Molla Pənah Vaqif həqiqəti: şagirdlər və tələbələrlə söhbət
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Akif ABBASOV
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
Vaqif Poeziya Günləri. Şuşa şəhəri ermənilər tərəfindən işğal edilən günə qədər hər il burada təntənəli şəkildə Vaqif Poeziya Günləri keçirilirdi. Erməni faşistləri Şuşada dolaşdıqları illərdə Vaqifin məqbərəsini dağıtmış, Üzeyir Hacıbəylinin, Natəvanın və Bülbülün büstlərini gülləbaran etmişdilər. Uzun illər fasilə oldu.
Nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Şuşanı işğaldan azad etdi.
Düşmən üzərində Zəfər çaldıqdan az sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şuşada yenidən Vaqif Poeziya Günləri təşkil olundu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək dedi: “Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur. Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Ulu öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.
Yenə də hər il Mədəniyyət paytaxtımız olan Şuşada Vaqif Poeziya Günləri keçirilməkdədir. Bu il iyulun 18-də də dövlət və hökumət nümayəndələri, poeziyasevərlər, ölkəmizin məşhur ədəbiyyat, elm və mədəniyyət xadimləri, həmçinin doğma şəhərə köçmüş Şuşa sakinləri bu təntənəli mərasim münasibətilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında toplaşmışdılar.
Molla Pənah Vaqif kimdir? Vaqif məşhur Azərbaycan şairidir. Vaqifin şeirləri - qoşmaları, təcnisləri, qəzəlləri, müxəmməsləri, müstəzadları, müəşşərləri zamanında da, hazırda da sevilə-sevilə oxunur və dillər əzbəridir. Vaqif yazırdı:
Kür qırağının əcəb sеyrəngahı var,
Yaşılbaş sоnası, hayıf ki, yоxdur!
Ucu tər cığalı siyah tеllərin
Hərdən tamaşası, hayıf ki, yоxdur!
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Bеlə gözəl yеrin, gözəl məkanın
Bir gözəl оbası, hayıf ki, yоxdur!
Çоxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dоdaqlı.
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yоxdur!
Ucu əşrəfili, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kələğayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yоxdur!
Vaqif haqdan dilər lütfü kərəmlər,
Bеlə yеrdə qalan, vallah, vərəmlər.
Yеnə yada düşdü bizim sənəmlər.
Gеtməyin binası, hayıf ki, yоxdur!
Vaqif məktəbdar olduğu üçün camaat onu “Molla” deyə adlandırırdı. Bu, şairin savadlı və son dərəcə ziyalı, oturuşunu-duruşunu bilən, şəxsiyyətlərarası münasibətləri gözləyən bir şəxs olması, yüksək təhsil alması, ərəb və fars dillərinə yiyələnməsi, müdrik və uzaqgörən bir siyasətçi olması, bəzi dini və dünyəvi elmlərə bələdliyi ilə bağlı idi. 42 yaşına kimi anadan olduğu Qazaxda yaşamışdı.
Vaqif Mehdi ağanın oğlu idi. 1759-cu il idi. Qazax kəndlərinin sakinləri Qarabağ xanlığına köçmək məcburiyyətində qalmışdılar. Nə üçün? Qazax mahalında və Gürcüstan sərhədlərində tez-tez feodal münaqişələri baş qaldırır, yaşayış çətinləşirdi. Ayaq altında qalmaq olardı. Vaqifin ailəsi yaranmış vəziyyəti nəzərə alaraq, Cavanşir mahalının Tərtərbasar kəndinə köçdülər. Vaqif burada təhsilini davam etdirdi. Daha sonra özü məktəb açdı.
Bir müddət keçdi. Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə gedərək Saatlı məhəlləsində məktəb yaratdı. "Molla Pənah Vaqif ədəbi dilin zənginləşdirilməsində yaddaqalan addımlar atmışdır. O, bir şair kimi xalqın ruhuna güc verir, bir siyasətçi kimi isə xalqın idarə işlərini aparırdı"(Mirzə Adıgözəl bəy).
Molla Pənah görkəmli siyasi və ictimai xadim, Qarabağın sonuncu hökmdarı İbrahimxəlil xanın sarayında baş vəzir (daxili işlər naziri) idi. Əvvəllər isə eşikağası, xarici işlər naziri olmuşdu. O, eyni zamanda Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi dayağı və rəhbəri sayılırdı.
Vaqif İbrahimxəlil xanın və onun övladlarının şəxsi binalarının, hərəmxanalarının, xan sarayının və Şuşa divarlarının tikintisinə nəzarət və rəhbərlik edirdi.
Baş vəzir olduğu vaxtlarda İbrahimxəlil xanın məsləhəti ilə Rusiya ilə diplomatik əlaqələr saxlayırdı. Rusiyaya gedib-gəldiyi də olurdu.
1783-cü ilin martın 18-də İbrahimxəlil xan II Yekaterinaya məktub göndərərək onun Rusiyanın himayəsinə qəbul olunmasını xahiş etdi. II Yekaterina Q.A. Petyomkinə bildirdi ki, İbrahimxəlil xan xərac ödəyəcəyi təqdirdə onun hakimiyyəti saxlanacaq və hətta Rusiyanın himayəsinə qəbul edilə biləcək.
Çar II Yekaterina ona daş-qaşla bəzədilmiş əsa da bağışlamışdı.
"Vaqif ağıllı və təcrübəli vəzir kimi böyük şöhrət və xalqın rəğbətini qazanmışdır. (Mirzə Camal Cavanşir Qarabaği)
Akademik N. Cəfərov yazır: “Vaqifin Rusiyaya “meyli” bütün hallarda diplomatik xarakter daşımaqla, həmişə Qarabağ xalqının (və müəyyən mənada Azərbaycanın) müstəqilliyini qorumağa xidmət etmişdir”.
Molla Pənah Vaqifin faciəli şəkildə öldürülməsi. Ağa Məhəmməd şah Qacar bir neçə dəfə Şuşaya qoşun çəkmişdi. Bəzi mənbələrdə göstərildiyinin əksi olaraq, əslində şahın məqsədi Şuşanı tutmaq olmayıb. Qarabağ xanlığının Rusiyaya meylliliyi, Rusiyanın himayəsinə keçmək niyyəti onu hiddətləndirmişdi. Səbəbkarları cəzalandırmaq, Qarabağa yiyə durmaq, Rusiyanın gözünü bu torpaqlardan çəkməsini istəyirdi.
Ağa Məhəmməd şah Qacar 1797-ci ilin baharında ordunun başında Qarabağa doğru hərəkət etdi. Yaranmış vəziyyətdən ehtiyatlanan İbrahimxəlil xan bir qisim tərəfdarlarının müşayiəti ilə Qarabağı tərk etdi.
Şuşaya daxil olan Qacar onun yaxın adamlarını, o cümlədən Molla Pənah Vaqifi və oğlunu həbsə alır. Lakin Ağa Məhəmməd xan gecə ikən yatağında öz adamları - Abbas bəy və Səfaralı tərəfindən qətlə yetirilir. Bunu görən Qacar ordusu geriyə - İrana yola düşür. Qarabağ xanlığının taxtında Məhəmməd bəy Cavanşir əyləşir. O, zindana salınanları, o cümlədən Vaqifi və onun oğlunu həbsdən azad edir. Lakin eşidəndə ki, Vaqif xəlvəti məktub yazaraq İbrahim Xəlil xanı Qarabağ taxtına dəvət edir, bərk qəzəblənir. Bunu və Vaqifin vaxtilə rusların tərəfində olmasını əsas götürərək onunla oğlunun qətlinə fərman verir. Ata və oğul Xəzinə qayasından atılaraq edam olunurlar.
Şəmistan Nəzirlinin dedikləri:
“İbrahimxəlil xan 3 aydan sonra Balakəndən qayıtdı. Şuşa əhalisi və ətraf kəndlərdən axışıb gələn camaat xanın pişvazına çıxmışdı. Hamı sevinc və şadlıqla qaladan enib Əsgəran yoluna gəlmişdi. Bəylər, ağalar tüfəng atır, qılınc oynadırdı. Qarabağın səmənd kəhəri üstündə şahanə oturan İbrahimxəlil xan yan-yörəsində baş əyənləri salamlayırdı. Cilov gəmirən xanın atı fınxıra-fınxıra irəliləyir, arabir də başını qaldırıb, Şuşa tərəfə baxır, kəsik-kəsik kişnəyirdi. Bu şadyanalığı, sevinən xalqı görən İbrahimxəlil xan da kövrəlmişdi. Arabir sağ əli ilə atın yalmanını, boynunu sığallayıb deyirdi:
- Hə, Maral, deyəsən, ovlaqlarını görüb tanıdın. Tələsmə, vətənə çatmışıq...
Gəncə qapısını keçən kimi xanın böyük oğlu Məmmədhəsən ağa nökərinə əmr elədi ki, qoy, çal-çağırı, oxumağı yığışdırsınlar. Ağam əvvəlcə Vaqifin məzarını ziyarət edəcək, sonra sarayına gedəcək.
İbrahimxəlil xan Molla Pənah Vaqifin məzarı üstə gəlib, astadan “Yasin” oxumağa başladı. Birdən dayandı, qəhər onu boğurdu. Həyəcandan boğazı qurumuşdu. Sonra surəni tamamlayıb dedi:
- Bizdən sənin pak ruhuna fatihələr, rəhmətlər. Unudulmaz xatirən ki, qəlb dolusu hörmətlər. Dünyanın işinə bax. Mən kimin üçün, nə oxuyuram. 30 il sadiq dost, qardaş kimi qulluğumda duran, sarayımın ən möhkəm dayağı, yaraşığı dəryayi-alim Axund Molla Pənah... Axı, mən yaşda ondan böyüyəm... Zırrama Məmməd bəyə nə deyəsən… Qılıncla vurub, başını ayağının altına atasan…Heyf, bizi külli-Qarabağın sevimli şairindən məhrum etdi”.
Məhəmmədhəsən ağa atasına bir az da yaxın gəlib dedi:
- Namərd belə bir ağıllı, müdrik şəx-siyyəti öldürməklə bizim saf Cavanşirlər nəslimizə ömürlük ləkə vurdu.
Xan kövrək səslə:
- Heyif ki, bizim nəsildəndir, amma bizə oxşamadı. Allah bəlasın versin...”
Məhəmməd bəy Cavanşir kimdir? Adı Məhəmmədqulu olsa da, Məhəmməd bəy (1762–1797) deyə çağırılırdı. Mehrəli bəyin oğlu, Pənah xanın nəvəsi, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşirin ulu babasıydı. Qarabağ xanlığının adlı-sanlı sərkərdəsiydi.
Məhəmmədqulu bəy Şuşa şəhərində dünyaya gəlmiş, saray təhsili almışdı. O, 1795-ci ildə qardaşı Əsəd bəylə bərabər Ağaməhəmməd xan Qovanlı-Qacara əsir düşmüş, lakin İbrahimxəlil xanın sayəsində qurtulmuşdu.
Məhəmməd bəy xanlığa sədaqətli idisə də, əmisi İbrahimxəlil xan Cavanşir heç sevmirdi. Bu, iki səbəbdən irəli gəlirdi.
Birincisi, İbrahimxəlil xan öz qızını ona deyil, İran şahı Fətəli xana ərə vermişdi. Halbuki Məhəmməd bəy və Ağabəyim ağa bir-birlərini sonsuz məhəbbətlə sevirdi.
İkincisi, İbrahimxəlil xan öz qardaşı arvadını, Məhəmməd bəyin anasını özünə arvad eləmək fikrinə düşmüşdü. Qadın da bu izdivaca razılıq vermişdi. Bundan hiddətlənən Məhəmməd bəy “Atam Mehrəli bəyin bir yastığa baş qoyduğu xanım heç kimin arvadı ola bilməz”,- deyərək belə sevdaya düşdüyünə görə öz anasını xəncərlə doğramışdı.
Qardaşı arvadını yatağında gözləyən İbrahimxəlil xan eşitdiyi xəbərdən şoka düşür. Məhəmməd bəyi öldürmək istəyir. Lakin onu başa salırlar ki, Məhəmməd bəy xanlığın sütunlarından biridir. Bunu bildiyindən İbrahimxəlil xan da acığını udmalı olur. Lakin onlar arasında gizli düşmənçilik baş qaldırır.
Məhəmməd bəydə Qarabağ taxt-tacına yiyələnmək hərisliyi vardı. Hətta 1797-ci ildə, İbrahimxəlil xan Qarabağ taxtını yiyəsiz qoyub getdiyi ərəfədə qısa müddətə də olsa hakimiyyəti ələ almışdı.
Məmməd bəy Cavanşir Qarabağda Batmanqılınc ləqəbi ilə məşhur idi. Niyə Batmanqılınc?
O, gəzdirdiyi, döyüşdə məharətlə faydalandığı qılıncın ağırlığına görə “Batmanqılınc” ləqəbi daşıyırdı. Döyüş meydanında qalxan götürməz, iki qılıncla vuruşardı. İbrahim xanım hakimiyyəti illərində Qarabağ qoşunlarının sərkərdəsi (müdafiə naziri) olmuşdu. Qılıncları çox ağır idi, hərəsi bir batman gələrdi. Odur camaat xalq arasında o, Batmanqılınc çağırılardı. Gənclik illərində pəhləvanlıq edərdi. Onun Şuşada Zorxanası vardı. Burda idmanla, güləşlə məşğul olar, ağırlıq qaldırırdı.
Məhəmməd bəy 14 yaşında olarkən atası Mehrəli bəy Şirvan xanı Ağası xan tərəfindən öldürülmüşdür (1785). O, atasının ölümündən çox təsirlənir və Şamaxıya hücum edir. Döyüşdə Ağası xanın beş oğlunu öldürərək atasının qisasını alır. Ağası xanın canına isə qəsd etmir. Onun gözlərini çıxartdırır. Sonra üzünü ona tutaraq deyir: “Mən atasızlıqdan çox əziyyət çəkmişəm. İndi növbə sənindir. Sən də övladlarının acısını çək!”
Məhəmməd bəy cavan yaşlarında dünyasını dəyişir. Nə üçün? Bu, səbəbsiz deyildir. O öz əcəli ilə ölmür, atası kimi o da xəyanət qurban olur.
1797-ci ildə Şəki xanı Məhəmməd bəy Cavanşiri Şəkiyə qonaq çağırır. Dəvətdən boyun qaçırmayan Məhəmməd bəy Şəkiyə yola düşür. Məhəmməd bəy bu səfərə getməyə də bilərdi. Fəqət çağırış şirnikləndirci olur. Şəki xanı ona belə bir xəbər göndərir:
- Mən qocalmışam. Qızımı sənə verib Şəki xanlığını da idarə etməyi sənə tapşırmaq istəyirəm
Lakin, sən demə, bu çağırış bir kələk imiş. Məhəmməd bəyi tora salmaq istəyirlərmiş. Qonaqlıq vaxtı onun yerməyinə bihuşdar qatırlar. Onun özündə-sözündə olmadığını, dərin yuxuya getdiyini görüb əl-qollarını, ayaqlarını zəncirlə bağlayıb Şamaxıya - II Şamaxı xanı Mustafa xan Xançobanlıya hədiyyə aparırlar.
Mustafa xan Xançobanlı kimdir? Mustafa xan Şirvan xanı Ağası xanın övladı idi. 1792-ci ildə hakimiyyətə gəlmiş, 1820-ci ilədək Şirvan xanı olmuş, 1844-cü ildə dünyasını dəyişmişdi.
Mustafa xan Xançobanlı gətirilən qənimətdən çox razı qalır. O, atası Ağası xanın, qardaşlarının və əmilərinin intiqamını Məhəmməd bəy Cavanşirdən alır. İlk növbədə onun iki gözünü çıxartdırır, sonra da tikə-tikə doğratdırır.
Ümumtəhsil məktəblərində, orta ixtisas və ali təhsil müəssisələrində ədəbiyyat və Azərbaycan tarixi dərslərində, mühazirə və seminar məşğələlərində haqqında bəhs edilənlərin üzərində dayanmaq məqsədəuyğun olardı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 08 Dekabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















