Möhkəm bazaya, güclü etimada əsaslanan əməkdaşlıq
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi
İndiyədək Azərbaycan bir sıra tərəfdaş dövlətlərlə və şirkətlərlə özünün zəngin neft və qaz ehtiyatlarının hasilatı və xarici bazarlara çıxarılması üzrə uğurlu enerji əməkdaşlığı formatları yaratmağa nail olub. Ölkəmiz daim o mövqedən çıxış edir ki, enerji əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanmalı və bundan bütün iştirakçı tərəflər faydalanmalıdırlar.
Möhkəm bazaya və güclü etimada əsaslanan bu əməkdaşlıq hazırda yaşıl enerji seqmenti üzrə də uğurla davam etdirilir. Artıq bu sahədə də güvənli bir beynəlxalq komandanın formalaşdığı fikrini ifadə edə bilərik. Ötən həftə Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib. Energetika Nazirliyindən bildirilib ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə, həmçinin Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və CESI şirkətinin nümayəndələri də iştirak ediblər.
Azərbaycanın enerji diplomatiyasının üçüncü mərhələsi
Prezident İlham Əliyev Azərbaycanın uğurlu enerji diplomatiyasının üç mərhələsini fərqləndirib. Birinci mərhələ neft ehtiyatlarının işlənməsini və xarici bazarlara çıxarılmasını əhatə edir. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açılıb.
Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Hazırda həm “Şahdəniz”dən, həm də digər yataqlardan hasil olunan mavi yanacaq respublikamızın moderatorluğu ilə inşa olunan müasir nəql infrastrukturu - Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 10 ölkəsinə çatdırılır. Beləliklə, Azərbaycan “qoca qitə”nin enerji xəritəsini əsində yenidən formalaşdırıb.
Perspektivdə isə respublikamızın “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq. Belə ki, Azərbaycandan Avropa İttifaqı məkanına həm də böyük həcmlərdə yaşıl enerji ötürüləcək. Azərbaycanın enerji strategiyasının növbəti üçüncü mərhələsi ölkənin zəngin bərpaolunan enerji potensialından istifadə olunmasını özündə ehtiva edir. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Avropa Komissiyasının hazırladığı və hazırda reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. Bu sırada Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliyinin, Birləşmiş Krallığın üç aparıcı enerji şirkətinin fəallığını xüsusi qeyd edə bilərik. Onların investisiya yönəltdiyi stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. “Baxmayaraq ki, biz faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq”, - deyə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında vurğulayıb.
Ortaq maraqlar layihəsi
Avropa İttifaqı məkanına elektrik enerjisinin ixracı Azərbaycanın gündəliyinə nisbətən yeni daxil olan bir məsələdir. Hazırda bununla bağlı əsas müzakirə mövzularından biri ixrac marşrutları ilə bağlıdır. Azərbaycanın enerji sistemini Gürcüstan, Türkiyə və Bolqarıstan üzərindən Aİ məkanı ilə əlaqələndirməyə imkan verən infrastruktur mövcuddur. Burada müəyyən işləri görməklə ölkəmizdən Avropaya elektrik enerjisi ixracının həcmini artırmaq mümkündür. Eyni zamanda, yaşıl enerjinin ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi optimal nəql marşrutu kimi qəbul olunub. Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.
Tərəflər layihənin reallaşdırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Budapeştdə keçirilən iclasda Azərbaycanın bərpaolunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, CESI şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparılır və bu razılaşmalar yaşıl hidrogenin inkişafı ilə bağlı planları da dəstəkləyəcək. Nazir layihənin istehsal və ötürmə komponentləri, eləcə də biznes modelləri, Xəzər dənizinin potensial yaşıl enerji həcmlərinin regionda paylanması ilə bağlı tədqiqatlara dair tövsiyələrini diqqətə çatdırıb. GECO və CESI ilə sıx koordinasiya şəraitində işçi qrupunda iki iş axınının yaradılması təklif edilib: “Birinci axın layihənin iş modellərinə fokuslanaraq potensial investorlar və alıcılarla əlaqə qurulması üçün hazırlıq işlərini apara, ikinci axın isə texniki detalları, ENTSO-E və digər müvafiq qurumların tələblərinə uyğunluğu nəzərdən keçirə bilər”.
Nazir, həmçinin layihənin fiber-optik komponentinin TİƏ ilə bağlı iş həcminə daxil edilməsi üçün də qəti addımların atılmasının vacibliyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Məktub “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinə müvafiq dəstəyi təmin etmək məqsədi daşıyır. Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi üçün 2025-ci ilin 1 aprelindən 9 mayına qədər müvafiq müraciətin ötürücü sistem operatoru kimi “Transelectrica” tərəfindən, ümumi prosesə nəzarətin isə GECO ilə birgə həyata keçirilməsi razılaşdırılıb. Həmçinin Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Birgə Müəssisəyə Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponentlə əlaqədar məsələlərin TİƏ-nin iş həcmində nəzərə alınması üçün müvafiq səlahiyyətlər verilib. İclas çərçivəsində həmçinin Energetika Nazirliyi ilə CESI şirkəti arasındakı müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd imzalanıb.
Mübariz FEYİZLİ

