Icma.az
close
up
RU
Misir Mərdanov neçə rektor və nazir olub? ÖZÜ DANIŞIR

Misir Mərdanov neçə rektor və nazir olub? ÖZÜ DANIŞIR

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

- Misir müəllim, Siz 80 ildə zəngin bir həyat yolu keçmisiniz, rektor, nazir vəzifələrində çalışmısınız. Amma istəyirəm lap əvvələ qayıdıb, uşaqlıq illərinizi xatırlayaq. Necə bir mühitdə doğulub böyümüsünüz? Necə uşaq olmusunuz?

- Bir halda ki, belə sual verdiniz, söhbətimizə əziz və unudulmaz Bəxtiyar Vahabzadənin bir beyti ilə başlamaq istəyirəm:

Elə bil dünəndi, çiynimdə çanta,

Qorğa yeyə-yeyə dərsə getdiyim.

Elə bil dünəndi, o qamış atda

Nəzil qamçı vurub, at səyirtdiyim.

Həqiqətən şair düz deyir ki, on beş-iyirmi yaşında insan elə bilir ki, qırx qocalıqdır. Ancaq illər ötdükcə düşünürsən ki, hələ qocalığa xeyli var.

Mən 1946-cı il oktyabrın 3-də Ermənistanın (Qərbi Azərbaycanın) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşam. Kəndimiz Qaraqoyunlu dərəsində, dağların və meşələrin arasında yerləşirdi. Bu gün də o yerləri düşünəndə gözümün önünə doğma evimiz, kəndimizin adamları, yaylaqlar və bulaqlar düşür.

Ziyalı ailəsində böyümüşəm. Evimizdə böyüklərə hörmətə, zəhmətə və təhsilə böyük önəm verilirdi. Uşaqlığımın ən əziz xatirələrinin çoxu atam, anam və Həvva nənəmlə bağlıdır. Yaz gələndə nənəm məni özü ilə Cantəpə yaylağına aparardı. Onun söhbətlərini dinləyə-dinləyə həm doğma yurdumu daha yaxşı tanıyır, həm də insanları müşahidə etməyi öyrənirdim. Nənəm çox zəhmətkeş və müdrik qadın idi; bizə də boş dayanmamağı, hər zaman bir işin qulpundan yapışmağı öyrədirdi.

Necə uşaq olduğuma gəlincə, oxumağa həvəsli idim. 1953-cü ildə qonşu Salah kəndinə köçdük. Məktəbə də həmin kənddə getmişəm. O vaxt Salahda ayrıca məktəb binası yox idi, dərslər kənd evlərində keçirilirdi. İlk müəlliməm Gülxanım Mustafayeva mənə yazıb-oxumağı öyrətdi. İbtidai məktəbdə mənə dərs demiş Dursun Qarayevi, Alı Alıyevi, Səyyad Hüseynovu hər zaman hörmətlə xatırlayıram. Onların şagirdlərinə diqqət və qayğısı yaddaşımda bu gündə yaşayır.

- Məktəb illərin necə xatırlayırsınız? Müəllimləriniz, sinif yoldaşlarınız... Necə bir məktəbdə təhsil almısınız, sinif yoldaşlarınız arasında başqa kimlər var idi? Sonradan onlarla rastlaşdınızmı, yollarınız kəsişdimi?

- Məktəb illərimi həmişə həyatımın mühüm və dəyərli mərhələlərindən biri kimi, böyük sevgi ilə xatırlayıram. 1954-cü ildə Salah kəndində birinci sinfə getmişəm. Sonradan yeni məktəb binası tikildi və kənddə yeddillik təhsilə başlanıldı. 5-7-ci siniflərdə bizə Mehdi Hüseynov, Kərim Qarayev, Mirzə Mirzəyev, Konsul Abdullayev, İsmayıl İsmayılov, Novruz İsmayılov və İbrahim İbrahimov dərs deyirdilər. Orta təhsilimi isə qonşu Polad kəndində almışam. Həmin məktəbdə mənə dərs demiş riyaziyyatçı Mürsəl Budaqov və Tağı Tağıyev, kimyaçı Alı Qasımov, fizik Həsən Mirzəyev və Firudin Nəbiyev, tarixçi Şəki Mərdanov, coğrafiya müəllimi Zeynalabdı Qocayev və digər müəllimlərimi hər zaman xoş xatirələrlə anıram. Həmin məktəblərdə şərait sadə olsa da, müəllimə, məktəbə və oxumağa böyük dəyər verilirdi.

