Icma.az
close
up
RU
Mirzə Qədim İrəvaninin nəsli və sənət irsi haqqında qeydlər Mirzə Qədim İrəvani 200

Mirzə Qədim İrəvaninin nəsli və sənət irsi haqqında qeydlər Mirzə Qədim İrəvani 200

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əsgər ZEYNALOV
Professor

Bir dəfə "İrəvan ziyalıları" silsiləsindən görkəmli xalçaçı rəssam Kamil Əliyev barəsində material toplayıb oçerk yazmaq üçün "Azərxalça" İstehsalat Birliyinə getdim. Kamil müəllimlə görüşüb gəlişimin məqsədini bildirdim. Gördüyüm işlər barəsində məlumat verib, məqalələrimdən bir neçəsini ona göstərdim. Birdən Kamil müəllim soruşdu: "Mirzə Qədim İrəvanidən yazıbsan?" Cavab verdim: "Xeyr!"

Kamil müəllim əsəbi halda dedi: "Bəs onda İrəvan ziyalıları haqqında necə məlumat toplayırsan?"

Dedim ki, nə qədər axtarışlar aparsam da, lazımi material tapa bilmədim, əgər mümkündürsə, mənə kömək edin.

- Get, axtaran tapar!

Bu sözlər qulağımda cingildədi və narahatlığımı artırdı: "Axtaran tapar!"

Uzun müddət gərgin axtarışdan sonra, nəhayət, material əldə edib, Mirzə Qədim İrəvani və onun nəsli haqqında oçerki yazmağa başladım.

lll

Rəssamlıq sənətində xüsusi yeri olan, doğulduğu torpağa bütün varlığıyla bağlanaraq İrəvani təxəllüsünü götürmüş Mirzə Qədim 1825-ci ildə İrəvan şəhərində dülgər ailəsində anadan olub. Bu o dövrlər idi ki, İrəvan xanlığı ömrünün son illərini yaşayırdı. İki ildən sonra İrəvan şəhərinin azərbaycanlıların əlindən çıxma dövrünün əsası qoyulacaqdı.

M.Q.İrəvani ilk təhsilini doğma İrəvanda, üsuli-cədid məktəbində almışdı. Sonra O, Tiflisdə progimnaziyada təhsilini davam etdirir. 15 yaşında gimnaziyanı bitirərək İrəvana qayıdır və poçtda teleqrafçı vəzifəsində çalışır.

O, rəssamlıq sənətini ağac üzərində bədii oyma ustası olan atasından öyrənmişdi. Yaradıcılığının ilk dövründə dekorativ sənətlə məşğul olan M.Q.İrəvani bir sıra portretləri - "Süvari", "Rəqqasə", "Dərviş" əsərlərini yaradıb ki, həmin sənət əsərləri hazırda İncəsənət Muzeyində saxlanılır. Görkəmli rəssamın sənət aləminə 10-dan çox portret əsəri məlumdur.

M.Q.İrəvaninin yaratdığı sənət incilərinin mühüm bir qismi İrəvan Sərdarının sarayı üçün çəkdiyi portretlərdən ibarətdir. Belə portretlərdən biri "Sərkərdə portreti"dir. Uzun müddət ədəbiyyatda pəhlivan portret kimi təqdim edilən bu əsərdə sərkərdənin üzünün fərdi cizgiləri - enli alnı, düz burnu, uzun bığları, habelə irəliyə doğru dikilmiş gözləri və balaca ağzı rəssamın obrazı konkretləşdirməyə çalışdığını göstərir ("Azərbaycan incəsənəti" Bakı-1959).

Mirzə Qədim İrəvani 1850-ci illərdə İrəvan sərdarının sarayındakı pannoları və süjetli kompozisiyaları bərpa etmiş, sarayın güzgülü zalında yağlı boya ilə bir neçə monumental portret çəkmişdi. "Fətəli şah", "Abbas Mirzə"nin portretləri belə əsərlərdəndir.

M.Q.İrəvaninin 1860-70-ci illərdə yaratdığı "Vəğulla Mirzə",  "Molla", "Ayaq üstə dayanmış qadın", "Gənc oğlan", (Azərbaycan İncəsənət muzeyi) portretləri Azərbaycan realist boyakarlığının ən yaxşı nümunələrindəndir. Rəssamın "Oturmuş qadın portreti" də diqqəti cəlb edən əsərlərdən biridir.

Sənətkarın əsərləri bir çox məşhur muzey və qalereyalarda qorunub saxlanılır. Böyük rəssamın nəvəsi İsmət Axundovun fikrincə, İrəvana müxtəlif vaxtlarda gəlmiş səyyahlar, incəsənət həvəskarları onun rəsmlərini öz ölkələrinə aparmışlar. İrəvaninin nəticəsi Gülşən xanımın verdiyi məlumata görə isə, Peterburqdakı məşhur Ermitaj sarayında 1970-72-ci illərdə iki otaq yalnız Mirzə Qədimə ayrılmışdı. Burada onun əsərlərinin orijinalı və fotokopiyaları nümayiş etdirilirdi.

Əməkdar incəsənət xadimi, rəssam İsmət Axundov Fransada olarkən Parisdə məşhur "Mütəfəkkir" heykəlinin müəllifi Rodenin ev-muzeyində İrəvaninin bir əsərinin saxlandığını öyrənib.

Mütəxəssislərin fikrincə, dahi rəssam Rafael Romada Vatikan sarayında daim sulu boyalarla işlədiyi üçün bu, onun səhhətinə pis təsir etmiş və 37 yaşında dünyasını dəyişmişdi. Bəlkə Mirzə Qədim İrəvani də İrəvanda Sərdar sarayını bəzəyən şəkilləri çəkərkən səhhəti korlanmış, 1875-ci ildə 50 yaşında ikən vəfat etmişdi. Mirzə Qədim İrəvaninin Ələkbər və Ələsgər adında iki oğlu olub. Ələsgər gənc ikən, təxminən 35-36 yaşlarında dünyasını dəyişib. Ələkbər isə atasına və qardaşına nisbətən uzunömürlü olub.

M.Q.İrəvaninin nəticəsi Gülşən xanımın bizə təqdim etdiyi sənəddən bəlli olur ki, İrəvan kollec asesoru Mirzə Qədim İrəvaninin oğlu Ələkbərbəy Qədimbəyov 1859-cu il avqust ayının 12-də qədim İrəvan şəhərində anadan olub. Dördüncü sinfədək İrəvan gimnaziyasında təhsil alıb və Dairə İdarəsinin 1 oktyabr 1879-cu il 226 saylı əmrinə əsasən İrəvan teleqraf mərkəzində 4-cü dərəcəli teleqrafçı təyin edilib. 1881-ci il 23 may 124 saylı əmrə görə həqiqi xidmətə təsdiq olunur. Ə.Qədimbəyov get-gedə daha məsul vəzifələrə irəli çəkilir. 1883-cü ilin oktyabrında yaxşı xidmətlərinə görə quberniya katibliyinə keçirilir. 2 oktyabr 1889-cu il 157 saylı əmrinə əsasən o, teleqraf poçtunun IV dərəcəli məmuru vəzifəsində, daha sonra isə Tiflis poçt teleqraf dairə-poçt ştat idarəsində III dərəcəli teleqraf-poçt məmuru olub. 1895-ci il 15 noyabr 70 nömrəli əmrə əsasən kollec asessoru təyin edilib və həmin vaxtda da üzərində Aleksandr Nevskinin lenti olan gümüş medalı alıb ki, bu, imperator III Aleksandrın şərəfinə təsis edilmişdi. 31 oktyabr 1912-ci ildə 182 nömrəli əmrə əsasən xəstəliyə görə işdən azad edilmiş Ə.Qədimbəyova verilmiş xasiyyətnamədən aydın olur ki, o, həmişə nöqsansız işləyib və heç bir töhmət almayıb.

Ə.Qədimbəyov 1900-cü il noyabr ayının 1-də İrəvanın bəy nəslindən olan Fatma xanımla (1875-ci il təvəllüdlü) ailə qurmuşdu. Bu, onun ikinci nikahı idi. Ələkbər bəyin birinci nikahından iki övladı olub: Firudin bəy (1885) və Cahangir bəy (1891 noyabr).

Fatma xanımın Ələkbər bəylə qurduğu ailə onun da ikinci nikahı idi. Fatma xanımın birinci ərindən üç övladı olub: Xanımzər, Əbülfət, Kamal.

Ələkbər bəyin ikinci nikahdan üç qızı dünyaya gəlib: Münəvvər (1905), Mənzər (1909), Əfşan (1915-ci il 22 fevral).

Ələkbər bəy Qədimbəyov 1918-ci ildə 59 yaşında vəfat edib.

Bir fakta diqqət yetirmək lazımdır ki, Gülşən xanımın bizə təqdim etdiyi sənəddə Fatma xanımın atasının adı Zeynalabdın bəy kimi göstərilir.

Ancaq görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1951-ci il aprelin 24-də yazdığı tərcümeyi-halında anası Zəhra xanımın İbrahim bəy Süleymanbəyovun qızı olduğunu qeyd edir. Bəllidir ki, Fatma xanım (Əziz Əliyev tərcümeyi-halında onun adını Matan kimi təqdim edir - Ə.Z.) onun doğma xalasıdır. Fikri aydınlaşdırmaqdan ötrü, bizcə, Ə.Əliyevin yazdığı tərcümeyi-halına müraciət etmək yerinə düşər:

"Anam İrəvanlı İbrahimbəy Süleymanbəyovun qızıdır. İbrahimbəy İrəvan tacirlərindən olub. 1900-cü ildə vəfat edib... Dörd xalam olub. Matan Qədimbəyova (Fatma - Ə.Z.) poçt-teleqraf çinovnikinin arvadı idi. Qədimbəyov inqilabdan əvvəl vəfat edib. Xalam 1950-ci ildə rəhmətə gedib.

Xalamın bir oğlu Əbülfət Qədimbəyov hazırda Maarif Nazirliyində, o biri oğlu Kamal Qədimbəyov Azərittifaqda, qızı Minəvər uşaq bağçasında, Mənzər maarif şöbəsində müdir, Əfşan isə Xarici Dillər İnstitutunda rektor vəzifələrində işləyiblər".

Sənədlərə görə, Ələkbər bəy Qədimbəyovun böyük oğlu Firudin poçt-teleqraf xidmətində IV dərəcəli məmur işləyib.

Cahangir Kiyev şəhərində Kənd Təsərrüfatı İnstitutunu bitirib, kənd təsərrüfatı maşınları üzrə mütəxəssis olub.

Kamal Qədimbəyov ADU-nun (indiki BDU-nun) iqtisadiyyat fakültəsini bitirib, Azərittifaqın sədr müavini vəzifəsində və digər sahələrdə çalışıb.

Əbülfət bəy Qədimbəyov ADU-nun iqtisadiyyat fakültəsini bitirib, Azərbaycan Maarif Nazirliyində baş mühasib işləyib.

Münəvvər xanım APİ-nin (ADPU) ədəbiyyat fakültəsini bitirib, Bakının 26-lar (indiki Səbail) rayonunda bağça müdiri olub.

Mənzər xanım APİ-nin (ADPU-nun) biologiya fakültəsini bitirib, müxtəlif sahələrdə çalışıb, Maarif şöbəsinin müdiri olub, Respublikanın Əməkdar müəllimi adına layiq görülüb.

Mirzə Qədim İrəvaninin nəvələri içərisində Əfşan xanım xüsusi nüfuza malik olub. Ana dili ilə yanaşı, rus və ingilis dillərini çox gözəl bilən Əfşan xanım çox mühüm məsul vəzifələrdə fəaliyyət göstərib. O, 1915-ci ildə İrəvan şəhərində anadan olub, 7 illik məktəbdə oxuyub, İrəvan Pedaqoji Texnikumuna daxil olaraq 1929-cu ildə oranı bitirib. Bununla kifayətlənməyib 1931-35-ci illərdə APİ-nin (ADPU) pedaqoji fakültəsində təhsilini davam etdirib. 2 il Moskva Pedaqoji İnstitutunun aspiranturasında təhsil alan Ə.Qədimbəyova Bakıya qayıdaraq 1942-ci ildə Azərbaycan Gənclər İttifaqının üçüncü katibi seçilib və dörd il həmin vəzifədə çalışıb.

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın partiya şöbəsi müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə.Qədimbəyova 1949-cu il oktyabr ayının 11-də Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru təyin edilib və 1956-cı ilə qədər bu ali məktəb ocağına rəhbərlik edib. Dəfələrlə Azərbaycan Ali Sovetinə və Bakı şəhər sovetinə deputat seçilib. 1968-ci ildən 1978-ci ilə qədər APİ-də (ADPU-da) məktəbəqədər kafedranın müdiri vəzifəsində çalışıb və 1980-ci ilin martında dünyasını dəyişib.

lll

Mirzə Qədim İrəvaninin rəssamlıq ənənəsini onun nəticəsi - Münəvvər xanımın oğlu Əməkdar incəsənət xadimi İsmət Axundov tərəfindən ləyaqətlə davam etdirilib.

İ.Axundov babası Mirzə Qədim İrəvanidən düz bir əsr sonra - 1925-ci ildə İrəvan şəhərində anadan olub. O, ilk təhsilini İrəvanda alıb, Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib, 1972-ci ilə kimi rəssam fondun direktoru vəzifəsində çalışıb.

lll

...İnanıram ki, çox çəkməyəcək, M.Q.İrəvani nəslinin övladları yenidən öz doğma yerlərinə qayıdacaq, İrəvan şəhərində babaları Mirzə Qədim kimi neçə-neçə tarixi abidələri yaradacaq, məktəblər açacaq, ana dilində verilişlərini səsləndirəcəklər.

(Müəllifin 1995-ci ildə qələmə aldığı bu yazı ixtisarla dərc edilib)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see147

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see143

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see137

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see123

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see122

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see121

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see121

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see120

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see119

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see116

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see115

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see115

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see115

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see114

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see114

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see114

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see114

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri