Müasir Azərbaycanın sosial ədalət modeli
Ses qazeti-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır Müasir Azərbaycanın sosial ədalət modeli.
Sivil bir dünyada yaşamış olsaq da, sosial ədalət prinsipinə bir çox ölkələrdə əməl olunmur və dünyanın bir qismi üçün bu əlçatmazdır. Sosial ədalət cəmiyyətin əsas göstəricisidir. Hansı cəmiyyətdə sosial ədalət mövcudursa, o cəmiyyətdə insan amilinə diqqət və qayğı da böyükdür. Demokratik dəyərlərə malik, mütərəqqi dövlətlərdə buna təsadüf olunur. Hüquq bərabərliyinin və insan hüquqlarının pozulması cəmiyyətdə xoşagəlməz hallarla insanları üz-üzə qoymuş olur.
20 Fevral dünya Sosial Ədalət gününü qeyd edir. Milyonlarla insanların qeyd etdiyi bu gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır. Əlbəttə ki, dünyanın bir parçası olan Azərbaycanda da sosial Ədalət günü qeyd olunur. Müasir dünyamızda Azərbaycan dünyanın çağırışlarına yüksək səviyyədə cavab verir. Sosial ədalətə nail olmaqda ölkəmizdə həyata keçirilən islahatları qeyd etməliyik. Həyatımızın bütün siferaların əhatə edən islahatlar öz nəticəsin verib və bu davamlıdır. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub.
Ölkəmizdə son 21 il ərzində bütün sahələrdə olduğu kimi, sosial sahədə də sistemli və kompleks islahatların həyata keçirilməsi təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamı dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Bütün pensiyalar isə 8,1 faiz indeksləşdirilməklə artırılib.
"AZƏRBAYCAN SOSİAL DÖVLƏTDİR VƏ BİZ BUNU SÖZLƏ YOX, ƏMƏLİMİZLƏ TƏSDİQLƏYİRİK"
Təbii ki, Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün bir modeldir. Sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Ölkəmizdə sosial ədalətin təminatı istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkəmizin davamlı inkişafının təmin olunmasında həlledici rol oynayır. Uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Bu günə qədər reallaşan dövlət proqramları böyük uğurla icra olunub. Görülən işlər əhalinin rifahının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və s. səbəb olub. Sözsüz ki, dövlət proqramlarının icrası məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir. Əhalinin sosial müdafiəsi sahəsində bir sıra uğurlu layihələr icra edilir. Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu sahəyə böyük önəm verilir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Belə ki, inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağı gəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Dövlətin 2030-cu ilədək həyata keçirəcəyi iqtisadi layihələrin gətirəcəyi faydalardan ölkə vətəndaşlarının bəhrələnməsi milli prioritetlərin əsas məqsədidir.
Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində əlbəttə ki, insan amili daynır, onların maraqları dayanır.
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik", - deyən Azərbaycan Prezidentinin imzaladığı Fərman və Sərəncamlarla müavinət və təqaüdlərin, bir sıra təşkilatlarda çalışanların əməkhaqlarını artırılması həyata keçirilən islahatların davamı, dövlət başçısını sözü ilə əməlinin vəhdətdə oluğunun təzahürüdür.
ŞƏHİD AİLƏLƏRİ VƏ MÜHARİBƏ ƏLİLLƏRİNƏ SOSİAL DƏSTƏK PAKETİ
Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
Sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6800-dək mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib. Həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2249 şəxs 61,7 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 600 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Bundan əlavə, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25 minədək şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 366 min xidmət göstərilib.
Şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
DÖVLƏT SİYASƏTİNİN STRATEJİ XƏTTİ - SOSİAL RİFAH VƏ ƏDALƏT PRİNSİPİ
Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır ki, bu istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamlar insanların sosial həyatının yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər dövlət başçısı tərəfindən təqdim edilən böyük sosial paketin tərkib hissəsidir. Həyata keçirilən islahatlar sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır. Yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması və s. Azərbaycanın dinamik inkişaf edən bir ölkə olduğuna əsaslanır. Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttini təşkil edir. Sosial ədalət dedikdə əlbəttə ki, cəmiyyətdə insanlar arasındakı ədalətli münasibətləri nəzərdə tutulur. Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün modeldir.
Nəzakət ƏLƏDDİNQIZI

