Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... Deputatlardan təklif və iradlar
Milli Məclisin yaz sessiyası başlayıb: 16 məsələnin müzakirə olunduğu iclasda millət vəkilləri istəklərini dilə gətiriblər
Bu gün Milli Məclisin yaz sessiyası işinə başlayıb. Sessiyanın ilk iclasının gündəliyinə 16 məsələ daxil edilib. Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl deputatlar təkliflərini səsləndiriblər.
Millət vəkili Vüqar Bayramov çıxışında bildirib ki, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib: “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır deyən cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti də məhz vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsidir. Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq”.
“Bir sıra marjinal siyasi qruplar sosial islahatlara belə kölgə salmağa çalışırlar”
“Təəssüf ki, bir sıra marjinal siyasi qruplar sosial islahatlara belə kölgə salmağa çalışırlar. Bir sıra vacib göstəricilərə diqqət ayıraq: yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,5 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır. Fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılmışdır. Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcək”, - deyə Bayramov qeyd edib.
Deputatın sözlərinə görə, növbəti mərhələdə sosial müavinətlər və təqaüdlərlə bağlı da qərarlar veriləcək: “Cənab Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq”.
"Xarici qüvvələrin əsas hədəf kütləsi gənclərdir"
Deputat Ceyhun Məmmədov isə ölkədəki gənclər siyasətindən danışıb. Millət vəkili qeyd edib ki, hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir: “Hazırda bütün dünyada olduğu kimi, Azərbaycan gənci xarici qüvvələrin əsas hədəf kütləsidir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bütün gənclərimiz bu çağırışlara cavab verməlidirlər".
Deputatdan Mirzoyana cavab: “1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi”
Millət vəkili Hikmət Məmmədov isə çıxışında Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın təzminat məsələsini gündəmə gətirib. Deputat deyib ki, rəsmi İrəvanın, konkret olaraq xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarına görə, guya Ermənistan Qərbi azərbaycanlılara kompensasiya ödəyib: “Mirzoyanın bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən sonra, evlər təmir edildikdən sonra həmin evlər ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdandı”.
“Nəsiminin məzarı Hələbdədirsə, deməli onun məzarının olduğu yer bizim üçün mənəvi Vətəndir”
“Azərbaycan Suriyada bərpa və quruculuq işində yaxından iştirak etməlidir. Suriya bizim üçün elə də uzaq region deyil” deyə çıxışına davam edən millət vəkili söyləyib ki, Suriya mənəvi Vətəndir: “Düşünürəm ki, Azərbaycanın priositetlərindən biri Şərqdə xarici siyasəti ilə bağlı yeni ideyaların müəyyənləşməsi idi. Azərbaycan Prezidenti qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik. Azərbaycanın maarif və ictimai institutları bu məsələyə xüsusi fokuslanmalıdırlar. Yenə deyirəm, Suriya bizim üçün uzaq coğrafiya deyil. Əgər 14-cü əsrdə Nəsimi Hələbə gedirdisə, deməli Nəsimini Hələbə aparan səbəb Hələbin Azərbaycanın etnomədəni, din coğrafiyasının davamı olması idi. Bu gün də Nəsiminin məzarı Hələbdədirsə, deməli onun məzarının olduğu yer bizim üçün mənəvi Vətəndir”.
“Düşünürəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycan münasibətlərinin yeni perspektivləri yaranıb”, - deöputat fikrini tamamlayıb.
“Amnistiya Aktının qəbulu onları da sevindirər"
Deputat Siyavuş Novruzov təklif edib ki, Amnistiya Aktı hazırlansın: “Hesab edirəm ki, bu gün ölkəmizdə bir Amnistiya Aktına ehtiyac var. Ümummilli liderdən başlayaraq, bu günədək Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub. Ən böyük Amnistiya Aktı Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5000 insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər”.
“Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Amnistiya Aktının qəbulu onları da sevindirər", - S.Novruzov söyləyib.
Millət vəkili: “Bizə dövlət sirri təşkil edən məlumatlar göndərilmir”
Deputat Qüdrət Həsənquliyev isə çıxışında deyib ki, hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşılmalıdır. Onun sözlərinə görə, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir: “Amma Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir. Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Onlarla əmək müqaviləsini bağlasaq, bu problemlər yaranmaz, onların da məhkəmələrə müraciət etmək hüquqları yaranacaq”.
“Real həyatda qanunların icrasına nəzarət mexanizmi yoxdur. Bizim Daxili Nizamnamənin 39-cu maddəsinə görə bizə dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik?! Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik, deputatlara bu səlahiyyət verilsin. Silahların alınmasına nə qədər pul xərclənir və s. kimi məlumatlar bizə verilmir”, - deyə deputat narazılığını bildirib.
Deputatdan irad: “Həkimi şəxs olaraq reklam etmək praktikası dünyanın heç yerində yoxdur”
İclasda həmçinin Reklam haqqında qanuna dəyişiklik edilməsi təklif olunub. Deputat Musa Quliyev deyib ki, tibbi xidmətlərlə bağlı reklamlarda pozuntular var: “Əlbəttə, tibbi xidmətlərin reklam edilməsinin əleyihinə deyilik. Amma tibbi etika qorunmalıdır. Plastik cərrahiyyə, mədəkiçiltmə reklamları son dövrlər baş verən əməliyyatlarda ağırlaşmalara, ölümlərə təsir edir. Həkimi şəxs olaraq reklam etmək praktikası dünyanın heç yerində yoxdur. Həkimi “bir nömrəli həkim”, “dünyaca məşhur həkim” kimi təqdim etmək doğru deyil”.
“Hesab edirəm ki, Reklam haqqında qanuna dəyişiklik edilməlidir. Nəyi reklam etmək olarsa, orada təsbit olunsun. Şəxsi reklam etmək, həkimin sponsor olması dünyanın hər yerində qadağandır. Bizdə də qadağan edilməlidir", - M.Quliyev vurğulayıb.
“Onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir"
Deputat Aqil Abbas həmkarı ilə razılaşıb: “Hesab edirəm ki, Musa müəllim düz deyir. Reklam haqqında qanuna dəyişiklik yaz sessiyasının işlər planına salınmalıdır. Mənfur SSRİ dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. “Mercedes”in reklamı özüdür. Əhliman müəllimin, Rəşid müəllimin reklamları özüdür. Amma indi hansısa adamlar haradasa gedib peşə kursu keçir, yaxud Türkiyədə "uzman" adı alır, gəlir və özünü reklam edirlər. Aralarında savadlıları da var. Amma həkimin reklamı qadağan olunmalıdır. Düzdür, bu özəl televiziyalara ziyan vuracaq. Çünki onların qazancı arvad boğuşmasından, həkim reklamından gəlir", - o qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova deputatın sözlərinə irad bildirib. “"Arvad boğuşması”, “arvad davası” sözləri nədir, bu, parlament sözüdür?”.
Çıxışlardan sonra deputatlar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlayıblar.