Milli qürur tariximiz Suverenlik Günü
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suverenlik milli dövlətçiliyin güclənməsinin, xalqın öz taleyinə sahib çıxmasının rəmzinə çevrilib. Müasir dünyamızda Azərbaycan artıq öz suverenliyini kağız üzərində deyil, həyatın bütün sahələrində də təsdiqləmiş dövlətə cevrilib. Suverenlik dövlətin əsas atributu hesab edilir. Beynəlxalq hüquq normalarına görə, suveren dövlət - ərazisi müəyyən olunmuş, daimi əhalisi olan, ali hakimiyyətə malik və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qura bilən müstəqil siyasi qurum deməkdir. Bütün bu amillər Azərbaycanda mövcuddur. Azərbaycan xalqının sarsılmaz iradəsini təcəssüm etdirən Qarabağ Zəfərinin, antiterror əməliyyatının və suverenliyin tam bərpasının təntənəsi olan Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən təsis olunub. Bu müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi xarakterizə olunur. Əlbəttə ki, suverenlik dövlətin davamlılığını və qarşılıqlı münasibətlərini təmin edən əsas amillərdındir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Beləliklə, Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edildi. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Sillahli Qüvvələr Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqları işğaldan azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi.
Üç il bundan əvvəl sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısı alınaraq Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi. Ermənistanın məğlub ölkə kimi imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror tədbirlərini qaçılmaz etmişdi. Sözügedən ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı və cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində ordumuz qarşısındakı bütün vəzifələri yerinə yetirdi. Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Suverenliyin bərpası əməliyyatının qısa zaman ərzində erməni silahlı bölmələrinin tam zərərsizləşdirliməsi ilə başa çatacağı heç kimdə şübhə doğurmurdu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gözləntiləri doğrultdu, düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Beləliklə də, Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi.
Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra məlum üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin növbəti uğuru kimi tarixə yazıldı. Erməni separatçılarının quldur dəstələrinin üç il əvvəl sentyabrın 19-da törətdikləri xain terror aktı xalqımızı sarsıtsa da, Azərbaycan Ordusunun elə həmin gün Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa zamanda uğurla başa çatması insanlarda sevinc hissini yaşatdı. Azərbaycan Ordusunun bir sutkada qazandığı qələbə nadir tarixi hadisəyə cevrildi. Antiterror tədbirləri ağır relyefə malik olan dağlıq ərazilərdə gerçəkləşdirildi. Separatçı rejimin belə bir relyefdə hərbi arsenalını cəmi 24 saat ərzində təslim etdirmək böyük peşəkarlıq tələb edirdi. Azərbaycan Ordusu belə bir peşəkarlığı nümayiş etdirə bildi və 44 günlük Vətən müharibəsindən sonra dünyaya yeni nümunə təqdim etdi. Azərbaycan tərəfi məlum Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olundu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2023-cü il sentyabrın 19-da yaydığı məlumatda Azərbaycan dövlət adından antiterror tədbirlərinin dayandırılması üçün 3 şərt açıqlamışdı: qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks-təqdirdə, lokal antiterror tədbirləri sona qədər davam etdiriləcəkdi. Bu şərtlər yerinə yetirildi. Sentyabrın 21-də isə Yevlax şəhərində Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi ilə onların görüşü baş tutdu. Rəsmi məlumata görə, bu görüşdə qarşı tərəfə bir sıra mesajlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasını qəbul edib, onun normalarına uyğun yaşayacaqları təqdirdə, çoxmillətli, çoxkonfessiyalı dövlətin bərabərhüquqlu üzvünə çevriləcəkləri aydın şəkildə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir".
Azərbaycan ərazi bütövlüyünü, bütün ərazilərində konstitusion hüquqlarını bərpa etdi. Qarabağda qeyri-qanuni xunta rejimi məhv edilərək, əsas separatçı liderlər həbs olundu. Prezident İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışında bildirdiyi kimi, “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın 44 günlük müharibədə qələbəsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusunun qələbəsi nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara alıb. 20 Sentyabr – Dövlət Suverenliyi Günü - xalqımızın uzun müddət davam edən mübarizəsinin, 30 illik işğalın sona çatmasının, Qarabağ Zəfərinin, antiterror əməliyyatının və suverenliyin tam bərpasının təntənəsidir. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu, təkcə hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələdir. Bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür.
Natiq Allahverdiyev
Qax rayon təşkilatının sədri
Baxış sayı:121
Bu xəbər 19 Sentyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