Sinif yoldaşlarım da o illərin ayrılmaz hissəsidir. 1962-ci ildə Mürsəl müəllimlə birlikdə çəkdirdiyimiz bir şəkli hələ də əziz bir xatirə kimi qoruyub saxlayıram. Ona baxanda dərslərimiz, söhbətlərimiz, gələcəklə bağlı arzularımız gözümün önünə gəlir. Sonralar yollarımız müxtəlif istiqamətlərə ayrılsa da, məktəb illərinin xatirəsi mənim üçün həmişə əziz olaraq qalıb.

Maraqlı, bəlkə də gənclər üçün örnək ola biləcək bir məsələni də qeyd etmək istəyirəm. Sinif yoldaşlarımı, istər Salah kənd yeddiillik, istərsə də Polad kənd orta məktəbində bir yerdə oxuduğum uşaqların hamısını adbaad xatırlayıram. Nəinki xatırlayıram, bu gün də daxil olmaqla onlarla həyatımın bütün mərhələlərində, hətta vaxtımın məhdud olduğu rektor vəzifəsində işləyəndə, nazir olanda da daim əlaqə saxlamışam. Xeyir-şərlərində imkan daxilində mütləq iştirak etmişəm. Bir məsələni də vurğulamaq istəyirəm ki, aramızdakı münasibətlər yalnız mənim xidmətim olmayıb, Salahda bir yerdə oxuduğumuz Qarayev Emin, Yunusov Əziz, Yunusova Validə, Yunusova Zərnişan, Dəmirova Sara, Abdullayeva Yasəmən, Əsgərova Nərgiz və digərləri də çox mehriban, istiqanlı, etibarlı dostlar olublar.

Polad kənd məktəbində oxuyarkən həmin kənddən və qonşu Haqqıxlı kəndindən olan uşaqlar da bizə qoşuldu. Eyni zamanda Salahda mənimlə eyni sinifdə oxuyan bəzi şagird yoldaşlarım təhsillərini davam etdirmədilər. Poladda bir sinifdə oxuduğum şagird yoldaşlarımı da yaxşı xatırlayıram: Amalya, Sara, Sima, Emin, Əziz, Rza, Temza, Sərhəd və Gülbahar. Bir neçə il bundan əvvəl onlarla görüşüb xeyli söhbət etdik.

- Tələbəllik illəri, o mühit, tələbə yoldaşlarınız - onlarla əlaqəniz indidə varmı? Riyaziyyat elmlərin şahı adlandrılır və siz də riyaziyyatçısız. Niyə məhz riyaziyyat? Bu sahəni seçməyinizin səbəbi nə idi?

- Tələbəlik illəri də həyatımın ayrılmaz hissəsidir. O illər yalnız bilik qazandığımız dövr deyildi; birlikdə düşünməyi, mübahisə etməyi, çətinlikləri bölüşməyi də öyrənirdik. Tələbə yoldaşlarımla bağlı çox xatirələrim var. İllər keçdikcə həyat hər kəsi bir istiqamətə aparır, görüşlər seyrəkləşir. Amma bir araya gələndə söhbətimiz yenə tələbəlik illərindən başlayır. 1964-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul oldum. Riyaziyyat fakültəsinin Azərbaycan bölməsinə 50 nəfər qəbul olunmuşdu. Biz iki qrupda (A və B) qruplarında dərslərimizi davam etdirirdik. Mən B qrupunun sinif nümayəndəsi idim. Onu da qeyd edim ki, tələbəliyimin birinci iki ilini yataqxanada yaşamışam.

