Milli Məclisdə vergilərlə bağlı yeniliyə etiraz: Maaş artmadan vergi artırılır
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Deputatlar vergilərlə bağlı güzəştlər istədi: “Bu düzəlişlər vətəndaşın gündəlik dolanışığını təhlükəyə ata bilər”
Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib. İclasda Vergi Məcəlləsinə və əlavə 16 qanuna dəyişikliklər müzakirə edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov dəyişikliklərin mahiyyətini açıqlayarkən deyib ki, Vergi Məcəlləsinə və əlavə 16 qanunvericilik aktına dəyişikliklər edilməsini nəzərdə tutan bu layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunub:
“Bu dəyişikliklər biznes və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə qeyri-stabillik yaradır”
“Aidiyyəti qurumlar tərəfindən əhatəli təqdimatlar edilib. Komitə üzvləri layihəni dəstəkləməklə yanaşı, gələcəkdə vergi siyasətinin təkmilləşdirilməsinə dair dəyərli fikirlər və təkliflər səsləndirib. Bu gün müzakirəyə çıxarılan layihə birinci oxunuşun tələblərinə uyğun olaraq təqdim edilir. Vergi Məcəlləsinə dəyişikliklər 2026-cı ilin büdcə zərfinin əsas tərkib hissəsi olaraq büdcənin parametrləri ilə bilavasitə bağlıdır”.
“Bu dəyişikliklər biznes və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə qeyri-stabillik yaradır, nə də biznesin planlaşdırılmasını çətinləşdirir. Əksinə, yeni sahələr üzrə təşviqlərin verilməsi, vergi yığımı bazasının genişləndirilməsini nəzərdə tutur. Layihədə nəzərdə tutulan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirilmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi üzrə istiqamətləri nəzərdə tutur", - deyə komitə sədri vurğulayıb.
Maaşdan nə qədər vergi tutulacaq?
A.Əmiraslanov bildirib ki, Vergi Məcəlləsinə dəyişiklər ilk növbədə qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır: "Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması olub. İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əmək haqqı fondunda 2 dəfədən çox artımlar əldə edilib. 2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu region ölkələri arasında ən aşağı göstərici olacaqdır. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək".
Naxçıvan vergidən azad edilir
“Layihədə işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə tətbiq ediləcək. Bu dəyişikliyin məqsədi Muxtar Respublikada iqtisadi fəallığın artırılması, investisiyaların cəlbi, məşğulluq səviyyəsinin və rifahın yüksəldilməsidir. Dəyişikliyə əsasən həm də Muxtar Respublikada sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması təklif edilir", - deyə deputat vurğulayıb.
Onlar vergidən azad ediləcək
Komitə sədri qeyd edib ki, yerli avtomobil sənayesinin dəstəklənməsi üçün də müvafiq güzəştli vergi rejimi tətbiq ediləcək: "Təklif olunan dəyişiklikdə balıqçılıq (balıq kürüsünün istehsalı istisna olmaqla) kənd təsərrüfatı məhsullarının istehsalına aid edilməklə aqrar sahəyə verilən güzəştlər balıqçılığa da şamil ediləcək. Media sahəsinə dəstəyin davam etdirilməsi məqsədi ilə növbəti 3 il ərzində də media subyektlərinə verilmiş vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur. Layihədə rezident fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəliri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təkliflər sırasındadır. Bu bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən də xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana köçürülməsi üçün əlavə stimullar yaradacaq".
Kirayə haqları üzrə vergi dərəcəsi 14 faizdən 10 faizə endirilir
“Kirayə bazarı üzrə “ağarmaya” və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahələrinin kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi təklif olunur. Nağdsız əməliyyatların stimullaşdırılması və kölgəyə qaçışı azaltmaq məqsədilə ictimai iaşə fəaliyyəti sahəsinə ƏDV və sadələşdirilmiş vergi üzrə güzəştlərin verilməsi nəzərdə tutulur, yəni ƏDV qeydiyyat öhdəliyi yaradan 200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması təklif edilir. Bununla da, ƏDV qeydiyyat həddinin maksimum 400 min manata çatdırılması nağdsız dövriyyəni stimullaşdırır və kiçik biznes üçün vergi yükünü azaldır. ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyədən çıxılması, habelə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nağdsız dövriyyə üzrə vergi dərəcəsinin 8%-dən 6%-ə endirilməsi təklif olunur. Kölgə iqtisadiyyatının miqyasının böyük olduğu fəaliyyət sahələrində dövriyyələrin şəffaflaşdırılması, nağdsız əməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşların birbaşa iştirakını təmin etmək məqsədilə “ƏDV gerial” mexanizminin tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Hazırda yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır. Artıq eyni güzəştin orqanomineral gübrələr üçün də tətbiqi təklif edilir. 2025-ci ildən etibarən dövlət-özəl tərəfdaşlıq layihələri çərçivəsində fəaliyyət göstərən özəl tərəfdaşlara və layihə şirkətlərinə, gəlir, mənfəət, torpaq və əmlak vergiləri, həmçinin idxalda ƏDV və gömrük güzəştləri verilmişdir. İndi isə layihənin üçüncü tərəfi hesab olunan dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçılara idxalda ƏDV və gömrük güzəştlərinin şamil edilməsi təklif olunur”, - komitə sədri vurğulayıb.
““Gömrük tarifi haqqında” Qanuna dəyişikliklə bağlı layihədə ƏDV-dən azadolmalarda olduğu kimi Naxçıvan Muxtar Respublikasında sənaye və texnologiyalar parklarının rezidentləri və investisiya təşviqi sənədi almış şəxslər tərəfindən idxal olunan mallar üzrə, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın, dövlət-özəl tərəfdaşlığı layihələri üzrə texnika və avadanlıq, ölkədə istehsal olunan yük avtomobillərinin ehtiyat hissələrinin idxalı üzrə gömrük rüsumlarından azadolma təklif olunur. “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik layihəsində həmin Qanunun 3.5-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alınan malların siyahısına “tullantı yağlarının” əlavə edilməsi təklif edilir. Təqdim olunan paket iqtisadi fəallığın artırılmasını, kölgə iqtisadiyyatının daralmasını, vergi-büdcə sistemində sadəliyi və şəffaflığı, daxili istehsalın və ixracın stimullaşdırılmasını təmin edəcək", - A.Əmiraslanov əlavə edib.
Deputatdan təklif: “Min manatdan az maaş alanlar vergidən azad olunsun”
Müzakirə zamanı deputat Rəşad Mahmudov deyib ki, xəstəxanalarda fərqli vergi rejimlərinə tabe tutulur: “Bu yanaşma hamımıza məlumdur ki, uzun illərdir davam edir və nəticədə bir sahədə eyni işi görən mütəxəssislər arasında bərabər olmayan iqtisadi şərait formalaşır. Eyni tibbi xidməti göstərən qurumlara fərqli vergi münasibəti bir tərəfdən bazarda ədalətsiz rəqabət yaradır, digər tərəfdən isə investisiya mühitinə mənfi təsir göstərir”.
Deputat Qüdrət Həsənquliyev isə çıxışında ləğv olunan vergi güzəştlərini bərpa etməyi təklif edib: “2500 manata qədər maaş alan şəxslər üçün artıq 3 faiz vergi dərəcəsi müəyyənləşdirilib. Hesab edirəm ki, 1000 manata qədər maaş alanlar ümumiyyətlə bütün növ vergilərdən azad olunsunlar. Yəni burada qeyd olunsun ki, 1000 manatdan 2500 manatadək maaş alanlar üçün 3 faiz vergi dərəcəsi müəyyən edilsin. 2500 manatdan yuxarı isə indiki qayda davam etsin. Mən bunu normal sayıram".
“Minimum əməkhaqqı vergidən azad edilsin”
“Bu il özəl sektorda əməkhaqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əməkhaqqından üç faiz vergi hesablanacaq. Həm dövlət, həm də özəl sektorda 200 manatadək olan gəlir vergi hesablanan zaman azaldılır. Əgər özəl sektorda çalışan vətəndaşımızın əməkhaqqı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır”. Bu sözləri isə deputat Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, bu müəyyən xərc yaratsa da ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlardan tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür. Mərhələli yumşaq keçid biznes bu mexanizmə hazır olmasına imkan tanıyacaq: "Əksər dövlətlərdə minimum əməkhaqqıNIN gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik. Həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu, o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər".
“Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervelları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min manatadək qaytarılması məqsədəuyğun olardı. Bu da dövlət sektorunda da əmək haqqı artımına gətirib çıxarar”, - millət vəkili vurğulayıb.
“Bu islahat kiçik sahibkarın çiyninə əlavə yükdür”
Deputat Razi Nurullayev isə dəyişikliklərə etiraz edib. Bildirib ki, təqdim olunan 2026-cı ilin büdcə–vergi paketi "islahat" kimi təqdim edilsə də, dərin təhlil göstərir ki, bu islahat kiçik sahibkarın çiyninə əlavə yükdür: “Xüsusilə fərdi sahibkarlar üçün təklif edilən yeni sosial sığorta mexanizmi iqtisadiyyatın ən həssas təbəqəsini – kiçik dövriyyəli biznesi zərbə altına salır. Bir çox təqdimatları müxtəlif formatlarda dinləmişəm. Aydın görünür ki, yeni model kiçik dövriyyəli sahibkar üçün maliyyə yükünü artıracaq, qeyri-formal sektora keçid riskini yüksəldəcək, hətta fəaliyyətin dayanması ehtimalını artıracaq. Bu düzəlişlər vətəndaşın gündəlik dolanışığını təhlükəyə ata bilər”.
“Muzdlu işçilərə gəlincə, burada da eyni yanlış yanaşmanın davam etdiyini görürük. Maaş artmadan vergi yükü artırılır və bu da “cəmi 3 faiz artım” kimi təqdim edilir. Halbuki mövcud 30 faizlik yüklənmə 37 faizə qalxır və bu, rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir. Bu addım əmək müqavilələrinin ləğvini və kölgə iqtisadiyyatına axını daha da sürətləndirəcək. Əslində əməkhaqqı artmadan vergi artımı sosial siyasət deyil, sosial təzyiqdir:
“Aksizlər üzrə dəyişikliklər iqtisadi məntiqə söykənmir”
“Aksizlər üzrə dəyişikliklər də iqtisadi məntiqə söykənmir. İçməli spirtdə və alkoqollu içkilərdə 0.2 manatlıq, energetik içkilərdə 0.2 manatlıq, siqaretdə 9.5 manatlıq artım, mobil cihazlara görə 20 manatlıq aksiz, 7 ildən köhnə avtomobillərin idxalında əmsalın benzin üçün 1.2-dən 1.5-ə, dizel üçün 1.5-dən 2-yə qaldırılması – bütün bunlar birbaşa bazarda qiymət artımı deməkdir. İnflyasiyanın yüksək olduğu bir dövrdə belə addımların atılması sadəcə səhv deyil, vətəndaşın cibinə ciddi təsir edəcək addımdır. İctimai iaşə sektoruna gəlincə, POS-terminal dövriyyəsinin 50 faizinin ƏDV-dən azad edilməsi və sadələşdirilmiş verginin 8 faizdən 6 faizə endirilməsi üç il müddətinə nəzərdə tutulub. Sual yaranır: üç ildən sonra nə olacaq? Bu sektorun üç il nəfəs almasına imkan yaradıb, sonra yenidən boğmaq planı hansı məntiqə əsaslanır? İctimai iaşə pandemiyadan, inflyasiyadan, xammal bahalaşmasından zərbə alıb, indi də vergi rejiminin qeyri-sabitliyi ilə üz-üzə qoyulur. Belə şəraitdə məhz uzunmüddətli sərmayə qoymaq istəyənlərin sayı ciddi şəkildə azalacaq”, - millət vəkili qeyd edib.
“Elə regionlarımız, rayonlarımız var ki, Naxçıvan qədər çətin vəziyyətdədir”
Deputat bildirib ki, Naxçıvan üzrə 2026–2036-cı illər üçün tətbiq edilən geniş vergi və sosial güzəştlər paketi isə ümumiyyətlə iqtisadi ədalət baxımından suallar yaradır: “Mənfəət, əmlak, torpaq, dividend, idxal vergilərindən tam azadolma, sosial sığorta yükünün dövlət tərəfindən kompensasiyası və digər üstünlüklər yalnız Naxçıvana şamil edilir. Bəs digər regionlar? Elə regionlarımız, rayonlarımız var ki, Naxçıvan qədər çətin vəziyyətdədir. Bu yanaşma regional balansı pozur və vergi siyasətini selektiv alətə çevirir. Güzəşt iqtisadi inkişaf üçündürsə, o zaman bütün geri qalmış regionlara tətbiq olunmalıdır – təkcə bir regiona yox”.
“Kirayə gəlirləri üzrə verginin 14 faizdən 10 faizə endirilməsi gözəldir, amma icarə bazarının 70 faizi kölgədə olduğu halda təkcə dərəcənin endirilməsi heç nəyi həll etmir. Nağdsız dövriyyə limitinin 200 mindən 400 min manata qaldırılması da müəyyən fayda verəcək, amma ümumi iqtisadi sistem dəyişmirsə, bu, sadəcə kosmetik düzəlişdir. Hörmətli həmkarlar, bu paket mahiyyətcə aşağı gəlirli sahibkarı, kiçik biznesi və muzdlu işçini daha ağır vergi yükünə salan bir sənəddir. Vergi siyasətinin məqsədi dövlət büdcəsinin boşluqlarını vətəndaşın qazancından doldurmaq yox, iqtisadi fəallığı gücləndirmək olmalıdır. Təqdim olunan sənəd isə iqtisadi fəallığı gücləndirmir, əksinə, fəallığa təzyiq göstərir. Biz bu formada qəbul olunan layihənin ölkə üzrə minlərlə kiçik biznesi bağlayacağını, regionlarda tənəzzülü dərinləşdirəcəyini və vergi daxilolmalarını azaldacağını güman edirik. Buna görə də sənəd yenidən işlənməli, kiçik sahibkarın, muzdlu işçinin və regionların maraqları nəzərə alınmalıdır. Əks halda, bu paket vergi islahatı deyil, vergi yükünün artırılması olacaq. Bu baxımdan, təmsil etdiyim Milli Cəbhə Partiyası bu dəyişikliklərə müsbət yanaşmır”, - millət vəkili əlavə edib.
“Türkiyədə dövlət büdcəsinin hər 100 manatının 86 manatı vergi hesabına formalaşır”
“Hazırda Orta Dəhlizin inkişafı, Zəngəzur Dəhlizinin açılması fonunda Naxçıvana tətbiq olunan vergi güzəştləri yalnız iqtisadi deyil, ciddi strateji və geo-iqtisadi məsələdir. Hətta təklif edərdim ki, bu güzəştlər müddətli yox, müddətsiz olsun”. Bu sözləri çıxışında deputat Tahir Mirkişili səsləndirib. Millət vəkili vurğulayıb ki, Naxçıvan mühüm coğrafi məkanda yerləşir və Orta Dəhliz kontekstində emal sənayesi, istehsal və xidmət sahələrinin inkişafı Azərbaycan üçün vacibdir: “Sadələşdirilmiş verginin hibrid sisteminin tətbiqini də əhəmiyyətli bir innovasiya hesab edirəm. Vergi cəlb edilən dövriyyənin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərlə əlaqələndirilməsi müsbət addımdır. Gələcəkdə bu limitin daha da artırılması mümkündür”.
“Ümumilikdə, vergi dövlət büdcəsinin ən təbii və sabit gəlir mənbəyidir. Dövlət büdcəsi gəlirlərinin böyük hissəsinin vergi hesabına formalaşması, iqtisadi siyasətdə mühüm nəticə sayılmalıdır. Hazırda Azərbaycanda büdcə gəlirlərinin hər 100 manatında 44 manatı verginin hesabına, 18 manatı isə gömrük rüsumları hesabına formalaşır. Müqayisə üçün qeyd edim ki, Gürcüstan dövlət büdcəsində büdcə gəlirlərinin hər 100 manatın 78 manatı vergi hesabına formalaşır, Türkiyədə isə hər 100 manatın 86 manatı vergi hesabına formalaşır. Bu onu göstərir ki, Azərbaycanda vergi siyasəti yumşaqdır və yük digər ölkələrlə müqayisədə aşağıdır. Hazırda 7.3 milyard manat həcmində vergi və gömrük azadolmalar mövcuddur. Bu rəqəm büdcə gəlirlərinin təxminən 20% nə bərabərdir. Onlardan 3.5 milyard manatı idxal azadolması, 3.8 milyard manatı sahibkarlığa tətbiq olunan vergi güzəştləri ilə bağlıdır”, – deyə T.Mirkişili vurğulayıb.
“Təklif edərdim ki,yYeni iş yeri açan və əməkhaqqını artıran sahibkarlaın ödədiyi əmək haqqlarına bir il müddətinə bütün vergilərdən 50 faiz güzəşt tətbiq olunsun. Universiteti yeni bitirib əmək bazarına daxil olan şəxslərə də gəlirlərdə 50 faiz güzəştlərin tətbiq edilməsi faydalı olardı”, deputat əlavə edib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Baxış sayı:71
Bu xəbər 21 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















