etmək üçün döyüşə hazır topları olan qala! O tarixdən bu yana bu qala hər zaman Təbrizin və Azərbaycanın keşiyində duran bir əsgər simvolu daşıyıb.
Ərk qalası. Pəhləvi və İran İslam Respublikası dövründə dağıdılmadan əvvəlki şəkli
Səttar xanın başçılıq etdiyi məşrutəçilər ilə mərkəzi hökumət qüvvələri arasında gedən müharibələr (1908–1909) zamanı bu tikili müdafiə və döyüş qalası kimi istifadə olunurdu. Abbas Mirzənin dövründə olduğu kimi, məşrutəçilər də şəhəri müdafiə etmək üçün bu hündür və nəhəng tikilinin zirvəsinə ağır artilleriya yerləşdirmişdilər. 1911-ci ildə ruslar məşrutəçiləri və Səttar xanı susdurmaq və aradan götürmək məqsədilə Təbrizi işğal elədilər. O dövrdə də bu tikili müdafiə qalası kimi istifadə olunmuşdu. Rusların əli Səttar xana çatmadı, amma acıqlarını həm bir sıra tanınmış məşrutəçiləri bu qaladan asaraq, həm də bu qalanın bir hissəsini partladıb dağıtmaqla çıxdılar. Beləliklə, ruslar hər zaman Azərbaycan keşiyində duran bu qocaman və başı bəlalı Azərbaycan əsgərinin vücuduna ağır yaralar vurdular.
Ruslardan sonra bu möhtəşəm tarixi kompleksin canına düşən tərəf İranın mərkəzi hökumətləri oldu. 1925-ci ildə türk Qacar sülaləsindən monarxiyanın farsçı Pəhləvi rejiminə keçməsi ilə Azərbaycan türk olduğu üçün ağır təzyiqlərə məruz qaldı. Sanki yeni rejim Qacar türklərinin acığını Azərbaycandan çıxmaq istəyirdi. “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində yazmış olduğumuz əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Rza şah İranda hakimiyyətə gəldikdən sonra mərkəzi hökumət Güney Azərbaycanı hər cəhətdən, o cümlədən iqtisadi, sosial, siyasi, mədəni və tarixi cəhətlərdən sıxışdırdı. Güney Azərbaycan türklərinin tarixini, dilini, mədəniyyətini, kimliyini alçaltmaq, onları assimilyasiya etmək cəhdi əhatəli və məqsədyönlü siyasətdir. Güney Azərbaycanın tarixi abidələri də bu siyasətin acı nəticələrindən kənarda qalmadı.
Rza şah Pəhləvi dövründə Güney Azərbaycanda bir çox tarixi abidələr dağıdıldı. Pəhləvilər dövründə dağıdılmış tarixi abidələrin sayı o qədər çoxdur ki, onların adlarını çəkmək və qısaca tanıtmaq bu məqalənin əhatə dairəsindən kənarda qalır. Məsələn, Rza şah Təbrizin Bağşumal möhtəşəm tarixi kompleksində yerləşən bütün abidələri və tikililəri söküb dağıdıb və bu gün həmin böyük kompleksdən demək olar ki, əsər-əlamət qalmayıb. Ərk qalası tarixi kompleksinin bəzi hissələri Pəhləvi vandalizmindən sağ çıxa bilsə də, bu kompleksdəki bir çox tikililər, xüsusən də Qacar və Abbas Mirzə dövrlərində tikilmiş tikililər həmin dövrdə sökülüb dağıdıldı. Lakin Pəhləvi vandalizmindən canını qurtaran hissələrin çoxu da İslam Respublikası İnqilabından sonra cümə namazı məscidi tikmək bəhanəsi ilə partladılaraq dağıdıldı!
Bu möhtəşəm tarixi kompleksdən bu gün qalan tək bir hissə kompleksin güney strukturunun yalnız bir hissəsidir. Ancaq onun bərbad vəziyyətinə baxmayaraq, hələ də özünün və Təbrizin əzəmətli dövrünün ehtişamını və əzəmətini təmsil edir.
Bu tikilinin Təbriz və Azərbaycanın müdafiəsi üçün qala kimi istifadə olunduğu son gün 1946-cı il dekabrın 17-si idi. O gün qalanın zirvəsində mövqe tutan Azərbaycan Demokrat Firqəsindən 8 fədaisi mərkəzi hökumətin işğalçı qüvvələri ilə son güllələri tükənənə qədər vuruşdu. Son güllələri tükəndikdən sonra isə Pəhləvi ordusuna təslim olmasınlar deyə özlərini qalanın zirvəsindən yerə atıb dünya ilə vidalaşdırlar.
“Məscid tikirik” deyə Ərk qalası kimi əzəmətli bir tarixi abidənin başına gətirdikləri bəlaların bir nümunəsi
Bu gün bu tarixi abidə Güney Azərbaycan türklərinin nəzərində sadəcə kərpicdən ibarət bir tikili deyil. Onlar üçün bu möhtəşəm tarixi quruluşun hər bir kərpici bu şəhərin və Azərbaycanın tarixindən bəhs edən qalın bir tarixi kitabın səhifələri kimidir. Bu kitabın bəzi səhifələrində Azərbaycanın xoş günlərini, bəzilərində isə acı günlərini oxuyuruq. Lakin Azərbaycan tarixinin anlatdığı günlərin acı və şirinliyindən asılı olmayaraq, bu yazıda dəfələrlə qeyd olunduğu kimi, indi bu qala Abbas Mirzələrin, Səttar Xanların, Azərbaycan Demokrat Firqəsinin fədailərinin Güney Azərbaycanda işğalçı düşmənlərə qarşı ayaqda duran, baş əyməyən müqavimət və şücaət göstərmə simvoludur.


