Müstəqilliyin hüquqi əsası: Konstitusiyamızın 30 ili
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.
İlham Əliyev,
Azərbaycan Prezidenti
Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilib. Azərbaycan xalqının müstəqillik yolunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri, şübhəsiz ki, ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu tarixi sənəd müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlini qoymuş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirmişdir.
Konstitusiya hər bir dövlətin hüquq sisteminin möhkəm əsaslarını və milli qanunçuluq arxitekturasını təşkil edir. Çoxəsrlik dövlətçilik tarixi olan Azərbaycanda hüquqi dövlət quruculuğunun təməlini təşkil edən ali qanun yaradıcılığına ötən əsrin əvvəllərində ‒ Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəbbüs göstərilməsinə baxmayaraq, Konstitusiyamızın qəbul edilməsi mümkün olmamışdır. Bu səbəbdən, Azərbaycanın Konstitusiya quruluşunun tarixi 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilən sovet konstitusiyası dövrünə təsadüf edir. Əsas qanun adlanan Konstitusiyamıza 1925-ci ildə bir sıra əlavə və dəyişikliklər edilsə də, habelə 1927-ci ildə yenidən təsdiqlənməsinə baxmayaraq, ovaxtkı konstitusiya dövlətçilik ənənələrini və milli mənafeyimizi əks etdirmirdi. 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə qüvvəyə minən Azərbaycan SSR-in yeni Konstitusiyası da milli-ideoloji prinsiplərə söykənmirdi.
Məhz Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz təşəbbüskarlığı sayəsində 1977-ci ildə hazırlanan Azərbaycanın yeni konstitusiya layihəsi milli dövlətçilik baxışları, demokratik dəyərlər və azərbaycançılıq ideyasına görə respublikamızın mənafeyini əks etdirən əsas qanunun milli hüquqi çərçivəsini formalaşdırdı.
1978-ci il aprelin 2-də konstitusiya layihəsi ilə əlaqədar aparılan geniş müzakirələrdə çıxış edən Heydər Əliyevin əzmkar iradəsi ilə Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ölkənin ictimai, siyasi, mədəni və tarixi həyatında mühüm hadisə kimi yer aldı.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının konstitusiya layihəsinin hazırlanması nəzərdə tutulsa da, həmin illərdə hakimiyyətdə olan təsadüfi adamların yarıtmaz “idarəçiliyi” sayəsində əsas qanunumuzun qəbulu mümkün olmadı. Siyasi, humanitar, iqtisadi böhranlarla və Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycanda daxili qeyri-sabitlik ölkəni ağır vəziyyətə salmışdı.
Belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpası və dövlət quruculuğu prosesinin başlanması üçün həlledici rol oynadı.
Yeni Konstitusiyanın qəbulu milli dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik inkişaf yolunun seçilməsi və müasir hüquq dövləti prinsiplərinin təmin edilməsi baxımından tarixi zərurət idi. Heydər Əliyevin möhkəm ictimai-siyasi sabitlik yaratmasının ardınca çoxşaxəli hüquqi islahatlar çərçivəsində mükəmməl qanun yaradıcılığının əsası qoyuldu. Konstitusiya Azərbaycan xalqının iradəsini əks etdirən, ölkənin dövlət quruluşunu, vətəndaşların hüquq və azadlıqlarını, dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyənləşdirən ali hüquqi sənəd kimi hazırlandı.
Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə, vətəndaş cəmiyyətinin bərqərar olmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, qanunun aliliyinin təmin edilməsinə, liberal bazar iqtisadiyyatına əsaslanan azad iqtisadi münasibətlərin formalaşmasına hüquqi baza yaratmaqla, milli inkişafımıza güclü təkan verdi, eyni zamanda, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.
Aparılan demokratik islahatların mühüm tərkib hissəsi kimi ölkəmizin hüquq sistemi üçün yeni olan təsisatın – Konstitusiya ədalət mühakiməsi orqanının yaradılması prosesi də beynəlxalq təcrübə dərindən öyrənilməklə başa çatdırıldı və 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsinin fəaliyyəti təmin edildi.
Konstitusiyamız milli inkişaf çağırışlarına uyğun olaraq, demokratik islahatlarla həmahənglik təşkil edir, hüquqi təkmiləşmələri labüdləşdirir. İnkişaf tələbatlarından meydana çıxan mühüm ictimai-siyasi faktorlar Konstitusiya islahatlarını da gerçəkləşdirir.
Məhz bu hüquqi qanunauyğunluğa əsasən 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar ilə Konstitusiyanın bir sıra maddələrinə əlavə və dəyişikliklər olunmaqla, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi, cəmiyyətin inkişafı üçün daha fundamental prinsiplərin bərqərar edilməsi mümkünləşdi. Həmin dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisatın ‒ Birinci vitse-prezidentlik institutunun yaradılması müstəqil Azərbaycanda dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional yeni idarəetmə modelini təmin etdi.
Konstitusiya hüquqi sənəd olmaqla yanaşı, siyasi legitimliyin və milli suverenliyin əsas sütunu kimi çıxış edir. Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edildiyi Konstitusiyamızın preambulasının bu hüquqi tələbi faktiki olaraq 30 il ərzində təmin edilməmişdi.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmiş, Konstitusiya quruluşumuz pozulmuşdu. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bu taleyüklü vəzifənin həllinə yönəlmiş ali vəzifəni yerinə yetirdi. 44 günlük Vətən savaşında qazandığı Zəfərin sonuncu addımı olan 2023-cü il 19 sentyabr antiterror tədbirləri həyata keçirməklə Konstitusiyamızın hüquqi qüvvəsini bütün ərazilərimizdə bərqərar etdi.
Prezident İlham Əliyevin Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü ilə əlaqədar imzaladığı müvafiq Sərəncama əsasən, 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilməsi müasir tariximizin daha bir şərəfli səhifəsidir. Bu qürurlu hadisənin digər bir mühüm atributu “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalının təsis olunmasıdır ki, bu, qanunvericilik və hüquq sisteminin inkişafı və təbliği sahəsində töhfələri olan şəxslərə dövlətin xüsusi diqqətinin nümunəsi hesab edilə bilər.
Ramid Namazov,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















