Icma.az
close
up
RU
Milli mətbuat tariximiz: iki Yoldaş a bir nəzər

Milli mətbuat tariximiz: iki Yoldaş a bir nəzər

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan milli mətbuatının təməl daşı "Əkinçi"dən iki il sonra Tiflisdə "Ziya", "Ziyayi-Qafqaziyyə, "Kəşkül" meydana gəldi. Ardınca "İrşad", "Həyat", "Molla Nəsrəddin","Füyuzat", "Zənbur","Arı", "Yoldaş" (qəzet), "Sədayi-həqq", "İqbal", "Sədayi Qafqaz", "Tuti", "Sovqat", "Açıq söz", "Şeypur", "Zəhmət sədası", "Azərbaycan füqərası", "Məşəl", "Yoldaş" (jurnal), "Yeni yol", eləcə də digər qəzet və jurnallar işıq üzü gördü. Bütün bunlar Həsən bəy Zərdabinin xalqın ictimai şüuruna milli dirçəliş toxumunu səpmək arzusunun reallaşdığı zaman idi.

İstər çar mütləqiyyəti, sonrakı müvəqqəti hökumət zamanında, Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də Sovetlər hakimiyyəti dövründə nəşr olunmuş mətbuat orqanlarının təqib etdiyi məqsəd və məramlar müəyyən mənada fərqli olsa belə, onları birləşdirən bir sıra mühüm amillər vardı. Millətin avam, savadsız olması, mədəni geriliyin hökm sürməsi, dini xurafatın, fanatizmin xalqı kor qoyması... bütün bunlar maarifçi ziyalıların, naşirlərin, qəzet və məcmuə sahiblərinin ürəkdə daşıdığı dərdlər idi və onlar bu naqisliklərə qarşı mübarizə aparmaq əzmilə meydana çıxdılar.

Bu gün XX əsrin əvvəllərinin dövri mətbuatını vərəqləyərkən, bəlkə də, 100-130 il əvvəlin mətbuatında qaldırılan problemlərlə, hadisələrlə artıq qarşılaşmadığımızdan indi onlardan bəhs etməyin elə də böyük əhəmiyyətə malik olmadığı düşünülə bilər. Eləcə də o zaman işıqlandırılan məsələlər günümüzlə səsləşmədiyindən, mətnlərin dil-üslub cəhətdən zəif, qüsurlu olduğu vurğulanar. Unutmayaq ki, həmin dövrdə insanları ağır şəraitdə yaşamağa məhkum edən, məhvə sürükləyən idarəçilik üsullarını, millətin inkişafına qənim kəsilənləri ifşa etməyin özü böyük cəsarət idi. Başqa bir tərəfdən, dilimizin inkişaf etmədiyi bir zamanda mətnlərdə çətin anlaşılan sözləri qüsurlu hesab etmək doğru deyil. Əslində hər biri dövrünün aynası olan qəzet və jurnalların mətbuat tariximizin inkişafına təsirini etiraf etməliyik...

Beləliklə, sərlövhədə adını çəkdiyimiz qəzet və jurnal haqqında icmal xarakterli yazımızda məqsəd XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bu mətbuat orqanlarının dövrün ictimai, siyasi həyatını əks etdirməsi istiqamətində dərc etdirdiyi materiallara nəzər salmaqdır. 1907-ci il avqust ayının 22-də "Hümmət" sosial-demokrat qrupunun orqanı olan, siyasi, iqtisadi, ictimai və ədəbi istiqamətli "Yoldaş" qəzeti olduqca çətin bir dövrdə meydana gəlmişdi. Xalqın ağır güzəranı, çar rejiminin sərt qayda-qanunları, maddi çətinlik, yeni üsullu məktəblərin olmaması, millətin ictimai halına təsir edəcək mətbuatın yaranmasını zəruri edirdi. "Yoldaş" qəzeti də bu səbəbdən meydana gəldi və məramı xalqı öz azadlığı yolunda mübarizəyə hazırlamaq, mədəni inkişafına təsir göstərmək idi. Həftədə iki dəfə -şənbə və çaharşənbə günləri nəşr olunan qəzetin baş redaktoru Əsədulla Axundov, redaktoru isə Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Qəzet Nikolayevski küçəsində yerləşən Orucov qardaşlarının mətbəəsində nəşr olunurdu.

Qəzetdə yer almış həcmcə ən kiçik məlumat-xəbərlər belə, zamanı üçün böyük maraq kəsb edirdi. Elə əlimizdə olan iki nömrədə (22 avqust və 1 sentyabr) verilmiş yazıları nəzərdən keçirdikcə düşüncəmizdə qəzetin ideya istiqaməti haqqında ilkin təsəvvür yaranır. İlk və son səhifələrində kiçik xəbərlər, elan və bildirişlər, digər səhifələrdə isə ciddi, siyasi, ictimai məzmunlu məqalə, felyeton, şeirlər yer alıb. 

Qəzetin ilk sayında diqqətimizi cəlb edən siyasi, iqtisadi, ictimai və qeyri islahatlara dair türk-rus və rus-türk lüğətinin nəşri, digər kitabların, kağız, dəftər, qələmlərin satışı, teatrlarda nümayiş olunacaq "Hacı Qara" tamaşası barədə müxtəsər məlumat, mətbuata edilən təcavüzlərlə bağlı xəbərlər nəzərə çatdırılır. Bakıda, xarici olkələrdə baş vermiş hadisələr haqqında siyasi, ictimai məzmunlu yığcam yazılar əslində mətbuatla oxucu arasında ünsiyyət yaratmağa təşəbbüslər kimi anlaşılır.

Bütün zamanlarda maarifçi ziyalılar, yazıçılar, mühərrirlər mətbuatı xalqın tribunası hesab ediblər. Çünki xalqın gözünün açılması, elmə, təhsilə cəlb olunması və maariflənməsində mətbuatın rolu misilsizdır. Elə bu səbəbdən də çar üsul-idarəsi qəzet və jurnalların nəşrinə həm çox çətinliklə icazə verir, həm də onların yaşamasına maneələr yaradır, əksərinin fəaliyyətinə qadağalar qoyurdu. Belə bir mühitdə mətbuat güclə "nəfəs alır"dı. "Yoldaş" yazırdı ki, mətbuata edilən təcavüzlər bütün qəzet və məcmuə naşirlərini həddən ziyadə narahat edir. "Hər gün təzələnən qaydalar, nəşriyyatı öylə bir çətin, müşkül hala salmışdır ki, bir çox qəzetə idarələri bu şərtlərin nəhayət dərəcədə ağır olduğuna qatlaşa bilməyib özləri öz qəzetlərini bağlayıb getmişlər..."

Bakıda keçirilən "İkinci müəllimlər ictiması"nın (toplantısı) mahiyyətini açıqlayan, müəllimlərin hazırlığı, uşaqlarla iş prinsipinin analitik düşüncəylə xarakterizə olunan məqaləni həyəcansız oxumaq mümkün deyil. Həmin toplantıdan bəhs etdiyi məqalədə Məhəmməd Əmin Rəsulzadə mollanümaların müəllimlərə etdiyi hücumlardan, yaşatdığı acılardan bəhs edir, tövsiyəsini verir, sonda isə onlara çağırış edirdi: "Haydı, müəllim qardaşlar! Hümmət ediniz, burası camaat işidir, səmimiyyət istər, qeyrət tələb edər. Camaatımızın ehtiyacları çoxdur... Çalışın ki, camaat məktəblərini aldığı ada layiq edəsiniz! Çalışın ki, camaatı təhlükəyə salan bəzi hissiyyat, onu qəflətdə saxlayan mövhumat və bunlara meydan açan üsuli-tədris və təlim bilmərrə məktəblərdən qovulsun!" Yazının altında "İdarədən" verilmiş belə bir qeyd var: İctima açıldığı gündən qurtardığı günə kimi etdiyi müzakirəni ixtisarla qəzetəmizdə dərc edəriz". Qəzetin sentyabrın 1-də dərc olunmuş sayında bu müzakirələrin mətni verilmişdir.