5 il bir qrupda oxuduğum tələbə yoldaşlarımı da yaxşı xatırlayıram: Veysov İsa, Çələbiyeva Natella, Məmmədov Əkbər, Səfərov Ənvər, Vəliyev Mübariz, Sadıqova Ofelya, Dadaşova Esmira, Səfərov Əli, Səmini Zərifə, Bəkirov Ənvər, Məmmədova Nəhayət, Abbasova Sona, Əliyeva Dilarə, Hacıyev Səlahəddin, Şükürov Eldar, Məmmədov Seyfəddin, Pirəliyev Səfərəli, Xudaverdiyev Bayram, Bağırov Məhəmməd, Əsgərova Sevil, Bağırov Ənvər, Rzayeva Məryəm, İsəzadə İsmət. Sualın tələbə yoldaşlarımla bağlı hissəsinə cavab olaraq bir maraqlı məqamı deyim ki, 2009-cu ildə tələbə yoldaşlarımızla universiteti bitirməyimizin 40 illik yubileyini qeyd etdik.

Orta məktəbi bitirəndə hansı ixtisas üzrə ali təhsil almaq məsələm yarananda, atam həkim olmağımı, Mürsəl müəllim isə riyaziyyatçı olmağımı istəyirdi. Bəlkə də ilk dəfə idi ki, atam dediyi sözün üstündən keçib mənim riyaziyyatçı olmağıma razılaşmışdı. Bu, Mürsəl müəllimin el-obada böyük nüfuzunun, onun atamın yanında çox hörmətli olmasının aydın göstəricisi idi.

Riyaziyyatı isə düşünməyi sevdiyim üçün seçdim. Məni bu elmdə ən çox cəlb edən məsələ cavabı hazır qəbul etməmək, onun niyə doğru olduğunu anlamaq idi. Riyaziyyat insana məntiqi düşünməyi, səbirli olmağı və çətin məsələ qarşısında ruhdan düşməməyi öyrədir. Sonralar gördüm ki, bu keyfiyyətlər yalnız elmdə deyil, həyatın başqa sahələrində də insana kömək edir.

Açığını deyim ki, beşillik tələbə həyatım çox qapalı keçdi. Bu illər ərzində əsas işim oxumaq, öyrənmək, mütaliə etmək, imtahanları uğurla vermək, məndən sonra ali məktəblərə daxil olmağa gələn qardaş-bacılarıma və yaxın qohumlarıma köməklik göstərməkdən ibarət olmuşdur. Bu beş il ərzində eyni zamanda Azərbaycan riyaziyyat məktəbinin görkəmli nümayəndələri: Akademik Əşrəf Hüseynov, AMEA-nın müxbir üzvləri Maqsud Cavadov, Qoşqar Əhmədov və Yəhya Məmmədov, professorlar Rüstəm Sultanov, Hüseyn Çəndirov, Karlen Xudaverdiyev, Kazım Həsənov, Məmməd Yaqubov, Arif İsmayılov, Maarif Əkbərov, Əlifəttah Şahbazov, Tamilla Nəsirova, dosentlər Soltan Zeynalov, Şəmməd İbrahimov, Adil Sultanovdan dərs aldım.

Üstündən 60 ilə yaxın vaxt keçsə də, 1969-cu ilin yazında universitetin 50 illik yubileyi keçirilərkən rektor, görkəmli elm və təhsil xadimi, professor Mehdi Əliyevin mənə universiteti bitirməyim haqqında fərqlənmə diplomunu təqdim etməsi ən xoş xatirə kimi hələ də yaddaşımdadır.

- Gənclik illərində seçdiyiniz yolun sizi daha sonra olduğunuz yerlərə gətirəcəyini təsəvvür edirdiniz?

- Çətin sualdır. Həyatı dəqiq proqnozlaşdırmaq mümkün deyil, bunu hamı bilir. Əlbəttə, insanın arzuları olur, xəyalları olur, ancaq mən nazir olacağımı heç vaxt təsəvvür etməmişəm. Uşaq vaxtlarımda müəllim olmaq, özü də Polad kənd məktəbinin riyaziyyat müəllimi Mürsəl Budaqov kimi müəllim olmaq istəmişəm, universitetdə gördüyüm alimlərlə rastlaşanda onlar kimi bilikli, hörmətli, ləyaqətli və xeyirxah olmağı arzulamışam, bunu etiraf edə bilərəm. Bu da çox güman ki, uşaqlıq və gənclik illərinin "ideallaşdırma" prinsipi ilə bağlıdır. Bir neçə dəfə dediyim bir fikri yenə təkrar edim ki, əgər Cumayıl Mərdanovun ailəsində doğulmasaydım, anam Mələk xanım, nənəm Həvva xanım, həyat yoldaşım Klara xanım olmasaydı, orta məktəbdə Mürsəl müəllimlər, universitetdə Maqsud Cavadovlar, Əşrəf Hüseynovlar, Qoşqar Əhmədovlar qarşıma çıxmasaydı, həyatımın sonrakı mərhələlərində baş verən onlarla "uğurlu təsadüf"lə rastlaşmasaydım, mən bugünkü qədər tanınmayacaqdım. Məsələn, əgər SSRİ dağılmasaydı və biz müstəqillik qazanıb dövlət dilini Azərbaycan dili elan etməsəydik, sevmədiyim, ona görə də yaxşı bilmədiyim rus dilinin hakim olduğu Sovet dövründə nə rektor ola bilərdim, nə də nazir...

Təsadüflər də öz yerində, xeyirxah insanlar da, heç kəsin inkar edə bilmədiyi tale də, qismət də... Ancaq istəyirəm, gənclərimiz də bilsinlər ki, vaxtı düzgün bölmək, ondan səmərəli istifadə etmək elə-belə şablon ifadələr deyil. "Səndən hərəkət, məndən bərəkət" sözləri də çox müdrikcəsinə deyilib. Uca Tanrı insanları gördükləri əməllərə, çəkdikləri zəhmətə, onun bəşəriyyətə ən böyük və geri qayıtmaz, bərpa olunmaz nemət kimi bəxş etdiyi zamanın qədrini necə bildiklərinə uyğun mükafatlandırır. Bu həqiqəti həyatım boyu çox müşahidə etmişəm və ona tam əminəm!

- Ömür yolunuzu uzun illərdir həyat yoldaşınızla bərabər addımlayırsınız. Onunla necə tanış olmusunuz?

- 1971-ci ilin yazında atam həmişə olduğu kimi Bakıya bizə baş çəkməyə gəlmişdi. Biz ikimiz olanda birdən dedi ki, ay oğul, artıq vaxtın çatıb, evlənməlisən, şükür Allaha, evin də var, əgər istədiyin biri varsa, de, yoxsa mənim təklifim var. Mən o zaman aspiranturanın son kursunda idim, 25 yaşım vardı, universitetdə müəllim işləyirdim. Atama olan böyük hörmətim onun sözünü yerə salmağa, sualını cavabsız qoymağa imkan vermirdi. Eyni zamanda düşünürdüm ki, müdrik atam mənim gələcəyimin yaxşı olmasını hamıdan çox istəyir və yəqin ki, bu barədə anamla da məsləhətləşib. O, mənim susduğumu görüb dedi ki, ay oğul, mən sənə təsadüfi adam təklif etmərəm, mənim nəzərdə tutduğum qız öz kəndlimiz Salmanın qızıdır, Paşalar Musasının nəvəsidir, kəndimizdə tibb bacısı işləyir, gözümüzün qarşısında böyüyüb, özün də onu görmüsən. Atamın təklif etdiyi qızı kənddə bir dəfə görmüşdüm. Başımı aşağı salıb heç nə demədim, bununla da atamla söhbətimiz bitdi. 1971-ci il may ayının 9-da Bakıda, 8-ci kilometr qəsəbəsində yaşadığımız kiçik evdə toy məclisi təşkil olundu.

- Sizcə, insanın böyük uğurlar qazanmasında ailənin, xüsusilə həyat yoldaşının mənəvi dəstəyi nə qədər əhəmiyyətlidir? Həyat yoldaşınızın sizin uğurlarınızdakı rolunu necə qiymətləndirirsiniz?

- İnsanın qazandığı uğurların arxasında çox vaxt yaxınlarının görünməyən əməyi dayanır. Mənim həyat yoldaşımın dəstəyi də həyatımda mühüm yer tutub. İşimin çox vaxt və diqqət tələb etdiyi illərdə ailəmizin qayğılarını bölüşməsi, mənə anlayış və mənəvi dayaq göstərməsi böyük kömək olub.

İnsan evində anlayış və etimad görəndə çətin qərarlar qarşısında özünü daha güclü hiss edir. Ona görə də əldə etdiyim nailiyyətlərdən danışarkən vəfalı həyat yoldaşımın səbrini və dəstəyini həmişə minnətdarlıqla xatırlayıram. Əlbəttə, bu yolda onun da böyük payı var.

- Rektor olduğunuz illərə qayıdaq. İki ilə yaxın Bakı Dövlət Universitetinin rektoru olmusunuz. Sizcə, tələbələr sizi necə xatırlayır: rektor kimi, alim kimi, yoxsa onların yanında olan Misir müəllim kimi?

- Bu suala ən doğru cavabı həmin dövrün tələbələri verə bilərlər. Mən isə istərdim ki, tələbələr məni, ilk növbədə, onları diqqətlə dinləyən və uğurlarına sevinən Misir müəllim kimi xatırlasınlar. Mən BDU-ya Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında rektor təyin olunmuşdum. Rektor kimi vəzifəm universitetin inkişafı üçün çalışmaq idi, alim kimi elmə töhfə verməyə çalışırdım. Amma illər sonra bir məzunun yaxınlaşıb tələbəlik dövründən hansısa söhbətimizi xatırlaması mənim üçün xüsusi dəyər daşıyır. Bu, göstərir ki, universitetdə görülən işlərlə yanaşı, insani münasibətlər daha çox yadda qalır.

- Keçmiş təhsil naziri kimi fəaliyyətinizə münasibət bu gün də fərqlidir. Sizin işinizi çox müsbət qiymətləndirənlər çoxdur. Eyni zamanda, "gərək zamanında bunu edəydi" kimi fikirlərlə də qarşılaşırıq. Sizcə, bu fərqli yanaşmaların əsas səbəbi nədir?

- Təhsil milyonlarla insanın həyatına toxunan sahədir. Ona görə də bu sahədə görülən işlərə münasibətin fərqli olması təbiidir. Kimsə həmin illərdə onun probleminin həll olunduğunu xatırlayır, kimsə isə gözlədiyi dəyişikliyin daha tez baş verməsini istəyirdi. Mən hər iki münasibətə hörmətlə yanaşıram.

Xoş söz deyən insanlara minnətdaram. "Gərək bunu o vaxt edəydi" deyənləri də anlayıram. Nazir işlədiyim dövrdə bütün məsələləri istədiyimiz sürətlə həll edə bilmədik. Bəzi qərarlar üçün vaxt, imkan və hazırlıq lazım idi; bəzi məsələlərdə isə daha çevik davranmaq olardı. Geriyə baxanda əsas olan yalnız görülən işləri sadalamaq deyil, çatışmazlıqları da görmək və onlardan nəticə çıxarmaqdır. Təhsilə səmimi münasibət məhz bunu tələb edir.

- Bu gün geriyə baxanda "kaş bunu başqa cür edərdim" dediyiniz bir məqam varmı?

- Əlbəttə, uzun bir ömür və məsuliyyətli iş illəri arxada qalanda insan bəzi qərarlarına yenidən baxır. Elə məqamlar olub ki, düşünmüşəm: kaş bir məsələyə daha çox vaxt ayıraydım, insanları bir qədər də diqqətlə dinləyəydim, hansısa işi daha tez görəydim. Amma o dövrün qərarlarını bugünkü bilik və təcrübə ilə mühakimə etmək də asandır. Mən həmişə səhvlərimi inkar etmədən onlardan nəticə çıxarmağa çalışmışam. Əsas odur ki, hər zaman vicdanla çalışmışam və gördüyüm işlərin insanlara fayda verməsini istəmişəm.

- Siz həmişə mətbuata açıq insan olmusunuz. Nazir işlədiyiniz dönəmdə heç vaxt jurnalistlərin suallarını cavabsız qoymurdunuz. Nazirlikdən ayrıldıqdan sonra da insanların sizi sadə və səmimi Misir müəllim kimi xatırlaması sizin üçün nə deməkdir?

- Bu sözləri eşitmək mənim üçün çox dəyərlidir. Nazir işlədiyim illərdə jurnalistlərin suallarını cavablandırmağı və ictimaiyyətə gördüyümüz işlər barədə məlumat verməyi məsuliyyətimin bir hissəsi sayırdım. Çalışırdım ki, sual nə qədər çətin olsa da, onu diqqətlə dinləyim və bildiyim qədər doğru cavab verim.

Vəzifədən ayrıldıqdan sonra insanların məni yenə də "sadə və səmimi Misir müəllim" kimi xatırlaması mənə göstərilən böyük etimaddır. Vəzifələr zamanla dəyişir, amma insanlarla qurduğun münasibət yadda qalır. Mənim üçün ən qiymətlisi də budur.

- Sizcə, jurnalistlə dövlət məmuru arasında sağlam münasibətin əsas şərti nədir - qarşılıqlı hörmət, etimad, yoxsa açıq danışmaq?

- Məncə, bunları bir-birindən ayırmaq çətindir. Qarşılıqlı hörmət münasibətin təməlidir, açıq danışmaq etimad yaradır. Jurnalistin vəzifəsi cəmiyyəti maraqlandıran sualları verməkdir; dövlət məmuru da bu suallara imkan daxilində aydın və dürüst cavab verməlidir. Tənqidi sualdan incimək yox, onun arxasında duran məsələni anlamağa çalışmaq lazımdır. Jurnalist də aldığı məlumatı dəqiqləşdirərək ictimaiyyətə çatdırmalıdır. Hər iki tərəf öz məsuliyyətini dərk edəndə sağlam münasibət yaranır.

- Siz uzun illər Azərbaycan təhsil sisteminin içində olmusunuz və onun müxtəlif mərhələlərinə şahidlik etmisiniz. Bu gün Azərbaycan təhsilinə baxanda sizi ən çox sevindirən və ən çox düşündürən məsələ nədir?

- Məni ən çox sevindirən gənclərimizin öyrənmək, dünyada baş verən yenilikləri izləmək və özlərini inkişaf etdirmək istəyidir. Müəllimlərimizin arasında da böyük fədakarlıqla çalışan, şagirdinin uğurunu öz uğuru sayan insanlar çoxdur. Təhsilin gələcəyinə inamımı məhz onlar gücləndirir.

Məni ən çox düşündürən isə hər bir uşağın, harada yaşamasından asılı olmayaraq, keyfiyyətli təhsil almaq imkanının olmasıdır. Təhsildə uğuru yalnız yüksək nəticə göstərənlərlə ölçə bilmərik. Əsas vəzifəmiz hər bir şagirdin potensialını üzə çıxarmaq, ona düşünməyi, öyrənməyi və həyatda öz yolunu tapmağı öyrətməkdir. Bunun üçün müəllimin nüfuzuna, hazırlığına və məktəblər arasındakı imkan fərqlərinin azaldılmasına daim diqqət yetirməliyik.

- İnsan üçün vəzifə böyük məsuliyyət olduğu qədər, həm də müəyyən münasibətlər yaradır. Bəs vəzifədən ayrıldıqdan sonra ətrafınızdakı insanların, dostlarınızın və yaxınlarınızın sizə münasibətində hər hansı dəyişiklik hiss etdinizmi? O illər sizə insanlar haqqında nə öyrətdi?

- Əlbəttə, vəzifədən ayrıldıqdan sonra insan bəzi münasibətlərin dəyişdiyini hiss edir. Vəzifədə olanda çevrəniz geniş görünür, müraciət edənlərin, görüşmək istəyənlərin sayı çox olur. Sonra anlayırsınız ki, onların bir qismi sizinlə, bir qismi isə tutduğunuz vəzifə ilə ünsiyyətdə imiş. Bunu həyatın təbii tərəfi kimi qəbul edirəm, heç kimdən inciklik saxlamıram.

Məni sevindirən odur ki, illər keçsə də, səmimi münasibət qurduğum insanlar yanımdadır. O dövr mənə insanları sözlərinə görə deyil, çətin və adi günlərdə göstərdikləri münasibətə görə tanımağı öyrətdi. Bir də öyrətdi ki, vəzifə müvəqqətidir, insanlara göstərdiyin hörmət və qazandığın etimad isə səninlə qalır.

- Misir müəllim sadəliyi, səmimiliyi, əlçatanlığı ilə hər zaman seçilib. Nazir işlədiyiniz dönəmlərdə belə sadə insanlar arasında, onlarla ünsiyyətdə idiniz. İnsanların sizinlə ünsiyyətinə hər zaman şərait yaratmısınız. Məhz bu səbəbdən də haqqınızda "Misir müəllim səmimi, insan adamdır" fikirləri tez-tez səsləndirilir.

- İnsanların mənim haqqımda belə düşünməsi mənim üçün çox qiymətlidir. Buna görə onlara təşəkkür edirəm. Hansı vəzifədə çalışmağımdan asılı olmayaraq, insanlarla ünsiyyətdə səmimi olmağa, onları dinləməyə və müraciətlərinə diqqətlə yanaşmağa çalışmışam. Nazir işlədiyim illərdə də qapımı döyən insanın dərdini, qayğısını eşitməyi vəzifəmin bir hissəsi hesab edirdim. Hər kəsin problemini həll etmək mümkün olmaya bilərdi, amma heç kimin özünü diqqətdən kənarda hiss etməməsi mənim üçün vacib idi. Əgər insanlar məni "insan adam" kimi xatırlayırlarsa, bunu ən böyük mənəvi dəyərlərimdən biri sayıram.

- İnsanlar sizi alim, professor, rəhbər kimi tanıyırlar. Bəs Misir müəllim özü özünü necə xarakterizə edərdi?

- Özümü, ilk növbədə, müəllim hesab edirəm. Alim və rəhbər kimi fəaliyyətimdə də mənim üçün əsas olan öyrənmək, bildiklərimi bölüşmək və insanlara faydalı olmaqdır. Həyatda hər şeyi bildiyimi düşünməmişəm; bu gün də öyrənməyə ehtiyac duyuram. Çalışmışam ki, işimə məsuliyyətlə yanaşım, insanları dinləyim və mənə göstərilən etimadı doğruldum. Özümü qısa xarakterizə etməli olsam, deyərdim: öyrənməyi və öyrətməyi sevən bir insanam.

- Bu gün siz 80 yaşınızda da aktiv elmi və ictimai fəaliyyətlə məşğulsunuz. Maraqlıdır, gündəlik həyatınızda əməl etdiyiniz xüsusi rutinlər var?

- Bəli, illər ərzində formalaşmış bir iş rejimim var. Günümü planlaşdırmağa, vaxtımı səmərəli bölməyə çalışıram. Hər gün mütaliəyə, elmi yenilikləri və dünyada baş verən hadisələri izləməyə və üzərində işlədiyim digər məsələlərə vaxt ayırıram. Həmkarlarla, xüsusən də gənc tədqiqatçılarla fikir mübadiləsi mənə həmişə enerji verir. Eyni zamanda, ailəmlə ünsiyyətə və istirahətə də vaxt tapmağa çalışıram. Düşünürəm ki, insanın daim fəal və inkişafyönümlü qalmasını təmin edən əsas vərdiş hər gün qarşısına konkret məqsədlər qoyması və günün sonunda həmin məqsədlərin icra səviyyəsini obyektiv şəkildə qiymətləndirməsidir.

- 80 yaş insan üçün nə deməkdir - bir hesabat, yeni başlanğıc, yoxsa sadəcə bir rəqəm?

- Mənim üçün 80 yaş sadəcə bir rəqəm deyil. Bu, geriyə baxıb gördüyün işləri, verdiyin qərarları və insanlarla qurduğun münasibətləri dəyərləndirmək üçün bir fürsətdir. Əlbəttə, insan bu yaşda özünə müəyyən mənada hesabat verir. Amma nə qədər ki, öyrənmək, işləmək və faydalı olmaq arzusu var, qarşıdakı illərə də ümidlə baxır.

- İnsan ömür boyu arzularla yaşayır. Bu gün həyata keçməsini ən çox istədiyiniz arzu nədir?

- İnsan yaşa dolduqca arzuları da dəyişir. Cəmi beş-altı il bundan əvvəl soruşulsaydı, xalqımızın əksər nümayəndələri kimi doğma torpaqlarımızın düşmən tapdağından azad olunması, suverenliyimizin bərpa olunması barədə arzunun öndə olduğunu vurğulayardım. Şükür olsun ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mühüm arzumuz gerçəkləşmişdir.

Bu gün isə ən böyük arzum Azərbaycanın daim inkişaf edən, güclü və firavan bir ölkə kimi gələcəyə inamla addımlaması, gənclərimizin yüksək səviyyədə təhsil alması, öz potensial və istedadlarını reallaşdıraraq ölkəmizin inkişafına töhfə verməsidir.

Ömrünü elmə və təhsilə həsr etmiş bir insan kimi düşünürəm ki, ölkənin gələcəyi ilk növbədə savadlı, düşünən, yaradıcı və vətəninə bağlı gənclərin yetişdirilməsindən keçir. Arzum budur ki, gənclərimiz yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif elm və təhsil platformalarında da öz sözlərini desin, Azərbaycan elmini, mədəniyyətini və intellektual potensialını layiqincə təmsil etsinlər.

Ən böyük arzularımdan biri də budur ki, Azərbaycan həm iqtisadi və sosial inkişafı, həm də elm, təhsil, mədəniyyət və innovasiya sahəsində əldə etdiyi uğurları ilə beynəlxalq arenada daha geniş tanınan və hörmət edilən ölkələrdən biri olsun. Bunun üçün hər birimizin öz sahəsində vicdanla, məsuliyyətlə və sevgi ilə çalışmasının vacib olduğuna inanıram. Çünki mənim üçün ölkənin ən böyük sərvəti onun insanları, ən böyük gücü isə savadlı, vətənpərvər və gələcəyə inamla baxan gəncləridir. Onların uğurlarını və Azərbaycanın daim inkişafını görmək mənim üçün həyata keçmiş ən böyük arzulardan biri olar.

- Əgər bu gün həyatınız haqqında bir cümlə yazmalı olsaydınız, həmin cümlə necə olardı?

- Bu günlərdə 80 yaşım tamam olacaq; geriyə baxanda həyatımın ən böyük mənasını elmə, təhsilə və vətənimə xidmət etməkdə görürəm.

Mənbə: 525.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri