Müasir nəqliyyat yol infrastrukturu
Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturu təkmilləşdiriləcək
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin - xəstəxanaların, yeni yolların, mədəniyyət, xidmət mərkəzlərinin, yeni iş yerlərinin və s. istifadəyə verilməsi ölkəmizdə uğurlu siyasətin məntiqi nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illərdə ölkəmizdə yolların yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, nəqliyyat-yol infrasturukturunun inkişafı və yenilənməsi hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşıyır. İctimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus və velosiped zolaqlarının çəkilməsi), alternativ nəqliyyat həllərinin (velosiped və kiçik elektrik nəqliyyat vasitələri) təşviqi, piyada hərəkətinin təşviqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması, yol hərəkəti təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi kimi əhəmiyyətli məsələlər qeyd olunan Sənəddə əsas məqsəd olaraq qarşıya qoyulub.
ƏHALİYƏ KEYFİYYƏTLİ NƏQLİYYAT XİDMƏTLƏRİ GÖSTƏRİLƏCƏK
Sərəncama əsasən, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" Bakı şəhərinin Baş Planına (2020–2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanmışdır. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.
Sərəncamda qeyd olunduğu kimi, Dövlət Proqramı çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat növləri üzrə vahid ödəniş sisteminin tətbiqi və inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə və innovativ həllərin tətbiqi əsas təminedici amillər olaraq müəyyən edilmişdir. Dövlət Proqramında mobillik sahəsində müşahidə olunan qlobal trendlər hərtərəfli araşdırılmış, onların Bakı şəhərində və ətraf ərazilərdə mövcud mobillik vəziyyətinə təsiri simulyasiya üsulu ilə təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış və hədəf göstəriciləri, müvafiq tədbirlər, onların həyata keçirilməsi üzrə icra müddətləri, əsas və digər icraçılar müəyyənləşdirilmiş, eləcə də icra mexanizmləri təsbit olunmuşdur. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaqdır. Son onilliklərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.
İRİ ŞƏHƏRLƏRİN ƏSAS PRİORİTETLƏRİ
Bu çağırışlar mobilliyin yalnız insanların bir yerdən başqa bir yerə hərəkət etməsi ilə məhdudlaşmadığını, eyni zamanda nəqliyyatın sosial, iqtisadi, ekoloji və texnoloji aspektlərini əhatə edən geniş bir anlayış olduğunu göstərir. Nəqliyyat sistemlərinin qarşılıqlı inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə, şəhər məkanlarında piyada və alternativ nəqliyyat vasitələri ilə hərəkət imkanlarının artırılması və ekoloji təmiz nəqliyyat növlərinin təşviqi kimi qlobal tendensiyalar dünyadakı nəqliyyat və mobillik mühitində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Bu səbəbdən, avtomobildən istifadə payını azaltmaqla piyada yönümlü mobilliyə keçid iri şəhərlərin əsas prioritetlərindən birinə çevrilmişdir. Belə bir dəyişiklik insanların həyat keyfiyyətini artırmaqla yanaşı, nəqliyyatın daha dayanıqlı, təhlükəsiz və səmərəli olmasını təmin edir. Mütərəqqi metod və texnologiyalarla təmin olunmuş şəhər mobilliyi müasir şəhərlərin inkişafında və əhalinin həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Sürətlə artan əhali və yüksək urbanizasiya tendensiyaları ilə əlaqədar şəhərlərdə nəqliyyat sistemlərinin səmərəli idarə olunması və ətraf mühitin qorunması məqsədilə innovativ həllər tətbiq olunmaqdadır. Dövlət Proqramında qeyd olunduğu kimi, beynəlxalq miqyasda formalaşan trendlər - ağıllı nəqliyyat sistemləri, qlobal mobillik trendlərində ağıllı nəqliyyat sistemləri böyük əhəmiyyət kəsb edir.
NƏQLİYYAT SİSTEMİNDƏ YENİ ÇAĞIRIŞLAR
Dövlət Proqramında yer alan mövcud vəziyyət Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac vardır. Bakı şəhərinin və ətraf ərazilərin əsas nəqliyyat infrastrukturu, hərəkət axınları və iqtisadi fəaliyyət mərkəzdə cəmləşdiyindən şəhərdən kənar istiqamətə doğru hərəkətlər məhdudlaşır ki, bu da şəhərin monosentrikliyini ön plana çıxarır. Lakin qlobal miqyasda polisentrik inkişaf trendləri üstünlük təşkil edir və müxtəlif bölgələr arasında əlaqələrin güclənməsi şəhərin daha dayanıqlı inkişafına şərait yaradır. Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş Planında bu qlobal trendlər nəzərə alınaraq, şəhərin perspektiv inkişaf istiqamətləri məhz polisentrik yanaşma əsasında müəyyən edilmişdir. Son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1.3% olmuşdur. Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artmışdır. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaratmış, bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir. Bununla belə, fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata və fərdi mobil nəqliyyat vasitələrinə keçid infrastrukturun inkişafından asılıdır. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə 100 km-dən çox velosiped zolaqlarının inşası, sərnişinlərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələri ilə səyahət təcrübəsinin tam rəqəmsallaşdırılması planlaşdırılır. Ölkədə nəqliyyat infrastrukturuna investisiyalar qoyulmasına və müxtəlif nəqliyyat növləri üzrə ayrı-ayrı layihələrin icra olunmasına baxmayaraq, nəqliyyat növlərinin koordinasiyalı fəaliyyəti ilə bağlı çatışmazlıqlar müşahidə olunurdu. Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planında nəqliyyat sisteminin inkişaf konsepsiyasına uyğun olaraq, Böyük Bakı Regionunun nəqliyyat infrastrukturunun inkişafı üzrə vahid konsepsiyanın hazırlanması, şəhərin əsas yollarındakı nəqliyyat yüklənməsinin aradan qaldırılması, şəhərətrafı ərazilərdən nəqliyyat axınlarının idarə edilməsi, şəhərətrafı ərazilərdə yerləşən yaşayış məntəqələri arasındakı yola sərf olunan vaxtın mümkün səviyyədə qısaldılması, nəqliyyat qovşaqlarının yaradılması məsələlərinin həll edilməsi hədəfləri Dövlət Proqramında nəzərə alınmışdır. Baş Planda vahid (ictimai nəqliyyat xidmətləri, fərdi minik avtomobilləri və piyada gəzintisi imkanları) mobillik yanaşmasının tətbiqi prinsipləri rəhbər tutulmuşdur.
MAGİSTRAL YOLLARDA TƏMİR VƏ BƏRPA İŞLƏRİ
Qeyd edək ki, ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr icra edilmişdir. Bakıdakı əsas magistral yollarda təmir və bərpa işləri, habelə yol infrastrukturunun müasirləşdirilməsi yollarda nəqliyyat vasitələrinin artan sayına paralel olaraq aparılmaqdadır. Son 20 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolu, 6 M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki-Oğuz-Qəbələ və Füzuli-Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatını asanlaşdırmaq məqsədilə icra edilmiş Bakı dairəvi avtomobil yolu, Böyükşor-Pirşağı, Zığ-Hava Limanı, Hava Limanı-Mərdəkan-Zuğulba, Böyükşor şosesi, Mərdəkan şosesi, H.Əliyev prospekti, Babək prospekti və 8 Noyabr prospekti layihələri şəhər və ətraf ərazilər arasındakı əlaqələri sürətləndirərək nəqliyyat infrastrukturunun gücləndirilməsinə töhfə vermiş, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaratmışdır. Yol infrastrukturunun qorunması və normalara uyğun olaraq nəqliyyat vasitələrinin oxuna düşən yükə nəzarət məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılmışdır.
DÖVLƏT PROQRAMININ ƏSAS PRİORİTET İSTİQAMƏTLƏRİ
Dövlət Proqramına əsasən, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sisteminin və infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aşağıdakı prioritet istiqamətlər üzrə həyata keçiriləcəkdir. Metro, dəmir yolu və avtobus sistemlərinin genişləndirilməsi şəhər daxilində və ətraf ərazilərdə sərnişindaşıma imkanlarını artıracaq və dayanıqlı mobillik üçün zəmin yaradacaqdır. Küçə-yol şəbəkəsində nəqliyyat sıxlığının və tıxac hallarının azaldılması və avtobusla müntəzəm sərnişindaşıma xidmətlərinin keyfiyyətinin və əlaqə sürətinin artırılmasına xidmət edəcəkdir. Görüləcək tədbirlər çərçivəsində avtobus marşrut şəbəkələrinin optimallaşdırılması, sərnişinlərin müxtəlif nəqliyyat növləri arasında keçidlərinin asanlaşdırılması, sərnişin axınının idarə olunması üçün yeni qatarların alınması, sərnişin axınının payı yüksək olan istiqamətlərdə tramvay və sürətli avtobus nəqliyyatının tətbiqi və digər məsələlər əksini tapıb.
Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir.
Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.
Nəzakət ƏLƏDDİNQIZI