Mövzular müxtəlif olsa da, onların ruhu, qayəsi bütövlükdə xalq həyatına, təhsilə, gənclərin tərbiyəsinə, mədəniyyətə söykənirdi. "İkinci dövlət dumasının qurulması", "Felyeton" (siyasi mübarizə), "Anarxislərə dair", "Səmimanə bir dəvət", "Ədəbiyyat" bölməsində verilmiş şeirlərdə, müxtəlif məzmunlu xəbərlərdə xalqın həyatında baş vermiş hadisələrdən bəhs olunur. Qəzetdə yeni nəslə həsr olunmuş yazılarda qeyd edilir ki, cavanların avara, davakar, yalançı, səhlənkar, savadsız olmasının başlıca səbəbi onların düzgün tərbiyə almaması, məktəbdən kənarda qalması, anlaqsız, gözübağlı olmasıdır. "Cavanlara necə kömək etməli" məqaləsinin müəllifi cavanları məhvə aparan pis vərdişlərin aradan qaldırılması üçün onlara məxsus bir qəzetin açılmasını təklif edir.

Qəzet təkcə bizdə deyil, başqa məmləkətlərdə də dərdlərimizə oxşar hadisələrdən, ədəbiyyata, mətbuata vurulan zərbələrdən yazır və onlara münasibət bildirir. Tibbi məlumat, vəba xəstəliyinin yaranma səbəbləri və ondan qorunmağın yolu  geniş bir felyetonda (əslində məqalədir - Ş.N.) ətraflı şərh olunur. İdarəyə gələn məktublardan xülasə kimi bəhs olunan yazılarda isə xalqın açınacaq halı açıq-aydın göstərilir. Qəzetin nəzər yetirdiyimiz hər iki sayının materiallarından göründüyü kimi, onun tək amalı xalqı mütləqiyyətin, cəhalətin fanatizmin caynağından qoparıb almaq olmuşdu. Təəssüf ki, qəzet sentyabr ayında fəaliyyətini dayandırdı.

lll

1920-ci il ölkədə siyasi mübarizələrin kəskinləşdiyi vaxtlar idi. Bu dövrdə Bakıda nəşr olunan qəzet və jurnallarda ölkə həyatında baş vermiş hadisələrin mahiyyətini xalqa anlatmaq üçün əsasən siyasi ruhda yazılar dərc olunurdu. Bu sahədə çoxluq təşkil edən bolşevik mətbuatı idi. Həmin illərdə Bakının Spasski (Qasım İsmayılov, indiki Zərgərpalan - Ş.N.) küçəsindəki binada yerləşən "Turan" mətbəəsində müxtəlif dillərdə kütləvi tirajla buraxılan vərəqələrdən başqa, Bakı bolşeviklərinin orqanı olan "Azərbaycan füqərası", "Hürriyyət" qəzetləri, "Bakı fəhlə konfransı əxbarı", "Məşəl" və "Yoldaş" jurnalları da çap olunurdu.

"Yoldaş" qəzetindən 13 il sonra Gənc İşçilər İttifaqı tərəfindən həftədə bir dəfə nəşr olunan ədəbi, siyasi, iqtisadi, ictimai beynəlmiləl işçi məcmuəsi - "Yoldaş"ın bu gün yalnız 3-cü nömrəsi mövcuddur. Lakin bir nömrə də jurnalın məramı, mətnlərin məzmun və ideyasından bəhs etməyə imkan verir. Mir Cəfər Cavadzadənin müdirliyi ilə işıq üzü görən jurnalda dərc olunmuş yazıların dili sadə, təmiz və asan oxunandır. Həcmcə çox da böyük olmayan "Yoldaş"ın ilk səhifəsində yer alan "Fəal qəzetlərin qapanması münasibətilə" məqaləsinin sinfi mübarizənin vüsətləndiyi bir vaxtda mətbuatın xalqı oyada bilən ən mühüm vasitə olduğu diqqətə çatdırılır: "Qəzetlər məzlum zəhmətkeşlərin ürəyindən çıxan fəryaddır, bir insanın ağzını qapamaqla ürəyindəki atəşi söndürə bilməz... İştə mətbuat da böylədir. Əgər zəhmətkeşlərdə inqilabi ruh varsa, mətbuatın bağlanması ilə sönməyib, daha da yüksələcəkdir".

"Zəhmət-kapital" şeirində kapitalın insan həyatında yaratdığı "sıxıntı, zülm, cəhalət, kədər, əzab, zillət"lə zəhmətin ali varlığa verdiyi "səfa, behcət, səadət, hörmət, şəfaət" kimi nəcib keyfiyyətlər qarşılaşdırır. "Sərvətdarlara xitab"da insafsız, namussuz, ədalətsiz varlıların yoxsullara etdiyi zülmlər ifşa olunur. "Sərvətdarlara" şeirində isə "Çəkil ey zülm edən zalım! - yazıq işçi əziyyətdən, Qurtarsın, olsun azad həm də bu azar möhnətdən" deməklə, müəllif fəhlə-kəndliyə göz açmağa imkan verməyən mərhəmətsizlərə, zülmkarlara nifrət püskürür.

Bu elə bir vaxtdır ki, Qırmızı ordunun səsi, avazı yaxınlıqdan eşidilir, "füqərayi-kasibə" şadlanır, yeni islahatlar qurmaq arzuları ilə yaşayan demokratik hökumətin adamları isə təşvişdədirlər. Onların xəyallarla yaşadığını israr edən müəllifin fikirləri "Xülyalar"da bolşevizm mövqeyindən xarakterizə olunur. Bir qədər pafoslu səslənən "Azad Dağıstan" məqaləsində çarizmin camaata yaşatdığı ağrılar xatırlanır. "Kommunist mütəəllimlərin mütəəlim və mütəəllimə yoldaşlara xitab"ında məktəblərdə Nikolay hökumətindən qalan qaydalar pislənir, məktəblərdə yeni düşüncəli, savadlı müəllimlərin işləməsi arzu edilir.

Jurnalda maraq doğuran məqalələrdən biri də "İrəvanda firqəçilik, yaxud tarixi məlumat"dır. İrəvanda təxminən 1917-18-ci illərdə məsləksiz ağaların zərərli məramnamələrlə yaratdıqları firqələrin fəaliyyəti ifşa olunur. Zalım daşnakların məramını anlayan müsəlman ziyalılarının münaqişənin yatırılmasından ötrü yaratdıqları beynəlmiləl Şura və onun orqanı olan "Cavanlar şurası"nın az müddətdə fəaliyyəti - dövrün tarixi hadisələri ardıcıllıqla izlənilir. Bu tarixi, siyasi hadisələrin iştirakçısı olan M.Ə.İrəvanlının zamanı güzgü kimi əks etdirən xatirə yazısı tarixilik baxımından çox dəyərlidir. "Yoldaş"ın son yazısı, Məlikə xanımın "Zəhmətin nəfi" hekayəsində Qarabağ mahalının "Qaryağin" kəndinin relyefi, təbiəti, əhalisinin güzaranından bəhs olunur. Və hekayə, əsas mətləb açıqlanmadan, "Mabədi var"la bitir.

Biz bu yazıda hər iki mətbu orqan haqqında müxtəsər məlumat verməyə, onların məramını xarakterizə etməyə çalışdıq. Əsas da odur ki, eyni adda mətbuat orqanının fərqli cəhətlərinə və onları birləşdirən bir sıra mühüm amillərə nəzər saldıq. Mühüm olan da budur ki, hər iki qəzet və jurnalın milli mətbuatımızın inkişafına təsiri danılmazdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see178

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see157

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see138

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see138

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see131

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see130

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see129

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see125

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see125

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see124

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see120

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see119

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see118

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

05 Oktyabr 2025 06:06see118

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see117

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see116

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see116

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri